Azərbaycanın milli maraqları baxımından din-dövlət münasibətləri

 

(III yazı, əvvəli ötən sayımızda)

 

Bugünkü Azərbaycan Respublikası 1918-ci ildə yaradılmış Xalq Cümhuriyyətinin siyasi varisidir. 70 il hökm sürən sovet ateist-kommunist rejimi xalqımızın ürəyindən dini-mənəvi dəyərlərə sadiqliyi çıxara bilmədi. Müstəqilliyimizi bərpa etdikdən sonra sovet dövründə taxıl anbarlarına, klublara çevrilmiş məscidlər əvvəlki fəaliyyətini bərpa etdi. Müqəddəs kitabımız “Qurani–Kərim” tərcümə olunmağa və əhali arasında sərbəst yayılmağa başladı. Pirlər, ziyarətgahlar yenidən xalqın ixtiyarına verildi. Müstəqil Azərbaycan dünyəvi prinspləri əsas tutaraq dünyaya inteqrasiya edir, lakin dini-mənəvi dəyərləri uca tutur, əsası cümhuriyyət dövründə qoyulmuş üçrəngli bayrağımızın bir rəngi İslam dinini dəyərləndirir. Bu, dövlət və din münasibətlərinin əsasını təşkil edir.

Ümumiyyətlə, dövlət-din münasibətləri baxımından dünya dövlətlərini iki cür qruplaşdırmaq olar: din əsasında öz qanunvericiliklərini formalaşdıran dövlətlər - bunlara aid etmək olar: Səudiyyə Ərəbistanı; İran (1979-cu ilin noyabr ayında qəbul olunmuş Konstitusiya “Qurani-Kərim”ə əsaslanır, şəriət qanunlarını əks etdirir); Qətər (dövlətin daimi Konstitusiyası 2004-cü ildə qəbul olunub. İslam dövlətin əsas dinidir, şəriət qanunvericiliyin əsas mənbəyidir); Küveyt (1962-ci ildə qəbul olunmuş Konstitusiyaya əsasən, İslam dini və şəriət qanunvericiliyin əsasıdır); İraq (2005-ci ildə qəbul edilmiş konstitusiyaya əsasən, qanunvericiliyin əsasını İslam dini təşkil edir. Federativ-parlamentli quruluşlu demokratik respublikadır); Pakistan (1973-cü ildə qəbul olunmuş konstitusiyaya əsasən, ali hakimiyyət Allaha məxsusdur, insanlar “Qurani-Kərim” və sünnə əsasında həyatlarını təşkil edirlər); Yəmən (1990-cı ildə qəbul olunan Konstitusiyaya əsasən hüqüqun əsasını şəriət qanunları təşkil edir) və s.

Adları sadalanan dövlətlərin konstitusiyalarında göstərilir ki, dövlətin rəsmi dini İslam dinidir. 2014-cü ildə qəbul edilən Misir Konstitusiyasında da qeyd olunur ki, İslam şəriətinin prinsipləri qanunvericiliyin əsaslarını təşkil edir. Yaxud da Danimarka Krallığının Konstitusiyasına əsasən, Yevangel Lüteran kilsəsi dövlətin əsas kilsəsidir.

İkinci qrupa isə dünyəvi dövlətlər daxildir. Bu dövlətlərdə din əsas hakimiyyət ideologiyası kimi qəbul olunmur və qanunvericiliyin bazasını dünyəvi prinsiplər, sivil hüquqlar təşkil edir. Lakin dövlət dinin himayədarı kimi çıxış edir. Məsələn, bizim Konstitusiyamızda yazılır ki, Azərbaycan demokratik, hüquqi, dünyəvi və unitar respublikadır. Bundan başqa, Konstitusiyada vicdan azadlığı haqqında qanun öz əksini tapıb. Digər bir maddədə (dövlət-din münasibətləri) yazılır ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Beləliklə, artıq yüz ilə yaxındır ki, Azərbaycanda dünyəvi hakimiyyətin elmi-intellektual resursları var və bu təcrübə özünü doğruldur. Bu model Azərbaycanın bu gün sivil dünyaya inteqrasiyasında vacib amildir və dünyanın mütləq əksəriyyəti öz dövlət idarəetmə sistemini bu cür quruluşa uyğunlaşdırmışdır.

