Səfəvi dövlətində əsgəri təşkilat və Qızılbaş əyanları

 

1-ci yazı

 

Azərbaycan Səfəvi dövlətinin əsgəri təşkilatı əski türk dövlətçilik ənənələrinin hərbi sistemi özülündə yaradılmışdı. Görkəmli dövlət başçısı I Şah Abbas islahatları ilə Səfəvi dövlətinin əsgəri təşkilatını yeni nizamı qoşun növləri ilə təkminləşdirib, daha da möhkəmləndirmişdi. Səfəvi dövlətinin hərbi təşkilatında rəhbər rol Qızılbaş-Türk oturaq yarımköçəri el hərbi əsilzadələrinə məxsus olmuşdu. Qızılbaş hərbi əsilzadələri əhalinin dörd yuxarı zümrəsi sırasında da birinci yerdə dayanırdılar. Bütün hərbi rəislər, vilayət hakimləri, əsas saray məmurları onların arasından təyin olunurdular.

Səfəvilərin hakimiyyətinin ilk dövründə müharibə zamanı ordunun əsas hissəsi vilayət hakimlərinin qeyri-nizami hərbi dəstəlrindən ibarət olub, bu qoşunun döyüşçüləri vilayət hakiminə tabe olan tayfa başçıları tərəfindən səfərbər edilir, saxlanılır təchiz edilirdi. Müharibə zamanı səfərbər edilmiş hər bir tayfanın əsgəri heyəti öz tayfa əmirlərinin başçılığı altında məskun olduqları vilayətin hakiminin hərbi xidmətində fəaliyyət göstərirdilər. Müharibə sona yetdikdə ordu buraxılır, bəylərbəyi sultanların xidmətində ancaq onların özlərinin mülazimlərindən ibarət daimi silahlı qüvvələri qalırdı.

Tavernyenin yazdığına görə, Şah lazım olanda hər hansı vilayətdən 8-10 min nəfər atlı çağırtdıra bilərdi. Vilayətlərin ərazisində yaylaq-qışlaq heyvandarlıq təsərrüfatı ilə məşğul olan tayfalar vergi mükəlləfiyyətlərdən əsasən azad olmaqla savaşlar zamanı dövlətə bəlli sayda süvari verməli idi. Bu tayfaların gəncləri bir qayda olaraq özlərinə aid olan tüfəng, qılınc, xəncər kimi silahlarla daima məşq edirdilər. Hər iki-üç aydan bir isə vilayət hakimlərinin çağırışı ilə hərbi baxışdan keçirdilər.

H. 936 (1529-1530)- ildə Şah Təhmasib Xorasanaözbəklərə qarşı yürüş ərəfəsində qoşunlarını nəzərdən keçirdikdə onların sayı aşağıdakı qayda üzrə olmuşdu: Əlqas Mirzə (Şirvan bəylərbəyi) – 4000 nəfər süvari; Şah Təhmasibin digər qardaşı Bəhram Mirzə – 3000 nəfər; Cöhə Sultan Təkəli – 8000 nəfər; Sair Təkəli əmirləri – 5000 nəfər; Ustaclı əmirləri – 16000 nəfər; Əfşar – 6000 nəfər; Şamlı – 9150 nəfər; Zülqədər – 8000 nəfər; Qacar – 6000 nəfər; Mosullu, Türkman, Bayandur – 1000 nəfər; Zik, Çəpəni, Ərəbgirli, Varsaq, Xunuslu – 15500 nəfər; Seyidlər, nəqiblər, ruhanilər, şeyxlər, qazılar – 4000 nəfər; Xacə Müzəffər Bitikçi – 1000 nəfər; Mazandaran əmirləri, Əmir Şahı xan qardaşı Əmir Teymur sultan – 2000 nəfər; Termiz vilayətinin xacələri, Müzəffər sultan Ziyaəddin sultan – 1000 nəfər; Səbzvər ruhaniləri – 400 nəfər; Dəftərxana biyutat vəzirləri, mustoufilər, münşilər sair katiblər – 1700 nəfər; Biyutat işçiləri – 3800 nəfər; Yüksək rütbəli qorçular, yüzbaşılar – 5000 nəfər. Cəmi: 108900 nəfər

