Müxtəlif dinlərə məxsus
tarixi abidələr
Bu yazıda müxtəlif dinlərə məxsus tarixi
abidələr haqqında danışılır. Tarix üzrə
fəlsəfə doktoru Qüdrət Qırtımovun
araşdırmasında bildirilir, Azərbaycanımızın
füsunkar guşələrindən biri olan Zaqatala qədim
tarixi abidələrlə zəngindir. Bu abidələrdə
bizim əcdadlarımızın maddi və mənəvi mədəniyyəti
əks olunub: “IV əsrdə xristianlığın qəbul
edilməsi ilə əlaqədar kilsələrin, sonradan isə
monastr komplekslərinin inkişafına başlanıldı ki,
bunların da tərkibində dini tikililərlə birgə,
ictimai və mülki binalar da öz əksini tapıb. Təbii fəlakətlər və müharibələr
Qafqaz Albaniyası memarlıq abidələrinə, ümumilikdə
Azərbaycan memarlıq abidələrinə böyük ziyan
vurub. Onlardan çoxu bizim günlərə
yarımdağılmış vəziyyətdə gəlib
çıxıb. Böyük tarixi və
elmi əhəmiyyət kəsb edən bu abidələrin
öyrənilməsi və bərpa olunması bu gün
çox vacibdir. Ermənilərin zəbt
etdiyi Azərbaycan ərazilərində olan İslam
memarlıq abidələri xüsusi amansızlıqla məhv
edilir, Alban kilsə və monastrların memarlığına
yad elementlər daxil edilərək Azərbaycan xalqına məxsus
elementlər tamamilə silinir. Bu problem Azərbaycan
vətəndaşlarının hər birini
maraqlandırmalı, düşündürməlidir. Rus tarixçisi Y.İ.Krupnovun sözlərilə
desək, “Albaniya tarixini müxtəlif ölkələrin
tarixçiləri öyrənirlər. Lakin bir şey də
məlumdur: Qafqaz Albaniyasının tarixi və taleyi ilə
hamıdan çox azərbaycanlılar məşğul
olmalıdırlar. Bu sahədə onlar dünya
elmi qarşısında məsuliyyət daşıyırlar,
dünya elminə borcludurlar”.
Qədim
Albaniyanın memarlığı Azərbaycan tarixinin az öyrənilmiş bir hissəsidir. Zərdüştlüyə
və xristianlığa aid Albaniya məbədləri bu
gün də tam öyrənilməmiş qalır. Bu abidələrin tədqiq olunması bizə
yüzillər boyu ərazimizdə güclü dövlətin
olduğunu, o cümlədən Azərbaycan
memarlığının köklərini öyrənməyimizə
imkan yaradır. Abidələrin öyrənilməsi
bir çox problemlərlə üzləşir. Bir çox abidələr
yarımdağılmış və ya dağılmış
vəziyyətdədir. Tarixi mənbələrdə
memarlıq üslubuna aid məlumatın və epiqrafikanın
olmaması bu problemlərdəndir. O cümlədən
erməni və gürcü tarixçilərinin Alban abidələrini
öz xalqlarının tarixi ilə bağlamaq cəhdləri
və onlara qarşı daim ciddi, tutarlı cavabın verilməməsi
də tədqiqat işini çətinləşdirir.
Xristianlığın ilk təbliğatçıları
bütpərəstliyə aid müqəddəs yerləri
öz məqsədləri üçün məharətlə
istifadə edirdilər. İnsanların əvvəllər ziyarət
etdikləri yerlərdə xristian məbədləri tikilir, bəzən
də bütpərəstliyə aid məbədlər xristian
kilsələrinə çevrilirdi. Eramızın
birinci əsrindən başlayaraq Albaniyada üç nefli və
bir nefli bazilikalar tikilirdi. Bütpərəstliyə
aid birnefli bazilikalar xristianlığın ilk dövrlərində
daha çox yayılmış və yeni dinə
uyğunlaşdırılıb. Bu tipli abidələrə
Mingəçevirdə, Ağdamda, Kəlbəcərdə və
s. yerlərdə rast gəlinir. 313-cü ildə
Alban hökmdarı Urnayr xristianlığı dövlət
dini elan etdi. Monoteist dini olan
xristianlığın köməyi ilə Urnayr çoxmillətli
Alban dövlətini birləşdirmək və Zərdüşt
İranına qarşı durmaq niyyətində idi. Aquen kilsə məclisini çağıran Mömin
III Vacaqanın dövründə çoxlu sayda kilsələr
tikilirdi. Albanlar öz dininə dərindən
bağlı idilər.
Xristianlığın yayılması və Romanın
Qafqazda nüfuzunun artması ilə barışmayan Sasanilər
Albaniyaya təzyiqi artırırdılar. Albaniyada
hakimiyyətdə olan II Vaçe üsyan qaldırdı.
