Türk Qızılbaş əmirliyinin
inzibati idarə sistemində yeri
4-cü
yazı
I Şah Abbasın əmri ilə onun böyük
oğlu Təhmasibqulu bəyə xan titulu verilib Çuxur-Səd
əmir əl-ümərası təyin olunur. İsgəndər
Münşi yazır ki, «hal-hazırda o vilayətdə
hökmrandır». "Zeyl-i alamara-yi
Abbasi" də göstərilir ki, 1629-cu ildə Xosrov
paşanın Osmanlı ordusu öncə Bağdadı və
sonra Təbrizi tutmaq məqsədi ilə Diyarbəkrdən hərəkət
edib Mosula daxil olduqda Təhmasibqulu xan Çuxur-Səddə
hakimiyyətdə idi. İmperiyanın
şimal-qərb sərhədlərinin qorunması ona, şərq
sərhədlərinin müdafiəsi isə bu zaman Xoyda olan
Naxçıvan hakimi Maqsud sultan Kəngərliyə
tapşırılmışdı.
Beləliklə, Əmirgunə xan 20 ilə yaxın
Çuxur-Səd bəylərbəyi və İrəvan hakimi
olur. Əmirgunə xanın qısa tərcümeyi-halı
göstərir ki, təsadüfi adamlardan bəylərbəyi
olmur, bu vəzifəyə bacarıqlı, cəsarətli
şəxslər, düşüncə sahibi olanlar
seçilirdilər. Əbəs deyil ki,
1618-ci ildə ölkədə siyasi vəziyyət gərginləşdikdə
Şah məsləhət üçün Əmirgünə
xanı Ərdəbilə dəvət etmişdi. 1635-ci ildə Çuxur-Sədə Sultan Muradın
süvari dəstələri hücum edir, 9 günlük
mühasirədən sonra İrəvan şəhərini
osmanlılar yenə də tutub Təhmasibqulu xanı əsir
götürüb İstanbula aparırlar. Təhmasibqulu
xan ömrünün axırına qədər İstanbulda
qalır.
1636-cı ildə Şah Səfi qoşunları tərəfindən
İrəvan azad edildikdən sonra Lar hakimi Kəlbəli xan
Çuxur-Səd bəylərbəyi və əmir əl-ümərası
təyin edildi.
Şah Səfinin əmri ilə İrəvan
qalasının təmiri də ona tapşırıldı.
Ancaq 1640-cı ildə Kəlbəli xan
öldürüldü. Məhəmməd
Yusif Qəzvini yazır ki, Kəlbəli xan
öldürüldükdən sonra cilovdarbaşı Məhəmmədqulu
xan Cığatay Çuxur-Səd bəylərbəyi oldu.
1646-cı ildə isə xassə qulamlarının
yüzbaşısı olmuş, sonra söhbət yasavulu vəzifəsinə
keçmiş Keyxosrov bəy Çərkəz Çuxur-Sədə
bəylərbəyi göndərilmişdi. Həmin ilin
mart ayında isə onu Mehrab xan Qacarın oğlu Murtuzaqulu xan
əvəz etmişdi. 1656-1663-cü illərdə
Çuxur-səd bəylərbəyi Qazaq xan Çərkəz
Şamlının oğlu Nəcəfqulu xan idi. Nəcəfqulu xandan sonra Əmirgunə xanın
oğlu Abbas Çuxur-Səd bəylərbəyi və İrəvan
hakimi təyin edilmişdi. Ondan sonra isə
ləzgi Səfi xan burada bəylərbəyi olub. O,
Şah tərəfindən cəzalandırıldıqdan sonra
Rüstəm xanın oğlu Səfiqulu Çuxur-Sədə
bəylərbəyi göndərilir.
Şarden yazır ki, hazırda Səfiqulu xan İrəvan
bəylərbəyidir. O keçmiş Şah (II Şah Abbas) dövründə
Səfəvi İmperatorluğunun ən mühüm əyalətlərindən
birində hökmranlıq edirdi. Lakin saray
qadınlarının təhriki ilə keçmiş
padşah vəfat etməmişdən üç il qabaq tutduğu vəzifədən azad
edilmişdi. Səfiqulu xanın arvadı ana tərəfdən
Şahın qohumu idi. Şah
Süleymanın hakimiyyətinin (1666-1694) ilk illərində
onun xahişi ilə ərini Şah yenidən İrəvan
hakimi və Çuxur-Səd bəylərbəyi təyin edir.
