Azərbaycan Səfəvi dövlətinin
etnik mənsubiyyəti, quruluşu
Hakimiyyətin həyata
keçirilməsində Türk-Qızılbaş əsilzadələrinin
rolu
2-ci
yazı
Tavernyenin gündəliyində Səfəvi dövlət
hakimiyyəti orqanlarının təşkili, onların
quruluşu və aralarındakı səlahiyyət
bölgüsü qaydaları da təsvir olunmuşdur. Səyyah
yazır ki, ölkə əhalisini Avropa dövlətlərində
olduğu kimi üç təbəqəyə bölmək
olar ki, onlardan birinci şəmşir əhlidir ki, bura səltənət
sarayının üzvləri əşrəflər-kübarlar,
xanlar və yaxud vilayət hakimləri, bütün qoşun əhli
daxildir. İkinci qələm sahibləridir
ki, bura qazılar, qanun yazanlar və üçüncü təbəqə
bizdəki kimi, tacirlər, sənətkarlar, zəhmətkeşlərdən
ibarətdir. Onlarda ədəb, insanlıq,
nəzakət çox olub, bütün Asiya xalqları
arasında fəzilətə, üstünlüyə malikdirlər
və həm də nizamı, ədaləti sevirlər. Hər cəhətdən avropalılara, daha çox
fransızlara oxşayırlar. Mərkəzləşmiş
Səfəvi dövlətinin mərkəzi və yerli idarə
orqanları Tavernyenin qeyd etdiyi əvvəlki iki təbəqənin
nümayəndələrindən ibarət idi. Mülki, hərbi və inzibati orqanlar, yəni
dövlət aparatının çox şaxəli
institutları getdikcə təkmilləşirdi. Dini və dünyəvi məhkəmə təsisatları,
nizami ordu da yaradılmışdı. Səfəvi
dövləti vahid siyasi təşkilat olub, hakimiyyəti
bütün imperiyanın ərazisi və əhalisini əhatə
etsə də, idarəetmə sistemində özünə qədərki
Türk dövlətlərinə aid spesifik xüsusiyyətlərə
malik olmuş və onun üçün səciyyəvi olan
institutlar, əlamətlər dövrün digər şərq
xalqlarının dövlətlərində mövcud
olmayıb.
Səfəvi dövləti ərazisində bütün
sosial zümrələrin mənafeyini ifadə edən siyasi
orqan kimi fəaliyyət göstərib. O.Əfəndiyevin
yazdığı kimi, Səfəvilər dövlətinin
yaranmasında Azərbaycan türk etnosu həlledici rol
oynamış və bu dövləti «konqlomerat imperiya» kimi
şərh edən baxışlar doğru deyil. Fəth
edilmiş bütün ölkələrdə, o cümlədən,
Fars, Yəzd, Kirman, Xorasan, Astrabad, Mazandaran və Gilanda
mülklərini hakim statusu ilə idarə edən yerli
sülalələrin hakimiyyəti devrilmiş, bu ölkələrdə
inzibati ərazi bölgüsü prinsipləri əsasında
vilayətlər yaradılmışdı. Səfəvi
dövlət quruluşunun formasına uyğun olaraq mərkəzlə
yerli idarəetmə aparatı arasında
qarşılıqlı münasibətlər inzibati-ərazi
bölgüsü prinsiplərinə dayanırdı. Digər tərəfdən ölkə daxilində əmtəə-pul
münasibətləri başlıca iqtisadi əlaqə
forması olub, valilik və vilayətlər vahid iqtisadi,
inzibati-siyasi mərkəz ətrafında birləşmişdi.
