Azərbaycan Səfəvi dövlətinin
etnik mənsubiyyəti, quruluşu
Hakimiyyətin həyata
keçirilməsində Türk-Qızılbaş əsilzadələrinin
rolu
3-cü
yazı
1504-cü
ildə Firuzkuh qalası ələ keçirildikdən sonra
Firuzkuh, Dəmavənd, Xar, Simnan hakimi Kiya Hüseyn Çelavi
və Sultan Muradın sığındıqları Osta
qalası və Yəzdi fəth etdilər. Şah
fəth etdiyi bu bölgələri sərhədləri
hüduduna daxil edib şəhər və qalalara türk hərbi
əyanlarından hakimlər təyin etdi. Yəzdin idarəsini
Hüseyn bəy Lələ Şamlıya verdi.
Azərbaycan Səfəvilər səltənətinin
qurucusu olan Şah İsmayılın dövlətinin hərbi-siyasi
özülünü türk-qızılbaşlar təşkil
edirdi. İsmayıl Əlvənd Mirzə və Sultan
Murad üzərində qələbə çalıb, Azərbaycanda
hakimiyyətə keçdikdən sonra, müharibələrlə
tutduğu ölkələrə bir qayda olaraq
Qızılbaş türk el və ymaqlarını
köçürdüb yerləşdirərək fəth
olunan torpaqlarda dövlətin
hərbi-siyasi dayaqlarını da yaradırdı.
Bu barədə
Əbdi bəy Şirazi yazır: «Şiraz (Fars) vilayətini
Zülqədər Keçəl bəy Hacılar (adı) ilə
məşhur olan İlyas bəyə verdilər. O tarixdən
Şiraz Zülqədər tayfasına mənsub oldu… Bu il
(1508) Diyarbəkr vilayəti tayfanın (Ustaclı) nəsilbənəsil
əmiri olan Xanməhəmməd Ustaclıya verildi» ( I Şah İsmayıl 1508-ci ildə Zülqədər
hərbi səfərindən geri qayıdarkən Bayandurların
Diyarbəkrdəki valisi Əmir bəy Mosullu onu
qarşılamış və qiymətli hədiyyələr
təqdim edib. Diyarbəkr Səfəvi
torpağına qatılıb və ora Xanməhəmməd
Ustaclı hakim təyin edilib. (Yəhya bin Əbdüllətif
Qəzvini. Lübbət-təvarix, s.405-Z.B.)).
Xorasan üstündə Səfəvi-Şeybani çəkişmələrində
Şeybani xan I Şah İsmayıla «…Tərəkəmə
(Türkman-Z.B.) Ağqoyunlulara qohumluğuna arxalanaraq, hakimiyyət
iddiasına düşmək, bəlkə o zaman mümkün
olardı ki, mənim tək yeddi iqlim padşahı meydanda
olmasın» deyə yazdığı sonuncu məktuba cavab
olaraq Qızılbaş ordusu Xorasana daxil olur. Mərv
yaxınlığında Mahmudi kəndində (1510)
döyüşdə Qızılbaş ordusu qələbə
çaldı. Səfəvi ordusu Xorasan, Bədəxşan,
Qəndəhar, Kabili tutdu. Türküstan
da faktiki olaraq onlardan asılılığı qəbul etdi.
Bu qələbələrdən sonra I Şah İsmayıl h.
