Azərbaycanın milli maraqları
baxımından din-dövlət münasibətləri
I yazı
Azərbaycanda dini dözümlülük və
tolerantlıq ab-havasının saxlanılmasının təmin
olunması olduqca vacib məsələdir. Bu amil dövlətçiliyimizi
qorunmasında və inkişafında əhəmiyyətli rol
oynayır. Buna görə də dövlət
qurumları bu istiqamətdə məqsədyönlü iş
aparmalı, bu günümüzə və gələcəyimizə
yönəlmiş siyasət yeritməlidirlər. Bu siyasət təkcə dinlərarası dialoqun təmin
olunması, dini qurumların hüquqi cəhətdən qanuni
fəaliyyət göstməsindən ibarət
olmamalıdır. Dövlətin dini durumla
bağlı siyasəti konseptual xarakter
daşımalıdır. Bu konsepsiyanın
əsasında milli maraqlar durmalıdır. Dövlət
hansısa dini ideologiyanın təəssübkeşi ola bilməz, yalnız praqmatik siyasət yeritməlidir,
çünki tarix göstərir ki, dinlər və
ideologiyalar dəyişə bilər, lakin dövlət
maraqları, milli müstəqilliyin prinsipləri dəyişməzdir.
Hansı dini konfessiya və ya ideologiya olursa
olsun, Azərbaycan güclü, bölünməz dövlət
olmalı və xalqın milli maraqlarını təmin etməlidir.
Dinşünas-ekspert Aydın Əlizadənin fikrincə,
bu əbədi prinsipləri həyata keçirmək
üçün dövlət dini qurumların fəaliyyətinə
təkcə hüquqi və tənzimləmə prizmasından
yanaşmamalı, bu sahədə öz maraqlarına uyğun
hərəkət etməlidir. Məsələ
burasındadır ki, dövlət-din münasibətləri
konstruktiv xarakter daşımalı və bərabərlik
prinsipinin üzərində qurulmalıdır. Tərəflər əməkdaşlıq edib
ümumi məsələləri həll edə bilərlər.
Lakin bəzi hallarda onların arasında fikir
ayrılığı da ola bilər. Buna görə də dövlət dinlərlə bərəbər
hüquqlu tərəf kimi bu sahədə öz
konsepsiyasını üzə çıxarmalıdır.
Bu konsepsiya demokratik prinsiplərə və mövcud
qanunvericiliyə əsaslanmalıdır. Azərbaycan
Konstitusiyasına görə, dövlət dini qurumların
daxili işlərinə müdaxilə edə bilməz, lakin
öz dövlət və milli ideologiyasını qura bilər.
Bu ideologiyanın əsası bütün vətəndaşların
dini etiqadından asılı olmayaraq bərabər
hüquqlarını təmin etməli, vətəndaşları
dini mənsubiyyətlərinə görə təqib etməməli,
hər bir vətəndaşın dinini dəyişmək və
ya ateist olma hüququnu tanımalıdır, heç bir dini və
ya konfessiyanı başqasından uca tutmamalıdır.
Azərbaycan milli ideologiyanın qurulmasında dinlərin
etik, əxlaqi cəhətlərindən geniş istifadə
olunmalıdır. Bundan başqa, dinlərin potensialından
müxtəlif ictimai tədbirlərdə istifadə edilməlidir
(məsələn, xeyriyyəçilik işlərində, cəmiyyətdə
yaranan bəzi ixtilaflı məqamların həll edilməsində).
Hərbi quruculuq işlərində, icbari əmək
düşərgələrində də bəzi dini ideyalardan
istifadə edilə bilər. Əsgərlərin vətənpərvərlik
hisslərinin tərbiyə edilməsində, dustaqların tərbiyələndirilməsi
işlərində dini ideyaların rolu müsbət ola bilər.
Eyni zamanda dinlərin rolunu yalnız müsbət müstəvidə
təqdim edilməsi də həqiqətə uyğun deyil. Məsələ
burasındadır ki, dinlər fenomeni uzun müddətli tarixi
mərhələlərdən keçmişdir. Bu tarixi proseslər zaman və məkan nöqteyi-nəzərdən
tədqiq və təhlil edilməlidir. Dini
ehkamlar da müxtəlif tarixi, siyasi, iqtisadi şəraitdə
formalaşmış, müqəddəs mətnlər bu ruhda
yozulmuşdur. Bu aspektlər qlobal miqyasda bəzən
müsbət, bəzən isə mənfi nəticələrə
gətirib çıxarmışdır. Tarixi
dinamika baxımından demək olar ki, bu və ya digər millət
hansısa dini ideologiyanı qəbul edəndən sonra intensiv
inkişaf edə bilərdi. Buna misal olaraq,
ərəblərin, sonra isə türk xalqlarının
İslamı qəbul edəndən sonra inkişafını
göstərmək olar. Avropada da bir
çox xalqlar xristianlığı qəbul edəndən
sonra böyük uğurlar əldə etmişdirlər.
