Türk Qızılbaş əmirliyinin
inzibati idarə sistemində yeri
7-ci yazı
Yerli sülalə üzvləri arasında hakimiyyət
uğrunda gedən mübarizənin kəskinləşməsi
Şirvanşahları zəiflətməklə Səfəvi
dövlətindən asılılığını daha da
gücləndirirdi. Əslində Fərrux Yasarın
ölümündən (1500) sonra Şirvan öz müstəqilliyini
itirərək Səfəvi dövlətinə tabe olmuşdu.
Azərbaycanın şimal sərhədlərinin
təhlükəsizliyi və eyni zamanda Şirvan vasitəsilə
Avropa dövlətləri ilə iqtisadi-siyasi əlaqələrin
saxlanmasının əhəmiyyəti nəzərə
alınaraq tənzimlənsə də, bir müddət yerli
sülalənin daxili müstəqilliyi bir növ saxlanılsa
da, əslində Şirvanın hakimləri üzərinə
ciddi nəzarət qoyulmuşdu. Belə ki,
I İsmayıl tərbiyəçisi və yaxın tərəfdarı
Hüseyn bəy lələ Şamlını bura canişin təyin
etmişdi. Hüseyn bəy lələ isə
Şirvanı tərk edən zaman yerinə xidmətçisi
Şahgəldi ağanı qoyurdu. Şeyxşah
Şirvanda hakimiyyəti ələ keçirdikdən sonra
İsmayıla hədiyyələr göndərərək
vergi ödəyəcəyini və sədaqətli
olacağını bildirmişdi. Lakin
Şeyxşah İbrahim sonrakı illərdə, xüsusilə
Şah İsmayılın Xorasan səfərinə
hazırlaşdığı vaxt xərac verməkdən
imtina etdi. Elə buna görə də,
1509-cu ilin sonunda I Şah İsmayılın qoşunu
Şirvana daxil oldu və Şeyxşah müqavimət göstərə
bilməyib, Biğurd qalasında gizlənməyə məcbur
oldu. Şah İsmayıl ikinci dəfə
Şirvanı ələ keçirir və yenə də
Hüseyn bəy lələni bura canişin təyin edir.
Şah Şirvanın qalalarından yalnız Dərbənddə
müqavimətlə qarşılaşmış, ancaq qala
qısa vaxtda tutulmuş, qalanın kutvalları Yar Əhməd
Ağa və Məhəmməd bəy də əsir
götürülmüşdü. Dərbəndə
Mənsur bəy Əfşar hakim təyin edilmiş, digər
ulkalar isə Hüseyn bəy lələ Şamlıya
verilmişdi. Çox maraqlıdır ki,
h. 923-də (1517) bütün günahlarına baxmayaraq Fərrux
Yasarın oğlu Şeyxşah yenidən hakimiyyətdə
saxlanılır. Şah
İsmayılın göstərişi ilə həmin ildə
Mir Cəmaləddin Məhəmməd (sədr) və Mirzə
Şah Hüseyn Şirvana gəlib bundan sonra sədaqətli
qalacağı barədə Şeyxşaha and içdirirlər.
Şeyxşah böyük oğlu Sultan Xəlili girov
olaraq Təbrizə göndərir. Şah İsmayıl
qızlarından Pərixan xanımı ona ərə verir.
