Azərbaycan Səfəvilər dövləti

 

Onun yaranmasının, təşəkkülünün ilkin mərhələsi Şah İsmayıl Xətainin fəaliyyəti ilə bağlıdır

 

Orta əsr cəmiyyətində, ictimai-iqtisadi, siyasi-ideoloji, dini ziddiyyətlərin mövcud olduğu sistemdə dövlət hakimiyyətinin mədəni proseslərə nəzarət etməsi obyektiv gerçəklikdir. Hər bir tarixi mərhələdə hökmran sinfin fikirləri cəmiyyətdə hakimdir. Cəmiyyətin hakim maddi qüvvəsini təmsil edən sinif eyni zamanda aparıcı mənəvi qüvvədir. Maddi istehsal vasitələrinə malik olan sinif mənəvi istehsal vasitələrinə də malikdir. Məhz bunun sayəsində mənəvi istehsal vasitələrinə malik olmayanların fikirləri hakim sinfin fikirlərinə tabe vəziyyətdə olur. Səfəvilər dövlətinin XVI əsrin ortalarından etibarən yenidən dini ideologiyaya üstünlük verməsi ölkədə ictimai mübarizənin kəskinləşməsindən irəli gəlirdi. Ruhani feodallar olan Səfəvilərin bu mövqeyi təbii idi. Dünyəvi hakimiyyətə də sahib olmuş Səfəvilər orta əsr müsəlman Şərqinin tipik sülaləsi kimi səciyyəvidir. “Müsəlman regionu ölkələrində qanunvericilik əsası kimi şəriətin uzun müddət qüvvədə qalması daha bir vacib cəhətlə, yəni onunla bağlıdır ki, burada min ildən artıq dövr ərzində dünyəvi hakimiyyətlə dini hakimiyyət bir əldə cəmlənmişdi: dövlətin başçısı (xəlifə, sultan və əmir) eyni zamanda həm də əmir-əl-Möminin (yəni möminlərin başçısı) adını daşıyırdı”. Müsəlman ölkələrindən biri kimi Səfəvilər dövründə “dinin ictimai və şəxsi həyata və hətta məişətə təsiri” gerçəklik idi.

Şah I İsmayılın dini islahat keçirməsi (şiəliyin dövlət məzhəbi elan edilməsi) də mövqeyin möhkəmləndirilməsi, siyasi və sinfi mübarizədə əleyhdarların məğlub olunması, mədəni – ideoloji sahədə dövlət nəzarətinin daha da genişləndirilməsi cəhdi idi. Beləliklə, dinin rolunun artması sinfi, siyasi mübarizənin kəskinliyinin nəticəsi kimi meydana gəlmişdi. Lakin qeyd etmək zəruridir ki, Səfəvi hökmdarlarının dini radikalizmi sabit təmayül deyildi. Dini ideologiya onların dünyagörüşündə dünyəvi ideologiya ilə qovuşurdu. Səfəvi şahlarının əksəriyyətinin ədəbiyyata və incəsənətə dərin maraq və qayğı göstərməsi bu həqiqəti sübut edir. Azərbaycan (türk) və fars dillərində şeirlər yazan, miniatür rəssamlığı və kalliqrafiya ilə (xəttatlıqla) məşğul olan hökmdarlar XVI-XVII əsrlərin Azərbaycan mədəniyyətinin səciyyəvi hadisəsi idi. C.Nehru Moğol hökmdarı Zahirəddin Məhəmməd Babur (1483-1530) haqqında yazıb: “Babur cazibədar şəxsiyyət, intibah dövrünün səciyyəvi hökmdarı, cəsur və bacarıqlı insan idi. O, incəsənəti və ədəbiyyatı sevirdi, həyatdan zövq almağı xoşlayırdı”. C.Nehru bu dövrü belə qiymətləndirir: “Teymurilər sülaləsinin hökmdarı Babur Dehli taxtına çıxdı. Bu, XVI əsrin əvvəllərində baş verdi. Bu zaman, Səfəvilər hakimiyyəti dövründə İran incəsənəti parlaq İntibah dövrünü yaşayırdı. Bu dövr fars incəsənətinin qızıl əsri kimi məşhurdur”.

Müəllif Səfəvilərin etnik mənsubiyyətinə əhəmiyyət verməyib, bu dövlətin ictimai, iqtisadi, mədəni-tarixi və siyasi mərkəzinin Azərbaycan olduğu faktını sərfnəzər edib, Səfəvi dövrünün mədəni sisteminə regional (İran) mədəniyyət faktı kimi yanaşıb, incəsənətin inkişafında Azərbaycan türklərinin aparıcı mövqelərinə və roluna fikir verməyib. Ancaq C.Nehrunun incəsənətdə, ədəbiyyatda intibah barədəki fikri də Səfəvi şahlarının dünyəvi dünyagörüşə malik olduğunu sübut edir.

