“Xalq Cəbhəsi” - 15

 

“Xalq Cəbhəsi” qəzetinin 15 yazşı tamam olur. Qəzet bu illər ərzində Azərbaycan mediası arasında öz yeri, çəkisi, yolu olan bir mətbu orqan kimi formalaşıb. Bu qəzeti sevdirən əsas cəhət milli məsələləri, dövlətçilik maraqlarını hər şeydən üstün tutmasıdır. “Xaql Cəbhəsi” heç bir zaman məsələlərə qeyri- peşəkar yanaşmadı, qəzərzli olmadı və Azərbaycanın bütövlüyü ideallarına sadiq qaldı. Qəzetimizi təbrik edən ziyalılar da bu fikirdədirlər...

 

Vaqif Abışov-Tarixçi alim, BAXCP Ali Məclisinin sədri:

-“Xalq Cəbhəsi” qəzeti özünün 15 yaşını qeyd edir. Bu yubley münasibəti ilə başda qəzetin baş redaktoru Elçin Mirzəbəyli olmaqla, qəzetin redaktorları Arzu Şirinovanı, Mahir Zeynalovu, jurnalistləri və texniki heyətin hər birini təbrik edirəm.

“Xalq Cəbhəsi” qəzetinin 15 illik fəaliyyəti dövründə cəmiyyətimizdə öz müsbət mövqeyini qoruyub saxlaması, tam yəqinliklə onu deməyə imkan verir ki, qəzetin dəsti-xətti geniş ictimaiyyət tərəfindən qəbul olunub. Bu gün Azərbaycanda çoxsaylı qəzet çap olunur. Belə böyük bir qəzetlər “cəbhə”sində sayılıb-seçilmək, çoxsaylı qəzetlərin sırasında özünə ləyaqətli yer tutmaq olduqca çətindir. Lakin bu qəzetlər “cəbhə”sində “Xalq Cəbhəsi” sözün əsil mənasında xalqımızın sevdiyi mətbu orqana çevrilməyi bacarıb.

XXI əsrin ilk 15 illik mərhələsində “Xalq Cəbhəsi” özünün yorulmaz, çalışqan və hər bir çətinliyə dözən kollektivi ilə Respublikamızda və dünyada baş verən hadisələri obyektiv işıqlandırmağa çalışıb və buna nail olub. 15 illik fəaliyyəti dövründə obyektivliyi özünə şüar etmiş “Xalq Cəbhəsi” öz səhifələrində cəmiyyətimizi düşüdürən ən vacib məsələləri işıqlandırıb, milli dəyərlərimizi təbliğ edibş və bu gün də təbliğ edir. Tariximizin, mədəniyyətimizin təbliğ olunmasında da, “Xalq Cəbhəsi” 15 illik fəaliyyətində həmişə öndə olub. Sözün əsil mənasında qəzet tariximizə, mədəniyyətimizə xor baxmağa cəhd etmək istəyənləri özünün söz qamçısı ilə qamçılayıb.

Azərbaycanın Qarabağ dərdini həm ölkə ictimaiyyətinə, həm də dünyaya çatdıran “Xalq Cəbhəsi” qəzetinin əməkdaşları ermənilərin, onlara arxa duran dövlətlərin məkrli planlarını ifşa edilməsində qələmlərini süngüyə çevirib.

“Xalq Cəbhəsi” qəzetinin səhifələrində Cənubi Azərbaycan məsələsi həmişə mühüm yer tutub. Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın taleyüklü məsələlərini daima öz səhifələrində işıqlandırıb, onların sevinclərini, kədərlərini bölüşüb və onların səsinə həmişə səs verib.

“Xalq Cəbhəsi” qəzetinə gələcək yaradıcılıq fəaliyyətində uğurlar diləyirəm.

Arzu Nağıyev - Trend BİA –nin Baş direktorunun müavini:

-Əziz dostlar! Sizi yubileyniz münasibətilə səmimi qəlbdən təbrik edirəm, uğurlar və yeni nailiyyətlər arzulayıram. 15 il ərzində qəzetiniz özünə müvafiq oxucu auditoriyası tapan, oxunan, tələb olunan kütləvi informasiya vasitələrindəndir. Bu illər ərzində qəzetiniz çevik və qərəzsiz məlumat mənbəyi kimi öz oxucuları tərəfindən sevilib və oxunub. Zamanla ayaqlaşan bir qəzet kimi daimi oxucunuz var və təbii ki, bu peşəkar bir kollektivin zəhməti səbəbinə ərsəyə gəlib. Məhz buna görə də müasir məlumat məkanında sizin öz yeriniz var. Sizə yeni layihələrin həyata keçirilməsi üçün uğurlar diləyirəm.Əminəm ki, bundan sonra da ən qərəzsiz, operativ məlumatlarla oxucularınızın görüşünə gələcəksiniz. Bir daha təbriklər!