Şeyxşah özü isə 1521-ci ildə
Marağaya gəlib Şahla görüşür və ona sədaqətlə
xidmət edəcəyinə bir daha and içir. Göründüyü kimi, I Şah İsmayıl nə
birinci, nə də ikinci yürüş zamanı
Şirvanşahların öz mülklərində irsi idarəetmə
hüquqlarını ləğv etməmişdi. Lakin o, Şirvanşahların fəaliyyətini nəzarət
altında saxlayırdı. İkinci səfərdən
sonra Səfəvilərin Şirvan şahlığı
üzərində nəzarəti möhkəmləndirməsindən
bəhs edən Abbasqulu ağa Bakıxanov yazır: «Şah
İsmayıl hökumətə dayaq olmaq və onu möhkəm
saxlamaq üçün İranda yaşayan Bayat türklərindən
bir hissəsini siyahı üzrə köçürüb Qərvənd
və Şabranda yerləşdirdi». 1524-cü
ildə Şeyxşah II İbrahim vəfat edir. Sultan Xəlil (II Xəlilullah) Şirvan
hökmdarı olur. Sultan Xəlil 1535-ci ildə
vəfat etdikdən sonra isə onun qardaşı oğlu
Şahrux Şirvana hakim təyin edilir. Bu
barədə Şah Təhmasibin verdiyi yazılı fərman
və xələt Şahqulu sultan Ustaclının oğlu
Çuxur-Səd hakimi Məhəmməd bəy vasitəsilə
Şirvana göndərilir. Şahruxun kiçik
yaşlı olmasından istifadə edən Şirvan əmirlərinin
mərkəzdənqaçma meyilləri daha da güclənir və
Səfəvilər dövlətinə tabe olan Şirvan
Şahlığı gündən-günə zəifləyir,
nəzarəti altında olan bölgədə
ixtişaşlar getdikcə artırdı. Həsən
bəy Rumlunun məlumatına görə 1537-ci ildə
Salyanda peyda olan qələndər özünü Sultan Məhəmməd
ibn Şeyxşah adlandırmış və
Şamaxını tutmuşdu. Qələndərdən
ehtiyat edən Şahruh Biğurd qalasına
sığınmış, qiyamçılar Şamaxını
tərk etdikdən sonra qaladan çıxıb onları təqib
edərək məğlub edə bilmişdi. Şahruhun adi bir qələndər
qarşısında aciz qalıb qalaya sığınması,
artıq Şirvanşahlar sülaləsinin hələ də
özlərində saxladıqları şahlığın
formal ünvan mahiyyəti kəsb etməklə mərkəzi
hakimiyyət tərəfindən onlara verilmiş yeni statusu da
yerinə yetirə bilmədiklərindən xəbər
verirdi. Elə buna görə də Şah Təhmasib
öz qardaşı Əlqas Mirzəni, Məntəşa
sultan Ustaclı, qorçubaşı Sevindik bəy və Qacar
əmirlərini Qarabağ qoşunlarından ibarət 20 min nəfərlik
qüvvə ilə 1538-ci ildə Şirvana göndərir. Qızılbaşlar Şamaxı, Surxab, Qəbələ,
Gülüstan qalasını ələ keçirirlər.
Beləliklə, Şahrux və Şirvan əyanları
yenidən Qızılbaşlara təslim olurlar. Xacə
Zeynalabidin Əli Əbdi bəy Şirazi yazır:
«Bütün Şirvana yenilməz dövlətin rəhbəri
(Şah Təhmasib) yiyələndi».
Qalalar və xəzinənin açarları Əlqas Mirzəyə
tapşırılır. Şirvan əyanlarından bir çoxu, o cümlədən
də Şahruxun vəkili Hüseyn bəy edam
edilir. Şahlıq ləğv olunur. Əlqas Mirzə Şirvan bəylərbəyi və
Şamaxı hakimi təyin edilir. Onun lələsi
əvvəl Bədr xan Ustaclı (1538-1554) və ondan sonra
Qazı xan Təkəli olmuşdu.
1538-ci ildə Şirvanşahların hakimiyyətinə
son qoyularaq oranın vilayət elan edilməsi Azərbaycanın
sonrakı iqtisadi-ictimai, siyasi və mədəni inkişafında
böyük rol oynayır.