Şah İsmayıl Xətainin siyasi xadim və şair kimi fəaliyyəti haqqında bir çox məlumatları 1550-ci ildə, “Töhfeyi-Sami” təzkirəsinin müəllifi, şairin oğlu Sam Mirzə (1517-1567) də verib. Şah İsmayıl Xətaidən (1487-1524) bəhs etmiş orta əsr tarixçilərindən Mirxond, İsgəndərbəy Münşi (Türkman), salnamə müəllifləri və təzkirəçilərdən Lütfəlibəy Azər, Rzaquluxan Hidayət daha çox şairin siyasi fəaliyyətini əks etdirib, onun ədəbi sahədəki xidmətləri barədə kiçik qeydlərlə kifayətləniblər. Şah İsmayıl Xətainin ədəbi irsinin kompleks şəkildə tədqiqi və çapı işi Həmid Araslının adı ilə bağlıdır. O, əsrimizin 40-50-ci illərində bir neçə məqalə və əsərlə xətaişünaslığın əsasını qoyub. Azərbaycanda Xətai haqqında ilk geniş monoqrafik əsərin müəllifi Əzizağa Məmmədovdur. Həmin əsərdə Şah İsmayıl Xətai Nəsimi ilə Füzuli arasındakı dövrdə yaranmış yeni Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi kimi təqdim edilib. Şah İsmayıl Xətainin avtoqraf əlyazmaları elm aləminə məlum deyil. 1535-ci ildə məşhur kalliqraf (xəttat) Şah Mahmud Nişapuri Xətai “Divan”ının üzünü köçürüb. “Divani-Xətai”nin bu, ən mükəmməl əlyazma nüsxəsində şairin 14 qəsidəsi, 245 qəzəli və 10 rübaisi toplanıb. Xətai “Divan”ının onlarla əlyazma nüsxələri də mövcuddur. Məhəmmədəli Tərbiyət Şah İsmayıl Xətai haqqında belə məlumat verib: “XVI əsr, Xətai, bəzən də İsmayıl təxəllüsü ilə fars və türk dillərində şeir yazırdı. Onun divanı, “Dəhnamə” (“On məktub”), “Behcətül-Əhrar” (“Azad adamların sevinci”), “Nəsihətnamə”, “Mənaqibül-əsrar” (“Sirlərin niqablanması”) adlı əsərləri var”.

Şah İsmayıl Xətai xarici ölkələrin tədqiqatçılarını da məşğul edən görkəmli şəxsiyyətdir. O.Kölpınarlı, M.F.Köprülüzadə, İsmayıl Hikmət, Bəsim Atalay, Sədəddin Nüshət Ergün Xətai mövzusunda yazmış Türkiyə araşdırıcılarıdır. Avropa xətaişünaslarından N.Purqştall, Ş.Riyö, E. Braun, F.Babinger də bu görkəmli simanın həyat və fəaliyyətini tədqiq ediblər. Azərbaycan xətaişünasları arasında Salman Mümtaz, Bəkir Çobanzadə, H.Araslı, Turxan Gəncəyi Şah İsmayıl Xətainin fəaliyyətinin müxtəlif sahələrinə tədqiqat obyekti kimi yanaşıblar. Rus tədqiqatçıları A.Krımski və V.Minorski də görkəmli Azərbaycan siyasi xadiminin və şairinin həyatı, fəaliyyəti məsələlərinə toxunublar. Azərbaycan Səfəvilər dövlətinin yaranmasının, təşəkkülünün ilkin mərhələsi Şah İsmayıl Xətainin fəaliyyəti ilə bağlıdır. Dövrünün ictimai-siyasi ziddiyyətləri onun şəxsiyyət, siyasi xadim kimi çox erkən yetişməsinə səbəb olmuşdu. “O, 10-11 yaşlarına qədər İncili, Tövratı və Quranı öyrənib, ərəb və fars dillərini mənimsəyib, müxtəlif təhlükələrə məruz qalıb”.

1501-ci ildə özünü şah elan etmiş İsmayıl ömrünün son günlərinədək xarici və daxili düşmənlərlə mübarizədə olub, ancaq poetik yaradıcılıqla da məşğul olmağa imkan tapıb. O, İntibah dövrünün səciyyəvi hökmdarı idi. Şah İsmayıl Xətai elm, incəsənət, sənət adamlarına himayəçilik edir və özü də dövrün mütərəqqi ideyalarını təbliğ edən əsərlər yazırdı. "Şairlər, rəssamlar, musiqiçilər Şərqdə də, Qərbdə də şah saraylarının yaraşığı olublar. Bir sıra istedadlı sənətkarlara sarayların himayəsi yaratmaq üçün yeganə imkan, şərait idi. Bu, Avropanın İntibah dövrü rəssamlarına da aiddir, Şərq şairlərinə də, Velaskesə də, özbək dahisi Nəvaiyə də”.