II Yezdəgird ona zorla məcus dinini qəbul
etdirdi. İlk xristian abidələri erkən
bütpərəstlik tikililəri ilə böyük
oxşarlığa malik olub və Albaniyanın sonrakı
tarixi dövrdə tikilmiş kilsələrindən kəskin
surətdə fərqlənib”.
Yuxarı
Çardaxlar kəndində “Çartak” od
məbədi yerləşir: “Doğma Zaqatalamızın
sirli-sehirli abidələrindən biri də Yuxarı
Çardaxlar kəndinin ərazisində yerləşən
hündür dağın zirvəsinə yaxın qayalıqda
tikilmiş qeyri-adiliyi ilə seçilən və əhali
arasında Pəri qala adı ilə tanınan abidədir. Bu abidəyə çıxmaq olduqca çətindir,
demək olar ki, qeyri mümkündür. Abidə
iki otaqdan ibarətdir. Yəqin ki,
qayalıq deşilərək, otaq tikmək üçün
düz yer hazırlanıb. Sonra həmin
yerdə qaya daşlarından iki otaq tikilib. Birinci otaq
yerdən göründüyü kimi tağ formasında
girişə malikdir. İkinci otaq isə birinciyə
nisbətən aşağıda yerləşir. İkinci otağın iki pəncərə yeri var.
Abidə tikinti quruluşuna və yerləşdiyi yerinə
görə çox unikaldır. Məbəddən
xeyli aşağıda ora çıxmaq üçün qaya
çapılaraq xüsusi yol çəkilib. İndi bu yolun bir hissəsi mövcuddur. Yolun abidəyə tərəf vertikal hissəsi
dağılıb. Abidənin Azərbaycan
tarixinin Albaniya dövrünə aid olduğunu söyləyə
bilərik. Kəndin adı burada sıldırım qaya
üzərində qurulmuş çartakla (od
məbədi) izah olunur. Çartak Sasani dövrünə aid
abidələr kompleksinə daxildir”.
Araşdırmaçı
qeyd edir ki, Zərdüştlükdə oda sitayiş birinci dərəcəli
əhəmiyyət kəsb edirdi: “Sasani sülaləsi oda
sitayişlə daha sıx bağlı idi. Od
məbədləri əsasən hündür dağ zirvələrində
tikilirdi. Belə ki, baş od məbədləri
sayılan Farroborq Xvaromand dağında, Adurquşnasp Əsnavənd
dağında, Adur Burzen Mihr-Rəvand dağında yerləşmişdi.
Rəvayətə görə bu məbədlərdəki
odu insanlar yandırmayıb, onlar əzəldən mövcud
olub. Digər məbədlərin odu bu məbədlərdən
alınan odla alışdırılırdı. Məbəddəki
od gecə-gündüz yanmalı idi.
İran şahları və əyanları tərəfindən
təsis edilmiş od məbədlərinə
təsisatçının, yaxud onun nəslindən
olanların adları verilirdi. Söhbət
açdığımız Çartak od
məbədi zərdüştlüklə bağlı olub,
xüsusi dini təyinatlı abidədir. Plan
baxımından kvadrat şəkilli, həcm cəhətdən
kub olması bu məbədlərin fərqləndirici cəhətləri
idi. Armatay dağının zirvəsində Günəş
və Ay allahları şərəfinə tikilmiş məbəd
Zaqatalanın Mamrux və Gözbarax kəndləri ərazisində
yerləşən Armatay dağının ən ucqar zirvəsində,
çox möhtəşəm, əzəmətli, tikilmə
üsuluna görə qeyri-adi və başqalarından xarici
görünüşü ilə fərqlənən “Pəri
qala” adı ilə tanınan tarixi abidə mövcuddur. Qala Azərbaycan tarixinin Alban dövrünə aiddir.
Abidə mürəkkəb kompozisiyaya malikdir.
Üç girişə malik abidənin Şərq
tərəfində dərin divar oyuğu – absida var.
(Absida-yunanca yarımdairəvi çıxış,
düzbucaqlı tağ, yüksək dərəcəli ruhanilər
üçün yer). Absida binanın əsas
yuxarı hissəsində yerləşir. Absidanın eni
4 m, uzunluğu 6 m-dir. Tağın
hündürlüyünü nəzərə alsaq, binanın
kümbəzinin 2-3 metr olduğunu güman etmək olar. Binanın ümumi hündürlüyü isə
9-10 metrə yaxın olduğunu söyləyə bilərik.
Absida binanın əsas yuxarı hissəsində yerləşir. Kümbəzli
yuxarı baraban dayaqlıq tağları olan dörd sütuna
dayaqlanıb. Abidənin diametri 12,8
metrdir. Mamrıx məbədlərinin
memarlığı artıq yerli alban formalarında, kilsə
dağdakı Mitra allahı məbədinə nisbətən
daha mükəmməl və mürəkkəb tərzdə həllini
tapıb. Dörd pilon (Sadə sütun) və
mərkəzi absida məbədin interyerində əsas rol
oynayır. Günbəzin alt hissəsi
kvadrat formasındadır. Pilonların
arasında ayrı-ayrı yerləşən sütunlar səkkiz
guşəli özülün dayağı rolunu oynayır.
