Azərbaycan Səfəvilər dövləti
və saray təşkilatı
1-ci yazı
Səfəvi dövlətinin mexanizmində hakimiyyətin
həyata keçirilməsinin vasitəsi olan orqan və təsisatların
özünəməxsus strukturu mövcud olub. Bu daha
çox sosial-iqtisadi, milli xüsusiyyətlər, qismən də
coğrafi amillə bağlı idi. Hakimiyyət
orqanlarının quruluşu, statusu açıqlandıqda məlum
olur ki, Səfəvi dövlət aparatı sadə struktura
malik olmayıb. Dövlət strukturunda
münşi əl-məmalik inşa divanının katibi olub,
onun dəftərxanasında iyirmi səkkiz nəfər
qulluqçu çalışırdı. Onlardan
bir nəfəri münşi, qalanı mirzə idi. Münşi əl-məmalik müqərrəb
ul-xaqan, yəni Şaha yaxın məmur olub, onun xüsusi məclisləri
və dövlət şurasının iclaslarında vaqiyənəvislə
birgə iştirak edirdi. Dəftərxanaya
götürülən münşi və mirzələr
münşi əl-məmalik tərəfindən
yoxlanılır və məvacibləri müəyyən
edilirdi. Sufilərin şəcərəsini
və onlara verilən soyurqalları münşi əl-məmalik
qeydiyyata alırdı.
Tiyul, həmesale, məvacib, qulluq haqqında verilən fərmanlara,
divanbəyinin hökmlərinə o, tuğra çəkirdi. Qaynaqlarda
münşi əl-məmalik «münşi-ye divane əla»
ünvanı ilə də verilir. Mir
Hüseyin bin Murtəza Hüseyn Astrabadi yazır ki, 1537-ci ildə
«münşi-ye divane əla» vəfat etdikdən sonra bu vəzifəyə
Əmir Zəkəriyyə Təbrizi Köcəcinin
qardaşı oğlu Məhəmməd bəy təyin edilir.
Mərkəzi idarədə möhürdar da səlahiyyətli
işlər müdirlərindən olub, rəsmi məclislərdə,
məclisi əlanın iclaslarında iştirak edir,
qızıl zəncirli Şah möhürü həmişə
yanında olurdu. Sansonun yazdığına görə onda bu
möhürdən başqa beş ədəd
də başqa möhür vardı. Bütün
rəsmi sənədlərə möhür vurulurdu.
Pyetro della Valle yazır ki, Şah
barmağında çox qiymətli üzük, yəni
möhür də saxlayırdı ki, onun adından yazılan
məktublar, fərmanlar onunla möhürlənirdi.
Möhürdarın statusu haqqında «Təzkirət əlmüluk
»da daha ətraflı məlumat var. Mənbədə göstərilir
ki, keçmiş möhürdarın dəftərxanasından
məlum olur ki, onun üç yüz altmış dörd
tümən, min üç yüz altmış bir dinar Qum və
başqa mahalda tiyulundan məvacibi olub. Bəzən
onlardan tiyulları geri alınıb, əvəzində valilik
və hakimlik verərmişlər. Bir
çox hallarda isə möhürdarlıq vəzifəsi
tiyulsuz verilib. Bu vəzifə böyük
mənsəb olub, onu aparan şəxs şahın
bütün məclislərində iştirak edirdi. Əvvəllər vəzirlərin, mustoufilərin və
kələntərlərin vəzifəyə təyin
olunmalarına aid fərmanlar, əmir, hakim və başqa əyanların
soyurqal və tiyulu dəftərlərə qeyd edildikdən,
möhürləndikdən sonra möhürdarın yanında
olan mübarək Şah möhürü ilə də
möhürlənirdi. Fərmanlara,
onların ünvanları kənarında möhür vurulurdu.
Son illərdə bu qaydaya əməl edilmirdi.
Artıq hər kəs öz
rüsumatını dəftərə yazılıb təsdiq
edilən qərar üzrə alırdı.
