Türk Qızılbaş əmirliyinin
inzibati idarə sistemində yeri
3-cü yazı
I Şah İsmayılın 1505-ci ildə Qızılvəng
monastırı haqqında verdiyi fərmana Çuxur-Səd
hakiminin əməl etməsi haqqında göstərişi bu
bəylərbəyiliyin XVI əsrin əvvəllərində
təşkil olunduğunu göstərir. Çuxur-Səd bəylərbəyliyi
barədə İ.P.Petruşevski yazır: «XVI əsrdə
Çuxur-Səd (İrəvan) bəylərbəyiliyinə əmirlər
həmişə Qızılbaş Ustaclı tayfasından təyin
olunur və bu tayfanın obaları İrəvan vilayətində
ulkalar alırdılar».
Qeyd etmək lazımdır ki, Ustaclı əmirləri
ilə bərabər XVI əsrdə başqa
Qızılbaş tayfa əyanlarının da Çuxur-Sədə
bəylərbəyi təyin edilməsi barədə mənbələrdə
məlumat vardır. H.923-933-cü (1517-1526-27) illərdə Rumlu eli əslzadələrindən Div Sultan Rumlu
Çuxur-Səd bəylərbəyi idi. 1538-ci
ildə isə burada Ustaclılardan Bədir xan bəylərbəyi
olmuşdu. H.956-cı (1549) ildə vilayətdə
yenə Rumlu əmirlərindən Hüseyn Sultan Rumlunun hakim
olduğu göstərilir. Həsən bəy
Rumlu yazır ki, Ərzurum hakimi İsgəndər
paşanın qoşunu 1549-cu ildə Çuxur-Sədə
hücum etdikdə, burada hakim Hüseyncan sultan Rumlu idi.
O, mülazimləri dağınıq olduğuna görə
İsgəndər paşa ilə döyüşə girməyi
məqsədəuyğun hesab etməmişdi. Bu zaman onun vəkili
Təbət Ağanın qarovula göndərdiyi iyirmi nəfər
İsgəndər paşanın kürd silahlıları ilə
qarşılaşmış, savaşda beş
nəfər itirərək geri çəkilmişdilər.
İsgəndər paşanın qoşunu İrəvanı
tutub bazarını yandırır, ancaq az
vaxtda geriyə - Vana çəkilmək zorunda qalır.
Hüseyncan sultan Rumlu geri çəkilən Osmanlı
qoşununu təqib edərək onlardan beş
nəfər qətl edir. Bu hadisə Şaha
çatdıqda dərhal İrəvana Çərəndab
sultan Şamlınıın başçılığı
altında yardım göndərir.
Həsən bəy Rumlu Zülqədər elindən olan
Təbət Ağanın Hüseyincan sultan Rumlunun vəkili
olduğunu qeyd edir ki, burada vəkil vilayət hakiminin
canişini mənasını ifadə edir. Müəllifin
Təbət Ağa Zülqədərin h. 964 (1556-1557)-cü
ildə qiymətli töhfə və hədiyyələrlə
Osmanlı sarayına elçi göndərilməsi barədə
məlumatı onun dövrün nüfuzlu əmirlərindən
olduğunu göstərir. Osmanlı
hökmdarı Sultan Süleyman 1554-cü ildə Azərbaycana
yeni hərbi yürüş təşkil etdiyi vaxtda da
Hüseyn sultan Rumlu hələ vəzifədə
qalırdı. Osmanlı ordusu İrəvana
hücum etdikdə Hüseyn sultan Rumlu osmanlılar ilə
qabaq-qabağa durmağın lüzumsuz olduğunu
görüb, şəhəri tərk edir. Ona görə də Osmanlılar tezliklə İrəvanı
tutur. Lakin nədənsə tezliklə də
geri dönürlər. O, buna görə mərkəzə
çağırılır. Yerinə
Şahqulu Sultan Ustaclı Çuxur-Səd bəylərbəyi
və hakimi təyin edilir. Əbdi bəy
Şiraziyə görə isə Həmzə sultan
Qazağın oğlu Şahqulu sultan Ustaclı 1551-ci ildə
Məşhəd hakimi vəzifəsindən azad olunub,
Çuxur-Sədə bəylərbəyi təyin
edilmişdi.
