“Azərbaycanla bizim ölkənin kifayət qədər turizm potensialı var

 

Fikri Toros: “Təəssüf ki, əlaqələrimiz mövcud potensialımızdan daha zəifdir

 

Bu gün Türkiyə Cümhuriyyəti xaric olmaqla heç bir ölkə tərəfindən rəsmən tanınmayan Şimali Kipr Türk Respublikası buna rəğmən öz iqtisadi inkişafını davam etdirir. Hər il iqtisadi sahədə əldə edilən nailiyyətlər, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlar Şimali Kipri diqqət mərkəzinə çəkən ölkələrdən birinə çevirir. Bəs görəsən bütün bu iqtisadi uğurların kökündə dayanır? Bu ya digər suallarla Kipr Türk Ticarət Odasının başqanı Fikri Torosla söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə Fikri Toros Azərbaycanla Şimali Kipr Türk Respublikası arasında mümkün əməkdaşlıq istiqamətlərindən danışıb.

-Fikri bəy, Şimali Kipr Türk Respublikası 33 il müddət ərzində hansı mərhələlərdən keçdi nələrə sahib oldu?

-Əvvəla, onu deyə bilərəm ki, 1960-cı ilin sonlarında sanki kənarda qaldığımız, xaric edildiyimiz adamızda dövlət quruluşuna yenidən sahib olduq. Bu Şimali Kipr türk toplumu üçün çox önəmli bir hadisə idi. İkincisi, bir dövlət kimi fəaliyyət göstərmək həmin dövləti Türkiyənin dəstəyi ilə inkişaf etdirmək qürurunu qeyd etmək zəruridir. Bu dövlət qurulduğu zaman Kipr türk toplumunun adambaşına düşən illik gəliri 5 min dollar təşkil etdiyi halda, bu gün həmin rəqəm 15 min dollara çatıb bunu qürurla qeyd etmək istərdim. Bu illər ərzində sadəcə Şimali Kipr Türk Respublikası təkcə sabitlik, rifah adası kimi tanınmayıb. Eyni zamanda iqtisadi artım qeydə alınıb, inkişaf dinamikası baş verib. İqtisadiyyatımızın dinamikası sayılan bir çox istiqamətlərdə, sahələrdə artım tendensiyası qeydə alınıb. Xüsusilə, turizm sektorunda əldə olunan nailiyyətləri qeyd etmək istərdim. Bu gün Şimali Kipr Türk Respublikasında 22 min ədəd 4 5 ulduzlu otellər mövcuddur. Halbuki Şimali Kipr Türk Respublikası qurulan zaman 3-4 ulduzlu cəmi bir neçə otel vardı. 350 min əhalisi olan bir ölkədə 136 dövlətdən 95 min nəfər ali təhsil alır ki, bu da bizim üçün böyük qürur mənbəyidir. Həmçinin daşınmaz əmlak sahəsində əldə edilən nailiyyətlər yenə bu dövlətin sayəsində olub. Dolayısıyla bizim əldə etdiyimiz nailiyyətləri saymaqla bitmir. Buraya gələn hər bir xarici ölkə vətəndaşı söylədiklərimin əyani şahidinə çevrilir. Ancaq bir məqama da xüsusi olaraq diqqət çəkmək istərdim. Biz bu dövləti ona görə qurduq ki, normal bir həll variantı əsasında rumlarla siyasi bərabərlik, eyni hüquqlara malik bir şərtlər altında federal ortaqlığa girə bilək. Konstitusiyamızın birinci paraqrafında da bu öz əkini tapır.

-Amma göründüyü kimi hazırda beynəlxalq aləm Kipr probleminin həllinə maraq göstərmir. Belə olan təqdirdə nəticə nədən ibarət olacaq. Kiprlilər mövcud vəziyyətlə barışacaqlarmı?