Musa Qasımlı – professor, millət vəkili:

-Azərbaycan mətbuatı tarixində özünəməxsus yer tutan “Xalq Cəbhəsi” qəzetinin kollektivini, qəzetin baş redaktoru Elçin Mirzəbəylini və əməyi keçən hər bir şəxsi yubiley münasibətilə təbrik edir, yeni yeni yaradıcılıq uğurları arzu edirəm. Qəzetin öz ənənsinə, daim dövlətçilik mövqeyinə sadiq qalmasını arzulayıram...

Fuad Babayev - 1905.az portalının direktoru?

-Böyük sürətlə “digital-only” zamanına çevrilməkdə olan “digital-first” dövründə gündəlik qəzet yaşatmaq çətin məsələdir. Bu ağır missiyanın öhdəsindən yalnız peşəkar kollektiv gələ bilər. “Xalq Cəbhəsi” qəzetini yaşadan insanları, dəyərli həmkarlarımı ürəkdən təbrik edirəm.

Elxan Şahinoğlu – “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq:

-"Xalq Cəbhəsi" qəzetini 15 illik yubileyi münasibətilə təbrik edirəm! Fərqli siyasi və ideoloji xəttə üstünlük verən qəzetlər zənginliyimizdir. Düşərgələr və düşüncələr fərqli olduğu kimi çap mediasının fərqliliyi də normal qarşılanmalıdır. Bu mənada "Xalq Cəbhəsi" qəzetinin öz dəst xətti var. Bir daha qəzetin əməkdaşlarını və qəzetin baş redaktoru, dostum Elçin Mirzəbəylini təbrik edirəm!

Elşad Paşasoy – Tanınmış jurnalist:

-"Xalq Cəbhəsi" qəzeti müstəqil Azərbaycanın yazılı mətbuat orqanlarının "ortayaşlı" nümunələrindəndir. Bu müddətdə Azərbaycanın milli maraqlarının müdafiəsində, vətənpərvərliyin təbliğində, ərazi bütövlüyümüzün bərpası, həmçinin Böyük Azərbaycan ideyalarının qorunub-saxlanılması istiqamətində davamlı mövqe ortaya qoyan media orqanı kimi fəaliyyət göstərib. Hörmətli baş redaktor Elçin Mirzəbəyli başda olmaqla "Xalq Cəbhəsi"ndəki bütün həmkarlarımızı ürəkdən təbrik edir, böyük uğurlar arzulayıram.

İlham Quliyev – “Kaspi” qəzetinin baş redaktoru:

-Təbrik edirəm! "Xalq Cəbhəsi" qəzeti Azərbaycan mətbuatında özünəməxsus yeri və yolu olan mətbuat orqanıdır. Bu qəzet yarandığı gündən ciddi media resursu kimi tanınıb və bu gün də bu yolla irəliləyir. Qəzet ölkənin ictimai-siyasi həyatı, iqtisadiyyatı, mədəniyyəti ilə bağlı sanballı yazıları ilə tanınır. Heç kimə sirr deyil ki, bugünkü iqtisadi şərtlər altında qəzet çap etmək böyük bir fədakarlıq tələb edir. "Xalq Cəbhəsi" bu fədakarlığı edərək, oxucularını sevindirməkdə davam edir. Bu gözəl günlərdə qəzetdə çalışan bütün həmkarları - başda Elçin müəllim olmaqla təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayıram!

Zəlimxan Məmmədli – “Borçalı” Cəmiyyətinin sədri:

-Xalq Cəbhəsi adı ruhani olmaqla istiqlal mübarizəsinin zehniyyətlərə hopmuş və tarixiləşmiş inikasıdır. Xalq Cəbhəsi adı amansız təqib və basqılara məruz qalmasına baxmayaraq yenə də istinad nöqtələrindən biri olaraq qalmasının sirri də bununla bağlıdır. Yaxın zamanda da bu düşüncə tam olaraq tarixə qovuşmayacaq. Çünki Xalq Cəbhəsi həm də milli idealların məcmusudur. Müstəqilliyimiz olsa da ərazi bütövlüyü və dövlətin vahidliyi idealları gerçəkləşmədiyi üçün bu ad hələ siyasi-ictimai auditoriyada qalacaqr. "Xalq Cəbhəsi" qəzetinin təsis olunmasının ilk xeyir-dua verənlərindən olmuşam... Artıq o dövrdən 15 il keçdi. Çox şey dəyişdi. Ölkəmizdə və dünyada əhəmiyyətli dəyişikliklər baş verdi. “Xalq Cəbhəsi”ni uzun müddət milli mübarizə ideallarına sadiq gördüm. Kollektivi yubiley münasibəti ilə təbrik edirəm. Arzum budur ki, Xankəndində, Təbrizdə Azərbaycan bayrağının sancılması "Xalq Cəbhəsi"nin manşet xəbəri olsun.

