Azərbaycan Səfəvi dövlətinin
etnik mənsubiyyəti, quruluşu
Hakimiyyətin
həyata keçirilməsində Türk-Qızılbaş əsilzadələrinin
rolu
1-ci
yazı
Səfəvi sülaləsinin hakimiyyəti ilə
formalaşmış və cəmiyyətin sosial-iqtisadi
durumuna uyğunlaşan dövlət əslində klassik
müsəlman dövləti olub, burada dini hakimiyyətlə
dünyəvi hakimiyyət
çulğalaşmışdı. Onları mövcud
şəraitdə və xüsusən sülalənin hakimiyyətinin
ilk illərində bir-birindən ayırmaq mümkün
deyildi. Xətayinin «Mənəm həm
pirü həm sultani-aləm», «Əzəldən Şah bizim
sultanımızdır, Pirimiz, mürşidimiz,
xanımızdır» beytləri nəzəri cəhətdən
şahlıqla ruhani hakimiyyətini birlikdə mövcudluq
ideolojisinin təcəssümü olub, dövlətin teokratik
prinsiplərə dayandığını göstərir.
I Şah İsmayıl Xətayi dünyəvi
başçı olmaqla paralel ruhani-mənəvi təşkilatlara
da nəzarətçi və həm də mürşid-i kamil
vəzifəsini özündə saxlayırdı. Azərbaycanın
XVI yüzilin əvvəllərində mərkəzləşmiş,
hərbi siyasi baxımdan güclü, geniş ərazini əhatə
edən bir dövlətə çevrilməsi, onun iqtisadi tərəqqisi
Avropanın irəlidə gedən dövlətlərinin
başçıları və işgüzar adamlarının
diqqətlərini dərhal özünə cəlb etmişdi.
Elə buna görə də XVI yüzilin əvvəllərindən
başlayaraq Avropadan müxtəlif məqsədlərlə Azərbaycana
gələn səyyahların ardı-arası kəsilmirdi.
Xüsusi tapşırıqlarla Azərbaycana gələn
səyyahlar hesabat səpgisində yazlıqları gündəliklərində
ölkənin sosial-iqtisadi həyatı, maddi və mənəvi
mədəniyyəti ilə yanaşı, onun ən xırda məsələlərini
belə nəzərdən qaçırmırdılar. Avropalı səyyah Engelbert Kempfer Səfəvi
dövləti, şahlarının hüquq və səlahiyyətləri
ilə ciddi maraqlanıb və gündəliyində bu barədə
məlumatlar verib. O, yazır ki, Səfəvi şahı
xüsusi imtiyazlara malik olub, Asiyanın başqa
hökmdarlarından seçilir. Şah
Süleyman (1666-1694) qeyri-məhdud hüquqlarından səltənətində
heç bir maneə ilə qarşılaşmadan istifadə
edir. O, istədiyi vaxt müharibə və sülh elan edə,
müqavilələr bağlaya, ölkənin qanunlarını
dəyişə, yeni vergilər haqqında göstəriş
verə bilər. Ölkənin bütün vətəndaşları,
həm də onların əmlakları üzərində
şahın xüsusi sahibkarlıq hüququ var. Təbəələri
ona «vəlinemət», «aləmpənah», «cahanpənah» deyə
müraciət etməklə, onu peyğəmbərin səlahiyyətli
nümayəndəsi kimi qəbul edirlər. 1683-cü
ildə Səfəvi sarayında olmuş missioner Sanson da
şahın hakimiyyətinin qeyri-məhdudluğu haqqında məlumat
verib. O qeyd edir ki, ölkədəki hüquqlarına
görə dünyanın heç bir ölkəsində ona bərabər
hökmdar yoxdur. Təbəələri və
onların əmlakları mütləq hakim olan şaha məxsusdur.
Şah həm də ölkənin dini idarələrinin
də başçısıdır. Sanson
təbəələrinin «din və imanım padşah» deyə
ona müraciət etdiklərini qeyd edib. Missioner
eyni zamanda qeyd edir ki, təbəələri ona inanır və
şahları tərəfindən yersiz cəza gözləmirlər.
Sanson şahın hüquq və səlahiyyətlərini
aydınlaşdırmağa çalışarkən onun
mürşid-i kamillik statusunun mahiyyətini müəyyən
edə blməyib. Qeyri-məhdud hakimiyyət
statusunu özündə saxlayan şahın mülki, hərbi,
iqtisadi sahədə yuxarıda qeyd olunduğu kimi, çox
geniş səlahiyyətləri var idi. Şah Süleyman
dövlətin daxili və xarici ticarəti, mədaxil, məxaricini
şəxsən özü yoxladıqdan sonra əcnəbi
tacirləri gömrük vergisindən, Avropadan gəlib müvəqqəti
Səfəvi ölkəsində məskunlaşan
xristianları cizyədən və onların
karxanalarını vergilərdən azad etmiş, elçilərin
mərkəzin ən yaxşı binalarında yerləşdirilib
şah xəzinəsindən təmin olunmaları barədə
göstərişlər vermişdi. Fransalı
Tavernye dövlət quruluşunun formasına görə Səfəvi
dövlətini tipik monarxiya kimi şərh edib. Səfəvi
dövlətinin idarəçilik forması haqqında Tavernye
ilə yanaşı, Adam Olearinin də səyahətnaməsində
geniş məlumatlar var. Həm də Adam Oleari Tavernyedən fərqli
olaraq dövrün qərb və şərq qaynaqlarına
mükəmməl bələd olduğuna görə Səfəvi
dövlət idarəçiliyinin qərb dövlət sistemləri
ilə müqayisəli şərhini verməyə cəhd
göstərib.