Əlqas Mirzə 1546-cı ildə Şaha qarşı
çıxdı. Ancaq güclü Azərbaycan Səfəvi dövləti
qarşısında tab gətirə bilmədiyini duyub iltimas
üçün anası Xanbikə xanımı və
böyük oğlu Sultan Əhmədi Şah Təhmasibin
yanına göndərib, ildə 1000 tümən nəğd
pul və 1000 nəfər süvari qoşun verəcəyini də
vəd edir. 1546-cı ildə eşikağası Seyid Mənsur
ibn Seyid Məhəmməd Kəmunə, divan əmiri Bədr
xan Ustaclı, möhürdar Şahqulu xəlifə Zülqədər,
qorçubaşı Sevindik bəy Əfşar, Şeyx Səfi
astanasının mütəvəllisi Məsum bəy Səfəvi,
qoşun qazısı Əmir Feyzulla Bağdadi də Xanbikə
xanımla Şirvana göndərildilər. Onlar
Cavadda Əlqas Mirzəyə itaətkar olacağına,
dövlətə sədaqətlə xidmət edəcəyinə
and içdirdilər. Sonralar vədinə
yenidən xilaf çıxdığı üçün
Qızılbaş ordusu Şirvana girəndə Əlqas Mirzə
Osmanlı dövlətinə qaçır.
Şah Təhmasib 1547-ci ildə 10 yaşlı oğlu
Əbumənsur İsmayıl Mirzəni Şirvana bəylərbəyi
göndərir. Kiçik yaşlı olduğuna görə
Gögcə Sultan Qacar Şahzadəyə lələ və
naib təyin olunur. Onların tabeliyində
Şirvana Qızızbaş-Türk əmirləri də
göndərilir və orada onlara ulkalar verilir. Şah Təhmasibin fərmanı ilə Şirvandan
ildə alınan min tümən də onlara
«bağışlanılır». H.956
(1549)-cı ildə İsmayıl Mirzə Şirvan bəylərbəyiliyindən
çıxarılıb geri çağırılır və
yerinə Şah İsmayılın bacısı oğlu
Abdulla xan Ustaclı bəylərbəyi göndərilir.
Abdulla xan Xan Məhəmməd Ustaclının
qardaşı Qara xanın oğlu idi.
Şirvana şahzadələrdən və yaxud
Şahın yaxın qohumlarından bəylərbəyi təyin
edilməsinin səbəbləri var idi. Şirvan
strateji əhəmiyyətinə görə digər vilayətlərdən
fərqlənirdi. Şimaldan Krım
tatarları və Dağıstan ilə həmsərhəd
idi. Keçmiş Şirvanşahların
yenidən Şirvan şahlığını bərpa edib Səfəvi
dövlətindən ayrılmaq təhlükəsi
qalırdı. Şirvan əsas ticarət
yolu üzərində yerləşdiyindən buranın ipəyi
ölkənin iqtisadi həyatında mühüm rol
oynayırdı. Məhz buna görə də,
Səfəvi şahları həmişə Şirvanı
«möhkəm əl» vasitəsi ilə idarə etməyə
çalışırdı.
Abdulla xan Ustaclının Şirvana bəylərbəyi
təyin edilməsi də daha çox burada baş verə biləcək
mərkəzdənqaçma meyilləri ilə əlaqədar
idi. Fəzli İsfahani yazır ki, Şirvanşahlar nəslindən
olan Bürhan sultan Şirvana gəlib, Şirvanşahlar
sülaləsini və hakimiyyətini bərpa etmək
üçün Qızılbaş qoşunları ilə
vuruşdu və məğlub oldu. Vəziyyəti
belə görən Şah Təhmasib H.956-cı (1549) ildə
öz bibisi oğlu Abdulla xan Ustaclını Şirvana bəylərbəyi
təyin edir.
Həsən bəy Rumlunun məlumatına görə
Abdulla xan Şirvana çatdıqda Bürhan vəfat
etmişdi. Qiyamçılar onun cəsədini gizlətmişdilər.
Abdulla xanın göstərişi ilə
Bürhanın cəsədi aşkar edilir və başı kəsdirilir.