917 (1510-1511)- ci ildə Sovucbulaq və Rey hakimi Zülqədər
Abdal bəy Dədəni Mərvə, Bayram bəy
Qaramanlını isə Bəlx, Əndixod, Şibirgan və
Garcistana, Zeynal xan Şamlını Rey və Sovucbulağa
hakim təyin edir. Bayram bəy Qaramanlı 1512-ci
ildə özbəklərlə savaşda
öldürülür. Zülqədər
Abdal bəy Dədə də özbəklərin Məhəmməd
Teymur xanın başçılığı altında
1513-1514-cü illərdə Xorasana hücumu zamanı Mərvin
müdafiəsini təşkil edə bilmədiyinə və
şəhərdən qaçdığına görə vəzifədən
azad edilir. Özbəklərin hücumlarının
qarşısı alındıqdan sonra 1513-1514-cü illərdə
Zeynal xan Şamlı Herata, Div sultan ayamalı Əli bəy
Rumlu Bəlx və onun ətrafına, Ağqoyunlu
dövrünün böyük əmirlərindən olmuş
Gülabi bəy bin Əmir bəy Mosullunun oğlu Əmir xan
Mosullu Qayeyə, İlyas bəy Ayqut oğlu isə Reyə
hakim təyin edilib. Əbdi Şirazinin
yazdıqlarından açıq-aşkar görünür ki,
I Şah İsmayılın fəth olunmuş ölkələrdə
Türk-Qızılbaş ellərinin yerləşdirilməsi
tədbirləri onun hakimiyyətinin sonuna qədər davam
edib. Müəllif 1515-ci il hadisələrindən
bəhs edərkən yazır: «Qayenin hakimi Əmir xan Mosullu
ali taxtın ayağına gəlib, Xorasanın vəziyyətini
və özbəklərin hücumunu ərz etdi. Bu zaman Div sultan Bəlxdən dərgaha gəldi və
həmin əhvalatı (Şah İsmayılın)
qulağına çatdırdı. Buna görə də
Xorasanın idarəsini Amu Dərya çayının kənarından
İraqın (İranın) Simnanına qədər… Təhmasibə (Təhmasib Mirzə) həvalə
etdi. …Şahzadə Təhmasibin lələliyini Əmir
xan Mosulluya verdilər…”.
Təhmasib Mirzə Xorasan valisi, lələsi Əmir xan
Mosullu isə Herata hakim təyin edilir. Bu vaxtdan etibarən bir
qayda olaraq Xorasana valinin şahzadələrdən qoyulması
və onun lələsinin isə Herat hakimi statusu
daşıması ənənəyə çevrilir. Təhmasib Mirzədən sonra h. 928 (1522)-ci ildə
Herata Sam Mirzə vali göndərilmişdi. Şamlı Durmuş xan isə Sam Mirzənin lələsi,
həm də Herat hakimi olmuşdu. Şahın
fərmanına (1522) əsasən Xorasan vilayəti Simnandan
Amu-Dərya çayına qədər Sam Mirzəyə
verilir, Herata hakim isə onun lələsi Durmuş xan
Şamlı təyin edilir. H. 929 (1522-1523)-cu ildə
Zeynal xan Şamlı Astrabada, Zeynəddin sultan Şamlı
Nişapura, Əhməd bəy Əfşar da Fəraha hakim
göndərilmişdi. 1503-1510-cu illərdə
İraqi-Əcəm, Fars, Gilan, Mazandaran, İraqi-Ərəb və
bütün Xorasan fəth edildi. Azərbaycan
Səfəvi dövlətinin şərqdə sərhədi
Amu-Dərya çayına çatdı. I
şah İsmayıl fəth etdiyi bir çox ölkələrdə,
xüsusən də Gilanda məhəlli sülalələrin
ciddi müqaviməti ilə
qarşılaşmışdı. Rəşt
valisi Əmir Hüsaməddin əvvəlki imtiyazının
itirməsi ilə hesablaşmır, müstəqilliyini bərpa
etməyə çalışırdı. I Şah İsmayıl valinin bu cəhdlərinin
qarşısını almaq üçün 1507-ci ildə Rəştə
qoşun göndərdi. Qızılbaş ordusunun
qarşısında tab gətirməyəcəyini hiss edən
Əmir Hüsaməddin Əmir Nəcmini qiymətli hədiyyələrlə
Şahın hüzuruna göndərdi. Şah
Əmir Nəcminin xahişini nəzərə alaraq Əmir
Hüsaməddini əfv edir. Bu zaman
Lahicanda da qiyam baş vermişdi ki, nəticədə Lahican
hakimi Karkiyə Mirzə Əli və Ranqu hakimi Karkiyə
sultan Həsən öldürülmüşdü. Qızılbaş ordusu qiyamın
qarşısını alıb, günahkarları cəzalandırdı.
