“Dilin qoruyucusu, dilin keşiyində dayanan
xalqdır”
Möhsün
Nağısoylu: “Hər bir vətəndaş öz dilini sevməli
və bilməlidir ki, onun ana dili - Azərbaycan dili
dünyanın ən zəngin, ən qədim dillərindən
biridir”
AMEA Nəsimi
adına Dilçilik İnstitutunun
direktoru, AMEA-nın müxbir üzvü Möhsün
Nağısoylunun APA-ya müsahibəsini təqdim edirik.
- Azərbaycan
ədəbi dilinin normalarını pozanların cərimələnməsi
təklifiniz ictimaiyyət arasında birmənalı
qarşılanmadı. Bu təklif nədən
qaynaqlandı?
- Mən
bu təklifi elə-belə, boş-boşuna deməmişəm.
Belə bir təcrübə dünya
miqyasında mövcuddur. Pribaltika ölkələrində,
Avropanın digər ölkələrində dilə sevgi,
sayğı, hörmət var. Ona görə də həmin
ölkələrdə dil qaydalarını pozanlara
qarşı inzibati cəza tədbirləri görülür.
Azərbaycan ədəbi dilinin normalarını
pozanların cərimələnməsi təklifi daha çox
kütləvi informasiya vasitələrinə, reklam və
afişa işi ilə məşğul olan təşkilatlara
aiddir. Kafedir, adı yalnız ingiliscə
yazılıb. Belə olmaz axı, bura Azərbaycandır.
O cümlədən müəyyən reklam və afişalarda
dil qaydalarının pozulması halları baş alıb
gedir. Yaxud da televiziyalarda baş verən
qüsurlara baxın. Xəzər TV-də
“Qayınana” adlı serial yayımlanırdı. Serialın adı “Qaynana” kimi yazılırdı.
Halbuki söz “qayınana”dır.
- Dövlət
dili haqqında qanunun 19-cu maddəsində qanunun pozulmasına
görə məsuliyyət nəzərdə tutulub. 19-cu maddədə açıq yazılıb ki, bu
qanunu pozan hüquqi, fiziki və vəzifəli şəxslər
Azərbaycan respublikasının qanunvericiliyində nəzərdə
tutulmuş qaydada məsuliyyət daşıyırlar. Bəlkə elə bu qanundan çıxış edəsiniz?
- Bu
qanundan da istifadə etmək olar. Lakin bizdə
dil qaydalarını pozanların cərimələnməsi ilə
bağlı hər hansı mexanizm yoxdur. Mən
bu fikri hələ Akademiyanın Rəyasət Heyətində
dil siyasəti ilə bağlı məruzəmdə səsləndirmişdim.
Mənə elə gəlir ki, bu təklif Rəyasət
Heyətində də yaxşı
qarşılanmışdı. Yenə
deyirəm, biz Dilçilik İnstitutu olaraq belə bir təşəbbüslə
çıxış etdik. Bu barədə
müəyyən dövlət orqanları
qarşısında vəsatət qaldırmaq lazımdır.
Düzdür, sizin də dediyiniz kimi qanun var,
amma konkret olaraq dil qaydalarını pozanlara qarşı
hansı tədbirlərinin həyata keçirilməsi
açıq göstərilmir. Bunun
mexanizmi işlənməyib. Bu mexanizmi
hazırlamaq lazımdır. Mən şəxsən hesab
edirəm ki, bu təklif işin xeyrinə ola
bilər. Buna qarşı çıxanlar da var.
Lakin dilin qoruyucusu, dilin keşiyində dayanan xalqdır. Hər bir vətəndaş öz dilini sevməli və
bilməlidir ki, onun ana dili - Azərbaycan dili dünyanın ən
zəngin, ən qədim dillərindən biridir. Azərbaycan
dilində istənilən anlayışı ifadə etmək
üçün bizim söz
yaradıcılığımızın geniş imkanları
var. Bizim dilimizdə “soyuducu” sözü ola-ola biz niyə
“xolodilnik”, “dayanacaq” sözü ola-ola niyə “ostanovka” deməliyik?
