Calut məbəd
kompleksi
Bu yazıda Calut məbəd kompleksi haqqında
danışılır. Tarix üzrə fəlsəfə doktoru
Taleh Əliyev bildirir ki, Qafqaz Albaniyasının mühüm
dini məntəqələrindən biri də Oğuz rayonunun
Calut kəndi ərazisində yerləşən məbəd
kompleksidir. İlk orta əsrlər dövrünə aid
abidə eyni adlı kənddən 500 metr şimalda, Calut
dağının ətəyində yerləşir:
“2013-2015-ci illərdə Calut arxeoloji kompleksində aparılan
arxeoloji kəşfiyyat və çöl-tədqiqat işləri
nəticəsində burada eyniadlı dağın ətəyində
ilk orta əsr kənd tipli yaşayış yerinin olduğu
müəyyənləşdirilib. Əldə
olunmuş keramika məmulatı şirsiz qab fraqmentlərindən
ibarətdir.
Həmçinin kirəmit hissələri də
toplanıb. Yaqut əl-Həməvi yazır ki, Əl-Cal – Azərbaycanda
yer adıdır. Yaqut əl-Həməvi
Azərbaycan dedikdə Arazdan cənubu nəzərdə tutsa
da bu toponimin paralelinin Calut olduğunu güman edirik. Yəhudi və xristian mənbələrində Calut
şəxs adı kimi Qoliaf və ya Qolyat kimi səslənir.
İncildə bu haqda yazılır: Qat şəhərindən
olan Qolyat adlı bir cəngavər Filiştlilərin
ordugahından irəli çıxdı. Onun
boyu altı qulac, bir qarış idi. Başında tunc dəbilqəsi
vardı, əyninə beş min şekel
ağırlığında tuncdan pullu zireh geyinmişdi. Baldırlarına tunc zireh taxmışdı, kürəyində
isə tunc mizraq vardı. Nizəsinin
sapı toxucu dəzgahının əriş ağacı boyda
olub, dəmir ucu altı yüz şekel
ağırlığında idi. Qalxan
daşıyan silahdarı isə onun qabağında gedirdi.
Qolyat İsrail alaylarının qarşısında dayanaraq
qışqıra-qışqıra dedi: «Niyə
döyüşə çıxıb
düzülmüsünüz? Mən Filiştli, siz də
Şaulun qulları deyilsinizmi? Aranızdan bir kişi
tapın, qoy yanıma gəlsin. Əgər mənimlə
vuruşanda o məni öldürərsə, onda biz sizə
qul olarıq, yox əgər mən onu vurub öldürsəm,
onda siz bizə qul olub qulluq edəcəksiniz».
Sonra
Filiştli sözünü belə davam etdirdi: «Bu gün mən
İsrail alaylarına meydan oxuyuram. Mənim qarşıma təkbətək
vuruşmaq üçün bir kişi çıxarın!» Daha sonra Davudun Qoliafı öldürməsi
haqqında yazılır: “Davud Filiştlini sapandla, daşla məğlub
etdi və vurub yerə sərdi. Davudun əlində
qılınc yox idi. O, qaçıb bu Filiştlinin
üstünə çıxdı. Filiştlinin
qılıncını götürdü, qınından
çəkib onu öldürdü və sonra
başını kəsdi. Filiştlilər öz cəngavərinin
öldürüldüyünü görəndə
qaçdılar”( Samuel kitabı).
Beləliklə, müqəddəs kitablarda Calut ismi
haqqında məlumatlar bu hadisələrlə əlaqədar
çəkilir. Bizim tədqiq etdiyimiz Calut kəndinin ərazisində
yerləşən ilk orta əsr yaşayış yeri və
alban məbəd kompleksi isə III-VIII əsrlərdə, o
cümlədən, sonralar da alban mənşəli
adını qoruyub saxlayıb. İlk orta əsr
Calut məbədi eyniadlı kənddən 500 metr şimalda,
Calut dağının ətəyində yerləşir.
