Molokanların inancları və adət-ənənələri
Bu yazıda Azərbaycanda yaşayan molokanların
inancları haqqında danışılır. Araşdırmaçı
Könül Baxışova bildirir ki, İsmayıllı rayonu
ərazisində hapıtlar, tatlar, molokanlar, kürdlər, yəhudilər
və s. azsaylı xalqların və etnik qrupların nümayəndələri
harmoniyada sülh, əmin-amanlıq, qardaşlıq şəraitində
yaşayıblar və yaşayırlar: “Araşdırmamızda
Azərbaycanın mirvarisi adlanan İsmayıllı bölgəsində
yaşayan molokanlar və onların mədəniyyətini diqqət
mərkəzinə çəkmək istəmişik. İvanovka kəndi dəniz səviyyəsindən
848 metr yüksəklikdə, İsmayıllı şəhərindən
cənub-qərbdə - 13 km məsafədə yerləşir.
Kənd rus icmasının birgə şəkildə
yaşadığı ən böyük yaşayış məntəqələrindən
biridir. 1834-cü ildə Tambov
quberniyasından sürgün edilmiş 11 ailədən ibarət
molokanlar kəndli İvan Perşinin rəhbərliyi ilə
ilk əvvəl Ax-Ox çayı sahillərində, indiki
Topçu kəndi yaxınlığında məskən
salırlar. Ancaq 1847-ci ildə yaşamaq
üçün əlverişli, daha quru şaxtalı iqlim
şəraiti olan və onların köçüb gəldikləri
doğma vətənlərini onlara xatırladan yeni
yaşayış məskəninə köçürlər
və kəndin adını İvanovka qoyurlar. İvanovka kəndində yaşayan molokanlar
müasir dövrümüzədək təkcə rus mədəniyyətini
və rus ruhunu deyil, eləcə də molokan inancını,
adət-ənənəsini qoruyub saxlayıb. 1953-cü ildən 1994-cü ilə kimi kolxoza Nikolay
Vasilyeviç Nikitin rəhbərlik edib. N.V.Nikitin
kolxoza rəhbərlik etdiyi dövrlərdə təsərrüfat
böyük uğurlar qazanıb. Molokanların
kənddən köçüb getməməsi
üçün N.V.Nikitin əlindən gələni əsirgəməyib.
O molokanlara böyük qayğı ilə yanaşıb, yeni
evlənənlərə ev tikmə ənənəsini
qoyub, əhalinin sosial rifahının yüksəldilməsi
üçün kənd təsərrüfatını
inkişaf etdirib və pulsuz və ya aşağı qiymətlə
kolxoz hesabından ərzağın ailə başına
paylama ənənəsini qoyub”.
Maraqlıdır
ki, molokanlar indi də bu sistemi qoruyub saxlayıblar:
“İnformatorların verdiyi məlumata görə, İvanovkada
yaşayan ruslar arasında bir sıra molokanlar, baptistlər və
əllincilər kimi sektalar (təriqətlər) mövcuddur. Bu təriqətlərin ayrı-ayrılıqda ibadət
evləri mövcuddur. Bazar günü saat
8.00-dan hər ibadətçi öz inam gətirdiyi ibadət
evinə gedirlər. Molokanlar ibadətə
gedərkən ənənəvi milli molokan geyimində olurlar.
Hər üç sektanın qadınlarının
örtülü geyinməsi şərtdir: başlarında
yaylıq, əyinlərində dizdən aşağı yubka
və uzunqollu geyim. Molokanlar Davud peyğəmbərin
dualarını oxuyub dua edirlər. Baptistlər
isə qəlbdən gələn duaları edərlər.
İnanca görə qadınlara saç kəsmək,
rəngləmək və üzə ənlik-kirşan çəkmək
qadağandır. Baptistlərdə ana bətnindən
döl götürmək qəti qadağandır (Buna görə
onlar çoxuşaqlı olurlar). Baptistlər
donuz əti qəbul edir, molokanlar isə buna qəti etiraz edir.
Spirtli içki içmək sektantlara
qadağandır. Baptistlərə ancaq
öz sektasının üzvü ilə nikah bağlaması
şərtdir. Molokanlarda isə müasir
dövrdə başqa din və sektantlarla ailə qururlar.
Ailə ayinləri pulsuz həyata keçirilir.
Molokanlar arasında dilənçilik yoxdur.
Hətta hansısa bir məclisdə masa
üstündən özü ilə ərzaq götürməyi
qeyri etik sayırlar”. Onların iş prinsipi var: “Öz
hesabına yaşa”.
Müharibə və inqilabı qəbul etmirlər. Onların
düşüncəsinə görə bunlar insanın heyvani
ehtiraslarıdır. Sektantlar, ümumiyyətlə,
möhkəm ənənələrə malikdirlər. Hazırda bu ənənələrin pozulmasına
molokan əhali tərəfindən daha tez-tez rast gəlmək
mümkündür. Onu da qeyd etmək
lazımdır ki, onlar digər təriqətlərin
ardıcılları ilə müqayisədə öz təlimlərinin
təbliğatına az meyllidirlər.”