H.
974-cü (1567) ildə Sultan Süleymanın vəfatı ilə
əlaqədar Şah Təhmasibin başsağlığı
vermək, Sultan Səlimin hakimiyyətə keçməsini təbrik
etmək üçün vəzir Murad bəy İsfahani və
500 nəfər gənc ilə Çuxur-Səd hakimi
Şahqulu Sultanı da Osmanlı dövlətinə elçi
göndərməsi onun Səfəvilər sarayında
yüksək nüfuz sahibi olduğunu göstərir. O,
Ədirnədə Sultan Səlimlə
görüşmüş və Şahın göndərdiyi
məktubu, hədiyyələri ona verib. Şahqulu
Sultandan sonra oğlu Toxmaq xan ləqəbi ilə məşhur
olan Məhəmməd xan Ustaclı İrəvan hakimi
olmuşdu. İsgəndər Münşi göstərir
ki, Məhəmməd xan Ustaclı II Şah
İsmayılın hakimiyyəti dövründən
Çuxur-Səd əmir əl-ümərası olub, h.
983-cü (1574) ildə Osmanlı hökmdarı Sultan Səlimin
vəfatı, Sultan Muradın hakimiyyətə keçməsi
münasibəti ilə əlaqədar olaraq çoxlu hədiyyə
ilə İstanbula göndərilir. O, burada çox
yaxşı qarşılanır və Sultan Murad ona min tümən
xərclik verir.
Şah xan və sultanları elçi qismində xarici
dövlətə göndərdikdə, həmin dövlətin
başçısına qiymətli hədiyyələr
aparırdılar ki, bunun yalnız bir hissəsi Şah xəzinəsindən
götürülürdü. Onlar hədiyyənin
qalan hissəsini idarə etdikləri vilayətin və
mahalın gəliri hesabına əldə etməli,
elçiliyin yol xərclərini də özləri çəkməli
idilər. İsgəndər bəy
Münşi yazır ki, İsmayıl Mirzə hakimiyyətə
keçdikdən sonra əyanlarının çoxu orduda
qulluq edən Ustaclılar təqib edilir, gecələr öz
yataqlarında da rahat yata bilmirdilər. Ona
görə ki, 1576-cı ildə I Şah Təhmasib vəfat
etdikdən sonra şahzadələr arasında hakimiyyət
uğrundakı çəkişmədə Ustaclı
tayfasının ən nüfuzlu əmiri Hüseyn bəy
Ustaclı başda olmaqla Ustaclılar şahzadə Heydərin
tərəfindən çıxış etmişdilər.
Bu zaman Ustaclı tayfasının mötəbər
əmirlərindən olan Çuxur-Səd bəylərbəyi
Məhəmməd xan Ustaclı Osmanlı dövlətindən
Qəzvinə qayıdır, ancaq burada ona diqqət və
iltifat göstərilmir. Bu zaman onun
Çuxur-Səddəki ulkası alınıb Əbuturab Mirzəyə
verilmiş və elə vilayətə də bəylərbəyi
o təyin edilmişdi.
Sultan Məhəmməd
hakimiyyətə keçdikdən sonra, 1578-ci il
fevral ayının 14-də İrəvan, Şorəgil
ulkasının Məhəmməd xan Toxmağa verilməsi və
onun bura bəylərbəyi vəzifəsinə qoyması
haqqında yeni fərman verib. Oruc bəy yazır ki, Sultan Məhəmməd,
Məhəmməd xan Toxmağı Gürcüstan və Azərbaycanda
olan qoşunların baş komandanı təyin edib, Həmədan,
Gəncə, Təbriz, Maku, Naxçıvan, Mərənd,
Ərdəbil, Sofiyan və Qaraağacın qorunmasını
ona tapşırdı. Məlum olduğu kimi,
1580-ci ilin sentyabr ayında Sultan Muradın qoşunu Lələ
paşa başda olmaqla Azərbaycana hücum etmiş və Cəfər
paşa isə xeyli qoşunla İrəvana göndərilmişdi.