Səfəvilər
XV yüzillikdə Azərbaycanda hakimiyyətdə olmuş
Türkman Baharlı və Bayandur sülaləsinin hərbi-siyasi
özülünü təşkil edən Ərəşli,
Zülqədər, Əfşar, Şamlı,Təkəli,
Ustaclı, Qacar, Qaradağlı və başqa türk ellərinə,
çoxçeşidli sosial zümrələrə
arxalanıb onların əsgəri köməyi ilə hakimiyyəti
ələ almışdılar. Məlum
olduğu kimi, Səfəvi şeyxləri ilə Bayandur
sülaləsi arasında qohumluq əlaqələri də
mövcud olub. Belə ki, Səfəvi şeyxi Cüneyd
(1447-1460) Bayandurlu hökmdarı Uzun Həsənin (1453-1478)
bacısı Xədicə bəyimlə, şeyx Cüneydin
oğlu Şeyx Heydər isə Uzun Həsənin qızı
Aləmşah bəyimə evlənib, bu nigahdan da I
İsmayıl və onun iki qardaşı doğulub. Beləliklə, Səfəvi şahlıq sülaləsinin
yaradıcısı İsmayıl hakimiyyətə
Ağqoyunlu hökmdar irsinin davamçısı kimi gəlib.
Tarixə
Baharlı, Bayandurlu, Səfəvi adı ilə düşən
hər üç sülalənin özülü –
dayağı Azərabaycan olmuş və bu sülalələr
hakimiyyətdə olduqları illərdə yaratdıqları
dövlətin quruluşundakı cüzi fərqlərlə
bir-birini tamamlayıb. Ancaq Səfəvilər
vaxtında oturaq əhalinin rolu artıb, Şirvan və Şəki
hakimlərinin mərkəzdənqaçma cəhdlərinə
tam son qoyulub. I İsmayıl siyasi fəaliyyətə
başlayana qədər dövrün ictimai-siyasi hadisələrini
düzgün qiymətləndirən və nəticə
çıxarmağı bacaran türk el əyanları
arasında boya-başa çatıb, təlim-tərbiyə
alıb. Onlardan Şamlı Hüseyn bəy lələ,
Zülqədər Dədə Abdal bəy sufilər Gilanı
tərk etdikdən (1499) bir qədər sonra İsmayıla gənəşərək
siyasi məram və məqsədlərinin planlı şəkildə
həyata keçirilməsi üçün kiçik saray təşkilatı
yaratdılar. Belə ki, Salman bəy Zülqədər – xəzinədar,
Əbdi bəy Şamlı - təvaçi (hərbi dəstələri
əlaqələndirən məmur), Sarı Əli bəy Təkəli
- möhürdar, Hüseyn bəy Əfşar – süfrəçibaşı
təyin olundu. Ancaq ilk hərbi yürüşlər
illərində yaradılan həmin mərkəzi idarəçilik
aparatının özülü tədricən genişləndirilib
və daha da möhkəmlənib. Belə
ki, Şirvan şahı Fərrux Yasərin (1462-1500) qoşunu
məğlub edilib. Şamaxı tutulduqdan sonra
İsmayıl özünün əsas hərbi qüvvəsi
ilə 1500-cü ilin sonunda qışlamaq üçün
Şamaxıdan Mahmudabada gəlib və orada təbrizli
Şeyx Məhəmməd Köcəcinin övladlarından,
«illərlə türk səltənətinə vəzirlik edən»,
yəni Bayandurlu dövründə vəzir vəzifəsində
işləmiş Əmir Şəmsəddin Zəkəriyyə
Təbrizi Köcəcini ali divan vəziri təyin edib, ona
«Kilid-i Azərbaycan» - Azərbaycanın açarı kimi dəbdəbəli
bir ad verib.