Onu da vurğulayaq ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra dövlət-din münasibətlərində yeni bir mərhələ başladı. Ölkə vətəndaşlarının dini etiqad və vicdan azadlığı təmin olundu, bu sahə ilə bağlı qanunvericilik aktları beynəlxalq hüquq normalarına uyğunlaşdırıldı. Uzun illər ibadət ocaqlarının, dini icmaların fəaliyyətinə, dini ayinlərin icrasına, dini təyinatlı ədəbiyyatın nəşrinə və yayılmasına qoyulmuş qadağalar aradan qaldırıldı, yeni ibadət evlərinin və dini təhsil müəssisələrinin əsası qoyuldu. Azərbaycan xalqı öz milli və dini bayramlarını azad, sərbəst qeyt etmək hüququ əldə etdi, ölkə vətəndaşlarının müqəddəs yerlərə ziyarətinin təşkili üçün şərait yaradıldı. İllər boyu baxımsızlıqdan uçub dağılmış pir və ziyarətgahlar fəaliyyətini yenidən bərpa etdi, gənc nəslin sağlam ruhda, milli-mənəvi dəyərlərə sadiq yetişməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi.

Qeyd olunan müsbət dəyişikliklərlə yanaşı dini durumda narahatlıq doğura biləcək məqamlar da müşahidə olundu. Dövlətin dini etiqad və vicdan azadlığının təmin olunması istiqamətində həyata keçirdiyi tədbirlərdən öz məqsədləri üçün istifadə etməyə cəhd edən qüvvələr meydana çıxdı. Onlar bütün imkanlarını səfərbər edərək qeyri-ənənəvi dini təlimləri təbliğ edir, dini durumun gərginləşdirilməsinə, radikal dini təriqətlərin Azərbaycanda yayılmasına çalışırdılar. Belə bir ağır şəraitdə Azərbaycan hökumətinin üzərinə ciddi vəzifələr düşürdü. Dövlət nəsillərdən-nəsillərə keçən dini dəyərlər sistemini kompleks şəkildə öyrənməli, olduğu kimi xalqa çatdırmalı, dözümlülük ənənələrini qorumalı, dini fəaliyyət sahəsində cərəyan edən hadisələri təhlil etməli və dini durumu nəzarətdə saxlamalı idi. Ancaq həmin dövrdə cərəyan edən hadisələr, iqtisadi və siyasi durum bu vəzifələrin uğurla həyata keçirilməsinin bir o qədər də asan olmadığını söyləməyə əsas verirdi.

Müstəqilliyin ilk illərindən başlayaraq Azərbaycanda dini etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərinin hüquqi müstəvidə tənzimlənməsi, radikal təriqətlərin və missioner təşkilatların fəaliyyətinin nəzarətə götürülməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasına dini etiqad azadlığını təmin edən, dövlət-din münasibətlərini tənzimləyən müddəalar daxil edildi. Dövlət quruculuğunun dünyəvi mahiyyət daşıması, dinin dövlətdən ayrı olması, bütün dini etiqadların qanun qarşısında bərabər sayılması, dövlət təhsil sisteminin dünyəvi xarakter daşıması, insan ləyaqətini alçaldan, insanpərvərlik prinsiplərinə zidd dinlərin yayılmasının və təbliğinin qadağan olması barədə müddəalar həmin sənəddə əksini tapdı. Eyni zamanda hər kəsə fikir və söz azadlığı verildiyi, ölkə vətəndaşlarının dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ olduğu bəyan edildi.

1992-ci ildə qəbul olunan, sonrakı illərdə bir sıra ciddi dəyişikliklər edilən “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dini mərkəzlərin, idarələrin, qurumların və tədris müəssisələrinin fəaliyyəti tənzimləndi. Dini qurumalrın dövlət qeydiyyatına alınması və fəaliyyətinə xitam verilməsi qaydaları müəyyənləşdirdi, onların mülkiyyət hüququ, istehsal və təsərrüfat fəaliyyəti, beynəlxalq əlaqələri, dinin məktəblə münasibəti, dini icmaların xeyriyyə və mədəni-maarif fəaliyyəti ilə bağlı məsələlərə aydınlıq gətirdi.

