“Media cəmiyyətlə dövlət
arasında bir körpüdür”
Vüsalə
Mahirqızı: “Sosial şəbəkələrin isə belə
funksiyası yoxdur”
“APA
Holdinq”in prezidenti Vüsalə Mahirqızının Trend
informasiya Agentliyinə müsahibəsini oxucularımıza təqdim
edirik
- Sizcə,
müasir Azərbaycan mətbuatının əsas
uğurları və problemləri hansılardır?
- Hesab
edirəm ki, bu gün mətbuatımızın kifayət qədər
azad internet müstəvisində inkişaf etməsi
yaxşı tendensiyadır. Demək olar ki, Azərbaycanda
bütün internet resursları yaradılıb, çoxlu
sayda aktiv internet istifadəçiləri var, xəbər
portalları, informasiya agentlikləri, internet televiziyaları fəaliyyət
göstərir. Son statistikaya görə, ölkədə
40-dan çox informasiya agentliyi, 15 internet televiziya və 300-dən
artıq aktiv xəbər portalı fəaliyyət göstərir,
o cümlədən ölkəmizin bütün
regionlarında televiziyalar fəaliyyət göstərir, beynəlxalq
müstəviyə çıxan media qurumlarımız var.
Bütün bunlar Azərbaycan mətbuatının
uğurudur. Ölkə mediasında artıq
xarici dilli jurnalistlərin, strukturlaşmış,
oturuşmuş media qurumlarının sayı artır. Xüsusilə öz sahəmizlə bağlı deyə
bilərəm ki, internet mediada artıq maddi-texniki bazanın
yaranması, zənginləşməsi prosesi uğurla gedir.
Misal üçün, əgər bir müddət
əvvəl bizim internet resurlarımız adi haker
hücumlarına dözə bilmirdilərsə, artıq bu
gün böyük hücumların qarşısında tab gətirə,
böyük proseslərdə fasiləsiz çalışa
bilirlər. Bütün bunların
hamısı müsbət amillərdir.
Mətbuatımızın problemlərinə gəlincə
isə onu qeyd edə bilərəm ki, son vaxtlar dünyada
baş vermiş qlobal böhran media sahəsinə də təsir
göstərib. Çünki media öz işini daha
çox reklam, piar üzərində qurur və istənilən
şirkət də böhrana məruz qalanda ilk kəsdiyi vəsait
reklam və piardan olur. Əlbəttə, reklam
bazarının formalaşması və artması istiqamətində
ciddi problemlərimiz var. Hesab edirəm ki, internet
resurslarının bu istiqamətdə birgə müzakirələr
aparmasına, dünyada yeni trendlərdən istifadə edərək
öz tendensiyalarımızı formalaşdırmağa,
internet medianın reklamvericilərə daha cəlbedici
olması üçün iş aparmağımıza ehtiyac
var. Təbii ki, xarici dilli media qurumlarımızın
çoxalmasına da ehtiyac var.
Bu gün mediamızın bir sıra problemləri var,
amma mən çox nikbinəm, çünki dünyada
hazırda inkişaf tendensiyasında olan media vasitəsi
internet mediadır. Eyni zamanda internet özü həmin media
qurumlarına təkcə xəbər şirkətləri kimi
yox, həm də internet biznes layihələri kimi fəaliyyət
göstərmək imkanları yaradır. Hesab
edirəm ki, biz bunlardan da yararlanaraq işlərimizi inkişaf
etdirə biləcəyik.
- Bu
gün Azərbaycan jurnalistikasının cəmiyyətdə
nüfuzunu qənaətbəxş hesab etmək olarmı?