Bu vaxt İrəvan hakimi Əmir Toxmaq xan
osmanlılarla vuruşub, onlardan 400 nəfərinə ciddi
müqavimət göstərdiyinə görə 1581-ci ildə
Fərhad paşa başda olmaqla Qars yolu ilə Çuxur-Sədə
yeni qoşun göndərilir. Çuxur-Səd
bəylərbəyi Məhəmməd xan Toxmaq vəziyyəti
Azərbaycan bəylərbəyi Əmir xan və Qarabağ
hakimi İmamqulu xana bildirir. Nədənsə
Əmir xan əsgəri yardımı gecikdirir və Məhəmməd
xan Toxmaq azsaylı qoşunla Osmanlılarla vuruşda məğlub
olub, Naxçıvana dönür və
döyüşçüləri, uşaqları Əlincə
qalasında yerləşdirir. Bəlkə
də Təbrizin özü təhlükə
qarşısında olduğuna görə Əmir xan Məhəmməd
xan Toxmağa kömək edə bilməmişdi. Başqa tərəfdən isə kürd qarətçilərinin
də Təbrizə hücumu gözlənilirdi.
Əmir
xanın Təbrizi tərk etməməsi, Çuxur-Sədə
yardım göstərməməsi bununla bağlı ola bilərdi.
Çuxur-Səd 1580-1604-cü illər arasında
Osmanlı hakimiyyəti altında olmuşdu. 1604-cü ildə
Qızılbaş ordusu İrəvanı azad etdikdən sonra
I Şah Abbasın fərmanı ilə Əmirgunə xan
Çuxur-Səd bəylərbəyi təyin olunur. O bu
vəzifəyə keçməmişdən qabaq Qəzvinin
darğası idi və 1603-cü ilin sentyabr ayında I Şah
Abbasın qoşunu ilə Təbrizi Osmanlıların əlindən
geri almaq uğrunda gedən vuruşmalarda adi bir əsgər
kimi iştirak edib.
Əmirgunə bəy Qacar hələ əmirlik rütbəsi
almamışdan qabaq, yəni 1603-cü ildə
savaşlardakı igidliyinə görə Şahın
etimadını qazanmşdı. Elə bu vaxt Şah
onu Arasbara göndərib tapşırdı ki, Qarabağda
Qacar oymağından və başqa el-ulusdan dəstə
toplayıb Araz sahilini qorusun. H.1012-ci ilin
şəvvəl ayında (mart 1604-cü ildə)
Qızılbaş ordusu İrəvan qalası uğrunda
vuruşarkən Əmirgunə Qarabağdan öz dəstəsi
ilə bura gəldi. Onun dəstəsi
İrəvanın köhnə qalasının Şərq tərəfindəki
bürcü tutdu. İrəvan qalası fəth
olunduqdan sonra vilayətə hökmranlıq Əmirgunə
xana tapşırıldı.
Naxçıvan ulkası Maqsud Sultan Kəngərliyə,
Kağızman və onun ətrafı isə Sədlu Sultana
verildi. 1605-ci ildə Osmanlı ordusu yenidən İrəvana
hücum etmək istədikdə I Şah Abbas Əmirgunə
xana İrəvan əhalisini başqa yerə
köçürməyə tapşırır və o, İrəvan
camaatını Qaradağa köçürür. Osmanlı ordusu İrəvanı təhlükə
altına aldığı zaman Maqsud Sultan Kəngərli
Naxçıvan əhalisini Dizmar və Qaradağa, Təhmasibqulu
bəy isə Culfa əhalisini İsfahana
köçürdürlər. Həmin
ilin qışında İrəvan hakimi Əmirgunə xan və
Naxçıvan hakimi Maqsud Sultan Kəngərli Əlincə
qalasında qışladılar. 1606-cı
ildə I Şah Abbasın yeni hərbi cəhdləri ilə
İrəvan qalası tamamilə azad olundu. Əmirgunə xan yenə də Çuxur-Səd bəylərbəyi
və İrəvan hakimi olur. Qoçaqlığına
görə Əmirgunə xana Göycə gölü ətrafında
bir neçə kənd ulka verildi. 1607-ci
ildə Zeynəl bəy Çors, Mustafa bəy isə Maku
hakimi təyin olundular.