«Təzkirət əl-müluk»da qeyd edilir ki, orduya, məmaliki
məhrusəyə (qorunan ölkələr) təyin edilən
əmirlər, vəzirlər, mustoufilər, ləşkərnəvislər
və bütün mənsəb sahiblərinin vəzifəsinə
aid hökmlərə, fərmanlara vurulan mübarək
möhürün qarşısında kiçik şərəfi-nifad
möhürü vurulurdu. «Təzkirət əl-müluk»da
şərəfi nifad möhürünü vuran məmur
«möhürdare şərəfe nifad» adı verillib. Məmaliki
məhrusədə vali, hakim, böyük və kiçik vəzir
məvacibi müqabilində hər tümənə
üç yüz otuz kazbeki, soyurqal və maaflıqlara aid vəsiqələrdən
hər tümənə beş yüz
iyirmi dinar hesabı ilə 835 dinar qaydaya görə
möhürdare şərəfe nifada verilirdi.
I Şah İsmayılın dövründən
möhürdarlıq dövlət idarəçiliyində fəaliyyəti
Şah tərəfindən xüsusi formada tənzimlənən
dövlət aparatının həm səlahiyyətli, həm
də başqa orqanlardan asılı olmayan ünsürü
idi. Bu vəzifə bir qayda olaraq
Qızılbaş-Türk əsilzadələrindən birinə
tapşırıldı. «Xolde-bərin»də
I Şah İsmayılla Ağqoyunlu Sultan Murad arasında
baş vermiş döyüşlərdən (1503-1504) bəhs
edilərkən türk Təkəli elindən Sarı
Əlinin möhürdar olduğu göstərilib. Türkman əyanlarından Əmir bəy ibn
Gülabi bəy ibn Əmir bəy Mosullu sonuncu Ağqoyunlu
hökmdarları zamanında Diyarbəkr valisi ol ub,
Qızılbaş ordusu 1508-ci ildə Zülqədər
oğulları bəyliyi ilə döyüşərkən I
Şah İsmayılın yanına gəlib tabe olub və
qızılbaşlığı qəbul edib.
Şah ona xan titulu və möhürdarlıq mənsəbini
verib. Əmir xan Mosullu Xorasana Təhmasib Mirzəyə lələ
göndərilənə qədər (1515) bu vəzifədə
olub. I Şah Təhmasibin hakimiyyətinin
ilk illərində Təkəli elinin mötəbər əmirlərindən
İbrahim xəlifə möhürdar vəzifəsində
olmuş və 1531-ci ildə Şahın əmri ilə
öldürülmüşdü. F.Sümər
qaynaq materiallarına istinad edərək yazır ki, Səfəvi
dövlətində çox mühüm vəzifə olan möhürdarlıq
çox vaxt Zülqədər elinin əmirlərinə
verilir və bu vəzifə onların əlində olurdu.
1531-1532-ci illərdə I Şah Təhmasib tərəfindən
Mahmud sultan Zülqədərdən sonra möhürdar vəzifəsinə
təyin edilən Şahqulu xəlifə Zülqədər
uzun illər, daha doğrusu, 1558-ci ilə qədər bu vəzifədə
olmuşdu. Həsən bəy Rumlu 1534-cü il hadisələrindən bəhs edərkən
Mahmud bəy Zülqədərin də möhürdar
olduğunu və onun elə həmin il atdan yıxılıb
öldüyünü qeyd etmişdi. XVI əsrin
50-ci illərində Qoç Xəlifə adlı şəxsin
də möhürdar olduğunu görürük. «Xolde-bərin» də 1576-cı ildə Zülqədər
elindən Məhəmmədqulu xəlifənin və ondan
sonra isə Qoçəli xəlifənin möhürdar
olması haqqında məlumatlara təsadüf edilir.
