Oğuzda yaşayan udilər və yəhudilər
Bu yazıda Oğuzda yaşayan udilərin və yəhudilərin
özünəməxsusluğu və onları birləşdirən
ortaq dəyərlər haqqında danışılır. Yusif Rzayevin
araşdırmasında vurğulanır, hazırda Oğuz
rayonunda azərbaycanlılarla yanaşı ləzgilər, udilər,
yəhudilər, ruslar, avarlar, məhsəti türkləri,
kürdlər, tatarlar, ukraynalılar, gürcülər,
talışlar və s. xalq və etnik qrupların nümayəndələri
yaşayırlar. Azərbaycanın nadir aborigen
etnoslarından biri olan udilər haqında ilk yazılı məlumatları
antic yunan müəllifləri Strabon, Herodot, K.Ptolomey, VII əsr
Alban (Azərbaycan) tarixçisi Musa Kalankaytuklu və
başqaları veriblər. Udilər Qafqaz
Albaniyası dövlətinin (e.ə.III əsr-b.e.VIII əsri)
26 tayfasından biri olub. Onlar 313-cü ildə
digər alban tayfaları kimi xristianlığı qəbul
edib, etnik varlıqlarını bu günədək qoruyub
saxlayıb və xristianlıqda qalıblar.
Azərbaycan udilərin tarixi vətənidir. Hazırda
onlar toplu halda yalnız Qəbələ rayonundakı Nic qəsəbəsində
və Oğuz rayonunun mərkəzi Oğuz şəhərində
yaşayırlar. Oğuzda bu etnosun
Alban-Udin xristian dini icması fəaliyyət göstərir.
Dini ibadətlərini Oğuz şəhərinin
şərq tərəfindəki Qeriqets (udi dilində “müqəddəs
yer” deməkdir) kilsəsində icra edirlər. Nic udilərindən fərqli olaraq Oğuz udiləri
xristianlığın pravoslav məzhəbindədirlər.
Danışıq dilləri Qafqaz dilləri ailəsinin
Nax-Dağıstan qrupuna aiddir. Qəbələ rayonunun
Nic qəsəbəsində udi dili tədris olunsa da Oğuz
şəhərində onların sayı az
olduğundan (100 nəfərə yaxın) udi uşaqları
şəhərdəki 1 saylı tam orta məktəbin rus
bölməsində təhsil alırlar. Udi
folklorundan nümunələri ilk dəfə Vartaşen kənd
(indiki Oğuz şəhəri) ziyalısı Mixail Bejanov
1890-cı ildə Tiflis şəhərində çap
etdirdiyi “Vartaşen kəndi və onun sakinləri haqqında
qısa məlumat” adlı məqaləsində verib. Daha
sonra Nic qəsəbə sakini, udi yazarı Jora Keçaari
Vartaşen (Oğuz) və Nic udilərindən
topladığı nağıl, rəvayət, əfsanə,
atalar sözləri, lətifə və s. folklor nümunələrini
“Ocaq başında rəqs”, udilərin ənənəvi
elçilik, nişan və toy mərasimlərinin təsvirini
və şərhini isə “Udilərdə ənənəvi
toy mərasimləri” adlı kitablarında çap etdirib. Udi etnosunun bədii təfəkkürünün məhsulu
olan bu nümunələrdə udilərin adət-ənənləri,
mərasim və ayinləri, arzu, istək və
düşüncələri canlı və lakonik şəkildə
ifadə edilib. Udi xalqının mənəvi
dünyasından soraq verən bu nümunələr öz məzmununa,
ifadə tərzinə görə azərbaycanlıların
folkloru, şifahi xalq ədəbiyyatı nümunələri
ilə səsləşir. Məsələn,
“Şahzadə və Şahvələd” nağılında
deyilir ki, kasıb ata dolandıra bilmədiyinə görə
üç qızını meşədə azdırır.
Bacılar xilas olub padşahın sarayına gətirilir.