V.Minorski I Şah Abbasa qədr qoşunun təşkilati quruluşunun zəifliyini onun tayfalar üzrə təşkil olunması ilə əlaqələndirib həm bu orduda ciddi qüsurların da olduğunu göstərib. Onun fikrincə, I Şah İsmayılın dövründə hər bir tayfanın yuxarı vəzifələrə öz başçılarının namizədliyini irəli sürmələri onu müdafiə etmələri, hətta Şahın hüzurunda onların arasında kəskin toqquşmalara səbəb olurdu. Belə bir vəziyyət dövlətin mövcudluğunu təhlükə qarşısında qoyduğuna görə I Təhmasib bir çox tayfaları sıxışdırdı, ancaq bu sahədə I Şah Abbas fundamental islahatlar həyata keçirib, nəticədə tayfa qoşununun sayını azaltdı bununla yanaşı mərkəzi dövlətə tabe olan müasir döyüş texnikası ilə təchiz edilmiş yeni qoşun yaratdı. Şahın yeni alayı Osmanlı yeniçərləri kimi islamı yeni qəbul edənlərdən komplektləşdirilmiş onlar hər hansı tayfaya bağlılıq qüsurlarından azad idilər.

Ağqoyunlular zamanında olduğu kimi, Səfəvilər dövründə də ordu iki qola bölünürdü. İ.P.Petruşevski XV əsrdə Qaraqoyunlu, Ağqoyunlu sülalələri tərəfindən idarə edilən Azərbaycanın dövlət ordusu barədə yazır: «Qoşuna gəldikdə o, iki hissədən: biri padşahın xüsusi qoşunu, digəri isə vilayət canişinlərinin qoşunlarından ibarət idi». Ümumiyyətlə, qeyd etmək lazımdır ki, QaraqoyunluAğqoyunlu ordu təşkilatı Səfəvilər dövründə az dəyişikliklərlə qalmaqda idi. V.Minorski və Əhməd Tacbəxş Səfəvi hərbi təşkilatına aid qaynaq materiallarını araşdıraraq I Şah Abbas dövründə ordunun dövlət (vilayət hakimlərinin qoşunu, qorçular) və Şah qoşununa (tüfəngçilərə, qullara, topçulara, sufilərə) bölündüyünü, yəni iki kateqoriyadan ibarət olmasını qeyd edərkən, əsasən bu barədə Şardenin əsərində olan məlumata istinad ediblər.

Səfəvi dövlətinin hərbi təşkilatı haqqında XVI-XVII yüzilliklərin Avropa ədəbiyyatında yerli qaynaqlara nisbətən daha ətraflı və həm də elmi əhəmiyyətli məlumatlar var. Avropalı müəlliflərdən Şarden Səfəvi ordusunun baş komandirinin sipahsalar hərbi rütbəsi daşıdığını bildirərək yazır ki, bir qayda olaraq Azərbaycan xanı, yaxud hakimi sipahsalar olur, ancaq bu hərbi vəzifə müharibə dövrü üçün nəzərdə tutulur və müharibə başa çatdıqda onun da müddəti bitir, dərhal istefası qəbul edilirdi. Müharibələr zamanı bir qayda olaraq Səfəvi silahlı qüvvələrinin baş komandanı hərbi vəzifəsinə Azərbaycan vilayətinin hakimi təyin olunurdu. Şahın şəxsi qvardiyası istisna olmaqla, bütün qoşun növləri onun sərəncamına verilirdi. Ancaq Tavernye qoşun haqqında məlumatlarında onun qorçular, qulamlar və tüfəngçilərə bölündüyünü bildirməklə səhvə yol verib. Ona görə ki, bu dövrdə Şardenin yazdığı kimi, ordu dövlət və Şah qoşunundan ibarət iki hissəyə bölünürdü. Vilayət hakimlərinin alayları, qorçular dövlət, qulamlar, tüfəngçilər, topçular isə Şah qoşunu hesab olunurdu. Birinci qoşun növünün bütün xərcləri dövlət və ikincininki isə Şahın öz şəxsi mədaxili hesabına ödənilirdi.

