Əsgəri təşkilat və Qızılbaş əyanları

 

3-cü yazı

 

Qulam, tüfəngçi, topçu və sufilər «Şah qoşunu» olub, onların məvacibləri xassə əmlakı hesabına büdcədən ödənilirdi. Məlum olduğu kimi, I Şah Abbas hərbi islahat keçirib, yeni nizami ordu təşkil etmişdi. İ.P.Petruşevski bu barədə yazır ki, 44 min nəfərdən ibarət nizami qoşun yaradıldı. Topçu və tüfəngçilər farslardan, süvari qulamlar isə müsəlmanlığı zorla qəbul etdirilən, gürcü və çərkəzlərdən təşkil edilmişdi. Doğrudur, bu Qızılbaş və başqa tayfaların, qeyri-nizami qoşununu (çəriyi) çox zəiflətdi, ancaq onların rolunu axıra qədər yox edə bilmədi. Tüfəngçilər Şaha məxsus qoşun növü olub, əsgərləri rəiyyət və əkinçilərdir ki, xışın arxasından gətirib onları tüfəngçi ediblər.

İlk vaxtlar onlar mahallar üzrə səfərbər edilirdi və ilboyu maaş aldıqlarına görə ehtiyac olan kimi dərhal təyin olunmuş hərbi xidmət yerinə gəlirdilər. Onlar əvvəllər piyada qulluq edir, ancaq hər dörd və ya 5 nəfərinə azuqə və sürsatlarını daşımaq üçün bir qatır, yaxud yabı verilirdi. Savaşlar zamanı qoşunun hərəkət məsafəsinin uzaqlığı və çevik hərəkəti nəzərə alınmış və onların hər birinə at verilmişdi. Onların hər yüz nəfərinin rəisi yüzbaşı və ümumi başçıları isə tüfəngçibaşı adlanırdı.

Onun illik məvacibi 711 tümən 5300 dinar və sıravi tüfəngçinin illik məvacibi isə 4-5 tümən idi. Yüksək rütbəli tüfəngçilər də bu qədər məvacib alırdılar. Onların ümumi sayı Pyetro della Valleyə görə 20.000 nəfər, Tavernyeyə görə, 40.000-50.000, E.Kempferə görə 50.000, Şardenə görə isə 12.000 nəfər olub.

Cemelli Kareri isə tüfəngçilərin ümumi sayının 50 min nəfər olduğunu bildirərək yazırdı ki, onların çoxu kənd əhlidir və silahları qılınc və tüfəngdən ibarət olub, hər biri ildə 4, yaxud 5 tümən maaş alır. Əyalət xanları ayda bir dəfə onları təlim-məşq keçməyə vadar edirlər ki, beləliklə onlar silah işlətməkdə çox bacarıqlı olublar. Onların əmirlərinə tüfəngçibaşı deyirlər. Tavernye yazır ki, başqa hərbçilər onlara məsxərə edərək deyirlər ki, bu kəndlilər cürət və cəsarətli olmadığına görə, düşmən qarşısına çıxa bilmirlər. Ancaq səyyahın öz şəxsi fikrinə görə, onlar nizami qoşun növü olub, yaxşı da vuruşurdular. Silahları uzun və qısalüləli fitilli tüfənglərdən ibarət olub, bu tüfənglərin lüləsinə bərkidilmiş dirsək qundağa bağlanılırdı. Tüfəngçi at, yaxud ayaq üstə, uzanmış halda dirsəyi lülədən açıb dayaq kimi istifadə edir və rahat atəş ata bilirdi.

