Azərbaycan Səfəvilər dövləti və saray təşkilatı

 

4-cü yazı

 

I Şah Səfinin dövründə Kuhgiliyə bəylərbəyi Nəğdi Şamlının oğlu bacarıqlı türk əyanlarından Zeynal xan Şamlı cəbbədarbaşı idi. O, atasının yerinə 1638-ci ildə bəylərbəyi göndərilmiş, cəbbədarbaşı vəzifəsi yenə Şamlılardan Ərəb bəy Ağzıvaroğluna tapşırılmışdı. Ərəb xan isə bir neçə il sonra Şirvana bəylərbəyi göndərilmiş, qardaşı Hacı bəy də onun yerinə cəbbədarbaşı təyin edilmişdi. Hacı bəydən sonra yenə Şamlılardan Əbülfət bəyin cəbbədarbaşı olduğunu görürük.

Hərb alətləri, qurğuşun və barıt kimi qorxanaya (silah anbarı) verilən bütün sürsat cəbbədar idarəsinin müşrifinin dəftəri üzrə sahib-i cəmə təhvil verilirdi. Bütün bölgələrdəki silah anbarlarına cəbbədarbaşı təhvildarlar təyin edir və vilayətlərin hakimləri də onlara hörmət edib, buyruqlarını nəzərə alırdılar. Onun nəzarəti altında olan emalatxanada bıçaq, nizə, cida, zireh də düzəldilir və bu silahlar da xüsusi anbarlarda saxlanılırdı.

Müqərrəb ül-həzrət qeyçaçıxana sahib-i cəmi Şah üçün geyim qumaşlarını xəzinə sahibi-i cəmindən təhvil götürürdü. Münəccimbaşının müəyyən edib, şahın ərzinə çatdırdığı saatda alicah nazirin inanılmış bir adamı və qeyçaçıxanın sahib-i cəmi və müşrifin iştirakı ilə xəyyatbaşı parçanı biçir, təzə tikilmiş paltar Şahın başqa libasları ilə birlikdə adı çəkilmiş sahibcəmə təhvil verilirdi. Hədiyyə üçün nəzərdə tutulan və satın alınmış parçalar da bu müdirin təhvilində idi. Şah üçün parçaları alicah nazir əhli-xibrə çağırıb, onların vasitəsilə qiymətini müəyyən edir və qiymətnaməni əhli-xibrə imza etdikdən sonra alqı sənədi yazılır. Kaşan və sair vilayətlərin qumaşları göstərilən qayda ilə qiymətləndirilirdi. Qərar üzrə , ödənişə əsasən təhvil alınma sənədi yazılır, onları vəzirlər və idarə işçiləri xərc sırasına daxil edirdilər. Qiymətli mallar da bu qayda ilə idarəyə təhvil verilirdi. Böyük əmirlər üçün qiymətli xələt (ünvanı ilə), təzə tikilən don da bu idarədə toplanılır. Samur da, londra da, adı çəkilən müdirin təhvilində olurdu. Sahib-i cəmlərə tabe olan işçilər dərzi, corab toxuyan, çaqçur tikən, londora tikən, ütü çəkən, pambıq atandan ibarət idi.

I Şah Səfi dövründə Məhəmməd Saleh Ərdəbili qeyçəçibaşı olub, məlikəttüccar vəzifəsi də ona tapşırılmışdı. Fərrarbaşı müqərrəblər siyahısında olub onun nəzarəti altında olan fərrəşxanada xalı-xalça, xeymə keçəsi, həsir, fərş, döşək, çadır, çıraq, şamdan, mum, şam, ərinmiş piy, sabun, ip, şərid, keçə, palaz, boz keçə, milkə, milək, çit, zəncir, mis, teşt, pəncərə kağızı, kiriş, kağız, fanar, milçəkdan, muxru, kəcavə saxlanılırdı. Çadır tikənlər, mehtərlər fərraşbaşına tabe idilər.