Adam Oleari
Səfəvi dövlət idarəçiliyində ali hakimiyyətin irsiliyi məsələsini təhlil
edərkən monarxiyanın başqa əlamətlərinə
də toxunub. O, yazır ki, Səfəvi ölkəsində
hakimiyyət irsi olub, atadan onun qanuni varisinə keçir. Qanuni varis olmadıqda cariyədən olan övlada və
o da olmadıqda Şeyxavənd adı ilə tanınan
Şeyx Səfi nəslinin nümayəndələrindən
biri dünyasını dəyişən Şahın qohumu
kimi hakimiyyətə gətirilə bilərdi.
Şah sağlığında özünə varis təyin
etdikdə, bu barədə rəsmi vəsiyyətnamə (məktub)
tərtib olunurdu. Ancaq onun vəfatından sonra belə bir məktub ortaya
çıxarılmadıqda taxt-taca varis məsələsini ali divan üzvləri və digər mötəbər
Qızılbaş əmirlərindən ibarət genişləndirilmiş
şura həll edirdi. O.Əfəndiyev qaynaq materiallarına
istinad edərək yazır ki, 1577-ci il
noyabr ayının 24-də II Şah İsmayılın vəfatından
sonra əmirlər taxt-taca varis məsələsini həll edərkən
bir çox namizədlər irəli sürülsə də,
nəhayət I Şah Təhmasibin böyük oğlu Məhəmməd
Mirzənin namizədliyi üzərində
dayanmışdılar. Şahların
tacqoyması məmləkətin böyük əmirlərinin
iştirakı ilə təntənəli bir mərasimdə
icra olunurdu. Şaha qızılla işlənmiş
taxt hədiyyə edilir, hakimiyyətin simvolları olan
qılınc və xəncər onun kəmərinə
bağlanılıb, başına da şahlıq
tacını qoyurlar. Bu mərasimdən
sonra bütün məclis iştirakçıları növbə
ilə onun qarşısında təzim edərək
ayaqlarının önündə əyilib yeri öpürlər.
Tacqoyma mərasiminin növbəti günü Şah
dövlət və saray qulluqçuları, əyanlar,
qulamlar, qorçu alayının müşaiyəti ilə
şəhərə çıxaraq
şahlığını xalqa təqdim edir. Yeni Şah
hakimiyyətə keçdikdə, heç kimin təsəvvür
etmədiyi yeni dəyişikliklər gözlənilir. Elə buna görə də bütün məmurlar
öz vəziyyətlərinə şübhə ilə
yanaşırlar. Dövlət qulluğunda
olan hər kəs çalışır ki, Şahın məhəbbətini
qazanıb vəzifələrini, mövqelərini qoruyub saxlaya
bilsinlər. Engelbert Kempferin gündəliyində
II Şah Səfinin (I Şah Süleyman) tacqoyma mərasimi
haqqında ətraflı məlumat var.
Onun yazdığı kimi, 26 oktyabr 1666-cı ildə II
Şah Abbas vəfat etdikdə mərkəzi idarə əmirləri
Ali məclisin iclasını çağırıb Həmzə
Mirzənin namizədliyini irəli sürüb II Şah
Abbasın onu sağlığında vəliəhd
seçdiyini elan edirlər. Ancaq saray xacələri
Şahın digər oğlu Səfi Mirzənin namizədliyini
irəli sürdükdə baş vəzir sözsüz ki,
sarayda qarşıdurmanın qarşısını almaq
üçün onların qərarı ilə
razılaşır. Nəticədə ali
divan üzvləri ilə birlikdə 200 nəfər mötəbər
əmir və əyanın iştirak etdiyi məclisdə
tacqoyma mərasimi keçirilir. Münəccimlər
tacqoyma üçün uğurlu saatı müəyyən
etdikdən sonra şeyx ül-islam İsfahandakı digər
böyük vəzifəli əyanları da məclisə dəvət
edir. Tacqoyma mərasimi şeyx
ül-islamın başçılığı altında
icra olundu. Engelbert Kempfer yazır ki, tacqoyma
üçün lazım olan rəmzələr ayaqları
qızılla işlənmiş söykənəcəksiz
dördayaqlı səndəl, ənənəvi tac, qiymətli daşlarla bəzədilmiş əyri
qılıncdan ibarət idi.