Mənbələr göstərir ki, baptistlər (yun. Baptizo – suya
salıram, su ilə xaç çəkirəm mənasını
daşıyır) protestantlardan fərqli olaraq xilas prinsipini
yalnız şəxsi inamla bağlayırlar. Onlar müqəddəsləri, qaxımış cəsədləri,
ikonaları, kilsə məbədlərini, ibadət
libasını, çarmıxı, xaçı və
xaç rəmzlərini tanımırlar. Baptistlərə
görə, Allah təkdir, o bir ruhdur, diridir, hər şeyə
qadir, əbədi, müqəddəs və ədalətlidir.
Katolik, pravoslav, lüteran və digər xristian
təriqətlərindən fərqli olaraq, baptistlər
Tanrının yalnız ruhani təbiətə malik
olduğunu bildirərək, onun insan qismində nə vaxtsa
zühurunu qəbul etmirlər.
Tanrının hansısa formada surətinin təsvir edilməsinə
etiraz edirlər. Baptistlər təslis, yəni
üçlük inancını Ata Tanrı, Oğul Tanrı
və Müqəddəs Ruh Tanrısını qəbul edirlər.
Baptistlər də tanrının isdədiyi vaxt
və yerdə insanı cəzalandıra bilmək qabiliyyətinə
malik olması ideyasını qəbul edirlər. Lakin onlar Tanrını laməkan sayırlar. Baptizm ideologiyasının mərkəzində məsihçilik
dayanır. Baptistlər İsanın
Allahın özü olduğuna inanmaqla yanaşı,
Tanrının insan bədəninə girərək İsa
adı ilə bəşəriyyəti günahlardan qurtarmaq
üçün gəldiyini qəbul edirlər. İsa onların əqidə və ehkamlarında mənbə
rolunu oynayır. O, xilas, həqiqət və həyat yoludur.
Tanrı ilə bəndə arasında yeganə
əlaqə vasitəçisi İsadır. Onlara görə, kilsə Tanrı tərəfindən
xüsusi mənəvi imtiyazlar verilmiş, mükəmməl
insanların məkanıdır. Kilsə,
hər hansı məbəd binası, ilahi
firavanlığın təmsilçisi deyil, hər şeydən
öncə "dirilmiş ruhlar"ın
toplandığı yerdir. Baptistləri digər
icmalardan fərqləndirən ən mühüm xüsusiyyət
onların etiqadında Bibliyanın çox əhəmiyyətli
yer tutmasıdır. İcma üzvləri
bunun səbəbini Bibliyanın İsa Məsih vasitəsilə
xilas olmağın və Tanrı ilə
barışmağın mümkünlüyünə
şahidlik etməsilə izah edirlər. Baptistlər
inanc və həyat təcrübəsində yalnız Müqəddəs
Yazıların hökmlərinə istinad edirlər. Spirtli içkilər, narkotik maddələrin qəbulu,
papiros çəkmək, əxlaqsızlıq və dələduzluqla
məşğul olmaqdan xilas olmaq təbliğ edilir. Belə mənfi vərdişlər ruhun xilas
olması üçün ciddi maneədir. Onlardan xilas olmayan insan böyük günah sahibidir və
Cənnətə düşmək şansını itirir.
Əllincilərin dini təlimi özünəməxsus
xüsusiyyətləri ilə seçilir. Onlar digər
protestant məzhəbləri kimi Bibliyanı imanın əsası
kimi qəbul etsələr də Müqəddəs Kitabı fərqli
şəkildə başa düşürlər. Bilinməyən dillərdə danışmaq vergisi,
yaxud qlossolali (yunanca “dildə danışmaq” deməkdir) olaraq
tanınan sözügedən dini ayin əllincilik
ideologiyasının sütunudur. Onların
inancına görə, xaç suyuna salındıqdan sonra
Müqəddəs Ruh mömin şəxsə xəstələri
sağaltmaq, gələcəyi görmək və bilinməyən
dillərdə danışmaq vergisi verir. Beləliklə,
hər bir əllincinin bu verginin daşıyıcısı
olduğu iddia olunur. Əllincilər
dünyanın sonu, İsa Məsihin ikinci zühuru və onun
minillik hakimiyyəti aspektinə böyük önəm verirlər.
Onlar Bibliyanın "öldürmə"
ehkamını hərfi mənada başa düşür və
əsgəri xidmətə mənfi münasibət bəsləyirlər.