Ərazidə ilk orta əsr yaşayış
yeri, alban xristian məbədi (birnefli və üçnefli)
yerləşir. Calut abidələri birlikdə
alban dövrü arxeoloji kompleksini təşkil edir.
İlk orta əsr alban məbədi olan düzbucaqlı ibadətgahın
uzunluğu 6 metr, eni 4,3 metrdir. Məbədin yarımdairəvi mehrab apsidası
düzbucaqlının içərisinə daxildir. Onun
ölçüləri 3,65x1,75 m-dir. Məbədin
qərb və şərq divarları 2-3 metrə qədər
salamat qalıb. G.H.Məmmədovanın fikrincə,
qərb divarı daha erkən dövrə aiddir. Məbədə giriş bu hissədəndir. Qapı yerinin yuxarısının haşiyəsi
yarımdairəvidir. Qərb divarında həm
də xaç formalı dar pəncərə yeri də var.
Digər pəncərə isə mehrab apsidasının şərq
divarındadır. Ehtimal olunur ki, məbəd
tağbənd örtüyə malik olub. Calut
məbədinin inşası zamanı əhəngdaşı
və yonulmuş çay daşından istifadə olunub.
1211-ci ildə məbəddə ən son bərpa
işləri aparılıb. Bunu
bişmiş kərpiclər də sübut edir. Üçnefli məbəddən 14 metr
şimal-şərqdə kiçik məbədin divar
qalıqları indi də qalmaqdadır. Divarın eni 1,2
m, dağılmış hissədə 0,7 m, diametri 3,5 m, mərkəz
hissədə hündürlüyü 1,6 m, uçmuş kənar
divarda yerdən hündürlüyü 2,1 m-dir. Şimal-şərq
divarı uçub. Cənub-şərq tərəfdə
yerləşən divarının tavana qədər olan hissəsində
iki dəfə dairəvi formalı kərpiclə
hörülmüş, aşağı hissə enli,
yuxarıya qalxdıqca daralır. Böyük
və kiçik məbədlərin arasında bir daş qutu
qəbri, kiçik məbəddən şimalda isə daha iki
daş qutu qəbir qeydə alınıb. Calut
məbədindən yaşayış yerinə doğru alban
nekropolu yerləşir. Burada qeydə
alınmış sandıq qəbir daşının
ölçüləri 160x35x45 sm-dir”.
Rəvayətlərə
görə, Calut məbədinin əsası hələ I əsrdə
müqəddəs Yelisey tərəfindən qoyulub: “G.H.Məmmədova
belə bir fikir irəli sürür ki, Calut məbədi
müqəddəs Yeliseylə əlaqədar əfsanəvi
yerdə V əsrdən gec olmayaraq inşa edilib, lakin eyni
zamanda məbədin nəşr etdirdiyi planında I–VI əsrlər
tarixini göstərib. Qeyd olunan ilk orta əsr
alban məbədi, fikrimizcə, V əsrdə inşa
edilmiş, XIII əsrə qədər istifadədə olub.
Kompleksə daxil olan və XV əsrə aid alban
məbədi üçnefli, dörd sütunludur. Sütunlar kvadrat şəkilli olsa da kənarda
çıxıntılarla müşahidə olunur. Ona
görə də sütunların ölçüsünü
bu cür veririk: 1,3x1,3 m (23x83x23 sm x 23x83x23 sm). Məbədin
uzunluğu 18,2 m, eni 11,4 m-dir. Məbəd divarının eni
1,2 m-dir. Giriş qapısının eni 1,15 m,
hündürlüyü 2 m, divarının eni 1,2 m-dir. Kənar
neflərin eni 135 sm, orta nefin eni 370 sm-dir. Girişdən birinci
sütunlara qədər uzunluq 2 m, sütunlararası uzunluq 3,5
m, son sütunlardan mehraba qədər olan uzunluq 4 m-dir.