«Təzkirət əl-müluk»da «Qulamane sərkare xassey-i şərifə» adı ilə göstərilən hərbi alay isə dövrün başqa qaynaqlarında, elmi ədəbiyyatlarda qulamla bərabər «qullar» adı ilə də qeyd olunub. Şarden yazır ki, onlara qul deyildikdə, bu onların digər hərbi alay əsgərləri ilə müqayisədə azadlıqlarının məhdud olması mənasını ifadə etmir. Əksinə, I Şah Abbasın bu seçmə alaya o qədər hüsn-rəğbəti vardı ki, onları özünün «süvari yeniçərləri» adlandırırdı. Onlar süvari döyüşçü olub, silahları qılınc, nizə, ox-yaydan ibarət idi. Qulamların bəzilərinə xüsusi hərbi xidmətdə tüfəngdən istifadə etməyi də öyrədirdilər. Pyetro della Valle çox doğru olaraq yazırdı ki, artıq soyuq silahlar öz əhəmiyyətini itirdiyi üçün I Şah Abbas qulamları tüfənglə də təchiz etməyə çalışırdı.

Qulamlar hərbi hazırlıqlarına görə qorçulardan o qədər fərqlənməsələr də, sayları onlardn bir qədər az idi. Onlar Şahın nəzarəti altında təlim keçir və Şahdan savayı heç kimə tabe deyildilər. Şahı qoruyan qulamların arasında əqrəbalıq əlaqələri olmadığına görə, onların birliyi və dövlətə qarşı çıxması da mümkün deyildi. Qulamlar hərbi xidmətə ömürlük qəbul olunur və onlar hərbi xidmətdən imtina edə bilməzdilər. Onlar şimal ölkələri, yəni V.Minorskinin yazdığı kimi, Gürcüstan, Şimali Qafqaz əhalisi içərisindən kiçik yaşlarında ələ keçirilmiş uşaqlardan ibarət olub, sünnət edilib, islam dini qəbul etdirildikdən sonra təlim-tərbiyələri xüsusi qaydada yerinə yetirildi. Belə ki, Səfəvi ölkəsinə gətirilən uşaqların yaxud da burada yaşayan xristian ailələrinin uşaqlarından da seçilirdilər.

Onların içərisində yetkin yaşında olub, maddi marağına uyğun olaraq Şahın hərbi xidmətinə könüllü gəlib, islamı qəbul edən gürcülər də vardı. Qulamların çoxunun ata-babaları xristian olub birinci, yaxud ikinci nəslə islam qəbul etdirilmişdi. F.Sümər yazır ki, I Şah Abbas kölələri tədarük edib yetişdirmək üçün bir təşkilat da qurdu. Bu, Yeniçəri ocağının daha kiçik nisbətdə bir bənzəri idi. Bu ocağın rəisinə qullarağası deyilirdi. Pyetro della Valleyə görə 30000 qul vardı ki, onlardan 15000 nəfəri hərbçi idi. Şarden onların sayının 10.000, E.Kempfer isə 15.000-18.000 nəfər arasında olduğunu qeyd etmişdi.