I Şah Abbas Əmirgunə xan Qacara İrəvan
qalasının təmir olunmasını
tapşırmışdı. İsgəndər bəy
Münşi yazır ki, İrəvan qalası təmir edilərkən
Əmirgunə xan və onun məmurları, mülazimləri
Əlincə, Ordubad və Naxçıvanda çətin
günlər keçirirdilər. O, öz məmurları
ilə köçkünləri Azərbaycanın el, ulus və
pərakəndə halda olan tərəkəmələri
içərisindən toplayıb yenidən İrəvana gətirdi.
İraq-i Əcəmdən Şah Abbasın əmri
ilə Qacarın Ağcaqoyunlu oymağı, Musaoğlu, Səbat
elinin hamısı gətirilib İrəvan və Şərurda
yerləşdirildi. Yenidən
Qızılbaş elləri öz qədim yurdlarına
qayıtdılar. Əmirgunə xanın
qoşunları Qars vilayətini də tutub bəylərbəyiliyə
daxil etdilər. İsgəndər
Münşi yazır ki, Əmirgünə xanın
başçılığı ilə qalalar, şəhərlər
bərpa olundu. Vilayətin iqtisadi həyatında
tezliklə böyük irəliləyişlər
başlandı.
1608-ci ildə
İrəvanda Əmirgunə xan tərəfindən Cəlalilərə
qonaqlıq verilmiş, ancaq Əmirgunə xan Cəlaliləri
qarşılamağa getmədiyi üçün
üzürxahlıq edib demişdi: «Qala kutvalları dövlətin
inanılmış adamlarıdırlar. Padşahdan
icazəsiz onun evi olan qalanı qoyub getməyə
ixtiyarımız yoxdur. Buna görə də
sizi qarşılamağa gələ bilmədim».
Buradan aydın olur ki, bəylərbəyi
hökmranlıq etdiyi bəylərbəyilikdə nə qədər
müstəqil olsa da, Şahın icazəsi olmadıqda mərkəzdən
başqa yerə gedə bilməzdi. 1612-ci ildə
İstanbulda Osmanlı-Səfəvi andlaşmasından sonra
Salmasda iki dövlət arasında sərhədi təyin etmək
və müqavilə əsasında Səfəvi dövləti
tərəfindən sənədlərə möhür vurmaq
Əmirgunə xana tapşırılmışdı.
Sülh müqavilənaməsi əsasında demarkasiya
sənədlərini Osmanlı dövləti tərəfindən
Məhəmməd paşa və sərhəd sancaqbəyiləri,
Səfəvi dövləti tərəfindən isə
Əmirgunə xan və bu tərəfin əmirləri
möhürləmişdilər. 1617-ci ildə
İrəvan qalası yaxınlığında Osmanlılara
qarşı vuruşmada şücaət göstərdiyinə
görə Şah Əmirgünə xanı «Sarı Aslan»
adlandırmışdı. Şah Təhmasib
dövrünün qorçusu Gülabi bəyin oğlu
Əmirgunə xan (Sarı Aslan) Qacar tayfasının
Ağcaqoyunlu elindən idi. Əmirgunə
xan Qəzvin darğalığından Çuxur-Səd bəylərbəyiliyinə
qədər yüksək vəzifəyə qalxa bilmişdi.
1625-ci il iyul ayında 0, Gürcüstanda
vuruşmada möhkəm yaralanır. Qacar
döyüşçüləri onu yaralı halda vuruş
meydanından çıxarırlar. Bir
müddət İrəvanda yaralarını müalicə
etdirir. Lakin 1625-ci ilin axırlarında elə
həmin yaradan da ölür.
Zabil Bayramlı
tarix üzrə elmlər doktoru,
professor
Xalq Cəbhəsi.- 2016.- 22 noyabr.-
S.14.