Mehrabın uzunluğu 3,7 m, eni 4 m-dir. Mehrabda üç hissədə
- sağda, solda və qarşı tərəfdə pəncərə
yerinin ölçüləri 0,8 x 0,6 m-dir. Mehrabın ön tərəf
pəncərə yerinin solunda kiçik günbəz
formalı yerin ölçüsü 42x22 sm-dir. Mehrabda
yuxarıda yerləşən pəncərənin eni 1 m,
hündürlüyü 1,2 m-dir.
Mehraba çıxmaq üçün olan pilləkən
yeri dağıdılmışdır. Burada sağ tərəfdə
sonradan qarət məqsədilə quyu qazılıb ki, onun dərinliyi
75 sm-dir. Məbədin mehrabla sütunlar arasında qalan hissəsi
giriş və orta hissənin döşəməsindən
hündürdür. Mehrabın kənarlarında yerləşən
pastoforilərin giriş hissəsinin eni 0,9 m,
hündürlüyü 1,8 m-dir. Otaqların ölçüləri
2,25x2,5 m-dir.
Mehrabdan
solda yerləşən pastoforinin içərisində quyu
qazılıb ki, onun dərinliyi 65 sm, diametri 110 sm-dir.
Pastoforilərin kənar hissəsində pəncərə
yerinin ölçüləri 1x0,55 m-dir. Qarşı tərəfə
olan pəncərənin ölçüləri isə 1x0,75
m-dir. Calut alban məbədinin giriş qapısından
içəridə sol tərəfdə alban
xaçdaşı tərəfimizdən qeydə
alınıb. Sınmış
xaçdaşın ölçüləri 57x44x12 sm-dir.
Tikintidə istifadə olunmuş kərpicin ölçüləri
25x25x40 sm-dir. Məbədin giriş hissədəki sağ tərəfdə
yerləşən pəncərə dağıdılıb.
Burada aşağıda pəncərə, yuxarıda isə
qapalı pəncərə yeri var. Ölçüləri
1,2x1,2x1,2 m-dir. Orta hissədə yuxarıda pəncərə,
aşağısında isə qapalı pəncərə yeri
var. Sütunlarla mehrabın arasındakı hissədə
aşağı qapalı pəncərə yeri, onun üstündə
isə pəncərə yerləşir. Ölçüləri
alt hissədə 1,2x1,7 m, üst hissədə 1,6x1,2 m-dir. Qeyd
olunan bu üçbefli məbəd XV-XVI əsrlərdə,
daha dəqiq desək, 1411-1511-ci illərdə alban
katolikosluğunun mühüm mərkəzlərindən biri
olmuş və Şirvanşahlar dövlətinin tərkibində
xristian alban icmasının ibadət yerlərindən biri kimi
fəaliyyət göstərib”.
Calut məbəd
kompleksi Azərbaycanın digər bölgələrində tədqiq
edilmiş alban məbədləri ilə eynilik təşkil
edir: “Bu həm birnefli, həm də üçnefli məbədin
quruluşunda özünü göstərir. Beləliklə,
tarixi-arxeoloji tədqiqatlar sübut edir ki, həm Qafqaz
Albaniyası, həm də Şirvanşahlar dövrünə
aid maddi mədəni abidərimiz Azərbaycan torpaqlarında
sülhsevər və multikulturalist ənənələrin
güclü olduğunu göstərən faktdır”.