İsmayılın
başçılığı altında Şirvana daxil olan
(1500) Ustaclı, Şamlı, Rumlu,Təkəli, Varsaq, Zülqədər,
Əfşar, Qacar, Qaracadağ sufilərindən ibarət 7
minlik qoşunun əsgəri heyəti və bu qoşunun
yüksək rütbəli zabitləri türk olub, qoşun
başçılarından savaşlarda Xan Məhəmməd
Ustaclı, Əvəz sultan Ustaclı, Hüseyn bəy lələ
Şamlı, Əhməd bəy Sofi oğlu Ustaclı, Bayram bəy
Qaramanlı, Çaşan Qaraca İlyas Bayburdlu, İlyas bəy
Ayqut Uyğur oğlu Xunuslu, Sultanşah bəy Əfşar,Cəlal
bəy və Qılınc bəy Qaramanlı, Lələ Məhəmməd
Təkəli, Piri bəy Qacar, Dana bəy Əfşar və
bir çox başqa türkmən bəyləri iştirak
etmişdilər ki, onlardan Hüseyn bəy lələ və Dədə
Abdal bəy Zülqədərə əmir əl-üməra,
Ustaclı Məhəmməd və İlyas bəy Ayqut
oğluna isə əmir-i əzəm (böyük əmir)
rütbəsi verilmişdi. Elə bu vaxt Dədə
Abdal bəy Zülqədər qorçubaşı və
Mövlanə Şəmsəddin Gilani (Mevlana Şəmsəddin
Gilani 1494-1499-cu illər arasında Lahican şəhərində
İsmayılın farsca və ərəbcə dillərinin
öyrətmənidir (Abdullatif Kazvini. Safevi
tarihi, s.33, 63-cü qeyd - Z.B.)) də
sədr vəzifəsinə təyin olunmuşdu.
I Şah İsmayılın ordusu
Qızılbaş-Türk elləri üzrə səfərbər
edilən qeyri-nizami əsgəri alaylarından ibarət olub, hər
elin əmiri öz elinin qoşununa komandanlıq edirdi. Ordu birləşmələrinə
isə şahın əmir əl-üməra rütbəsi ilə
təltif etdiyi əsilzadələr başçılıq
edirdi. O.Əfəndiyevin yazdığı
kimi əmir əl-üməra hərbi rütbə və vəzifəsi
Qızılbaş-Türk el əyanlarının
inhisarında olub, bu vəzifəni tutanlar arasında eyni vaxtda
vəkil mənsəbini də icra edənlərə təsadüf
edilir. I Şah İsmayılın hakimiyyətinin
ilk illərində Hüseyn bəy Lələ Şamlı
1502-1509-cu illərdə həm divan əmiri, həm də vəkil
idi. O, 1509-cu ildə Təbrizdə divan əmiri və əmir
əl-üməra vəzifəsindən azad edilmiş, nökərləri
Məhəmməd bəy süfrəçi Ustaclıya
bağışlanmışdı. Məhəmməd
bəy Ustaclıya elə bu vaxt Sultan titulu və Çayan
(Çayan sultan) ayaması verilir. Bacarıqlı
dövlət xadimi Hüseyn bəy Lələnin tutduğu vəzifədən
azad edilməsinin, ulka və nökərlərinin
alınıb özündən aşağı səviyyədə
duran bir əyana verilməsinin səbəbləri tədqiqata
cəlb etdiyimiz mənbələrdə göstərilməyib.
Ancaq bu mənbələrdə onun yeni vəzifələrə
təyin edilməsi və vəfatı haqqında məlumat
verilib. Hüseyn bəy Lələ Şamlı 1509-cu ildə
Şirvan mahallarından birinə hakim, 1511-ci ildə isə
Herata vali göndərilib və 1514-cü ildə
Çaldıran savaşında öldürülüb. Çayan sultandan (1509- 1523) sonra Div sultan Rumlu
(1524-1527), Çuxa sultan Təkəli (1527-1531), Hüseyn xan
Şamlı (1531-1534) əmir əl-üməra və divan əmiri
olmuşdu. Qeyd olunduğu kimi,
İsmayıl hakimiyyətə keçənə qədər
qoşununun yüksək hərbi zümrəsi hesabına yeni
dövlət aparatının özülünü qoyub, habelə,
ilk döyuşlərdə ələ keçirilmiş
bölgələrdə hakimlərlə təmsil olunan yerli
idarəçilik forması yaradılıb. Bu dövlətin
artıq qoşunu, sərkərdələri, odlu (top, tüfəng)
və soyuq silahı, hərbi sürsatı ilə
yanaşı, yaranmış olan hakim zümrəsi; vəzirləri,
əmir əl-üməraları, baş əmirləri, xəlifət
əl-xüləfası, möhürdarı, bayraqdarı,
süfrəçisi, sədri və s. vəzifə sahibləri
vardı.
