Türk Qızılbaş əmirliyinin inzibati idarə sistemində yeri

 

8-ci yazı

 

H. 986 (1578)-cı il hadisələrindən bəhs edən Qazi Əhməd Qumi yazır ki, Şah Təhmasib dövründə Astrabad hakimi olan və Zülqədər tayfası arasında şücaət və mərdliklə şöhrət tapmış Məhəmməd sultan Hacılar Zülqədərə xan titulu verilib Şirvana bəylərbəyi təyin edilir. O, I Şah Təhmasibin hakimiyyətinin son ilində Astrabada hakim göndərilmiş, lakin bu vilayətdə Yaka Türkmənlərlə bağlı narazılıq baş verdiyinə görə Qəzvinə qayıtmışdı. Məhəmməd Xudabəndə onu Şirvana hakim təyin etdikdə, Şirvan mahallarının yeni Qızılbaş-Türk əyanları arasında bölünməsi, yəni onların mahal başçıları qoyulması haqqında buyruq verilmişdi. Bu məqsədlə Hüseynqulu Sultan Qacar və Cagirli, Qaramanlı əmirləri də onunla birlikdə Şirvana göndərildilər. İsgəndər Münşi isə h. 988-ci (1580-81) il hadisəsindən bəhs edərkən həmin ildə Abdulla xan Ustaclının nəvəsi Salman xan Ustaclının Şirvana hakim təyin edildiyini və Ustaclı tayfasının bir çox əmirlərinə də əlavə titul verilib ora göndərildiyini yazır. Salman xanın atası Şahəli Mirzə I Şah Təhmasibin bacısı oğlu idi. Hakim sülaləyə qohum və həm də onun yaxın tərəfdarı olan Salman xan I Şah Təhmasibin qızı Şəhribanu bəyimlə evlənmişdi. Onların toyundan sonra Nəzər sultan Ustaclının oğlu Hüseynqulu sultan, Ustaclı elinin Çavuşlu obasından Əliqulu sultan, Ustaclının Şərəfli obasından Mustafa sultan, Mehdiqulu sultan Çavuşlu ilə yanaşı Qaramanlı, Cagirli və başqa türk oymaqlarından bir çox əyana əmir rütbəsi verilmiş, bəylərbəyi Salman xan üməra-ye tabin olaraq Şirvana göndərilmişdi. Ancaq 1581-ci ildə Salman xan Ustaclı osmanlılarla müharibədə məğlub oldu və elə buna görə h. 989-cu (1581-82) ildə tutduğu vəzifədən azad edildi. Peykər xan Ziyad oğlu Qacar Şirvana bəylərbəyi təyin olundu.

Bu illərdə Osmanlı hərbi yürüşlərinin genişlənməsi ilə əlaqədar olaraq Şirvanın qorunması Qarabağın Qacar, Otuziki və digər ellərinə həvalə oulnmuş və vilayətin idarəsi isə Qarabağ bəylərbəyi İmamqulu xana tapşırılmışdı. Lakin İmamqulu xan bundan imtina etmiş və elə onun məsləhəti ilə Peykər Sultan Ziyad oğlu Qacar xan rütbəsi ilə Şirvana bəylərbəyi təyin olunur. Qacar əmirlərindən bir çoxuna da Şirvanda ulka verib Şamaxıya yola salınır. 1581-ci ildə Qızılbaşlar Şabran, Şəki, Qəbələnin Osmanlı ordusundan geri alarkən Peykər xan xəstəlikdən vəfat edir. Şahın əmri ilə Qaradağlı Xəlifə Ənsər Peykər xanın yerinə Şirvana bəylərbəyi təyin edilir. Lakin Xəlifə Ənsarın Şirvanda bəxti gətirmir və tezliklə vəfat edir. Bundan istifadə edən Osmanlılar Şirvanı yenidən ələ keçirirlər.