Səfiqulu xan digər hakimlərə nisbətən
ədalətli olduğu üçün hökmran olduğu ərazinin
əhalisinin hörmətini qazanır. Lakin
yerli sultanlar və əyanların bir çoxu ona tabe olmaqdan
boyun qaçırır, əleyhinə Şah və divanbəyiyə
çoxlu şikayətlər edirdilər. Səfiqulu xan da öz növbəsində
Çuxur-Səd vilayətindəki vəziyyət barədə
vaxtaşırı Şaha məlumat göndərirdi.
Nəhayət, Şah fərman verir ki, kiçik hakimlər
sözsüz olaraq İrəvan hakiminə tabe
olmalıdırlar. Şarden yazır ki, həmin fərmanı
Şahın qulamı İrəvana gətirdikdə mən
İrəvanda idim. Onun gəlib
qayıtması İrəvan hakiminə 400 tümənə
başa gəlmişdi. Bu məbləğ
onun mənzil və yemək xərcindən əlavə idi.
Z.Kanakertsi isə yazır ki, Səfiqulu xanın
dövründə yollarda oğrular və yolkəsənlərin
sayı çoxalmışdı. Oğrular cəzalandırılmırdı.
Onlardan cərimə alaraq buraxırdılar.
Onlar yenidən oğurluq edirdilər. Bütün İrəvan əhalisi və
qoşunlarının şikayəti nəticəsində Səfiqulu
xan həbs olundu. Şah İrəvanın
keçmiş hakimi Abbas xanın kürəkəni Zal
xanı İrəvana hakim təyin etdi. Zal
xan İravana Azərbaycanın baş vəziri Mirzə
İbrahimlə gizli gəlir. Onları
qarşılamağa adam getməmişdi. Çünki camaat onların gəldiyini bilmirdi.
Zal xan İrəvan qalasına daxil olduqdan sonra vəzir,
şeyx ül-islam və bəzi başqa əyanları
çağırtdırıb Şahın fərmanını
oxudu. Oraya toplaşanların hamısı
ona itaətkar olduqlarını ifadə etdilər. Müəllif bu mərasimdən sonra
carçının küçəyə çıxıb
«Zal xan İrəvanın sahibi oldu. Ömrü
çox olsun» deyə uca səslə İrəvan sakinlərinə
bildirişini türkcə olduğu kimi əsərində qeyd
etməsi, şəhərdə türk dilinin işlənmə
səviyyəsinin göstəricisi olub, həm də bu
diyarın bir türk yurdu olmasından xəbər verir. 1679-cu ildə İrəvanda zəlzələ oldu,
bir çox binalar dağıldı. Lakin
Zal xanın göstərişi ilə dağılmış
binalar bərpa olundu. Bu vaxt İrəvanın
qala divarları da dağılmışdı. Azərbaycan vəziri İbrahim yenə İrəvana
gəlib qonşu xanları - Naxçıvan, Bərdə, Zəyəm,
Lori, Maku sultanlarını da çağırıb onlara
qalanın tikilib bərpa edilməsinə köməklik etmələrini
tapşırdı.
Zal xandan sonra Şah Sultan Hüseyn (1694-1722) Murtuzaqulu
xanı İrəvana hakim göndərmişdi. O, naxçıvanlı Məhəmməd
ağa xanın oğlu idi. İrəvana gəldikdən
sonra vergilərin miqdarını azaltmışdı. Həmişə Şaha, saray məmurlarına hədiyyələr
göndərirdi. Ondan sonra Şah Məhəmmədqulu
adlı başqa bir nəfəri İrəvana hakim təyin
edir. Məhəmmədqulu xan da bir
çox mahallarda vergiləri yüngülləşdirib ticarət
yollarının təhlükəsizliyini təmin edə bildi.
O, üç il yarım bu vəzifədə
işləmiş və vəzifədən
çıxarıldıqdan sonra Şah Sultan Hüseyn
Əmirgunə xanın nəvəsi Fəzləlini İrəvana
hakim təyin etmişdi.