Lakin sonrakı tarix onu göstərir ki, mütərəqqi
potensial tükənəndən sonra dinlərdə
ehkamlaşma meylləri artır, azad və mütərəqqi
ruh itir. Bundan sonra hər hansı bir din hətta
tərəqqiyə qarşı çıxış edə
bilər, cəmiyyətlərdə qarşıdurmalara, millətlər
arasında müharibələrə və başqa mənfi
hallara təkan verə bilər. Orta əsrlərdə
Avropada dini qarşıdurmalar, inkvizisiya, təriqətlər
arasında ixtilaflar və s. mənfi misallar buna sübutdur. İslam dünyasında da buna bənzər hallar cox
olmuşdur. Dini təəssübkeşlik
bir neçə əsr davam edən müsəlman-xristian
müharibələrinə təkən vermişdir.
Azərbaycanda da dini ideologiya heç də həmişə
asan və rahat inkişafa malik olmamışdır. 15-ci əsrdən
başlanan və ən azı 2 əsr davam edən dini
müharibələr yüzminlərlə insanların həyatına
son qoymuş, şəhərlər və məntəqələr
darma-dağın olmuşdur. Bu müharibələrin
Azərbaycan xalqına psixoloji təsiri bu günə qədər
qalmaqdadır. Eyni zamanda fərqli fikirli insanların təqib
olunması və hətta edam olması
faktları da vardır (məsələn, hürufilərin təqibləri).
Eyni zamanda dini dünyagörüşünün ehkamlaşması,
tərəqqiyə qarşı çıxması, elmi
yalnız dini ehkamlar çərçivəsində görməsi
cəhdləri, Avropa və Yaxın və Orta Şərqin mənəvi
tənəzzülünə səbəb olmuşdur. Dünyavilik,
sekulyarizm və ateizm ideyaları məhz bu mənfi hallara
qarşı inkişaf etmişdir. Zaman
göstərdi ki, dünyavi düşüncə, nə qədər
tənqidlərə məruz qalsa belə, yeni tarixi mərhələdə
özünü daha da doğrultmuşdu, ümumbəşəri
dəyərləri, insan haqlarını, texniki və elmi
inkişafı təmin edə bilmişdir. Bu sistemdə dinin də rolu mənəviyyat məsələlərində
əvəzsiz olmuşdur.
Lakin müasir dünyaya nəzər yetirsək, dinlərlə
bağlı mənfi məqamların təkcə tarixdə
qalmadığını görürük. Təəssüf
ki, 21-ci əsrdə də inkişaf etmiş dünya dini
qarşıdurmaların şahididir. Yaxın
və Orta Şərqdə gedən dinin siyasiləşməsi,
konfessional təəssübkeşlik, dini qarşıdurma və
terror prosesləri getməkdədir. Mənəviyyatın
təkmilləşdirilməsi işində misilsiz rolu olan dini
ideyalar siyasi müstəviyə keçərək, müəyyən
dairələrin maraqlarını əks etdirməyə
başlamışdır və bu bizim zamanəmizdə faciələrə
səbəb olmuşdur.
Azərbaycanda dövlət-din konsepsiyalarının tərtib
olunması, azərbaycançılıq ideologiyasının
işlənməsi zamanı dinlərlə bağlı
bütün bu mənfi halları, faktları diqqətlə
öyrənmək, onları təhlil etmək lazımdır
ki, bizim ölkəmizin bu günün də və gələcəyində
bu cür faciələr təkrar olunmasın. İnsan faciəsindən
başqa, bu cür halların təkrar olunması dövlətçiliyimizi
məhv edə bilər. Dövlət-din
münasibətlərinin konsepsiyanın tərtibi zamanı
bütün tarixi amillər, dini ideologiyanın cəmiyyətimizə
verə biləcəyi bütün faydalı aspektləri diqqətlə
öyrənilməli və nəzərə
alınmalıdır.
Beləliklə, Azərbaycan milli ideologiyasında (azərbaycançılıqda)
dinlə bağlı məqamlara səthi və popullist
nöqteyi-nəzərdən yanaşılmamalıdır. Yalnız
peşəkar və düşünülmüş siyasət
yeridilməlidir. Burada təhlükəli məqam
yaxın keçmişimiz də ola bilər.