- Əgər jurnalistika obyektivdirsə, müəyyən
problemləri qabarda bilirsə və müxtəlif məsələlərə
təsir göstərə bilirsə, əlbəttə ki,
nüfuzu da olacaq. Bu gün çox təəssüf ki,
jurnalist adından sui-istifadə edənlər var, onların
sayı çoxdur, böyük bir kütlədir. Bu da cəmiyyətdə jurnalistlərə
qarşı bir nüfuzdan salma görüntüsü
yaradır. Bəzi insanlar da bundan sui-istifadə
edirlər. Əslində belələri
ağla qaranın fərqini çox yaxşı bilirlər,
amma özlərinə sərf edəndə hamını o
kateqoriyaya daxil edirlər. Lakin
düşünürəm ki, cəmiyyətin böyük
hissəsi ayrı-ayrı qurumlarla, jurnalistlərlə
bağlı çox yaxşı məlumatlıdır,
jurnalistikanın hansı nüfuz dairəsinə məxsus
olduğunu bilir. Son vaxtlar isə internet
medianın nüfuzu kifayət qədər artıb. Belə ki, son zamanlar cəmiyyətimizdə
müzakirə olunan və müsbət həllini tapan məsələlərin
hamısını media qabardıb. Medianın
qaldırdığı məsələlər cəmiyyət
tərəfindən, dövlət strukturları tərəfindən,
ayrı-ayrı institutlar tərəfindən nə qədər
çox həllini taparsa, medianın da nüfuzu o qədər
yüksələr. İstənilən cəmiyyətdə
medianın nüfuzlu olması həmin cəmiyyət
üçün, həmin ölkənin idarəetməsi
üçün asanlaşdırıcı vasitələrdən
biridir. Çünki media bütün hallarda
cəmiyyətin idarə olunmasında əsas köməkçi
vasitədir.
- Bəs
sosial şəbəkələr internet mediaya rəqib ola bilərmi? Ümumiyyətlə,
bu iki sahə arasında fərqi nədə
görürsünüz?
- Mən
buna rəqabət deməzdim. Çünki
sosial şəbəkələr və media tamamilə
başqa müstəvilərdir. Sosial şəbəkələrin
işləmə prinsipinin əsas amili subyektivlik, medianın
isə obyektivlikdir. Lakin media ilə sosial
şəbəkələrin çox ciddi əməkdaşlıq
etməsi artıq qaçılmazdır. “Media
sosial şəbəkələrə uduzur” fikri ilə
razı deyiləm. Çünki medianın yayılma
arealı, nüfuzetmə dərəcəsi, hadisələrə
münasibəti sosial şəbəkələrlə eyni ola bilməz. Sosial şəbəkələrdə
olan hər şey subyektivdir, amma medianın o subyektiv
xammalı götürüb obyektiv işləmək və
obyektiv bir xəbərə çevirmək imkanı var. Bu
imkan hələ də medianın əlində qalır və
qalacaq.
Media cəmiyyətlə dövlət arasında bir
körpüdür. Sosial şəbəkələrin isə
belə funksiyası yoxdur. Çünki
sosial şəbəkələr cəmiyyətin virtual
formasıdır. Medianın dövlətlə,
digər institutlarla cəmiyyət arasında körpü olma
funksiyası daşıyır. Sadəcə
olaraq, bu körpü funksiyasını uğurla yerinə
yetirmək lazımdır. Çox təəssüf
ki, bu gün bizim bir çox saytlarımız sosial şəbəkələrdə
nə varsa, eynilə yayırlar. Belə
saytların sosial şəbəkələrdən fərqi
yoxdur. Sosial şəbəkələr bizə
daha çox insana, daha çox istifadəçiyə
çatmaq imkanı verir. Amma bütün
hallarda subyektivdir. Buna görə də
sosial şəbəkələrin nə zamansa medianın
yerini tutacağını düşünmürəm. Bu, sadəcə mediaya çox yaxşı bir dəstəkdir.
- Bu
gün belə fikirlər var ki, çap mediası, demək
olar, nüfuzunu itirib. Siz necə hesab edirsiniz?