Bölgənin
məişət folklorunda Azərbaycançılıq və
multikulturalçılıqla bağlı araşdırma
aparmış Z.Mənsimovanın araşdırmasında
göstərilir, Azərbaycanın cənubunda - Lənkəranda,
Masallıda, Lerikdə, Astarada, şimalında – Oğuzda, Qəbələdə,
Qaxda, Zaqatalada, Balakəndə və başqa ərazilərində
yaşayan bütün xalqların folklor mədəniyyəti,
adət - ənənələri, dilləri bu yerlərin tarixi
sakinləri olan Azərbaycan türkləri qədər qorunur,
yaşayır və təbliğ olunur. Fikrimizcə,
bütün bunları ölkəmizdə müxtəlif millətlərə
və məzhəblərə məxsus insanların mədəni
müxtəlifliklərinin qorunmasına, inkişafına və
azsaylı xalqların, dövlətlərin milli mədəniyyətinə
inteqrasiyasına yönəldilmiş bir addım hesab etmək
olar. Azərbaycan dövlətinin ölkəmizdə
tarixən yaşayan müxtəlif mədəniyyətli
xalqlara humanist, ədalətli, bərabər hüquqlu
yanaşma tərzi birinci növbədə bütün
dünyaya multikultural düşüncə tərzinin
qorunması baxımından bir örnəkdir. Məlumdur ki, hər bir xalqın tarixi, adət-ənənəsi,
ictimai-siyasi düşüncə tərzi, mənəvi-əxlaqı
keyfiyyətləri, qəhrəmanlıq və vətənpərvərlik
hisləri, dil mədəniyyəti bütöv və
özünəməxsus şəkildə onun ağız ədəbiyyatında,
folklorunda, yaratdıqları söz sənətində əks
olunur. Fərqli mədəniyyətlərə
və fərqli dillərə mənsub xalqların bir çox
adət-ənənələri əsrlərin süzgəcindən
keçərək bir-birinə daha da
yaxınlaşmış və demək olar ki, qohumluq əlaqələri
nəticəsində bir-birinə qovuşmuşdur. Azərbaycançılıq
və multikultural dəyərlər, (şəfqət, mərhəmət,
nəfs, ali hislər, eşq, gözəllik
vətənpərvərlik, həmrəylik, ədalət, birgəyaşayış,
barış və. s) Zaqatalada yaşayan azsaylı xalqların
nümayəndələrinin məişət adət-ənənələrində
özünü yüksək şəkildə qoruyub
saxlayıb. Zaman keçdikcə azərbaycanlılara
məxsus adətlər azsaylı xalqlar tərəfindən
inteqrasiya olunub. Bu gün isə azsaylı
xalqlar azərbaycanlılara məxsus qədim məişət
mərasimi adətlərinin elemenlərini özlərində
yaşada bilməklə ən kamil qoruyucusuna çevriliblər.
Azsaylı xalqların milli mənəvi mədəniyyətlərinin
araşdırılması onların bir etnos kimi hərtərəfli
tədqiq olunmasında böyük əhəmiyyətə
malikdir. XIX əsrdə Azərbaycanın şimal bölgəsinə
səfər etmiş D.Zubarayev, Fon-Plotto (“Zaqatala dairəsinin əhalisi
və təbiəti” əsəri) eləcə də,
ayrı-ayrı müəlliflərin və etnoqrafların
müxtəlif əsərlərində bu ərazidə
yaşayan azsaylı xalqlar haqqında məlumat verilmiş
(A.Poserbskinin, D.Bakradze (“Zaqatala dairəsi haqqında qeydlər”
məqaləsində, K.Qan, K.Kolyubakin, Konstantinov və
başqaları) burada yaşayan xalqlara və onların adətlərinə
öz münasibətlərini bildirmişlər. Fon-Plotto “Zaqatala dairəsinin əhalisi və təbiəti”
əsərində bu bölgədə yaşayan azsaylı
xalqların mədəniyyətlərini, adətlərini təsvir
etməyə çalışıb. Bütün
bunlar Azərbaycanın tarixən müxtəlif dil ailələrinə
məxsus olan xalqların məskəni olduğunu bir daha
sübut edir”.
Uğur
Xalq Cəbhəsi.- 2016.- 11 noyabr.-
S.13.