Azərbaycan Səfəvilər dövləti
və saray təşkilatı
2-ci yazı
«Təzkirət əl-müluk»da göstərilir ki, avarəcənəvis
idarəsində zabitlərin, mühasibat müdirləri və
digər vergi məmurlarının xərc sənədləri
yoxlanılıb qeydiyyata alınırdı. Dövlət
qulluqçularına verilən tiyul, həmesale icazənamələri
ali divan vəziri və mustoufi əl-məmalik
tərəfindən baxılıb imzalandıqdan sonra avaracənəvis
onlara qeyd qoyub ünvanlarını yazırdı. Vilayət,
mahal, şəhər hakimlərinə, onların maliyyə məmurlarına
həmin məntəqədən ödəyəcəkləri
vergilər barədə verilmiş fərmanları da avaracənəvis
yoxlayıb «nəzərdən keçirirdi», dərkənarını
qoyduqdan sonra qeydə alırdı. «Xolde bərin»
də I Şah Təhmasib dövründə Hidayət bəy
Şirazinin Azərbaycan və Şirvan üzrə avarəcənəvis
vəzifəsində çalışdığı qeyd
edilib. Şah dəftərxanasına dəftərdar
adlı xüsusi məmur başçılıq edirdi.
O, vəzir və mustoufilərin hökm və fərmanlarını,
söhbət yasavullarına, eşikağasılara verilən
soyurqallar haqqında sənədləri, maaflıq və məvacibləri
yazırdı. Xassə idarəsinin
keçmiş illərə dair dəftərləri onun dəftərxanasında
qorunub saxlanılrıdı.
Mənbələrdə Şah dəftərxanasının
darğalarının adlarına çox nadir hallarda təsadüf
edilir. Bu məlumatlarda isə onların bir qayda olaraq
türk əsilzadələrindən təyin olunduğunu
görürük. I Şah Təhmasibin
dövründə, yəni XVI əsrin 60-cı illərində
Qızılbaş Məsum bəy Səfəvinin oğlu Bəşarət
bəy Şah dəftərxanasının darğası
olmuşdu. İsfahan Səfəvi dövlətinin
paytaxtı olduqda (1598) Şahın iqamətgahı və mərkəzi
bürokratik aparatda çalışan
Qızılbaş-Türk aristokratiyası da bura
köçürülmüş, nəticədə İraqi
Əcəmdəki bu məntəqə böyük bir şəhərə
çevrilmişdi. Əski
çağlardan müxtəlif Türkman boylarının
yaşadıqları İsfahan mahalına XVI yüzilin əvvəllərindən
Təkəli əhalisi də köçürülmüş
və onlara burada ulkalar da verilmişdi.
I Şah Abbas da bura Azərbaycanın müxtəlif
bölgələrindən, xüsusən də Təbrizdən
əhali köçürüb yerləşdirmişdi. Bu barədə
həm yerli qaynaqlarda, həm də dövrün Avropa ədəbiyyatında
məlumatlar var. İsgəndər bəy Münşi
Türkman yazır ki, İsfahanın qərb tərəfində
Abbasabad adlı qəsəbəni təbrizlilər
salmışdılar. Yan Streys bu qəsəbənin
Abbasabadla yanaşı, Təbrizabad da
adlandığını və bu qəsəbəyə əhalinin
Şah Abbasın Təbrizdən köçürüb yerləşdirdiyini
yazır. İsfahan dövlətin mərkəzi
olduqdan sonra bura xassə, yəni Şah və onun ailəsinin
şəxsi mülkünə çevrilmişdi və «vəzir-e
darüssəltəna-ye İsfahan» adlı vəzir tərəfindən
idarə edilirdi.
«Təzkirət əl-müluk»da İsfahan vəzirinin
hüquq və səlahiyyətləri haqqında geniş məlumat
verilmişdir.