Həmin dövrdə missioner təşkilatlar Azərbaycan xalqının humanistliyindən, ölkədə yaranmış qeyri-sabit sosial-iqtisadi vəziyyətdən və Qarabağda ağır döyüşlərin getməsindən məharətlə istifadə edərək Bakını digər müsəlman ölkələrində təriqətçilik təbliğatı aparacaq mərkəzə çevirməyi qarşılarına məqsəd qoymuşdular.

Həmin dövrdə missioner təşkilatlarının Azərbaycanda fəaliyyətlərini və təsir dairələrini genişləndirməsində insanların sosial-iqtisadi durumunun ağır olması, Azərbaycan torpaqlarının erməni təcavüzünə məruz qalması, ərazisinin 20%-nin işğal olunması və dini maarifləndirmənin zəif aparılması böyük rol oynadı. Həmin təşkilatlar ölkənin düşdüyü ağır sosial iqtisadi durumdan və müharibə şəraitindən məharətlə bəhrələnərək, insanlara maddi yardım paylamaqla yanaşı, dini təbliğat da aparırdılar.

Bu təşkilatların bir qismi gənclər arasında dini təbliğatı gücləndirmək məqsədilə xarici dil kursları təşkil edərək çoxlu sayda - əsasən rus dilində təhsil almış gəncləri bu kurslara cəlb etməyə nail olmuşdular. Onlar əsasən yetim, kimsəsiz və əlil insanların məskunlaşdığı yerlərdə geniş təbliğat aparmağa üstünlük verirdilər. Həmin təşkilatlara kimsəsiz və əlil insanların yeməyə olan ehtiyaclarının ödənilməsi müqabilində dini təbliğat aparmaq üçün imkan və şərait yaradılmışdı. Bu imkandan istifadə edən bir neçə humanitar təşkilat dini təbliğat aparmaq məqsədilə xeyli sayda uşaq və kimsəsizlər evini himayəyə götürüb.

Bakıda əsas mərkəzlərini yaradan missioner təşkilatlar Azərbaycanın böyük şəhərlərindən başlayaraq regionlarda da təlimlərini yaymağı qarşılarına məqsəd qoyublar. O dövrdə əhatə dairələrini genişləndirmək məqsədilə həmin qurumlar böyük şəhərlərdən Gəncə və Sumqayıtda, respublikanın şimal rayonlarından İsmayıllı, Zaqatala, Qax, Balakən, Quba, Qusar və Xaçmazda geniş dini təbliğat aparırdılar. Azərbaycanda fəaliyyət göstərən bəzi ölkələrin səfirlikləri də müxtəlif yollarla missoner təşkilatlara dəstək göstərir, dövlət qurumlarının dövlət-din münasibətlərinin tənzimlənməsi, radikallıq meyllərinin qarşısının alınması istiqamətində həyata keçirdiyi tədbirləri Azərbaycanda insan hüquq və azadlıqlarının pozulması kimi qələmə verməyə çalışırdılar.

Sözügedən missioner təşkilatlar müəyyən vaxtdan sonra qanunsuz fəaliyyətlərinin qarşısının alınacağını öncədən düşünərək onlardan sonra ölkədə dini təbliğat apara biləcək davamçılar yetişdirirdilər. 1997-ci ildə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkədə dini təbliğat aparmalarına qanunla qadağa qoyulduqdan sonra onların uzun müddət hazırladıqları insanlar təbliğat aparmaq missiyasını öz üzərlərinə götürdülər. Bununla da həmin təşkilatlar yerli əhalinin köməkliyi ilə yenidən dini təbliğat aparmaq imkanı əldə etdilər.

 

Cavid

 

Xalq Cəbhəsi.- 2016.- 25 noyabr.- S.13.