Yuxarıda qeyd etdiklərimizdən aydın olur ki, XVI əsrdə
olduğu kimi, XVII əsrdə də Çuxur-Səd vilayətini
Türkman Rumlu, Ustaclı, Zülqədər, Qacar adlı
qızılbaş-türk tayfa əsilzadələri idarə
etmişdi. Müxtəlif coğrafi obyektlər, xüsusən kənd,
qəsəbə, əyalət adı olan Qarabağ toponimi
tarixin dərin qatlarından gəlir və bu adın
etimologiyası ilə yanaşı, onun yalnız Türk
arealında mövcudluğu Türk təfəkkürünün
məhsulu olmasından irəli gəlir. Mavərəünnəhr,
Xorasan, İran və Azərbaycanda əski çağlardan
Qarabağ adlı kənd qəsəbə, nahiyə, əyalət
mövcud olmuş və bu toponimlərin bir çoxu eyni adla
bu gün də qalır. “Səlcuqnamə” də
XI əsrin tarixi proseslərindən bəhs edildikdə
Xorasanda Badqisin qonşuluğunda Qarabağ nahiyəsinin
adı çəkilir. Azərbaycanda Qarabağ əyalətinin
adına ilk dəfə Fəzlullah Rəşidəddinin
“Came ət-təvarix” adlı əsərində 1284-cü il,
hadisələrindən bəhs edilərkən “Aran
Qarabağı” şəklində təsadüf edilir. Həmidullah
Mustoufi Qəzvini (1281-1345) “Nüzhət əl qülub”
adlı əsərində XIII-XIV əsrlərdə Azərbaycanın
ərazi-inzibati vahidlərindən bəhs edərkən Aran
vilayətini “Qarabağ və Aran” adı ilə də
yazıya alıb.
Qarabağ adının mənasına gəldikdə isə
V.V. Bartoldun fikrincə, Qarabağ adı türk dilindəki
“qara” və İran mənşəli “bağ” sözlərininin
birləşməsindən yaranıb. Əslində burda hər
iki tərkib türk dilində olub, “qara” ucu-bucağı
görünməyən, böyük, geniş və “bağ”
isə “meyvə ağacları əkilmiş yer, sahə” mənasını
ifadə edir. V.Minorskiyə görə bu
coğrafi istilah vaxtilə burada yaşamış eyni adlı
türk elinin adi ilə bağlı olub, bu gün ondan
heç bir iz qalmayıb.
XVI-XVII əsrlərdə Araz və Kür
çayları arasında yerləşən qədim Aran
torpağı mərkəzi Gəncə şəhəri olan
Qarabağ bəylərbəyliyi hesab olunmaqla, onun ərazisi bəzən
Tiflisə qədər uzanırdı. 1554-cü ildən
sonra Qazax və Şəmsəddin, I Şah Abbas (1687-1629)
dövründən Zəyəm, Səfəvilərin hakimiyyətinin
son illərində isə Kaxetiya və Zəngəzur da
Qarabağ bəylərbəyliyinə tabe olub. H.1106 (m.1694)-cı ildə Qarabağ bəylərbəyi
Kelbəli Xan Qacarın Kaxetiyaya da hakim təyin edilməsi, bu
zaman Kaxetiyanın da Qarabağa tabe olduğunu göstərir.
Ancaq qeyd etmək lazımdır ki, Qarabağ əyalətinin
ərazi-inzibati quruluşu haqqında XVI-XVII yüzilin yerli
qaynaqlarında məlumatlar Mirzə Samianın 1725-ci ildə
yazdığı “Təzkirət al-müluk” adlı əsəri
istisna olmaqla pərakəndə haldadır. Qarabağ ərazi-inzibati vahidi barədə “Təzkirat
al-müluk” da demək olar ki, dolğun məlumata təsadüf
edilir. Qaynaqda Azərbaycan Səfəvi dövlətinin
Qarabağ bəylərbəyliyinin mahal və ölkələrindən
Zəyəm, Bərdə, Axınabad, Cavanşir eli ölkəsi,
Bərgüşad, Qaraağac, Lori va Pənbək, Arasbar va Bəyazidli
eli ölkəsi, Suma va Tərgivərin adları qeyd edilib.