«Dövlət» qoşunu, keçmiş zamanların qalığı olub, onların maaşı «divani məmalik»dən asılı olan və bəylərbəyilər tərəfindən idarə edilən torpaqların gəliri hesabına verilirdi. Onlar da iki qismə bölünürdü. Yerli hakimlər daimi hərbi dəstə (süvari) saxlayırdılar ki, «Təzkirət əl-müluk»da onlar mülazim adlanır və xidmət etdikləri yerlər, sayları haqqında aşağıdakı müfəssəl siyahı var: Azərbaycan vilayəti – 11439, Çuxur-Səd – 4287, Qarabağ – 6084, Şirvan – 5756, Herat – 5968, Məşhəd-i müqəddəs – 5445, Qəndəhar – 1785, Mərv – 3352, Astrabad – 2453, Darolmərz (Gilan) – 2525, Kirman -İraq -Qələmrov (Həmədan) – 2947, Kürdüstan – 1400, Luristan – 411, Kuhgiluyə (Fars) – 5905, Ərəbistan – 150. Cəmi 59.907.

«Təzkirət əl-müluk»da vilayət hakimlərinə tabe olan daimi Türk-Qızılbaş qoşunu haqqındakı məlumatlar üzrə V.Minorskinin apardığı hesablamalara görə onların ümumi sayının 58.289 nəfər və İ.P.Petruşevski isə 59.496 nəfərdən ibarət olduğunu göstərib. 1617-1624-cü illərdə Qızılbaş dövlətində olan Pyetro della Valleyə görə isə Qızılbaş əsgəri heyəti 70.000 nəfər olub, onlardan 50.000 nəfər hərbi xidmətdə olduqları üçün dövlətdən məvacib alırdılar. Ancaq 20.000 nəfər isə ticarət və əkinçiliklə məşğul olur və dövlət onlara məvacib vermirdi. Səyyaha görə Qızılbaşlar 32 tayfadan ibarət olub, bu tayfaların hər birinin sayı 10-12.000 nəfərə çatır və bir çox tayfanın isə əhalisinin sayı 500 nəfərdən çox deyil. Pyetronun şəxsi müşahidələrinə görə Türk-Qızılbaşların on altı eli solon altı eli isə sağ qol eli adlanır. Müharibədə, səfərdə, divanxanada on altı el Şahın sağında və on altı el isə solunda dayanırdı. XVII əsrin əvvəllərində naməlum müəllif tərəfindən yazılmış «Qızılbaşlar tarixi» adlı əsərdə Səfəvi dövlət idarəçilik sistemində Şamlı, Rumlu, Ağacəri, Bayramlı, Əkrəmi, Ördəkli, Qaracarlı, Ağqoyunlu türkman tayfaları (Bayandur, Mosullu, Pornak, Şeyxavənd, Çəpni, Bayat və Bozcalı, Ərəbgirli, Xınıslı, Təkəli, Qaraqoyunlu türkman tayfaları (Alpout, Baharlı, Cəyirli, Qaramanlı, Sədli, Hacılı, Bayburtlu, Varsaq, Evoğlu, Qaracadağlı) sağ tərəf (cinah) və Ustaclı, Zülqədər, Əfşar, Qacar sol tərəf tayfaları kimi şərh olunmuşdur. Oruc bəy Bayat da Qızılbaş-Türk eloba adını sıra ilə qeyd edib: Ustaclı, Şamlı, Afşar, Türkman, Bayat, Təkəli, Harmandalı, Zülqədərli, Qacar, Qaramanlı, Bayburdlu, İspirli, Oryat, Çavuşlu (Ustaclı obası), Asayışlı (Ustaclı obası), Cəmişgəzəkli, Sarısolaklı (Ustaclı), Qarabacaklı, Baharlı, Qoyunerili (?), Qırıklı (Afşar obası), Bozcalı, Hacıfakihli, Həmzəli, Solaklı- Mahmudlu, Qaraçomaqlı, Qaraqoyunlu, Qözü Böyüklü (Ustaclı obası), Peykli (?), İnallı (Şamlı obası) və Kuhgiluyalı.