Şirvan 1585-ci ildən 1607-ci ilə qədər Osmanlıların hakimiyyəti altında qalır. I Şah Abbasın qoşunu 1603-cü ildən Osmanlı dövlətinə qarşı müharibəyə başlayıb yerli əhalinin köməyi ilə 1607-ci ildə Şirvanı azad etdi. Həmin ildə Zülfüqar xan Qaramanlı Şirvana bəylərbəyi təyin olundu. Zülfüqar xan Qaramanlı I Şah Abbasın hakimiyyətinin əvvəllərindən 1598-ci ilə qədər Səfəvi ordusunun baş komandanı olmuş Qaramanlı Fərhad xanın qardaşı idi. İsgəndər bəy Münşi yazır ki, Allahverdi xan və bir neçə qulam əmiri Fərhad xanı öldürmək üçün çadırına girdikdə o, türkcə «Beləmi oldu demişdi. Bu zaman Zülfüqar xan onu da sağ qoymayacaqlarını güman etsə də, ona toxunmamışdılar. Ancaq çox keçmədi ki, onu da ölüm cəzasına məhkum etdilər (1610). H.1019-cu (1610) ildə keçmiş Astrabad hakimi Yusif xan mirşikarbaşı Şamaxı və Qəbələdə bəylərbəyi vəzifəsinə göndərilmişdi. Ondan sonra isə Gilan darğası Qazaq bəy Çərkəz Şirvan bəylərbəyi və Şamaxı hakimi təyin edilir. İsgəndər bəy Münşi h.1036-cı (1626-27) il hadisələrindən danışarkən qeyd edir ki, Şirvan valisi Qazaq xan Çərkəz (1625-1627) Gürcüstanda əsir düşdü və o, əsirlikdə olduğu iki il ərzində Şirvanı onun canişinləri, yaxın adamları idarə etdilər. O, 1633-cü ilə qədər Şirvan bəylərbəyi və Şamaxının hakimi olmuşdu.

1633-cü ildə Dərbənd hakimi Fərrux sultana əmir əl-üməra hərbi rütbəsi və xan titulu verilmiş və o, Şirvanda Qazaq xanı əvəz etmişdi. Dərbəndə Siyavuş sultan hakim göndərilmişdi. Fərrux xan h.1042-ci ilin rəcəb ayında (yanvar 1633) Şamaxıdan bir dəstə qoşunla Zəyəmə gedib orada gürcülərlə vuruşmuş və çoxlu qənimətlə Şirvana qayıtmışdı. H.1045-ci il rəcəb ayında (yanvar 1636)

Fərrux xan İrəvan vuruşmasında öldürülür. Bu xəbər mərkəzə çatdıqda, dərhal imperiyanın şimal sərhədlərinin qorunmasını gücləndirmək üçün h. 1045-ci ildə Şirvanın strateji əhəmiyyət kəsb edən Dərbənd mahalında Siyavuş sultan tutduğu vəzifədən azad edilmiş və bura Ustaclı əyanlarından eşikağası Şahverdi bəy hakim göndərilmişdi. Lakin Dərbənd qaziləri Şahverdi bəydən şikayət etdiklərinə görə o, 1638-ci ildə tutduğu vəzifədən azad edilir. Dərbəndə yenə Ustaclı əyanlarından Bəhram bəy hakim göndərilir. Oğlu Bəyazid bəy isə ona naib və həm də Dərbəndə keşikçibaşı, hərəm eşikağası Ağabba Nuri isə tüfəngçiağası təyin edilir və qalaya tüfəngçi dəstəsi də göndərilir.

Dərbəndə yeni təyinatlara aid fərmanda qala tüfəngçilərinin məvacibi Dərbənd mahalının mədaxili hesabına ödənilməli idi. Fərrux xandan sonra Ərəb xan Ağzıvar oğlu Şamlı (keçmiş cəbbədarbaşı) Şirvana bəylərbəyi təyin edilir. Adam Oleari yazır ki, Ərəb xan Sərab mahalında yoxsul kəndli ailəsində anadan olmuşdu. O, İrəvan müharibəsində topçubaşı olmuş və döyüşlərdə qəhrəmanlıq göstərdiyinə görə, İrəvan mühasirəsində ölən Fərrux xanın yerinə Şirvan bəylərbəyi seçilmişdi. Ərəb xan 1645-ci ildə II Şah Abbasın göstərişilə hökumətin baş vəziri Mirzə Tağının qətlində iştirakına görə təqsirləndirilərək öldürüldü. Şahın əmri ilə İsgəndər bəy Qacar isə Şirvana Ərəb xanın oğlu Nəriman bəyi həbsə alıb, əmlakını müsadirə etmək üçün göndərilir. H.1055-ci il rəcəb ayının 12-də (3 sentyabr 1645) kökcə qulam olan Xosrov xan Şirvana bəylərbəyi təyin edildi. Bəylərbəyi vəzifəsinə keçməmişdən qabaq Xosrov xan Qarabağda Cavanşir tayfasının başçısı, sonra mirşikarbaşı vəzifəsi ilə yanaşı, Əbhər vilayətinin hakimi olmuşdu.