İsmayılın başlıca məqsədi
Şirvanşahların və Ağqoyunluların XV yüzilin
son illərində çökmüş dövlət hakimiyyətlərini
aradan götürmək, Azərbaycan torpaqlarını
güclü mərkəz ətrafında birləşdirmək,
güclü Azərbaycan Səfəvi səltənətini
qurmaq idi. İsmayıl Şirvanda Fərrux Yasər üzərində
1500-1501-ci illərdəki uğurlu qələbələrdən
sonra Əmir Zəkəriyyə Təbrizi Köcəcinin məsləhəti
ilə Gülüstan qalasının mühasirəsindən əl
çəkib, Ağqoyunlu Əlvənd Mirzəni aradan
götürmək üçün güneyə
yollanmışdı. Bu barədə İsgəndər
bəy Türkman yazır: «Mühasirə zamanı
(Gülüstan qalası-Z.B.) qeyb aləmindən gələn
səs Azərbaycan səltənət taxtı və
şahlığın müjdəsini o həzrətə
verdi… o həzrət böyük əmirləri yanına
çağırıb dedi ki, sizə Gülüstan qalası
lazımdır, yoxsa Azərbaycan taxtı?».
Bu məsələ böyük əmirlərin
iştirakı ilə hərbi şurada da müzakirə
edilmiş və güney hərbi yürüşü
haqqında bir səslə qərar qəbul edilmişdi. İsmayıl 1501-ci ildə Şərurda
Ağqoyunlu Əlvənd Mirzə üzərində də qələbə
çalıb Azərbaycan Səfəvi dövlətinin
yaradılması yolunda ağır sınaqlardan uğurla
çıxır.
Şərur qələbəsindən sonra 1501-ci ildə
İsmayıl Təbrizdə hakimiyyətə keçdi və
Azərbaycan Səfəvi dövləti rəsmən
yarandı. Dövrün mötəbər mənbələrinin
bu barədə verdiyi məlumatlar Azərbaycan adı ilə Səfəvi
dövlətinin yaranmasını əsaslı surətdə
sübut edir. "Lübbət-təvarix"
də İsmayılın Şərur qələbəsindən
sonra darossəltənə-ye Təbrizə gəlib "sərir-e
səltənət-e Azərbaycan"-Azərbaycan
şahlıq taxtından oturub oranı şahlığı
ilə bəzədiyi yazılıb. Məhəmməd
Yusif Qəzvini də yazır ki, Şərur
döyüşündən sonra İsmayıl darossəltəne-ye
(paytaxt, mərkəz) Təbrizə üz tutdu və Azərbaycan
şahlıq taxtına (təxte səltənete Azərbaycan)
oturdu. Bütün Azərbaycan məmləkətində
(dər təmam məmləkət-e Azərbaycan) onun adına xütbə oxundu, dinar və dirhəm
zərb edildi. İsmayılın
başçılığı altında türk
qızılbaş əsilzadələri və onların hərbi-siyasi
arxası olan 7-8 minlik türk ordusu 1499-1501-ci illərdə
Şirvanşah və Əlvənd Mirzə üzərində
qələbə çalıb, Azərbaycanı yenidən
vahid mərkəzdə birləşdirib mərkəzləşdirilmiş
Azərbaycan dövlətini yaratdılar. Ancaq çox
böyük hərbi-siyasi gücə malik olan Bayandurlu Sultan
Muradı aradan
götürmədən mərkəzləşdirmə
prosesini başa çatdırmaq mümkün deyildi. I Şah
İsmayılın ordusu 1503-cü ilin baharında İraqi
Əcəmə daxil oldu və Həmədan
yaxınlığında Sultan Muradın qoşununu məğlub
edib Şiraz, Fars , Kirmanı tutdular.
Zabil Bayramlı
tarix üzrə
elmlər doktoru, professor
Xalq Cəbhəsi.- 2016.- 5 oktyabr.-
S.14.