Bizim zəngin şifahi xalq ədəbiyyatımız,
folklorumuz, Nizami kimi dahi söz sənətkarımız var. Elə
Nizaminin yaratdığı surətlərin adlarını
götürəndə bir xeyli ad edir. Niyə o adlardan istifadə
etməyək? Söhbət bundan gedir.
Azərbaycan prezidenti İlham Əliyevin 2013-cü il 9 aprel
tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan
dilinin qloballaşma şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə və ölkədə
dilçiliyin inkişafına dair” Dövlət Proqramı
var. Dövlət Proqramında “Mətbuat orqanlarında,
televiziya və radio kanallarında, internet resurslarında və
sosial şəbəkələrdə ədəbi dil
normalarının pozulması hallarının
qarşısını almaq üçün mexanizmlərin
müəyyənləşdirilməsi, reklam, afişa və
elanlarda ədəbi dil normalarının pozulması
hallarının qarşısını almaq üçün
yollar müəyyən edilməsi” bəndləri yer alıb.
Digər tərəfdən, 2015-ci il 9 noyabrda Azərbaycan
prezidenti İlham Əliyev Akademiyanın 70 illik yubileyinə həsr
olunmuş ümumi yığıncaqda dedi ki, dilimizə xaricdən
müdaxilələr edilir. Prezident öz
narahatlığını ifadə etdi. Ölkə
prezidenti səviyyəsində belə bir narahatlıq ifadə
olunur. Müğənni oxuyur, “bravo” deyirlər.
Axı niyə “bravo” deyilməlidir? Məgər “əhsən”, “afərin” demək olmaz?
- İnsanları ən çox narahat edən məqamlardan
biri də “rozetka”, “salfetka” və bu qəbildən olan sözlərin
dilimizdə doğru-düzgün qarşılığının
olmamasıdır. Bu sözlərin
qarşılığının tapılması ilə
bağlı işlər aparılırmı, ya bu qəbildən
olan sözlər elə olduğu kimi qalsa yaxşıdır?
- Bizə
bu haqda təkliflər gəlir. İnstitutun
Terminologiya şöbəsi həmin təklifləri
toplayır. Biz həmin təkliflər əsasında
çalışıb ortaq məxrəcə gələcəyik
ki, hamı razı qalsın. Qeyd etdiyiniz məsələ
bizi də düşündürür. Bu
cür sözlərin qarşılığını
tapmağa çalışacağıq. Türkiyədə
bu barədə çox yaxşı təcrübə var. Sizə
adicə 3 söz deyim. “Tolerantlıq”
sözünü biz “dözümlülük”, türkiyəlilər
isə “xoşgörü” kimi ifadə edir. “Multikulturalizm” sözünü elə olduğu kimi
deyirik. Lakin türkiyəlilər “çox
kültürlülük” deyir. Türkiyəlilər
“qloballaşma”ya isə “kürəsəlləşmə”
deyirlər. Bizim dilin feil sistemi, söz
yaradıcılığı çox zəngindir. Cəfər Cabbarlı “Oqtay Eloğlu” pyesində
“bilet” sözü yerinə “yerlik” işlədir. Təbii olaraq bəzi sözlər xalq tərəfindən
qəbul olunmur. Tutaq ki, “metro”
sözünün əvəzinə “lağım” demək
gülünc olar. “Plyaj” sözünün
qarşılığı kimi “çimərlik” artıq qəbul
olunub. Digər tərəfdən, “telefon”,
“televizor”, “avtobus” sözləri hamı tərəfindən qəbul
olunub. Bunların dəyişdirilməsinə
ehtiyac yoxdur. Amma yeni söz, əsasən də
mürəkkəb söz yaranarsa, onları dilin öz daxili
imkanları hesabına qarşılığını tapmaq
mümkündür.
- Yeni
“Orfoqrafiya lüğəti” Dilçilik İnstitutu
, yoxsa Nazirlər Kabinetiyanında Tərcümə Mərkəzi
tərəfindən hazırlanacaq? Bir də Tərcümə
Mərkəzinin direktoru Afaq Məsudun “Sanki “Orfoqrafiya
lüğəti”ni Azərbaycan dilindən tam xəbərsiz
insanlar hazırlayıb” fikrinə münasibət bildirməyinizi
istərdim...