Qorxudan Xəzər dənizi sahilində adaya
çəkilən qiyamçılar Abdulla xanın
barış təklifini qəbul etmədiklərinə görə
dənizə sıxışdırılıb məhv edilirlər.
Abdulla xan Ustaclı tayfasının bir hissəsini
Şirvana köçürüb öz hakimiyyətini möhkəmləndirdi.
O, H.974-cü (1566) ildə vəfat etdikdən sonra yerinə
Araz sultan Rumlu (Rey əyalətinin hakimi) Şirvana bəylərbəyi
təyin olunur və 1578-ci ilə qədər fasilələrlə
Şirvanda hökmranlıq edir. Fəzli
İsfahani isə qeyd edir ki, Abdulla xan Ustaclı vəfat etdikdən
sonra oğlu Sultanəli bəy (Şah Təhmasibin kürəkəni)
Şirvana bəylərbəyi təyin edilir. H.978-ci (1570-71) ildə isə Sultanəli bəy
Şirvan bəylərbəyiliyindən
götürülüb, yerinə I Şah Təhmasibin oğlu
Sultan Mahmud Mirzə göndərilir. Ancaq
şahzadə kiçik yaşlı olduğuna görə
Şirvanı onun lələsi Araz xan Rumlu əmir əl-üməra
rütbəsi ilə idarə edirdi. II
Şah İsmayıl hakimiyyətə keçdikdən sonra
Araz sultan Rumlu Şirvan hakimliyindən götürülüb
Herata göndərilir.
Qazi
Əhməd Qumi h. 985 (1577-78)-ci il hadisələrindən bəhs
edərkən yazır ki, Bürhan Mirzənin bacısı
oğlu Tavus Mirzə Şirvanda özünü Şah elan
etmiş, ancaq bu vaxt Herata getməyə hazırlaşan Araz
sultan Rumlu 600 nəfər mülazimi ilə Şabranın 2 fərsəhliyində
(12 km) Tavus Mirzənin dəstəsini məğlubiyyətə
uğradır.
İsgəndər Münşinin verdiyi məlumatda II
Şah İsmayılın hakimiyyəti dövründə
Əbu Turab sultanın da qısa müddət ərzində
Şirvanda hakimiyyətdə olduğu göstərilir. Sultan Məhəmməd
(1578-1587) hakimiyyətə keçdikdən sonra isə Araz
sultan Rumlu yenidən Şirvana qaytarılır. Şirvanın Ərəş mahalının idarəsi
isə II Şah İsmayıl dövründə həbsə
alınmış Ərdoğdu xəlifə Təkəliyə,
Şəki əyaləti isə İsa xana
tapşırılmışdı. Rumlu əmirlərindən
bir neçə nəfərinə də Şirvanda ulkalar
verilir. Araz Sultan Rumlu Şirvana yenidən öz vəzifəsinə
qaytarıldıqda, Əbubəkr Mirzənin
başçılığı ilə qiyam baş vermiş və
Osmanlı ordusu Şirvana hücum (1578) edib, Şamaxı, Qəbələ,
Bakı, Şabran, Mahmudabad və Salyanı tutur. Şirvan bəylərbəyi Araz xan Rumlu müqavimət
göstərməyin mənasız olduğunu bilərək
Kür çayına doğru geri çəkilir. Hadisələrin
sonrakı gedişi haqqında İsgəndər bəy
Münşi yazır: «Rumlu tayfası neçə il
Şirvanda tam rahat yaşayıb çoxlu mal-dövlət
topladılar. Amma ruzigarın onlara gözü dəydi.
Əksər yüksək rütbəli şəxsiyyətləri
qətlə yetirildi, malları talan edildi. Araz
xan Rumlu Şirvan döyüşlərində düşmən
tərəfindən əsir alındı».
Zabil Bayramlı
tarix üzrə
elmlər doktoru,
professor
Xalq Cəbhəsi.- 2016.- 26 noyabr.-
S.14.