Qızıl sikkə zərbi ənənəvi olaraq
tacqoyma mərasimi üçün səciyyəvi idi,
çünki ölkədə tədavüldə,
alqı-satqıda gümüş və mis sikkələrdən
istifadə edilirdi. 1694-cü ildə Şah Sultan Hüseynin
tacqoyma mərasimi zamanı İsfahanda olan Cemelli Kareri də
yazır ki, Səfəvi ölkəsində sikkə
qızıl və gümüşdəndir. Qızıl sikkə ancaq tacqoyma mərasimlərində
saray əyanlarına hədiyyə edilmək üçün
zərb edilir.
Engelbert
Kempfer Həmzə Mirzə ilə Səfi Mirzənin namizədliyi
məsələsində əmirlərlə xacələr
arasındakı kiçik münaqişənin təhlilindən
aydın olur ki, mirzələrdən heç birinin vəliəhd
olması barədə ataları II Şah Abbas tərəfindən,
yaxud onun vəsiyyəti əsasında məktub tərtib
olunmayıb, hər iki Mirzə haqqında məktub sonradan, yəni
Şahın vəfatından sonra yazılıb.
Tavernye Səfəvi
dövlət idarəçiliyinin həyata keçirilməsi
mexanizmini şərh edərkən hökmdarın
bürokratik orqanlara məmurlar təyinatında qeyri-məhdud
səlahiyyətlərindən genş miqyasda istifadə etdiklərini
bildirməklə gerçəkliyi olduğu kimi təsvir edib,
ancaq müəyyən ziddiyyətlərə də yol verib. O
çox doğru olaraq yazır ki, Şah istədiyi vaxt əyalət
hakimliyinə və başqa böyük vəzifələrə
öz qulamlarını təyin edib onları hakimiyyətdə
yüksək məqam sahibi edirdi. Səyyahın
bu qeydlərindən aydın olur ki, Şah istədiyi vaxt vəzifədə
olan şəxsi başqası ilə əvəz edə bilərdi.
Ancaq o özünün doğru olan bu fikirlərini
həm də təkzib edərək yazır ki, dövlət vəzifələri
irsi olub, atadan oğula keçir. Atalar
öz vəzifələrini ailəsinin əlində irsən
saxlamaq üçün sağlığında
övladlarını işə cəlb edirlər. Onlar vəfat etdikdə vəzifələri irsən
övladlarına keçir. Övladları
kiçik yaşlı olduqda isə bu vəzifəni onlar həddi-buluğa
çatana qədər qəyyumları idarə edirlər.
Ancaq ondan fərqli olaraq Adam Oleari mərkəzi
və yerli bürokratik idarələrə təyinatlar, həm
də bu orqanlarla Şah arasındakı münasibətləri
təhlil edərkən vəzifələrin şəxs
üçün irsi olmadığını bildirir. O
yazırdı ki, geniş ərazini əhatə edən bu
ölkə inzibati cəhətdən çoxlu vilayətlərə
bölünmüşdü. Şah mərkəzi
hakimiyyəti və paytaxtdan uzaq olan vilayətləri xan,
sultan, kələntər, darğa, vəzir ünvanı ilə
məlum olub hakimiyyət funksiyasını yerinə yetirən
şəxslərlə idarə edirdi. Şah
öz şəxsi mülahizəsi əsasında igidliyi və
şücaətinə görə fərqlənən adamlara
xan titulu verib onları vilayətlərə hakim təyin
edirdi. Bu şəxsi keyfiyyətlərlə
yanaşı, Şaha və vətənə xidmət sahəsində
göstərilən fədakarlığa görə də
böyük vəzifəyə keçmək olurdu. Elə buna görə də, bəzi adamlar
savaşlarda həyatını təhlükə
qarşısında qoymaqdan çəkinməyərək xan
ünvanına layiq görülmüşdülər. Ancaq xan titulu qan qohumluğu xətti ilə irsən
verilmir. Doğrudur, xanların
övladları xüsusi ehtirama layiq olmaqla hətta ata
mülklərinin də sahibi olurdular. Ancaq
nə atalarının ünvanları, nə də vəzifələri
onlara aid olmurdu. Bu ünvan və vəzifə
xanların övladlarına göstərdikləri qəhrəmanlığa
görə, yaxud Şahın onlara xüsusi ehtiramı olduqda
verilə bilərdi. Şah hər hansı
vilayətin hakimindən şübhələndikdə onu dərhal
ölüm cəzasına məhkum edir və bütün əmlakını
da müsadirə etdirirdi. Bu halda xanın
övladı ata mülkü üzərində varislik
hüququnu da itirirdi. Artıq XVI-XVII
yüzilliklərdə Azərbaycanda dövlət idarəçiliyi
özünün yeni mərhələsinə daxil olmuşdu.
Bu mərhələdə istər mərkəzi, istərsə
də yerli hakimiyyətdən iri mülk sahibləri olan əyanlar
uzaqlaşdırılmış və onları qulluq
müqabilində dövlətdən məvacib alan
məmurlar əvəz etmişdilər.
Zabil Bayramlı
tarix üzrə
elmlər doktoru, professor
Xalq Cəbhəsi.- 2016.- 4 oktyabr.-
S.14.