Azər Həsrət - əməkdar jurnalist, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri, Mətbuat Şurası İdarə Heyətinin üzvü:

- “Xalq Cəbhəsi“ qəzeti Azərbaycan media mühitində özünəməxsus yeri və rolu olan, hər şeydən öncə milli dövlətçilik maraqlarına güzəştsiz və ardıcıl xidmət göstərən media orqanıdır. Başda baş redaktor, milli azadlıq hərəkatında özünəməxsus rolu və yeri olmuş, hazırda da Azərbaycan mediasında və siyasətində öz sabit mövqeyi ilə seçilən Elçin Mirzəbəyli olmaqla bu qəzetin oxucuya təqdim edilməsində rolu olan hər kəsi təbrik edirəm. Çox sevindiricidir ki, „Xalq Cəbhəsi“ daim öz prinsiplərinə, ən önəmlisi isə etik media prinsiplərinə hər zaman sadiq qalıb, bundan sonra da qalacağına heç kim şübhə edə bilməz. Zaman-zaman mənim üçün də tribuna rolu oynayan bu qəzet istər adına, istərsə də onu ərsəyə gətirən həmkarlarıma görə, mənim üçün doğmadır, əzizdir. Bu 15 ildə keçilən uğurlu yolun bundan sonra da eyni uğurla davam edilməsi arzusuyla.

Vüqar Abbasov – Niderlandda fəaliyyət göstərən “Connect” təşkilatının sədri:

-Qəzetinizin saytı mütamadi izlədiyim xəbər saytlarına daxildir. Ötən illər ərzində “Xalq Cəbhəsi” qəzeti mətbuatımızda özünəməxsus yer tuta bilib. Bu, təbii ki, kollektivinizin, başda dəyərli Elçin Mirzəbəyli olmaqla, əzmkarlığı, zəhməti sayəsində əldə olunmuş bir nəticədir. Fürsətdən istifadə edərək qəzetinizi təbrik edir, uğurlarınızın daimi olmasını diləyirəm. Qəzetinizin Güney Azərbaycan məsələsini xüsusi diqqətdə saxlaması olduqca önəmlidir. Bununla təbii ki, Azərbaycanın bütövlük ideologiyası təbliğ olunur ki, bizim buna çox ehtiyacımız olduğunu düşünürəm. Eyni zamanda, çox sevindirici haldır ki, digər məsələlərə yanaşmanızda olduğu kimi Cənubi Azərbaycan məsələsi, eyni zamanda, dövlətçilik maraqlarına önəm verirsiniz. Hiss olunur ki, qəzetiniz hər kəsə sözünü demək üçün tribuna verir, ancaq təkrar qeyd etmək istəyirəm ki, dövlətçilik maraqlarını üstün tutaraq. Bu cür bir qəzetlərə isə cəmiyyətdə hər zaman yer olur.

Dilavər Əzimli – tarix üzrə fəlsəfə doktoru:

-"Xalq Cəbhəsi" qəzetinin Azərbaycan mediasında xüsusi yeri var. Bu dərgi fəaliyyətə başlayandan ictimaiyyətin diqqətini cəlb edə bildi. Bu qəzet çoxlarının sevimli qəzeti oldu. İlk gündən bu qəzeti izləmişəm. İndi də izləyirəm. Bu qəzet daima Azərbaycanın güneyini gündəmdə saxlayır və bir səhifə yer ayırır. Dərgini digər qəzetlərdən həm də bu fərqləndirir. Qəzetin peşəkar kollektivi var. Baş redaktor Elçin Mirzəbəyli Azərbaycanda özünün imzası və hərəkatda rolu olan insandır. Bu adi məsələ deyil. Yəni, insan ölkənin müstəqilliyi uğrunda mübarizə aparıb və bu gün də bu müstəqilliyin möhkəmləndirilməsində öz fəaliyyətini yorulmadan davam etdirir. Dəfələrlə redaksiyada olmuşam və fikir mübadiləsi aparmışam. Qəzetdə tariximizlə bağlı müsahibələr, məqalələr həmişə yer alıb. Yubiley münasibətilə qəzetin kollektivini səmimi qəlbdən təbrik edirəm. Arzum budur ki, qəzet hər gün öz oxucuları ilə görüşə gəlsin və milyonların sevimlisinə çevrilə bilsin...

Nazim Cəfərsoy – Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədr müavini:

-Ümumiyyətlə “Xalq Cəhbəsi” qəzeti 15 il ərzində öz dəsti xəttilə Azərbaycan mətbuatında seçilen qəzet olub. Qəzetin nəşr siyasəti və gündəmində yer verdiyi mövzular əsasən Azərbaycan oxucusunun diqqətinə xitab edib. Basda baş redaktor Elçin Mirzəbəyli olmaqla qəzetin kollektivini ad günü münasibətilə təbrik edirəm. Arzu edirəm ki, növbəti yaş gününüzü ərazi butövlüyünü təmin etmiş Azərbyacanda qeyd edəsiniz!

 

Əli

 

Xalq Cəbhəsi.- 2016.- 18 noyabr.- S.7.