Xosrov xanın Şirvan bəylərbəyi olması barədə h. 1056-cı ildə (iyun 1646) hökm yazılmışdı. 1653 və 1654-cü illərdə Xosrov xanın Şirvanda xan olması haqqında başqa rəsmi sənədlər də var. Rusların Səfəvi dövlətinin quzey sərhəddində bir neçə qala tikdirməsi barədə Şirvan bəylərbəyi Xosrov xan II Şah Abbasa məlumat vermişdi. Şahın fərmanı ilə Ərdəbil, Çuxur-Səd, Qarabağ, Astara və Azərbaycan bəylərbəyilərinə, eləcə də mahal başçılarına məktub göndərilir ki, qoşunlarını Şirvana gətirib bəylərbəyi Xosrov xanın rəhbərliyi altında ruslarla vuruşmağa getsinlər. Məhəmməd Yusif Qəzvini 1653-cü ildə baş verən bu hadisəni təfərrüatı ilə şərh etmişdi. Məhəmməd Yusif Qəzvini 1654-cü il hadisələrindən danışarkən yazır: «Bu ildə Şirvan bəylərbəyi Xosrov xan vəfat etdi. Qulaman-i xasse-ye şərifəni yüzbaşısı Bəxtan bəy bu vəzifəyə keçirilib Mehrəli xan adlandırıldı».

Mehrəli xan öldürüldükdən sonra 1656-cı ildə Astrabadın keçmiş bəylərbəyi Hacı Mənuçöhr xan Şirvana bəylərbəyi təyin olunur. Hacı Mənuçöhr xan h.1069 (1659)-cu ildə Dağıstan qiyamçılarına qarşı döyüşə başçılıq etmişdi. H. 1069-1070 (m.1659-1660)-cı ildə Şirvan bəylərbəyi Hacı Mənuçöhr xan Şaha Qaytaq hakimi Abbasqulu xan Usminin vəfat etməsi və oğlu Rüstəm Usminin yaramaz adamlara qoşulub pis işlər törətməsi barədə məlumat göndərdi. Şah bu zaman Kaxetdə qala inşası ilə məşğul olan sipahsalar Allahverdi xana göstəriş verdi ki, Mənuçöhr xanın yanına 15.000 sipahi göndərsin, o bu ordu ilə Dağıstan, Saxur və Təbəristana yola düşüb qiyamçıları məhv etsin. Şah bu nahiyələrin əmirlərinə fərman göndərdi ki, onların hamısı Mənuçöhr xana tabe olsunlar. Hacı Mənuçöhr xan qiyamı yatırıb Rüstəm Usmini də ələ keçirib İsfahana göndərdi. Məhəmməd Yusif Qəzvini h.1070-ci (1660) il hadisələrindən bəhs edərkən qeyd edir ki, Şirvan bəylərbəyi Mənuçöhr xandan sonra Məhəmməd bəy bəylərbəyi təyin edildi. Məhəmməd xan Siyavuş bəyin oğlu idi. Şirvan əhalisinin şikayəti nəticəsində o, vəzifədən götürülüb həbs edilir və əmlakı da müsadirə olunur. Məhəmməd Tahir Vəhid h. 1071-ci (1660-1661) il hadisələrindən danışarkən yazır: «Məhəmməd xan Şirvana daxil olduqdan sonra çoxlu şərab içir. Əhali ilə Allaha və xalqa yaraşmayan qaydada hərəkət edir, onları hər gün incidirdi. Ona görə Şah əmr edir ki, o camaata nə kimi zülm olunubsa, yoxlayıb ona məlumat versinlər. Bu iş üçün Fətəli bəy Şirvana göndərilir. Fətəli bəy Şirvana çatana qədər Məhəmməd xan şikayətçilərdən bir neçəsini tutub həbsxanaya saldırmışdı. Fətəli bəy onun hərəkəti haqqında Şaha məlumat verir. Şahın fərmanı ilə Məhəmməd xan həbs olundu. Əmlakı əlindən alındı və İrəvanın keçmiş hakimi Nəcəfqulu xan Şirvana bəylərbəyi təyin edildi». Nəcəfqulu xan Əfşar Əmirlərindən Qazaq xanın oğlu idi. 1667-ci ilin yazında vəfat etdi.