Qovun, xiyar, üzüm, nar şirəsi, hind xurması, göyərti, qaysı və bütün başqa meyvələr, o cümlədən lazım olan qədər qab-qacaq, qızıl, gümüş və mis həvicxana adlı anbarlarda saxlanılır və onların anbarları meyvəxana sahib-i cəminə tabe idi. Ehtiyat saxlanılan və gündəlik işlədilən məhsullar, onların xərcləri həvicxanada qayda üzrə qeydiyyata alınırdı. Meyvəxana sahib-i cəmləri, şərbətdarbaşı bir qayda olaraq süfrəçibaşı və tuşmalbaşı ilə həmkarlıq edirdi. Süfrəçibaşı adətən türk əyanlarından təyin edilirdi. I Şah İsmyılın dövründə Ustaclı Məhəmməd bəyin süfrəçibaşı olduğunu görürük. O, 1511-ci ildə ali divan əmirləri sırasına daxil edilmişdi.

I Şah Səfi dövründə süfrəçibaşı vəzifəsində olan Xələf bəy bu vəzifəyə I Şah Abbas zamanı təyin edilmişdi. O, əslən Arasbardan olub, Qaracadağ sufilərindən idi. Gənc yaşında Fərhad xan Qaramanlının mülazimi olmuş, bacarıq və qabiliyyətinə görə süfrəçibaşı məqamına yüksəlmiş, əsgəri təşkilatda çərxçibaşı kimi məsul hərbi vəzifədə də olmuşdu. O, 1638-ci ildə Bağdad savaşında osmanlılar tərəfindən əsir götürülmüş və İstanbulda edam olunmuşdu. Ondan sonra süfrəçibaşı vəzifəsi böyük oğlu İbrahim sultana, 1662-ci ildə iş kiçik oğlu Maqsud sultana tapşırılmışdı.

Tuşmalbaşı daha məsul vəzifə olub, şah mətbəxinin müfəttişi, yaxud naziri idi. Tuşmalbaşı haqqında məlumat qıtlığı olsa da, bu vəzifə türk əyanlarına etibar edilirdi. H. 1020 (1611)-ci ildə Şamlı elinin Bəydili obasından Zeynal bəy tuşmalbaşı idi. 1620-ci ildə Moğol səfiri Xan Aləmlə Dehliyə elçi göndərilmişdi. Qeyd etmək lazımdır ki, Zeynal bəy Bəydiliyə tutduğu vəzifə ilə əlaqədar olmayan məsul işlərin tapşırılması onun istedadlı bir türk əsilzadəsi olmasından irəli gəlirdi. I Şah Səfi dövründə isə Şahverdi bəy adlı başqa bir türk əsilzadəsinin tuşmalbaşı olduğunu görürük. O, Arasbarlı Xələf bəyin kiçik oğlu idi. Qanat sahib-i cəmi saray üçün mal, qoyun kəsdirir, yəni sarayı ət məhsulları ilə təmin edirdi. O, qoyunu, əti bazardan İsfahan darğası və möhtəsib əl-məmalikin tərtib etdiyi qiymət sənədi üzrə alır və həmin sənədi satıcının mənsub olduğu əsnafın müdiri imzalayırdı.

I Şah Səfinini dövründə Çələbi bəy Evoğlu Qaradağlı və Cəfər bəy Evoğlu Qaradağlının adarbaşı olduğunu görürük. Şotorxan (dəvəlik) sahib-i cəminin təhvilində çul, təkaltı, çuval, keçə, ovsar, ip və dəvəliyə aid olan əşyalar olurdu. İldə bir dəfə nazir büyutat vəzirinin iştirakı ilə dəvələrə baxır, onların yaxşısını-pisini ayırd edirdi. Dəvələrdən tələf olanları, damğası ilə yoxlayıb sahib-i cəmin hesabından çıxılır və damğanı isə nazirin iştirakı ilə yandırırdılar.