Ruslar arasında sənətkarlıq da geniş
inkişaf etmişdi. Onların kişiləri bir çox sənət
sahələrinin bilicisi sayılırdılar. Azərbaycana dörd təkərli “molokan
arabaları”, “molokan dəyirmanları” məhz onlar tərəfindən
gətirilib. Molokanların həyat ənənəsində
əmək mədəniyyəti əsas rol oynayır. Bostançılıq, bağçılıq, dənli
bitkilər üzrə təsərrüfat,
üzümçülük, arıçılıq və
maldarlıq əsas məşğuliyyətləridir. Molokan ənənəsinə görə donuz və
dovşan çoxaltmaq olmaz (Lakin müasir dövrdə
molokanların bəziləri bu adəti pozurlar. Belə ki, donuzçuluq təsərrüfatı ilə
məşğul olurlar). Onlar bir-birlərini
əməksevərliyinə və gördüyü işə
görə hörmət qoyur, qiymətləndirirlər.
Hər ailənin heç olmasa bir inəyi
olmalıdır. İvanovka kəndində
müasir tipli ferma, süd kombinatı, çörək zavodu
mövcuddur ki, molokanlar bu müəssisələrin ən
qabaqcıl işçiləridir.
İvanovkada kolxoz quruluşu olduğundan kəndin
özünəməxsus daxili büdcəsi var. İvanovkada
hazırda ruslarla yanaşı ləzgilər və azərbaycanlılar
da yaşayır. Onlar ata-babalarının əsrlər əvvəl
qoyduğu milli ənənələrini qoruyub saxlamağı
özlərinə borc bilirlər. Molokanlar
digər dini etiqadlara dözümlü münasibət bəsləsələr
də, lakin başqa dindən və hətta xristian dinindən
olan insanla nikaha girmək qadağandır (Ancaq müasir
dövrdə bu qadağa o qədər də önəmsənmir).
Əsas ailə başçısı
kişidir. Molokanların əsas ailə
xüsusiyyəti böyüklərə hörmət bəsləmək
və uşaqların tərbiyəsində ciddilik əsas
şərtdir. Övladları uzaqda olsa belə
tez-tez onları ziyarət edərlər. Qoca
ailə başçıları övladları və nəvə
əhatəsində yaşamağı üstün tutur.
Çünki hələ uşaqlıqdan onlara
gələcəkdə valideynə arxa olmağı öyrədirlər.
Molokanlar valideynini atan övladları ata -
ananın dəfninə buraxmırlar.
Molokan ailələri
bərabərlik əsasında qurulur, qadın və kişi eyni hüquqa malik olurlar. Ailə
əsasən oğlan və qızın ümumi
razılığı əsasında təşkil olunur.
Oğlanların qız bəyənməsi
üçün mövcud şərait var. Qız və
oğlanlar dəstə-dəstə kənd kənarına gəzintilərə
çıxar, şənbə günləri rəqs
meydançası təşkil edilir. Kənddə
gözəl mədəniyyət evi və incəsənət
məktəbi mövcuddur, burda çalıb-oynayar və fürsətdən
istifadə edərək özlərinə nişanlı
taparlar. Qış vaxtları belə
görüşlər evlərdə keçirilər. Molokan adət-ənənəsinin bir sıra
xüsusiyyətləri toyla bağlıdır. Toy adət-ənənəsi yerli əhalinin adətləri
ilə üst-üstə düşür. Gəlin maşınının
qarşısının kəsilməsi və nəmər tələb
etdirməsi adəti də mövcuddur. Buna
“Maqarıç” deyilir. Qız toyunda qız ağ paltar geyinir və başına yaylıq
bağlayır.
Oğlan toyunda isə gəlin başına fata taxır. Molokanlarda
gizli nikah və boşanma qəbul edilməzdir. Evə gələn qonağı süfrəyə dəvət
edirlər. Yaşca böyük kişi
qonağı ev sahibinin yerində oturdulur, yanında kişilər,
sonra qadınlar əyləşirlər. Gələn
qonağa çay və yemək süfrəsi
açırlar. İvanovkada yaşayan
molokanlar yerli əhalinin adət-ənənələrinə,
məişət və mədəniyyətinə yiyələnmişlər.
Kəndin maraqlı arxitekturası var. Yol boyu evlər
sanki xətkeşlə çəkilmiş kimi simmetrik və
səliqəlidir. Burada fəhlənin də,
sürücünün də, kolxoz sədrinin də evi
bir-birindən fərqlənmir. İvanovka
rusları dəbdəbədən uzaqdırlar. Onların geyim mədəniyyətini bayram günlərində
və bazar günü ibadətə gedərkən istifadə
etdikləri geyimlərdə görmək mümkündür.
İvanovka kəndinin “Adel” kollektiv rəqs qrupu,
“Slavyanoçka” xor folklor qrupu kimi milli folklor mahnı və rəqs
qrupu mövcuddur ki, bu da qədim molokanların mahnı, rəqs,
geyim mədəniyyətini və etnoqrafiyasını nəsildən-nəsillərə
ötürməkdədir.
Uğur
Xalq Cəbhəsi.- 2016.- 4 noyabr.-
S.13.