Mütərəqqi fəlsəfi ideyaları təbliğ edən hürufilər Şah İsmayıl Xətainin himayəsinə sığınmışdılar. “Hürufi ideyaları bu dövlətin himayəsində sərbəst inkişafa imkan tapmışdı. XVI əsrdə hürufi şairlərinin hamısı Səfəvilər dövləti ətrafında mərkəzləşir və şiəliklə uyuşmağa çalışırdılar. Şah I İsmayıl özü hürufilərə dərin rəğbət göstərib, hürufi üslubunda şeirlər yazıb. “Dəhnamə”dəki məktublardan biri hürufı şeiri üslubunda yazılıb”. Şah İsmayıl Xətai şeirlərindən birində bu faktı açıq şəkildə qeyd edib:

“Mən sufilər yoldaşıyam,

Qazilər deyən şah mənəm”.

Xətai gəraylılardan birində yazır:

Sufı isən, alıb satma,

Halalına haram qatma.

Yolun əyrisinə getmə,

Doğru yola nəzər eylə.

Sah İsmayıl Xətai dahi Məhəmməd Füzulinin də dərin rəğbətini qazanmışdı. Siyasi xadim, şair, mütəfəkkir, elm və sənət himayəçisinin Bağdadı fəth etməsi Füzulinin sonsuz sevincinə səbəb olmuşdu. “Məhəmməd Füzuli qiymətli əsərlərindən birini “Bəngü-Badə”ni ona ithaf etmiş, elm və maarif, şeir və sənətin bu iradəli dostunu “Padşahi-dövran” adlandırıb”. Ancaq İraqın Səfəvi dövləti tərkibində inkişafı prosesi uzun çəkmədi. Şah İsmayıl Xətai qətiyyətliliyi ilə fərqlənən siyasi xadim idi.

Şah İsmayıl Xətainin poetik yaradıcılığında Səfəvi dövlətini möhkəmləndirməyə xidmət edən, bu dövlətin əsaslandığı dini görüşlərin təbliğinə həsr etdiyi əsərlər mühüm yer tutur. Lakin Xətainin yaradıcılığına sırf dini-siyasi təbliğat vasitəsi kimi qiymət vermək də olmaz. Onun yaradıcılığında dünyəvi motivlər başlıca yer tutur. Şah İsmayıl Xətainin:

Qəmindən gözlərim ümman degilmi?

Vüsalın can içində can degilmi?

Bu günün fürsətin danlaya verən

Yolunda cahilü nadan degilmi?-

kimi fikirləri dünyəvi fəzilətləri əks etdirir və onun əsərlərinin əksəriyyətində bu cür ideyalar mövcuddur. “Xətai dilimizdə və ədəbiyyatımızda olan yad təsirlər əleyhinə qəti mübarizə açdı və şairlərimizə öz ana dilində yazmaq, xalqa onun başa düşdüyü dil ilə xitab etmək imkanı verdi. Şah İsmayıl tək dil sahəsində deyil, demək olar ki, mədəniyyətimizin bütün sahələrində həqiqi bir inqilab yaratdı”.

Xətainin yaradıcılığı üçün səciyyəvi olan cəhətlərdən biri onun folklora bağlılığıdır. Xətai həm klassik üslubda, həm də folklor üslubunda yazan şairlərə, ozan-aşıq ədəbiyyatına eyni dərəcədə himayəçilik edirdi. “Onun hakimiyyəti illərində ozan-aşıq ədəbiyyatı da rövnəqləndi və yeni yüksəliş mərhələsinə qədəm qoydu. El sənətkarları Şah İsmayılın ordusunda və sarayında xüsusi hörmət və etimad sahibi idilər”. Klassik Azərbaycan ədəbiyyatı və xalq yaradıcılığı Xətai poeziyasının başlıca mənbələri idi. “Dəhnamə” poeması Xətai yaradıcılığının ən mühüm əsəridir. Xətai “Dəhnamə”ni 18 yaşında qələmə almışdı və “Dəhnamə” Azərbaycan ədəbiyyatında doğma dildə ilk poemalar sırasındadır”. Bu əsərdə müəllif onun yazıldığı tarixi də bildirib. “Dəhnamə” poemasında üç canlı insan surəti (aşiq, məşuqə və bağban) əsasında insanı fəaliyyətə çağıran ideyalar təbliğ edilir. Əsər iki misrası həmqafiyə olan şeir formasının (məsnəvinin) Azərbaycan türk ədəbiyyatı tarixində ilk nümunələrindəndir. “Xətai şeirimiz tarixində iki nəhəngin - Nəsimiylə Füzulinin arasında parlaq ədəbi simadır, həm də bu keçiddə yalnız xronoloji ardıcıllığa, zaman qatarına görə yer tutmur. Xətai poetikasına, təfəkkür tərzinə, dünyaduyumuna görə də Nəsimiylə Füzuli arasında bir körpüdür”. Azərbaycan mədəniyyətinin inkişafı klassik ədəbiyyatla xalq yaradıcılığının bir-birinə yaxınlaşması prosesində, Azərbaycan türkçəsinin, ədəbi dilinin sadələşdirilməsində Xətainin rolu mühüm olub.

 

Xeyirbəy Qasımov

Araşdırmaçı

 

Xalq Cəbhəsi.- 2016.- 1 oktyabr.- S.14.