Qızıl, gümüş və mis qəhvədanlar, qara aftafalar, qəhvə qovurulan qab, piyalə və sini qəhvəxana sahib-i cəminin təhvilində idi. Çini, saxsı, gümüş, qızıl qablar saxlanılan beytə çinixana da deyilirdi. Engelbert Kempferə görə sarayda 10 milyon qızıl sikkə dəyərində qızıl qab vardı. Bu qabları ziyafətlərdə süfrəyə düzən xidmətçi ayaqçı, yaxud çinikeş adlanırdı. Xalı, mütəkkə, keçə, cecim, taqca döşəməsi və bütün digər əşyalar mübarək imarətlər təhvildarlarının ixtiyarında idi. Xalıları təmizlətdirməklə ona tabe olan məmur məşğul olurdu.

Şaha məxsus hamam avadanlığı və ona aid əşyalar, yorğan, nazbalış, söykənəcək, xüsusi paltarlar, qulluqçuların avadanlığı, ayaqqabı, çəkmə, corab, canamaz və ona aid şeylər, onların fərməşləri rikabxana sahib-i cəmlərinin ixtiyarında olurdu. Qızıl, gümüş və mis məşəllər, məşəl üçün mum və qətran, quyruq, piy kimi çıraq yağları, böyük təbil, nağara, gərənay, nəfir (şeypur), zurna və çalğıya aid bütün şeylər nağaraxanaya aid olub məşəlxana, çıraqxana və nağaraxana sahib-i cəmləri ixtiyarında idi. Nağaraxana və məşəlxana işçiləri məşəldarbaşıya tabe olub, onlar etimadəddövlənin hökmü və nazirin möhürü ilə təsdiq edilən siyahılar üzrə, maaşlarını alırlar. Çıraq avadanlıqlarına baxanlar çıraqbaşı da adlanırdı.

Tövlə heyvanları və karvan qatırları üçün arpa, saman, yonca və xəsil kimi yem ehtiyatı tədarükü anbar sahib-i cəminin vəzifəsinə aid idi. Çul, tərlik, tapğır, yüyən, qantarğa, buxov, sətil, nal, mıx, kəmənd, kürək, çul üstündən atılan keçə, xurcun və tövlələrin işıqlandırılması anbardarbaşına tapşırılır. Tövlələrdəki at, qatır, ulağın hamısı tövlənin sahibcəminə aid idi. Saray şərbətxanasına aid olan qızıl, gümüş, çini, mis qablar, qəlyan ləvazimatı, tənbəki, şəkər, qənd, ətirli kökələr, qəhvə, mürəbbələr, limon şirəsi, gülab, başqa içkilər və turşular saxlanılan beytə şərbətdarbaşı adlı sahib-i cəm baxırdı. Müəyyən olunmuş qaydaya görə sahib-i cəm Şaha, saray qulluqçularına, cirə alanlara lazım olan şeyləri, əlavələri vəsiqə üzrə məlum olan qərarla hər gün xərc hesabını qeyd edirdi.

Vilayətlərdən Şah xəzinəsinə daxil olan əşrəfi, qızıl və sairə pullar xəzinə sahib-i cəmi, sərrəfbaşı başqa sərraflar, müşrif, ödəyici və ya onun nümayəndəsi hüzurunda yoxlatdırıb təhvil alınır, sonra kisələrə töküb ağzını möhürləyirdilər. Qəlp qızılları ayırıb qızıl sahibinin özünə qaytarırdılar. Qeyd edilən beytlərlə yanaşı saray təsərrüfatında toxuculuq, ayaqqabı, corab emalatxanaları, dərzi sexi, sikkəxana, zərgərxana, nəccarxara və başqa manufaktura tipli karqahlar da vardı. Cemelli Karerinin əsərində şah xəzinəsində sikkələri qoruyub saxlayan məmur xəzinədarbaşı adı ilə qeyd olunub.