Tavernye gündəliyində I Şah Abbasın hərbi islahatlarına toxunsa da, onun məqsədini, məramlarını aydınlaşdıra bilməmiş, ancaq Şahın yeni təşkil etdiyi və sayı 44 min nəfər olan nizami alaylardan qulamlar və tüfəngçilərlə bağlı bəzi məsələlərin şərhini verib. Onun qeyd etdiyi kimi yeni qoşun növü olan qulamların rəisi qullarağası adlanırdı. Qullarağası qulamların başçısıdır. Bu qulamların hamısı Şahın qızılla aldığı nökərləridir. Onlar müxtəlif tayfa və millətlərdən olub, nəsilbənəsil qulam adlanırlar. Şah onların xidmətindən çox razıdır və onlara etimadı var. Onların çoxu isə müsəlmanlığı qəbul etmiş gürcülərdir. Ümumilikdə qulamların sayı 18 min nəfərə çatır və hər biri 5 və ya 8 tümən məvacib alır, hamısı süvaridir. Cemelli Kareri hər qulamın illik məvacibinin 6-7 tümən olduğunu qeyd edir; Şardenə görə qulamların illik məvacibi 6-10 tümən və tüfəngçilərinki isə bunun yarısı qədər olub, hər iki alayın əsgəri heyətinə dövlət karxanasında hazırlanmış, üzərində xüsusi nişan olan silahlar pulsuz verilir, ancaq onlar paltarı öz hesablarına alırdılar. Tavernyeyə görə qulamlarla müqayisədə qorçular ağıllı, yüksək fikirli adamlar idilər. Onlar məvaciblərini boş yerə sərf edən qulamlardan fərqli olaraq pul yığır, qoyun və keçi alırdılar. Tavernye bunu onların köçəri olub mal-qara, qoyun və başqa heyvanlardan ibarət var-dövlətlərinin olması ilə əlaqələndirir. Ancaq əslində əvvəl qeyd olunduğu kimi, qorçular yerli əhali olub, müəyyən bir vilayətdə daimi yaşayış yerləri olduğuna, oturaq və yarımköçəri həyat tərzində yaşadıqlarına görə maaşlarını sərfəsiz yerə xərcləmirdilər. Səyyaha görə hər iki alay ölkədə üstün mövqeyə malik olmaqla dövlət idarələrində onların içərisindən çıxmış böyük vəzifəli adamlara da təsadüf olunur. Ancaq qulamlar müxtəlif xalqlardan olduqlarına görə, onların arasında birlik mümkün deyil. Şah istədiyi vaxt onları öz əlləri ilə cəzalandıra və tənbeh edə bilir.

Onların hansına işarə etsə, dərhal özünün irəliləyişi xatirinə dostunun başını kəsər, yaxud onu bəlaya düçar edər. Qulamların silahları qılınc, ox-kamandan ibarət olub, bəzilərinin qolçağı, zirehi və təbərzini də var. Onların bu ölkədə yeri-yurdu olmadığına görə, məkan və yerlərini təyin edən yurdçuları da yox idi. Ona görə də onlar rast gəldikləri istənilən yaxşı yerdə yerləşib çadırlarını qururdular. Tavernye II Şah Abbas dövründə 18.000 qulam və 40.000-50.000 nəfər tüfəngçi olduğunu qeyd edir ki, bu rəqəmləri nizami ordunun sayının real göstəricisi kimi qəbul etmək olmaz. Ona görə ki, I Şah Abbasın hakimiyyəti illərində onun həyata keçirdiyi hərbi islahatlar əsnasında yaradılan qulam, tüfəngçi, topçu adlı nizami alayların sayı birlikdə 44.000 nəfərdən çox olmayıb.

«Təzkirət ət-müluk»da göstərilir ki, topxananın yüzbaşı, minbaşı, topçu və carçılarının ağsaqqalı topçubaşı olub, onun illik məvacibi 500 tümən idi. Ona tabe olanların tiyulu, maaşı, həmesalesi, baratı və mükafatı barədə topçubaşının təsdiqi üzrə alicah böyük divan vəziri tərəfindən yazılı hökm verilib, bu işlər üçün buraxılan tənxah alınırdı. Topçu, minbaşı, yüzbaşı, carçıbaşı və carçıların təyin olunması və onlara maaş, həmesale verilməsi üçün topçubaşının məlumatı əsasında alicah ali divan vəziri təliqə yazdıqdan sonra, şahın fərmanı verilirdi. Mübarək topxana və topçulara aid işləri topçubaşı araşdırıb həll edirdi. Qeyd olunan əsgəri heyətin mülazimlik hökmləri, tiyul, həmesale, iqta baratı, təhxah və mükafatları topçubaşı tərəfindən yazılıb möhürlənirdi. Topçuların san siyahısını bu idarənin vəziri və mustoufisi topçubaşının iştirakı ilə Şahın qulluğunda ərz və təqdim edirdi.