Sovet dövründə hakim olan ateist
ideologiyasının iflasından sonra mənəvi boşluq
yaranmışdır. Bu boşluğu
doldurmağa müxtəlif ənənəvi və qeyri-ənənəvi
dinlər doldurmağa çalışaraq, öz təbliğatında
yalnız pozitiv məqamları qabardaraq, problemli məqamları
ört-bastır etməyə çalışırlar. Məqsəd isə öz təlimləri ilə cəmiyyətin
mümkün qədər çox hissəsinə təsir etməkdən
ibarətdir. Lakin son məqamda bu proses cəmiyyətdə
parçalanma və qarşıdurmalara gətirib çıxara
bilər. Bundan başqa bəzi dini icmaların
arxasında xarici dövlətlərin kəşfiyyat
orqanların və yə şəxsi maraqların dayanması
faktları da vardır.
Beləliklə, Azərbaycanda dini konsepsiyaların və
milli ideologiyaların tərtib olunması zamanı cəmiyyətdə
dini dünyagörüşünün bir neçə səviyyədən
ibarət olması nəzərə alınmalıdır.
1. Fərdi
səviyyə - dini ideyaların fərdlər tərəfindən
mənəvi saflığ məqamına çatmaq
üçün qəbul edilməsidir. Bu proses müsbət
xarakter daşıyır. Dinin
ardıcılları fərdi şəkildə özlərini
dini dəyərlər ruhunda tərbiyələndirir. Bunun nəticəsində insanlar arasında saf və
səmimi münasibətlər yarana bilər. Bundan başqa, Vətənə sevgi, vətənpərvərlik,
xarici təcavüzlə mübarizə, cinayət tərkibli
işlərdə iştirak etməkdən çəkinmə,
xeyriyəçilik, ümumi mədəniyyət kimi müsbət
hisslər inkişaf edə bilər. Bu
cür vətəndaşların çoxalması dövlət
maraqlarına uyğundur, çünki çox yüksək mədəniyyətli
və təmiz qəlbli insanlarla nəhəng problemlərin həll
olunması işi asanlaşır. Dinlərin
bu cür potensialından Azərbaycançılıq
ideologiyasının möhkəmlənməsində istifadə
etmək zəruridir. Sadəcə, milli
ideoloqlar onu dövlətçiliyimizin maraqlarına uyğun
şəkildə tədbiq olunmasını təmin etməlidirlər.
2. Dini
dunyagörüşünün ictimai səviyyəsi də
dövlət quruculuğu və milli ideyaların
formalaşdırılmasında pozitiv rol oynaya bilər. Dili icmalar cəmiyyətin mədəniyyəti və
əxlaqına müsbət təsir göstərə bilər.
Onların dini qardaşlıq əsasında qurulan iqtisadi və
ticarət fəaliyyətləri cəmiyyət
üçün xeyrli ola bilər. Yüksək
əxlaq prinsipləri əsasında qurulan iqtisadi münasibətlər
dövlətin ümumi iqtisadi siyasətinin tərkib hissəsi
ola bilər.
3. Dini
dunyagörüşünün siyasi səviyyəsinə gəldikdə
isə yuxarıda qeyd olunduğu kimi, burada müəyyən
problemlər mövcuddur. Bir tərəfdən,
dinin siyasiləşdirilməsi çoxlu problemlər yarada bilər.
Lakin, digər tərəfdən dindarlar ölkənin
bərabərhüquqlu vətəndaşları kimi, dövlət
qurumlarının hər bir orqanında təmsil oluna bilər.
Qeyd etmək lazımdır ki, saf dini əxlaqın
ölkədaxili və xarici siyasətin hansısa məqamlarında
istifadə oluna bilər və bunun xeyri də olar. Məsələn, dini dəyərlər əsasında
cəmiyyətdə müəyyən ixtilaflı vəziyyətləri
tənzimləmək olar. Lakin bu proses ölkə
qanunlarına və Konstitusiyaya zidd olmamalıdır, dövlətin
dünyavi xarakterinə xələl gətirməməlidir.
Beləliklə dövlətin dinlərə qarşı siyasəti bir neçə müstəvidə həyata keçirilməlidir. Birinci növbədə onlar arasında qarşılıqlı əməkdaşlıq və anlayış ab-havası qurulmalıdır. Hər iki tərəf qanunlara riayət etməli və problemləri sivil metodlarla həll etməlidir. Dövlət əhalinin dini sahədə maariflənməsində maraqlı olmalıdır. Konstitusiyamızın əsasında dövlət təhsilimiz yalnız dünyavi ola bilər və bu imkandan səmərəli istifadə edilməlidir. Kütləvi informasiya vasitələrinin də imkanlarından maarifləndirmə işlərində istifadə olunmalıdır.
Cavid
Xalq Cəbhəsi.- 2016.- 23 noyabr.-
S13.