Əsərdə göstərilir ki, İsfəhan vəziri dəyirmanlar,
kəhrizlər, əkin sahələrindən ibarət olan tərpənməz
əmlakın icarəyə verilməsinə və icarədarlardan,
rəiyyətdən vergilərin alınmasına nəzarət
etməli, vergi, icarə sənədlərini möhürləməli,
mədaxili müəyyən edilən yerlərə sərf
etməli, əkin yerlərini genişləndirməli, boş
yerlər qalmasına imkan verməməli, onları dərhal
icarəyə verməli, əkdirməli və lazım olduqda
rəiyyətə borc toxum və sairə verməli idi. Sərkar xasse-ye şərifə (xassə idarəsi)
onun nəzarəti altında fəaliyyət göstərirdi.
Vergilərin toplanması üzrə məsul məmur
olan xassə mustoufisi büyutat sahibcəmlərinin
bütün maliyyə sənədlərini hazırlayır, vəzir
isə imzalayırdı. Xassə əmlakından vergi
toplandıqda bu verginin miqdarı barədə ali
divan vəzirinə hesabat verilməli və vergilər
xüsusi maliyyə məmurlarının iştirakı ilə
toplanmalı, İsfahan vəziri onun qorunub saxlanmasına, təyinatı
üzrə sərf edilməsinə nəzarət etməli
idi. Belə ki, məhsulu təhvildar qəbul
edib, anbarlara vurduqdan sonra həvalə sahiblərinin tənxahı
oradan ödənilirdi.
İsfahan şəhəri və mahalı üzrə
bütün xassə əmlakına rəhbərlik vəzirin
vəzifə borcu olub, o, kəhrizləri təmir etdirməli,
karvansara, dükanlara və ümumiyyətlə, İsfahan kələntərinin
işinə də bilavasitə nəzarət edirdi. Hər ilin axırında
İsfahan vəziri haqq-hesab vəsiqələrini təsdiq
üçün ali divan vəzirinə
verirdi. Qərar üzrə mustoufi onun hesabatına baxıb
yoxlayır, artıq-əskiyini müəyyən edir, onun icra
etdiyi işlər barəsindəki balans sənədinə ali divan vəziri qol çəkdikdən sonra
onu mustoufi əl-məmalikə təqdim edirdi.
«Təzkirət əl-müluk»da İsfahanın vəziri
ilə yanaşı, ayrıca mustoufisinin də olduğu
göstərilib. Qaynaqda qeyd edilir ki, İsfahan darossəltənə
vəziri Şahın əmlakının maliyyə işlərinə
başçılıq edərək onun əkin sahələrinin
becərilməsinin qayğısına qalmalı, əkin sahələrini
əlverişli şərtlərlə icarəyə verməli,
onun başçılığı altında vergiləri
İsfahan mustoufisi yığmalı idi. İsfahan
mahalının maliyyə məsələləri üzrə
sənədlərini vəzir tərtib edərək
hazırladıqdan sonra onları mustoufi də təsdiq edib
saxlamalı idi. İsfahan bölgəsinin
rəiyyətlərindən taxıl vergilərini
yerölçənlər, mirzələr təhvildarlar
toplayıb xüsusi anbarlara yığmalı idilər. Hər ilin sonunda İsfahan vəziri haqq-hesab sənədlərini
mustoufi yoxlayıb möhürlədikdən sonra təsdiq
üçün baş vəzirə təqdim edirdi.
Baş vəzir gəlir və çıxara aid bu sənədləri
yoxladıqdan sonra onları təsdiq edirdi. Baş vəzirin
araşdırma və imzasından sonra illik maliyyə sənədləri
yenidən mustoufiyə qaytarılırdı. Baş vəzirin gözdən keçirmədiyi
maliyyə sənədləri etibarsız olub dəftərə
daxil edilmirdi. Onu da qeyd etmək
lazımdır ki, İsfahan mustoufisi baş vəzir tərəfindən
təsdiq edilən hesab sənədləri üzrə
İsfahan vəzirinin ixtiyarında olan mahalın məhsul və
pullarının mədaxil və məxaric sənədlərini
tərtib edib xassə idarəsinə də təqdim etməli
idi. Bu sənədləri xassə mustoufisi
yoxlayıb qəbul edirdi.