Gənc padşah balaca bacı ilə evlənir.
Bu bacıdan başından qızıl
tökülən bir oğlu, gümüş tokülən
bir qızı doğulur. Paxıllığı
tutan böyük bacılar mamaçanın əli ilə
uşaqları su arxına atıb yerinə it
küçükləri qoyurlar. Balaca
bacı cəzalandırılır. Dəyirmançı
Şahzadə və Şahvələd adlı bu
uşaqları xilas edib böyüdür. Lakin
tapırğa olduğunu bilən uşaqlar yenidən meşəyə
qaçırlar. Uzun mübarizədən
sonra həqiqət üzə çıxır. Paxıl və xəyanətkar bacılar at
quyruğuna bağlanılmaqla öldürülür. Xeyir şər üzərində qələbə
çalır. Udi “Şahzadə və Şahvələd”
nağılı Azərbaycan nağıllarından
“Üç bacı”, “Qırx Qönçə xanım”
nağılları ilə oxşardır, sanki bir kökdən
qidalanan budaqlardır, hadisələrin təsviri, sujet eynilik təşkil
edir.
“Tubul pəhləvanın sərgüzəştləri”
adlı rəvayətdə Tubulun yenilməz gücündən,
qoçaqlığından, basılmazlığından
danışılır. Tubul təkbaşına iri kötükləri
dəzgaha qaldırar, palçığa batmış
arabanı dartıb çıxarar, kəl boyunduruğu
yoğunluğunda qarağacı kökündən qoparıb
burar, güləşdiyi pəhləvanların belini yerə
vurardı. Lakin Zal oğlu Rüstəmə bənzəyən
bu oğuz oğlu həm də ağıllı,
üzüyola və sakit adam idi. Tubul pəhləvanın Sarısu
çayının yaxınlığında Şəki
xanının pəhləvanı ilə güləşdiyi,
onu məğlub etdiyi yer indi də el arasında “pəhləvanlar
yurdu” adı ilə tanınır. Tubul pəhləvanın
qeyri-adi gücü, pəhləvanlıq məharəti Azərbaycan
xalqının qəhrəmanlıq dastanı
“Koroğlu”dakı Dəmirçioğlunun, Azərbaycan
nağılı “Beçə dərviş
nağılı”ndakı Cahangiri xatırladır. Axı eyni coğrafi mühit, eyni tarixi tale hər
iki xalqın mənəvi aləmində də oxşar izləri
buraxıb.
Udi lətifələrinə Molla Nəsrəddin lətifələrində
olduğu kimi yığcamlıq, hazırcavablıq, kəskin,
tutarlı cavablar, məzəli, həm də
düşündürücü sonluqlar xasdır. Məsələn,
rəhmətə getmiş udi ilə vidalaşmağa gələn
tay-tuşlarından biri tabutdakı mərhumu görəndə
ürəyi gedib yıxılır. Üzünə
su çiləyib onu ayıldırlar və soruşurlar ki, vəziyyətin
necədir? Yerə yıxılmış
udi cavab verir ki, tabutdakına baxanda yaxşıdır”.
Araşdırmadan məlum olur ki, udi lətifələrindəki
söz və ifadələr, üslub tərzi, tərbiyəvi
təsir imkanları, insanda xoş ovqat yaratmaq meylləri, məkan
və məişət təsvirləri Azərbaycan lətifələri
ilə üst-üstə düşür. Yalnız bu lətifələrdəki
briqadir Kever, kəndbaşı Bulum, sürücü Kəprəş,
quyruq Bəhər kimi şəxs adlarından, Komrod (pir),
Qaritapaq (qəbiristanlıq), küz (torpaq zolağı),
baç (saxsı küpün ağzına qoyulan dəyirmi
hamar daş), baldamacı (çörək növü) kimi
yer, əşya və s. adlarından bilinir ki, söhbət
müdrik udilərdən gedir.