- Əslində qəzetin qalmasının tərəfdarıyam. Bəlkə də
qəzetçilikdən gəldiyim üçün belə
düşünürəm. Amma qəzet
tarixdir. Lakin internet mediada texniki nasazlıq
baş verəndə hər şey məhv olub gedir. Qəzet isə yazılı arxivdir. Bu gün internet mediadan istənilən məlumatı
silmək olar. Amma qəzetdə bunu etmək
qeyri-mümkündür. Qəzet
yaxşı bir ənənədir, sadəcə olaraq,
düşünürəm ki, dünyada media öz fəaliyyətində
yeniliklər edirsə, Azərbaycan mətbuatı da öz
imkanları daxilində bu yeniliklərə getməlidir. Əminəm ki, bizim çox istedadlı qəzet
baş redaktorlarımız var. Təbii ki, onlar dünyada gedən
trendləri izləyirlər. Burada bir az
maliyyə məsələsi də rol oynayır. Hesab edirəm ki, araşdırmaçılıqla məşğul
olan, yeni mövzular ortaya çıxaran qəzetlər hələ
yaşamalıdır.
- Məlumdur
ki, Azərbaycanda çap mediasına dövlət tərəfindən
maliyyə dəstəyi göstərilir. Sizcə,
internet mediaya da dövlət dəstəyinin göstərilməsinə
ehtiyac varmı?
- Əlbəttə, dəstək göstərilsə,
yaxşı olar. Amma düşünürəm ki, dövlətin
mediaya yardım etmək kimi bir borcu, öhdəliyi yoxdur.
Sadəcə Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun
yaradılması və çap mediasına bu dəstəyin
göstərilməsi cənab Prezidentin bir humanizmi, mediaya olan
diqqətidir.
Dövlət medianın inkişafı üçün
şərait yaradıb. İnternet azaddır, ölkədə fəaliyyət
göstərmək üçün heç bir problem yoxdur,
internet media qurumlarının reklam alması üçün
heç bir qadağa yoxdur. Mən dövlətdən
əlavə köməyin olmasının ona görə tərəfdarıyam
ki, internet medianın maddi-texniki bazasının
yaradılması vacibdir. Çünki
internet medianın maddi-texniki bazasının yaradılması
həm də ölkənin milli təhlükəsizlik məsələsidir.
Bizim ciddi server ehtiyatlarımızın
olması vacibdir. Çünki biz başqa
bir ölkə ilə müharibə vəziyyətindəyik.
Tez-tez cəbhə bölgələrində
insidentlər olur və çox təəssüf ki, həmin
insidentlər zamanı düşmən tərəfin istifadə
etdiyi silahlardan biri də kiberhücumlardır. Onlar kiberhücumlar vasitəsilə bizim media
qurumlarımızı və dünyaya
çıxışımızı əngəlləmək
istəyirlər.
Biz öz imkanlarımız hesabına çox
böyük bir hissəni keçib gəlmişik. Böyük
media qurumlarının maddi-texniki bazası formalaşıb.
Amma informasiya texnologiyalarında hər gün
bir yenilik olur. Mən dövlətdən
daha çox bu istiqamətdə köməyi xahiş edərdim.
Amma yenə də təkrar edirəm ki, dövlətin
mediaya yardım etmək öhdəliyi yoxdur. Dövlət öz üzərinə düşəni
edib, bizim üçün şərait yaradıb.
- APA
yaranan zaman qarşıya qoyulan məqsədlərə nail
oldunuzmu?
- Hesab edirəm ki, böyük əksəriyyətinə
nail olunub. Tam nail olunduğunu deyə bilmərəm,
çünki missiyası bitən qurumlar, adətən, məhvə
məhkum olurlar. Düşünürəm ki, APA
qarşısına qoyduğu məqsədlərin
böyük bir hissəsinə nail oldu. Biz Cənubi Qafqazda və
MDB-də kifayət qədər tanınmış bir
agentliyik. Dünyanın aparıcı media qurumları bizə
istinad edirlər, müxtəlif ölkələrin media
qurumları ilə yaxşı əməkdaşlığımız
var. Ölkənin tanınmış xəbər
istehsalçılarından biriyik. Amma fikrimcə, APA daha
çox analitik agentlik kimi fəaliyyət göstərməlidir.
Bizim qarşıdakı hədəflərimizdən biri budur.
Daha çox yerlərdə filial açmaq və daha çox
dillərdə fəaliyyət göstərmək hədəflərimiz
də var.
Xalq
Cəbhəsi.- 2016.- 17 noyabr.- S.5.