I Şah Abbasın zamanında Səfəvi məmləkətində olan Pyetro della Valle bu 32 el və obanın on altısının sağ qolu, on altısının da sol qolu təşkil etdiyini yazır. İsgəndər bəy Münşi «Tarix-i alamara-yi Abbasi» adlı əsərində Qızılbaş ordusunun özbəklərə qarşı müharibədə Əndxodu tutmasını, I Şah Abbasın yeni savaş üçün hazırlıq tədbirləri görülməsi haqqında buyruq verməsini təsvir edərkən türk dilində «qarovulçərxçi, qolsağsol» ifadəsini işlədir. Burada qədim türklərin «sağsol» adlanan iki siyasi bölümündən ibarət etno-siyasi idarəçilik sisteminin izləri müşahidə edilir. Bu idarəçilik sistemi ilk dəfə hunların başçısı Mete tərəfindən miladdan öncə III əsrdə yaradılmışdı. Bu idarəçilik ənənəsi irsən oğuzlara keçib.

Rəşidəddin yazır ki, Oğuzun altı oğlu və onların da hər birinin dörd oğlu vardı. Oğuz qoşunun sağsolunu onlara verdi və 24 ünsürlü etno-siyasi idarəçilik sistemi yaradıldı. Oğuzun qurduğu el (dövlət) onun 24 nəvəsi arasında bölünüb, onların hər birinin rütbəsi, adı, ləqəbi, nişanı və onqonu müəyyən edilmişdi. Pyetro yazır ki, hər bir qızılbaş azad, yəni sərbəst olub, istədiyi vaxt öz maaşına göz yuma, yaxud xidməti yerini dəyişə bilərdi. Ancaq müharibə vaxtı başçıya, yəni maaş verənə sözsüz tabe olmalı və hərbi qanun-qaydada əməl etməyə borclu idilər. Əsgərlərin hər birinin illik maaşı 5 tüməndən az olmurdu ki, bu yaxşı at almağabir il dolanışığa tam çatırdı. Qoşunun komanda heyəti və məmurların maddi durumu daha yaxşı olub, onlar xidmət dərəcəsinə görə məvacib alırdılar. Orduda elə adlı-sanlı adamlar vardı ki, onların illik maaşı 300-400 tümənə çatırdı. Onlar müharibə zamanı hərbi xidmətə imkanlarına uyğun olaraq 50-1000 nəfər döyüşçü çıxarmalı idilər. Ancaq hərbi dəftərdə yalnız özlərinin adları qeyd olunduğuna görə onlara tabe olanların da maaşlarını alırdılar.

Dövlət qoşunun digər növü Qızılbaş tayfa süvarilərindən ibarət olub, qorçu adlı nizami hərbi qvardiya idi. V.Minorski yazır ki, onlar yay-ox, xəncər, qılınc, hərbi balta, qalxan kimi mütəhərrik silahlarla təchiz idilər. Bu türkman döyüşçüləri papaqlarına görə, yəni başlarına qoyduqları papağın rəngi qırmızı olduğu üçün Qızılbaş adlanırdılar ki, bu papaqları da vaxtilə Şah İsmayılın atası öz müridləri üçün müəyyən etmişdi. Ancaq müharibədə başlarına zirehli dəbilqə qoyurdular. Uzun bığları da onlar üçün səciyyəvi idi. Pyetro della Valleyə görə, qorçu termini türk dilindəki “qorumaq” sözündən əmələ gəlib və “qoruyan, gözləyən, qayğı göstərən” mənasını ifadə edir. Qorçular Qızılbaş olub xan, sultan deyil, birbaşa Şaha tabedirlər.

 

Zabil Bayramlı

tarix üzrə elmlər doktoru, professor

 

Xalq Cəbhəsi.- 2016.- 8 noyabr.- S.14.