Folklor
nümunələrində və bu gün Oğuzda yaşayan
udilərin danışıqlarında rast gəldiyimiz
güzgü, nağıl, padşah, naxırci, bay-bay,
zoğal, dokqaz, fağır və s. sözlər Azərbaycan
dilinə aid sözlərdir. Belə sözlər
udi dilində çoxdur. Udilər ataya bava, anaya nanay,
günəşə beğ, aya xaş, oda arux, çaya
çəy və s. deyirlər. Udi dilində və
folklorunda arxaikləşmiş Azərbaycan sözləri
yaşamaqdadır. Məsələn, “beğ” - Günəş
“Avesta”dan gələn od-Günəş-Allah məzmunlu
“booq-boq-bay” sözünün fonetik variantıdır ki,
avropalılar bu sözlə Allaha “boq” deyirlər”.
Azərbaycanı,
o cümlədən Oğuzu özlərinə ikinci vətən
seçmiş, uzun illər ərzində bu torpaqda yerli əhali
ilə dinc şəraitdə, anlaşma içində yaşayan
xalqlardan biri də dağ yəhudiləridir: “Onlar XVII əsrdə
Dağıstanın Axtı rayonundan Vartaşenə (indiki
Oğuz) gələrək burada məskunlaşıblar. Dağ yəhudiləri (bu adı onlara Qafqazı
işğal edən ruslar vermişlər) Oğuz şəhərinin
cənub-qərbində yaşayırlar. 1989-cu ildə
burada onların sayı 586 nəfər, 1999-cu ildə 179 nəfər
idisə, hazırda Oğuz şəhərində 85 nəfər
yəhudi yaşayır. SSRİ-nin
dağıldığı, Azərbaycanın öz dövlət
müstəqilliyini bərpa etdiyi ilk illərdə (1990-2000)
onlar İsrailə və digər yerlərə
köçüb gediblər. Oğuz
rayonunda dağ yəhudilərinin dini icması fəaliyyət
göstərir. Oğuz şəhərində
1849-cu və 1897-ci illərdə tikilib, son illərdə əsaslı
təmir edilmiş 2 sinaqoqları var. Bu ibadət evlərində
onlar öz dini ayinlərini icra edirlər. Oğuzun
dağ yəhudiləri iudaizmin ortadoksal istiqamətinə mənsubdurlar.
Dilləri fars dili qrupuna aiddir. Uşaqları Oğuz şəhərindəki tam
orta məktəblərdə Azərbaycan dilində təhsil
alır. Yəhudilər daha çox kənd
təsərrüfatı işləri və ticarətlə məşğul
olurlar.
Oğuzun
yerli etnosları ilə uzun illər boyu mehriban bir şəraitdə
yaşayan dağ yəhudilərinin özlərinə məxsus
adət-ənənələri, həyat tərzləri,
folkloru, ədəbiyyatı, maddi mədəniyyəti var.
Folklor və ədəbiyyatlarında bu özünəməxsusluq
azərbaycanlıların folklor və ədəbiyyatı ilə
bir bulağın iki gözü kimi qaynayır,
durulaşır, şəffaflaşır və eyniləşir.
Oğuzlu yəhudi şair İbrahim Dağlının “Həyat
təranələri” adlı şeirlər kitabında
toplayıb dərc etdirdiyi yəhudi müdrik sözlərində
oxuyuruq: Vicdan bütün qanunlardan üstündür,
İnsanı qəlbən isindirən vətəndir. Qadın insan cəmiyyətinin incə və zərif
məxluqu, kişinin yaxın dostu, ömür-gün
yoldaşı və sahibidir, dünyanı tərbiyə idarə
edir. Xeyirxahlıq ad gətirər, bədxahlıq
ad itirər.
Bu müdrik sözlər Şərq təfəkkürünün,
Azərbaycan düşüncəsinin yəhudi təzahürüdür
ki, onları bir-birindən ayırmaq çətindir. Yaxud kitabda verilmiş lətifələrə
diqqət yetirək: “Axırıncı qızı ərə
verən kişi arvadına:
-
Heç olmasa bunu əri ilə yanımızda saxlayaq.