II Şah Səfinin (Şah Süleymanın) 1691-ci ildə verdiyi yazılı fərmanda Şirvan bəylərbəyi Nəcəfqulu xanın adı çəkilir və əmir əl-üməra olduğu göstərilir. Ehtimal ki, o, 1656-1663-cü illərdə Çuxur-Səd, 1663-1667-ci illərdə Şirvan bəylərbəyi olmuş Nəcəfqulu xan Şamlının nəvəsi idi və babasının adını ona qoymuşdular. Şirvan bəylərbəyi Xosrov xanın 1646-cı il hökmündən aydın olur ki, Şahın h.1043-cü il səfər (avqust 1633) tarixli fərmanı əsasında bəylərbəyi özü də hökmran olduğu vilayətin daxilində yazılı hökmlər verə bilərdi. Şahın qeyd olunan fərmanı əsasında Şirvan bəylərbəyi Xosrov xanın 1648-ci ildə verdiyi hökmdə deyilir ki, Kiş, Nuxu və Şəkərənd kəndlərinin üç tümən gəliri Şəki mahalı tiyuldarının tiyulundan ayrılıb haman mahalın məliyi Məlik Səfiquluya verilib və Şahın h. 1043-cü il səfər tarixli fərmanı eynilə Xosrov xanın 1646-cı il hökmü ilə qüvvədə qalır. Şəkinin hakim tiyuldarına göstəriş verir ki, oraya toxunmasınlar.

Göründüyü kimi, o dövrdə Şirvanda çox güclü Qızılbaş tayfa aristokratiyası var idi və bu vilayətə bəylərbəyilər əsasən onlardan təyin olunurdu. Səfəvi dövlətinin Şərq əyaləti Herat, Məşhəd, Qəndəhar və Mərv-Sistan adlı dörd bəylərbəyiliyə bölünmüşdü. Herat bəylərbəyinə tabe olan mahal və ulkalar Mərucağ, Fərah, Xaf, Cam, Bala-Murğab, Pəncdeh, Badqis, Kərəc, Rudmi, Qur və Tundan ibarət idi. I Şah Təhmasibin 1576-cı ilin may ayında əfatından sonra şahlığa onun övladlarından kimin keçəcəyi üstündə əmirlər arasında baş vermiş ixtilafda Ustaclıların əmirlərinin çoxu Heydər Mirzənin atasına xələf (varies - Z.B.) olması tərəfində dayanmışdılar. Ancaq 1576-cı ilin avqust ayının 22-də hakimiyyətə I Şah Təhmasibin İsa xan Mosullunun qızı Sultanım bəyimdən anadan olan oğlu İsmayıl Mirzə keçdi. İsmayıl Mirzə şahlıq taxtına oturana qədər paytaxtda Ustaclı eli çox ciddi təqiblərə və cəza tədbirlərinə məruz qalır. İsmayıl Mirzənin tərəfdarlarının Qəzvində Heydər Mirzəni dəstəkləyən Ustaclı əmirlərinə qarşı həyata keçirdikləri cəza tədbirləri əyalətlərdən də yan keçmədi.

 

Zabil Bayramlı

tarix üzrə elmlər doktoru,

professor

 

Xalq Cəbhəsi.- 2016.- 29 noyabr.- S.14.