- Səhv
etmirəmsə, 2014, ya 2015-ci ildə Tərcümə Mərkəzi
və Dilçilik İnstitutu birgə işlək orfoqrafiya
lüğəti hazırlamaq niyyətində olub. Hətta bizim iki əməkdaşımız - Nəriman
Seyidəliyev və Qulu Məhərrəmli Tərcümə
Mərkəzində görüşdə olublar. Mən bunu alqışlayıram, bəyənirəm.
Elə indi də bununla razıyam, birgə əməkdaşlıq
edək. “Orfoqrafiya lüğəti” ətrafında
gedən söz-söhbətlə bağlı Dilçilik
İnstitutu və “Türkologiya” jurnalı birgə dəyirmi
masa keçirəcək.
Biz həmin tədbirə Tərcümə Mərkəzinin
də əməkdaşlarını dəvət edəcəyik. Gəlsinlər
bu məsələni bir yerdə müzakirə edək. Bizə qarşı tənqidlərin müəyyən
hissəsi haqlı, müəyyən hissəsi
haqsızdır. Sonuncu “Orfoqrafiya lüğəti”nin hazırlanmasında təkcə
Dilçilik İnstitutu iştirak etməyib. “Şərq-Qərb”
Nəşriyyat evi lüğətin hazırlanmasında
iştirak edib. Razıyam, “Orfoqrafiya
lüğəti”ndə bəzi qondarma, dialekt səciyyəli,
məhəlli sözlər var. Onları çıxdaş edərək
yeni “Orfoqrafiya lüğəti” hazırlamaq olar. Qaydalara əsasən “Orfoqrafiya lüğəti” 5
ildən bir yenilənməlidir. İndiyə qədər
də “Orfoqrafiya lüğəti”ni həmişə
Dilçilik İnstitutu hazırlayıb. Bu belə
də olmalıdır. Çünki
Dilçilik İnstitutu dil üzrə məsul, mötəbər
qurumdur. Ona görə də lüğəti
biz hazırlamalıyıq. Amma kimsə,
hansısa təşkilat bizimlə əməkdaşlıq etmək
istəyirsə, biz onun da əleyhinə deyilik.
- “Orfoqrafiya lüğəti”ndə qondarma sözlərin
olduğunu siz özünüzü də qeyd edirsiniz. Məsələn,
lüğəti tənqid edənlər ilk olaraq “ab”, “abadan”
sözlərinin üzərində dayanır...
- Molla Pənah Vaqif milli ədəbiyyatımızın ən
görkəmli nümayəndələrindən biridir. Vaqifin dili
“Orfoqrafiya lüğəti”ndə öz əksini
tapmalıdır, ya yox? Vaqifin ən məşhur “Bax” qəzəlinin
son beytini diqqətinizə çatdırmaq istərdim:
Vaqifa,
göz yum, cahanın baxma xubü ziştinə,
Üz
çеvir ali-əbayə,
Əhmədi-Muxtarə bax!
Onda gərək biz Vaqifin dilini kənara qoyaq. Vaqif bu sözləri işlədib
axı... “Əba” geyim, bir də “əbavü-əcdad”
nəsil mənasında işlənir, ərəb
sözüdür. Elə qəliz ərəb-fars
sözləri var ki, təbii onları işlətməyə
gərək yoxdur. “Ab” sözü
ayrıca işlənmir, amma “ab-hava”, “abi-həyat” dilimizdə
ümumişlək sözlərdir. Lüğətçilik
asan məsələ deyil. Bu məsələdə
müəyyən bir ortaq məxrəcə gəlmək
lazımdır. Məmməd Səid Ordubadinin
“Qılınc və qələm”, Əziz Cəfərzadənin
“Bakı 1501”, Əlisa Nicatın “Qızılbaşlar”
romanlarında işlənən sözləri biz “Orfoqrafiya
lüğəti”nə daxil etməliyik, yoxsa yox? Həmin romanlarda məişətlə, etnoqrafiya ilə
bağlı sözlər var. Bu əsərləri yazanlar
müasir dövrdə yaşayan
yazıçılarımızdır. Bəs
biz indi onların yazdıqlarını nəzərə
almayaq? Bu mənada problemlər var. Sonra elə
sözlər var ki, yalnız ayrı-ayrı
yazıçıların dilində işlənir. Məsələn, Süleyman Rəhimovun dili
çox zəngindir. O sözləri xalq dilindən
alıb. Süleyman Rəhimov əsərlərində
elə alətlərin adlarını çəkir bəlkə
də heç o alətlərdən indi istifadə olunmur.