Qarabağ əyaləti 1588-1606-cı və 1725-1734-
cü illərdə Osmanlı dövlətinə tabe olub. Osmanlı
dövlətinin göstərişi ilə 1593-cü ildə
“icmal dəftəri” və 1727-ci ildə “Gəncə-Qarabağ
əyalətinin müfəssəl dəftəri” tərtib
edilib. Bu dəftərlər dövrün
farsdilli qaynaqlarından fərqli olaraq Qarabağ əyalətinin
ərazi-inzibati quruluşu haqqında müfəssəl məlumat
verən unikal sənəddir. 1593-ci il tarixli “icmal dəftəri”nə
görə Qarabağ əyaləti 36 nahiyəyə
bölünən 7 sancaqdan, yəni Gəncə, Bərdə,
Xaçın, Axıstabad, Dizaq, Həkəri, Vərəndə
adlı sancaqlardan ibarət olmuşdu. Sancaqlar isə
nahiyələrə (36 nahiyə) bölünmüşdü.
1727-ci il tarixli müfəssəl dəftərə
görə Osmanlı ərazi inzibati bölgüsünə
uyğun olaraq 1725-1734-cü illər arasında Qarabağ əyalətinin
inzibati quruluşunda dəyişiklik edilib. Yeni bölgüyə
əsasən əyalət 37 nahiyəni birləşdirən 5
sancaq va iki qəzadan ibarət olub. Belə ki, əyalət Gəncə və Lori qəzası,
Xılxına, Bərdə, Arasbar, Bərgüşad,
Çuləndər sancağına
bölünmüşdü.
Hüsaməddin
Qaramanlı “icmal dəftəri” və “Gəncə-Qarabağ əyalətinin
müfəssəl dəftər”indən əldə etdiyi
materialın təhlilinə əsaslanaraq, həmin əsərə
yazdığı “Ön söz” də göstərir ki,
Qarabağ əyalətinin ərazisi isə XVI-XVIII yüzilin əvvəllərində
əsasən, dəyişilməyib. Əyalətin sərhədləri
şimalda Kür çayı boyunca davam edib, Kürün Araz
çayı ilə birləşdiyi yerdən Araz
çayı boyunca qərbə doğru, Bərgüşad
sancağına və buradan da şimal istiqamətində,
Göyçə gölünün şərq hissəsindən
keçərək yenə də şimala doğru, Tiflis əyalətinə
daxil olmuş Borçalının cənub hissəsi ilə
Taşır nahiyəsi ilə həmsərhəd olan Lori
qalasına qədər uzanırdı.
XIX əsrdə
yazılmış “Qarabağnamələr” adlı qaynaqlarda
Qarabağ əyalətinin tarixi ərazi və sərhədləri
haqqındaki məlumatlar “Gəncə-Qarabağ əyalətinin
müfəssəl dəftər”ində bu barədə
verilmiş məlumatlarla, demək olar ki, tam uyğundur.
XIX əsrin
Azərbaycan tarixçilərindən Mirzə Camal Cavanşir
yazir ki, qədim tarix kitablarına görə Qarabağ vilayəti
Aranın bir hissəsi olub, sərhədi cənub tərəfdən
Xudafərin körpüsündən Sınıq körpüyə
qədər Araz çayıdır. Şimal və
şərq tərəfdən Kür çayıdır ki,
Cavad kəndində Araz çayına qovuşaraq gedib Xəzər
dənizinə tökülür. Qərb tərəfdən
Köşbək, Salvartı və Ərikli adlanan uca
Qarabağ dağlarıdır. Bu dağlar
Qarabağ-Gəncə, Qazax-Şəmşəddin əhalisinin
yaylaqlarıdır. Sözsüz ki, Mirzə Camal
Cavanşir “qədim tarix kitabları” dedikdə Həmdullah
Mustoufi Qəzvinin “Nüzhət əl-qülub” adlı əsərini
də nəzərdə tutur. Bu qaynaqda Aranın, yəni onun
bir hissəsi olan Qarabağın Araz və Kür
çayları arasındakı əyalət olduğu qeyd
edilməklə yanaşı, onun Beyləqan, Bərdə, Gəncə
kimi şəhərləri barədə də məlumat
verilib.
Zabil Bayramlı
tarix üzrə elmlər doktoru,
professor
Xalq Cəbhəsi.- 2016.- 23 noyabr.-
S.14.