Mənbələrdə
göstərilir ki, möhürdarlıq daha mötəbər
bir vəzifə olub, möhürdar Şahla gündəlik həmsöhbət
olduğuna görə II Şah İsmayıl Qoçəli xəlifə
adlı şəxsi möhürdarlıqdan azad etmiş, bu vəzifəni
özünə daha yaxın hesab etdiyi əmisi oğlu
İbrahim Mirzəyə vermişdi. I Şah Təhmasibin
hakimiyyətinin son illəri və II Şah İsmayıl
dövründə möhürdar Zülqədər əyanlarından
Şahruh (bəy) xan Tatı oğlu olur. Sultan Məhəmməd
hakimiyyətinin ilk ili Şahruh xan Tatı
oğlu Zülqədəri Şiraza hakim göndərib
möhürdarlıq vəzifəsini yenə də ona
tapşırır. Şahruh xan Tatı
oğlundan sonra möhürdar oğlu Eslemez xan olmuşdu.
I Şah Abbas da sələfləri kimi bu vəzifəyə
əsasən Qızılbaş-Türk əyanlarını təyin
etmişdi. 1587-ci ildə möhürdar vəzifəsinə
Zülqədər elindən Əliqulu sultan təyin edilir.
Ancaq o, Mürşüdqulu xana qarşı çıxan əmirlərin
arasında olduğundan yaxalanıb edam edilmiş,
möhürdarlıq Nəcəfin böyük seyidlərindən
Seyid bəy Kəmunəyə
tapşırılmışdı. İsgəndər bəy
Münşi 1591-ci il hadisələrindən
bəhs edərkən Eslemes xan Zülqədərin yenə
möhürdar olduğunu yazır.
I Şah Abbasdan sonra I Şah Səfinin də
dövründə (1629-1642) möhürdar vəzifəsi
Zülqədər əmirlərinə
tapşırılırdı. I Şah Səfinin
hakimiyyətinin dördüncü ilində möhürdar
Zülqədər elinin Söklən obasından
qorçubaşı Əmir xanın oğlu Abdulla bəy idi.
O, vəfat etdikdən sonra 1638-ci ildə qorçubaşı
Əmir xan Zülqədərin kiçik oğlu Rüstəm
bəy möhürdar vəzifəsinə təyin edilir. «Təzkirət əl-müluk»da vaqiyənəvisin
tuğra çəkdiyi dəftər və fərmanlara
möhür vuran davatdarlarla yanaşı müqərrəb
ül-xaqan olan ikinci bir davatdar haqqında da məlumat verilir.
Qaynaqda ikinci davatdarın əsasən icarə sənədlərini
möhürlədiyi qeyd edilir. İsgəndər
bəy Türkmanın əsərində I Şah Abbas
dövrünün tanınmış davatdarları haqqında
məlumata təsadüf edilir. Müəllif 1591-ci il hadisələrindən bəhs edərkən
Ustaclı elinin Cavuşlu obasından Siyamunoğlu Mehdiqulu xanın
qardaşı Muradxan bəyin davatdar olduğunu yazır. O,
qardaşı öldürüldükdən sonra Osmanlı
ölkəsinə getmişdi. I Şah Abbas
dövründə Qacarlardan Mehrab xan da bir müddət davatdar
olmuş və ondan sonra bu vəzifə Lütfixan bəyə
verilmişdi (80, 1008). I Şah Səfinin
dövründə də bu vəzifə Qacar əsilzadələrinə
tapşırılırdı. 1633-cü ildə Qacar
elindən Kəlbəli xan adlı əyanın, II Şah
Abbas dövründə Rəvan bəylərbəyi Abbasqulu bəy
Qacarın oğlu Rzaqulu bəy Qacarın davatdar olması
inşa divanında Qızılbaş-türklərin
üstün mövqeyə malik olduqlarını və bu
divanı öz əllərində saxladıqlarını
göstərir.
Bütün mülazimlərin xidmət fərmanları
sərxətnevis adlı məmur tərəfindən
yazılır və onların hökm, fərman və vəsiqələrini
möhürlədikdən sonra bu barədə aidiyyəti
orqana məruzə edilirdi. Qulluq və mənsəb
sahiblərinin tiyul, həmesale, baratının miqdarını
qeyd etdiyi dəftəri, onlara aid fərmanları, hökmləri
imzalayıb, təsdiq edib saxlamaq onun vəzifə borcu idi.