Saray təşkilatında dəftərxana naziri müqərrəb ül-həzrət olub, bütün dəftərxanalarda qeydiyyatdan keçirilən mülazimlik, vergilərdən azad edilmə, soyurqallar, vəzifə vəsiqələri, hərbiçilərə verilən həmesale, tiyul, tənxah hökmlərini, mənsəb sahibləri və maliyyə işçiləri barədə hökmləri yoxlayıb möhürləyərək təsdiq edirdi. Məmləkətdə vəzirlər, hökumət vergiləri təhvildarları, icarədarlar, zabitlər və mübaşirlərin hesablarına yetişib, çürütmək də müqərrəbül həzrətin vəzifəsidir. Onun doqquz nəfər hökumət qulluqçusu olan mirzəsi var. Onların səkkiz nəfəri idarələr tərəfindən verilən həmesalelər, məvaciblər haqqındakı hökmləri dəftərlərinə yazıb, imzalayırlar. Bir nəfəri isə, haqq-hesablar, vəsiqələr, fərmanları təshih etdikdən sonra, imza və təsdiq edir.

I Şah Səfi dövründə Uğurlu bəy adlı qızılbaşın dəftərxana naziri olması, bu vəzifədə də türklərin üstün mövqelərindən xəbər verir. Bütün dəftərxanalarada nizam-intizamın qorunması, nöqsanlarına görə idarə işçilərinin cəzalandırılması ilə dəftərxana darğası məşğul olurdu. Dəftərxana işçiləri arasındakı şikayət və pul tələbləri onun hüzurunda həll edilirdi. O, ümumi hökm və fərmanlar içərisində, qələbə çalan əsgərlərin tənxah, tiyul, həmesalə, qulluq hökm və fərmanlarını möhürləyirdi. Mənbələrdə saray dəftərxana darğası haqqında məlumata çox nadir hallarda təsadüf edilir.

Məhəmməd Yusif Qəzvini İsmayıl Mirzənin 1576-cı ildə hakimiyyətə keçməsini təsvir edərkən Əlixan bəy Türkman adlı şəxsin saray dəftərxan darğası olduğunu yazır. İsgəndər bəy Münşi Türkman əsərində Qızılbaşlardan Bistam ağa Türkmanın I Şah Abbas dövründə saray dəftərxana darğası olduğunu yazır. Mənbələrdə onun işgüzar və təcrübəli dövlət məmuru olması haqqında məlumatlara təsadüf edilir. I Şah Səfinin də h. 1038 (1629)-ci ildə Nəğdi bəy Şamlını, bir neçə ildən sonra onun nəvəsi Heydər bəy Şamlını (Zeynal xan Şamlının oğlu ) 1662-ci ildə Zeynal bəy Bəydilinin fərrəşxana darğası, 1635-ci ildə eşikağasıbaşı Uğurlu xan Şamlını saray dəftərxanasına nazir təyin etməsi Qızılbaşların saray təşkilatında önəmli rola malik olmasından xəbər verir. Onlar dövlətin idarə formasına uyğun müəyyən edilmiş səlahiyyətləri ilə paralel, bəzən hərbi xidmətə də cəlb edilirdilər.

"Tarix-i alamara-yi Abbasi"də göstərilir ki, Şah 1629-cu ildə Nəğdi bəyə xan titulu verib, onu Təbrizin müdafiəsinə göndərmişdi. 1629-cu ildə Təbriz yaxınlığında Acı çay sahilində Osmanlı ordusu ilə döyüşdə Qızılbaş əsgəri heyətinə o başçılıq etmiş, texniki cəhətdən qoşunu düzgün idarə edib, fasilələrlə təşkil etdiyi hərbi əməliyyatlarda qələbə çalmış və osmanlılar itgi verib geri çəkilmişdilər.

 

Zabil Bayramlı

tarix üzrə elmlər doktoru, professor

 

Xalq Cəbhəsi.- 2016.- 5 noyabr.- S.14.