Dildə köhnəlmiş sözlər var,
indi bu sözləri ataq?! Yenə də təkrar
edirəm, biz ortaq məxrəcə gəlməliyik.
- Mərhum
akademik Tofiq Hacıyev deyirdi ki, Azərbaycanda qanunların dili
16-cı əsrin Füzuli dilinə bənzəyir. Qanunların dili bəzən ifrat dərəcədə
anlaşılmaz olur. Qanunların
hazırlanması zamanı dilçi alimlərin
iştirakı mümkündürmü?
-
Qanunların dili rəsmi işgüzar üsluba aiddir. Rəsmi işgüzar üslub digər üslublardan
fərqlidir. Rəsmi işgüzar
üslubda müəyyən arxaik leksika qorunub saxlanır.
Tez-tez “Təqsirləndirilən şəxslər
barəsində həbs qətimkan tədbirinin seçilməsi”
ifadəsini eşidirik. “Qətimkan”
sözünün mənasını bəlkə də bir
çox hüquqşünas bilmir. “Qət”
sözü kəsmək anlamını verir. Yəni tutulan şəxsin imkanını kəsmək
mənasında işlənir. Hüquq
sistemində, müəyyən qanunlarda köhnəlmiş
sözlər bir qəlib, şablon kimi qalıb ki, bu da bir
problemdir. Məncə, onları işləmək
lazımdır. Düşünürəm
ki, bizim Monitorinq şöbəsi hüquqşünaslarla
birlikdə əməkdaşlıq edə bilər.
- Bir
müddət əvvəl akademik İsa Həbibbəyli və
professor Nizami Cəfərov qoşa “y” samiti ilə olan sözlərin
yazılışına yenidən baxmağa ehtiyac
yarandığını bildiriblər. Bu təklif
yeni “Orfoqrafiya lüğətin”də nəzərə
alınacaq?
-
Orfoqrafiyanın öz prinsipləri var. Fonetik prinsipdə hər
hansı söz yazılanda ilk növbədə onun tələffüzü
nəzərə alınır. “Kitab”, “qələm”
sözlərini necə yazırıqsa, eləcə də tələffüz
edirik. Daha sonra tarixi-ənənəvi və
bir də morfoloji prinsiplər var. Bu məsələdə biz
üç prinsipdən birini əsas götürməliyik.
Qoşa “y” samiti ilə yazılan sözlərin
hamısı ərəb-fars mənşəlidir. Onların bir çoxu dilimizə elə şəkilçi
ilə birlikdə keçib. Məsələn, “məşğuliyyət”,
“davamiyyət”, “riyaziyyat”, “nəqliyyat” sözlərinin
kökü ayrıca işlənir. Lakin “səhiyyə”,
“təyyarə”, “səyyar” sözlərini kök və şəkilçiyə
ayırmaq olmur. Mən fonetik prinsipə
uyğun olaraq həmin sözlərin bir “y” ilə
yazılmasının tərəfdarıyam. Türkiyəlilər bu sözləri bir “y” ilə
yazır. Lakin onlar 1-2 sözü, məsələn,
“səyyar”ı olduğu kimi saxlayıblar. “Səyyar”
sözünü “səyar” kimi desək heç kim başa düşməyəcək. İsa müəllim bu məsələ ilə
bağlı bizə öz tapşırıqlarını
verib. Biz onun prinsiplərini
hazırlayırıq və bu təklifi yeni “Orfoqrafiya
lüğəti”ndə nəzərə almağı
düşünürük.
- Orta məktəb
dərsliklərinin monitorinqi davam etdiriləcəkmi?
- Mən əvvəllər
də demişəm, indi də deyirəm bəzi dərsliklərdə
akademizm var. Yəni onların müəllifləri akademik
üsluba üstünlük verərək dərslikləri
hazırlayıblar. Bu məsələ hər
zaman diqqətimizdədir. Dərsliklərin
monitorinqi davam etdiriləcək.
Xalq
Cəbhəsi.- 2016.- 17 noyabr.- S.7.