«Divani xassə» adlanan idarə mustoufi-ye xassənin
başçılığı altında Şah və onun
ailəsinə məxsus mülkiyyətin maliyyə işlərini
idarə edirdi.
Sarayın gəlir və xərcləri xassə
dəftərxanasında qeydiyyata alınırdı. Xassə dəftərxanası, mustoufi əl-məmalikin
nəzarəti altındakı dövlət dəftərxanası
ilə əlaqəli idi. Bu dəftərxanalara
rəhbərlik edən hər iki mustoufi rütbə və dərəcələrinə
görə bərabər olsalar da, mustoufi-ye xassə mustoufi əl-məmalikdən
sonra ikinci yerdə dururdu. «Təzkirət əl-müluk»da
xassə mustoufisinin hüquq və vəzifələri barədə
ətraflı məlumat verilir. Mənbədə
qeyd edilir ki, tərpənməz xassə əmlakının məhsul
və mədaxilini həvalə etmək və buraxmaq, rəiyyətin
və digər divan vergisi ödəyənlərin mühasibat
məsələlərini yoxlayaraq müəyyənləşdirmək,
vəqflərdən ödəncləri
aydınlaşdırmaq, intiqali idarə vəzirinin
saxladığı pulları ödəyənlərin
hesabatına baxaraq, yoxlamaq onun vəzifəsidir. Onun xəbəri olmadan vergilər alınıb,
verilmir. Amillər və müvafiq qulluqçuların
adi qayda-qanun üzrə hər il noyabr
ayında qiymətləri təyin etməsindən sonra,
bütün rəiyyətlərin və ödəyicilərin
hesabları dəftərdə çürüdüb,
mustoufinin möhürü ilə haqq-hesab çürütmə
sənədini ödəyicilərə verirlər. O, hər
idarənin gəlirinin cəm və xərc sənədini ali divan vəzirinin qeydindən keçmiş sənədlər
üzrə yazıb sərkare xassəyə təqdim edir. Mustoufi-ye xassənin dəftərxane-ye xasse-ye tozi dəftərxanasındakı
təməl dəftərlərində, sənədlərdə
şahın mülklərindən əldə edilən gəlirlərin
siyahısı hazırlanır və bu siyahılarda xassə əmlakına
daxil olmayan tiyulların ödədikləri bir miqdar vergi,
onların gələcəkdə verəcəkləri, ödəyəcəkləri
vergilər də qeyd olunurdu.
Bundan başqa tozi dəftərxanasında tələbkarlara
həvalə veriləcək yerlərin adları da
hazırlanır. Onlar diqqət və səliqə ilə bənd-bənd
dəftərə daxil edilirdi ki, bu da nəticədə tozi dəftərxana
rəisinə həvalələri çoxlu ünvana
düzgün göndərməyə imkan verirdi. Həmin həvalələr imzalanmaq
üçün mustoufi əl-məmalikə
çatdırıldıqdan sonra qanuni qüvvəyə
minirdi. Həvalələrə baş vəzir,
hətta Şah özü də möhür vuraraq təsdiq
edirdi. Xassə dəftərxanasının
yekun dəftərlərində xassə əmlakının
bütün mədaxil və məxarici qeyd olunurdu.
Qaynaqlarda dövlətin idarə quruluşunun əsasını
təşkil edən orqanlarla yanaşı, saray təşkilatı
və bu təşkilatda fəaliyyət göstərən məmurlar
və onların səlahiyyət bölogüsü də
öz əksini tapıb. Saray təşkilatının ən
nüfuzlu məmurlarından əmiraxurbaşı
şahın, yəni xasse-ye şərifənin ilxı tövlələrinin
başçısı olub, burda atlara baxan qulluqçular da
ona tabe idilər. Əmiraxurbaşı
(miraxurbaşı) yarımköçəri əhalinin
otlaqlardan istfiadə müqabilində ödədikləri
çobanbəyi hesabına məvacib alırdı. Əmiraxurbaşı da bir qayda olaraq türk əyanlarından
olurdu. Mənbələrdə I Şah Təhmasibin
hakimiyyətin son illərində Məhəmməd bəy,
Sultan Məhəmməd və I Şah Abbas dövründə
Şamlı Fulad bəy, oğlu Əbülfət bəy,
Mehdiqulu bəy Cığatayın, II Şah Abbas
dövründə Nəcəfqulu bəy və qardaşı
Həsənəli bəyin əmiraxurbaşı olduğunu
görürük.