Abidənin demək olar ki, yarıdan çoxu
uçub dağılsa da, onun ilkin
görünüşünü fikrimizdə canlandırmaq
mümkündür. Bina qaya və
çaydaşı, kirəcdən və kərpicdən
tikilib. Sağ qalmış Şimal
girişinin solunda və Cənub girişinin sağında
binanın içərisində iki otaq var. Otaqların içərisində
divarlarda əşyalar qoymaq üçün xüsusi yerlər
var. Bina qala divarları ilə əhatə olunub. Divarlar təqribən binadan 17 m məsafədədir.
Divarlarda hündürlüyü 5 m yaxın olan salamat
qalmış 2 bürc var. Bundan əlavə qala
divarının yaxınlığında
hündürlüyü 5 m olan konusabənzər qüllə
var. Qüllənin içərisi aşağıdan 1 m,
yuxarı çıxış hissəsi isə 50 sm-dir.
Qüllənin aşağısında ocaq yandırmaq
üçün xüsusi dəlik var. Bu abidənin sonralar hərbi
məqsədlər üçün istifadə olunduğunu
söyləyə bilərik. Çox güman
ki, gözətçilər burada ocaq yandırıb,
tüstüsünü havaya buraxmaqla digər gözətçi
məntəqələrə hər hansı bir xəbəri
çatdırırdılar. Qala divarlarından 450-500
metrə yaxın bir məsafədə, eni və uzunluğu 3
m, dərinliyi isə təqribən 5 m olan su hovuzu var. Hovuzun
divarları qaya daşından, kirəclə tikilib. Qala sakinlərinin
bu hovuzda saxlanılan sudan istifadə etmələri
güman olunur. Qaladan aşağıda 100 metrə yaxın bir
məsafədə, qar və yağış sularının
süzülüb gəldiyi bir yerdə 2 ədəd küpə
bənzər eni 3 m yaxın, dərinliyi isə 4 metrə
yaxın su hovuzları var. Qala sakinlərinin bu sudan paltar yumaq
və yuyunmaq üçün istifadə etmələrini
söyləyə bilərik”.
Mamrux məbədi
- Sövmənişin haqqında: “Bu abidənin uzunluğu 4,7
m eni, 3,5 m hündürlüyü isə 3,3 m-dir. Abidə
çay daşı, kvadrat kərpic və kirəcdən
tikilib. Sövmənişin ölçülərinə
görə balaca olub ictimai ibadət binasıdır. Məbədlərdən fərqli olaraq sövmənişinlərdə
təntənəli dini mərasimlər keçirilmir. Sövmənişinin altar (latınca yuxarı,
yüksək yer, məbədin Şərq tərəfində
olur, yüksək dərəcəli ruhanilər
üçün xüsusi yerdir) hissəsi olmur. Deyilənlərə görə, bu tikililərdə
zənglər yerləşdirilir və hər saatdan bir zəng
vurulurdu. Bura həmçinin ikonalar və
şamlar qoyulurdu. Sövmənişinlər
əsasən insanların yeni ərazilərə
köçdüyü yerlərdə tikilirdi. Bu ərazilərdə sövmənişinlərin
tikilməsi və orada xaçın yerləşdirilməsi
yeni torpaqların saflaşdırılması demək idi”.
Pipan məbədləri. Üç kilsəli bazilika:
“Zaqatalanın Yuxarı Tala kəndi ərazisində yerləşən
Pipan yaşayış məntəqəsi ərazisində
Albaniya dövrünə aid möhtəşəm abidələr
var. Bu məbədlərın yuxarıda qeyd etdiyimiz kimi
Sasanilərin Albaniyada xristianlığa qarşı mübarizə
apardığı dövrdə tikilməsi güman edilir. Məbədlərdən birincisi üç otaqdan
ibarətdir. Onlardan ən böyüyü orta otaq olub,
hündürlüyü 4,5 m-dir. Otağın uzunluğu 6,5
m-dir. Eni 3,5 m-dir. Otaqda bir pəncərə yeri var, tavanı
dairəvidir. Bu otağın girəcəyində
aşağıya doğru bir dəlik var. Buradan
görürük ki, zirzəmidə bir başqa otaq da var. Bu
otağın eni 3,3 m, uzunluğu 6,7 m, hündürlüyü
3 m-dir. Burada Şərq və Qərb tərəfdən iki pəncərə
yeri var. Bu otaqda müqəddəs odun qorunub
saxlanılmasını deyə bilərik. Bu da bizə məbədin
əvvəlcə od məbədi
olduğunu sonra isə kilsəyə çerildiyini söyləməyə
imkan verir.
Uğur
Xalq Cəbhəsi.- 2016.- 3 noyabr.-
S.13.