O, divan ləşgərnəvisi ilə həmkarlıq edir,
ancaq sipahsalara, başqa sərdarlara naib göndərildikdə
bu məsələlərə qarışa bilməzdi. Mustoufi əl-məmalikin
başçılığı altında xidmət edən
zabitənəvis isə mustouif-ye mal və müfradənəvis
də adlanırdı.
Oqtay Əfəndiyev qaynaq materiallarına istinad edərək
yazır ki, zabitənəvisin ştatında olan mirzələr
divana daxil olan pul məbləğini (vücuhat) qeydə
alırdılar. «Təzkirət əl-mülak»da zabitənəvisin idarəsindəki
işçilərin sayının on beş
nəfərdən ibarət olduğu göstərilir. Mənbədə qeyd edilir ki, rahdarı, tənbəki
satışından ödənilən vergilər, ölkədə
ticarətlə məşğul olan hindlilərdən
alınan səranə, əmlaki xassə istisna olmaqla məmaliki
məhrusənin bütün tərpənən və tərpənməz
əmlakı zabitənəvis idarəsində qeydiyyata
alınırdı. Mənbələrdə
sərxətnəvis, zabitənəvis və bu qəbildən
olan bir çox vəzifələrə təyin olunmuş məmurların
adlarına çox nadir hallarda təsadüf edilir və
adı çəkilən məmurların isə soy adı adətən
göstərilmədiyinə görə onların etnik
kimliyini müəyyənləşdirmək mümkün
deyil. Məsələn «Xolde bərin» də I Şah Təhmasib
dövründə Əhməd bəyin ali
divan zabitənivisi olduğu qeyd edilib, ancaq onun soy adı
göstərilməyib.
Ali divanda
mühüm vəzifə olan toucih haqqında O.Əfəndiyev
dövrün yerli və Qərb ədəbiyyatına əsaslanaraq
yazır ki, «toucih» ödəniş idarəsi olub, tədiyyələrin
əksəriyyəti, alıcılara torpaq üçün
verilən pullar və digər gəlir mənbələri təxsisatlarla
ödənildiyindən «sahib-i toucih»ə təxsisatlar sahibi
kimi baxmaq olar. «Təzkirət əl-müluk»da
yazılır ki, o bütün maliyyə idarələri ilə
əməkdaşlıq edir və onların idarələrindəki
hər bir maliyyə vəsiqəsini imzalayırdı. Mirzələrinin sayı on iki nəfər idi.
Onlardan hər birinin məşğul olduğu
sahəyə aid dəftəri vardı. Ali divan mənsəbləri,
mülazimlik, tiyul, məvacib, həmesale, maaflıq, soyurqal, vəzifə
və sairəyə aid olun bütün hökm, fərman və
icazənamələri sahib-i
toücih
idarəsi də qeydiyyata alırdı. Büyutat
sahibcəmləri və təhvildarlarının
hesablarından başqa, məmaliki məhrusənin
bütün maliyyə hesabları toücih idarəsi
işçiləri tərəfindən yazılır və
onların rəisləri təsdiq edirdi. Hökmlər və
fərmanlar üzrə xassənin bütün vergi ödəyənlərinin
və təhvildarlarının mühasibət sənədləri
sərkare xassə tərəfindən təsdiq olunduqdan sonra
dəftərxana sənədləri təsdiq üçün
ali divan toücihinə də təqdim
olunur. Həmesale və sairəyə aid təsdiqlər
hamısı sahibi toücihin mirzələri tərəfindən
qeydə alınıb imzalanmalı idi. Dövlət
mənsəblərinin rüsumatına aid göstəriş
vermək, çobanbəyi və miqdarı dəyişməkdə
olan başqa pulları almaq barədə buyruqları təmin
etmək, həmin idarəyə aiddir. Dünyanı
fəth edən padşahın təlimatları bu idarədə
saxlanılırdı. Qoşunun sayı və
qorunan ölkələrin hakimlərinin gəlirlərinin
miqdarı da bu idarədə təyin edilirdi. I Şah Təhmasibin
dövründə Əbuturab Nətənzi ali
divanın sahibi toucihi idi.
Zabil Bayramlı
tarix üzrə
elmlər doktoru, professor
Xalq Cəbhəsi.- 2016.- 2 noyabr.-
S.14.