«Təzkirət əlmüluk»da göstərilir ki, sərkare
xasse-ye şərifə tövlələrindəki atları
baxışa, yaxud minik üçün cilov əmiraxurbaşı
hazır edir və tövlələrdə intizam yaradır,
mehtər və başqa xidmətçiləri işə o
götürürdü. Cilovdarların, xidmətçilərin,
xacələrin, qulamların və xassə ilxıları ilə
bağlı digər qulluqçuların mülazimlik təliqələrini
cilov əmiraxurbaşı yazır, bu qulluqçuların
rütbə siyahısı və hökmlərini büyutat
naziri nəzərdən keçirdikdən sonra onları alicah
əmiraxurbaşı təsdiq edirdi. Tavernye
də əmiraxurbaşının Şah tövlələrinə
başçılıq etdiyini qeyd edir. O yazır ki, əmiraxurbaşının
nəzarəti altında Şahın bütün
atlarının sol budlarına, digər şəxslərin isə
atlarının sağ budlarına damğa vurulurdu. Şah tərəfindən
süvarilərə verilən atlarda həmin nişan
olur və süvari həmin atları sata bilməzdi. Ancaq ona
atını sol budunda nişan olan başqa
atla dəyişdirməyə icazə verilirdi. Bir
süvarinin atı öldükdə o, atın damğalı
hissəsini soyub naibə göstərir və əvəzində
başqa at alırdı. Ölmüş
atın dağ vurulmuş hissəsini göstərməyən
süvari atı öz hesabına almalı idi. Atın qocalıqdan, xəstəlikdən
öldüyü, yaxud qəsdən
öldürüldüyünü soyulmuş dərisini suda
isladaraq müəyyən edirdilər. Saray
təşkilatındakı miraxurbaşı bütün
şikar, ov alət və vəsaitlərinə baxır, həm
də quşçubaşı vəzifəsini icra edirdi.
Ov itlərinə baxan səkbanbaşı da ona
tabe idi. Ümumiyyətlə, onun rəhbərliyi
altında çalışan xidmətçilərin sayı
min nəfərdən çox idi.
«Təzkirət əl-müluk»da cilov əmiraxurbaşı
ilə bağlı məlumatlardan aydın olur ki, o, yalnız
tövlə şəraitində saxlanan atlara baxır və
tövlə ilə bağlı xidmətçilərə rəhbərlik
edirdi. Mənbədə göstərilir ki, səhra əmiraxurbaşı
deyilən digər məmur tövlələrdən kənarda,
yəni çöllərdə saxlanılan Şah
ilxılarına baxırdı. O naziri dəvvab (mal-qara nəzarətçisi)
adlanan məmurla həmkar idi. Naziri dəvvab
ölkənin müxtəlif yerlərində saxlanılan dəvələrin,
qatırların öyrədilməsinə baxır, sarayı
lazım olanda yük heyvanları ilə təmin edirdi.
O, səhra əmiraxurbaşı ilə birlikdə
ilxının törəyib artmasına da nəzarət edirdi.
Engelbert Kempfer yazır ki, yarımköçəri Turkman əhalisi
də hər il əvariz olaraq, yəni əlavə
rüsum kimi dövlətə at verirdilər. Şahın
ilxılarına baxan mehtərlər və başqa xidmətçilər
səhra əmiraxurbaşına tabe idilər.
Zabil Bayramlı
tarix üzrə elmlər doktoru, professor
Xalq Cəbhəsi.- 2016.- 3 noyabr.-
S.14.