Ordudakı tabeçilik qaydasına görə topçubaşı, qorçubaşı və qullarağasından sonra üçüncü yerdə durur, ancaq döyüş dənizdə baş verdikdə, o, dəniz qüvvələrinə də başçılıq edir və bu zaman dəniz əsgəri heyətinin əmiri hesab olunurdu. Ancaq Səfəvi dövlətinin xüsusi hərbi dəniz donanması yox idi. Yalnız Xəzər dənizi və İran körfəzində kiçik çaplı odlu silahlarla təchiz olunmuş ticarət gəmiləri vardı. V.Minorski yazır ki, baxmayaraq Həsən bəy Rumlu Şah Təhmasibin qazilərinin 1552-ci ildə top və tüfəngdən istifadə etdiklərini yazmışdır, ancaq artilleriya İranda populyar silah deyildi. Əbdi bəy Şirazi isə qızılbaşların özbəklərlə 1528-ci ildə Damğan savaşında «igid tüfəngçilərin» adını çəkib.

Minadoi isə 1558-ci ildə yazırdı ki, Səfəvilər bu günə qədər topdan istifadəni mənimsəməmişlər. Bu onların top düzəltməyi bacarmadıqlarını, yaxud material çatışmamazlığına görə yox, daha çox belə amansız silahdan insanlara qarşı istifadəni rüsvayçılıq hesab etmələri ilə əlaqədardır. Əslində bu məlumatı tarixi gerçəklik kimi qəbul etmək doğru olmaz, ona görə ki, Həsən bəy Rumlunun yazdığına görə XVI əsrin 30-cu illərində Xorasanda özbəklərə qarşı savaşda topçu Ustad Şeyxinin topçuları və Rumlu tüfəngçiləri haqqında məlumat verilib. O cümlədən 1539-cu ildə Xorasanın Xəvaf hakiminin oğlu üsyan edib Ost qalasını tutduqda, Şah Təhmasib öz topçu və tüfəngçilərini oranı geri almağa göndərmişdi. Ost geri alındıqdan sonra yaxın kəndlərdən birində gizlənmiş Xacə Kəlana nəsihət vermək üçün onun yanına göndərilmiş topçubaşı Ustad Şeyxi və bu zaman Astaraya göndərilən Qızılbaş qoşunun rəhbər heyətində topçubaşı Süleyman bəy haqqında məlumata da təsadüf edilir. Bu hadisədən xeyli sonra, yəni 1603-cü ildə Bəlx savaşına Şah Abbas 300 zərbzən (top) və 1000 tüfəngçi aparmışdı. E.Kempferin yazdığına görə 1622-ci ildə portoqollarla savaşda xeyli top ələ keçirilmişdi ki, onlardan 10 ədədi Bəndər Abbasda, qalanı isə başqa qalalarda yerləşdirilmişdi. 1637-ci ildə isə Holşteyn hökmdarı III Fridrixin Şaha göndərdiyi bir neçə top isə Qəzvində idi. Topxanaya aid olan döyüş sürsatı və başqa ləvazimatlar Təbərək qalasında xüsusi cəbbəxanada saxlanılırdı.

Şardenə görə əvvəllər topçuların sayı 12000 nəfər olmuş və 1638-ci ildə Bağdad itirildikdən sonra onların sayı azadılmış və sonra II Şah Abbas bu korpusu 1655-ci ildə onların topçubaşısı Hüseynqulu xan öldükdə ləğv edir. Ancaq Səfəvilərin hakimiyyətinin son illərində artileriya korpusunun hüquqları ehtimal ki, özünə qaytarılmışdır. Belə ki, Sanson Səfəvi dövlətində XVII yüzilliyin 80-ci illərində 4000 nəfərdən ibarət topçu olduğunu yazır ki, onun bu məlumatı artileriya korpusunun yenidən təşkil olunduğunu göstərir. Şah Sultan Hüseynin (1694-1722) Xorasana müxtəlif hərbi ekspedisiyasında da artileriyanın qoşunun bir hissəsi kimi yenə də adı çəkilir.

 

Zabil Bayramlı

tarix üzrə elmlər doktoru, professor

 

 

Xalq Cəbhəsi.- 2016.- 11 noyabr.- S.14.