Arvad:
- Hansı qız yanımızda deyil ki, bu
yanımızda olmasın?!”
“Xəsis kişi evindən pulun tən
yarısının oğurlandığını həyəcanla
müvəkkilə bildirir. Müvəkkil:
- Arvadın qılığına girsən taparsan.”
Qonşudan
dadlı xörək iyi duyan və qərib səs eşidən
arvad sevincək:
-A kişi, qonşuda deyəsən, qonaqlıq
var, tərpən.
Kişi:
– Qoy otursunlar, fürsəti fövtə verən deyiləm”.
Bu lətifələrdə
də udi lətifələrində olduğu kimi Molla Nəsrəddin
lətifələrinə xas olan yığcamlıq,
hazırcavablıq, oxşar məişət mühitinin təsviri
var. Oğuzda doğulub boya-başa çatmış dağ yəhudilərindən
Simax Şeydanın, İbrahim Dağlının, İshaq
Abramın Azərbaycanın müxtəlif nəşriyyatlarında
şeir kitabları çap olunub. Onlar əsasən
Azərbaycan dilində yazıb yaradırlar. Hazırda Almaniyada yaşayan Şimax Şeydanı
(Simax Barux oğlu Yuşvayevi) nəinki Oğuzda, Azərbaycanda,
həm də İsraildə, Almaniyada və bir çox
başqa yerlərdə tanıyır və sevirlər. Simax Şeyda 20-dək kitabın müəllifidir.
Şeirləri Azərbaycan və tat dillərindədir. Onun qələmindən çoxsaylı uşaq
şeirləri, qəzəllər, poemalar, mənzum pyeslər
çıxıb, Azərbaycan şairlərinin şeirlərini
dağ yəhudilərinin dilində çevirib. Azərbaycan və İsrail Yazıçılar
Birliyinin üzvüdür. Simax Şeyda
yaradıcılığının ana xəttini vətən
və el məhəbbəti, saflıq, səmimiyyət,
uşaqlara sevgi, doğma Azərbaycana bağlılıq, yurd
həsrəti, mühacir yaşantısından doğan nisgil
təşkil edir”.
Simax
Şeyda yazır: “Biz Azərbaycanda yaşayan dağ yəhudiləri
bu ölkənin mədəniyyəti və ədəbiyyatından
bəhrələnmişik. Ana dili
kitabımız “Ana dili” və “Əlifba” olub. Analarımız laylamızı azəri və yəhudi
dillərində oxuyublar. Dahi Xaqaninin, Nizaminin, Nəsiminin,
Sabirin, Səməd Vurğunun, Mikayıl Müşfiqin, Rəsul
Rzanın şeirləri ruhumuzu oxşayıb, bizə məhəbbət
hissi aşılayıb...”
Simax
Şeydanın yəhudi dilində yazdığı şeirlərində
işlətdiyi gül, gülbədən, hürmət,
mühübbət, səvgili, güzəl, insan, bəbə,
bəfasız və s. sözlər şairin poeziya dilinin Azərbaycan
ədəbi dilindən qaynaqlandığını göstərir.
İbrahim Dağlı (İbrahim Rəhim
oğlu Rəhimov) Oğuzda müxtəlif rəhbər vəzifələrdə
işləmiş hörmətli şəxslərdən
biridir. Poeziya vurğunudur və “Həyat təranələri”
adlı Azərbaycan dilində yazdığı şeirlər
kitabının müəllifidir. İbrahim
Dağlı qələmini müxtəlif mövzularda
sınamış, şərəfli, ləyaqətli, namuslu, vətənpərvər,
alicənab, doğrucul olmaq kimi insane keyfiyyətləri tərənnüm
edir.
Uğur
Xalq Cəbhəsi.- 2016.- 5 noyabr.-
S.13.