-Beynəlxalq toplum təssüflər olsun ki, hələ Kipr Respublikasını adanın tək dövləti olaraq qəbul edir. Bu Birləşmiş Millətlər Təşkilatının yol verdiyi ən böyük xəta bizə qarşı yol verdiyi haqsızlıqdır. Məlum olduğu kimi Kiprdə uzun illər Osmanlı varlığı mövcud olub. Daha sonra Kipr bir ingilis müstəmləkəsi oldu. Daha sonra isə ingilislərin Kipri tərk etməsi ilə kiprli türklərlə rumlar arasında ortaq bir dövlət quruldu. Bu dövlət hər hansı bir ixtilafa məruz qalıbsa, həmin ixtilafın da dünya tərəfindən tanınması hər iki topluma dünya tərəfindən bərabər münasibət göstərilməsi zəruri idi. Məhz bu münasibət həmin ixtilafı ortadan qaldıra biləcək bir davranış olurdu. Ancaq təssüflər olsun ki, 53 ildir bu davranış nümayiş etdirilmir. bu səbəbdəndir ki, Kipr problemini həll etmək hər keçən gün çətinləşir.

-Türkiyəni çıxmaq şərtilə qeyri-rəsmi qaydada Kiprə sərmayə yatıran xarici şirkətlər varmı?

-Xeyr, yoxdur. Bu gün Şimali Kipr Türk Respublikası 99,9 faiz Türkiyə sərmayəsi əsasında inkişaf edir. Bundan başqa yalnız xarici ölkələrdə yaşayan Şimali Kiprdən olan türklər buraya sərmayə qoyurlar. Ancaq təssüflər olsun ki, beynəlxalq səviyyədə Şimali Kipr Türk Respublikasına sərmayə yatıran ölkələr ya şirkətlər yoxdur.

-Bəs, Azərbaycanla Şimali Kipr Türk Respublikası arasındaki münasibətlər hansı səviyyədədir iki ölkə arasında hansı sahələrdə əlaqələri daha da inkişaf etdirmək mümkündür?

-Azərbaycanla Şimali Kipr Türk Respublikası arasında mədəniyyət, eləcə bir qədər iqtisadi sahədə əlaqələr mövcuddur. Biz bu əlaqələrin daha da inkişaf etdirilməsini gözləyirik. Məlumdur ki, Şimali Kipr Türk Respublikasının Azərbaycanda nümayəndəliyi fəaliyyət göstərir. Biz iqtisadi sahədə əlaqələrə, turizm, ixrac potensialının artırılmasına üstünlük veririk. İki ölkənin kifayət qədər turizm potensialı var. Eyni zamanda mədəniyyətlərimiz çox yaxındır. Hər iki ölkə türkcə danışır. Bir sözlə ortaq nöqtələrimiz çoxdur bu əlaqələri daha da inkişaf etdirmək şərtdir. Təssüflə onu da qeyd etməliyəm ki, əlaqələrimiz mövcud potensialımızdan daha zəifdir.

-Bu gün dünyada az sayda ölkələr var ki, həmin ölkələrdə siyasi sabitlik mövcuddur, heç bir daxili çəkişmələr, qarşıdurmalar baş vermir. Şimali Kipr Türk Respublikası da Azərbaycan kimi daxili sabitliyin yüksək səviyyədə qorunduğu ölkələrdən biridir. Şimali Kipr Türk Respublikası buna necə nail olur?

-Kipr türkü hər zaman hüzur, sabitlik içərisində yaşamağa alışqan olub bu prinsipə əməl edir. Digər tərəfdən beynəlxalq sanksiyalara rəğmən iqtisadi inkişafı gerçəkləşdirmək üçün öz içərimizdə bir fikir birliyi yaratmışıq. Təbii ki, hər bir demokratik ölkədə olduğu kimi müəyyən siyasi ziddiyyətlər yox deyil. Bütün bunlara baxmayaraq biz Şimali Kipr türklərini bir arada cəm edən ortaq dava var. Verdiyiniz sualı bu cür cavablandırardım. Sonda onu qeyd etmək istərdim ki, Kiprdə mövcud problemin həlli ilə bağlı bir nəticə əldə edilib-edilməsə , Kiprin türk toplumunun iqtisadi inkişafı, onun dünyaya inteqrasiya edilməsi qaçılmazdır. Bunun üçün bütün dost ölkələrin Şimali Kipr Türk Respublikasına sərmayə yatırması, bizimlə iqtisadi əlaqələri inkişaf etdirməsini istəyirəm bu barədə çağırış edirəm. Kipr Türk Ticarət Odası Şimali Kiprə yönələcək marağı, münasibəti ən yaxşı bir şəkildə dəyərləndirib hökumətlə əlaqələrin qurulmasında körpü rolu oynayacaq bir qurumdur.

 

 

Xalq Cəbhəsi.- 2016.- 23 noyabr.- S.9.