Ranquya Karkiyə Sultan Həsənin oğlu
Sultan Əhməd hakim təyin edildi. Artıq
Mazandaran və onun ətraf bölgələrindəki məhəlli
hakimlər də vali statusu ilə Təbrizə tabe idilər.
1517-ci ildə Mazandaran valisi Ağa Məhəmməddə
separatizm meyli baş verdiyinə görə I Şah İsmayıl
Durmuş xan Şamlının
başçılığı altında bir bölük
qızılbaş əsgərini Mazandarana göndərir.
Durmuş xan Şamlı Mazandarana daxil olduqda
Ağa Məhəmməd müqavimət göstərməyin
mənasız olduğunu görüb tabe olur.
Bu hadisədən
sonra, 1517-1521-ci illərdə Sarı valisi Mir Əbdülkərim,
Hezarcərib hakimi Seyid Hüseyn, Rüstəmdar hakimləri Məlik
Kavus və Məlik Bəhmən Durmuş xana hədiyyələr
göndərib Təbriz hökumətinə tabe
olduqlarını, sədaqətlə xidmət edəcəklərini
bəyan etdilər. Ancaq Mazandaran hakimi Ağa Məhəmməd
öhdəsinə götürdüyü 3 min tümən
vergini nəinki ödədi, əksinə, yenə mərkəzə
tabe olmadı. Şah Ağa Məhəmmədi
tutduğu vəzifədən azad etdi və onun yerinə,
Mazandarana da Mir Əbdülkərim təyin edildi. O, ildə
7 min tümən vergi ödəməli idi. I
Şah İsmayıl bu bölgələrin məhəlli
hakimlərinin mərkəzdənqaçma istəklərinin
güclü olmasını nəzərə alıb onların
hüquqlarını azaltdı. Bu zaman
Zeynal xan Şamılının Mazandaran və Rüstəmdara
hakim təyin edilməsi burada mərkəzi hakimiyyətin nəzarətinin
artırılması ilə səciyyəvi olsa da, yerli
sülalələrin sahibkarlıq hüquqlarına
toxunulmamışdı. Rəştdə
atası Əmir Hüsaməddinin vəfatından sonra hakimiyyətə
keçmiş Əmir Dibac bu vəziyyətdən istifadə
edib, yenə də mərkəzə tabe olmaqdan imtina edib.
Durmuş xan və Zeynal xanın
başçılığı altında Qızılbaş-Türk
ordusu Gilana daxil olduqda Əmir Dibac Sultaniyəyə gəlmiş
və günahlarının bağışlanmasını
xahiş etmişdi. Şah onu
babalarının vaxtı ilə Şahlığa sədaqətlə
xidmət etmələrini nəzərə alıb
bağışladı. Əmir Dibac ona verilmiş fərmana
əsasən idarə etdiyi vilayətin gəlirindən beş min tümən hədiyyə verəcəyi
və hər ildə də dövlət xəzinəsinə təyin
olunmuş miqdarda xəracı vaxtında ödəyəcəyi
barədə öhdəliyi üzərinə
götürdükdən sonra Rəştə qayıtmağa
icazə almışdı. Şah İsmayıl tərəfindən
Müzəffər sultan ayaması alan
Əmir Dibac 1534-cü ildə Səfəvilərə xəyanət
edərək Sultan Süleymanla əlaqə
yaratdığına görə ələ keçirilib edam
olunur.
Böyük təhlükələrlə
qarşılaşan I İsmayıl Azərbaycanı yenidən
birləşdirib bir çox qonşu ölkələri də
tutaraq güclü bir imperatorluq qura bildi. Eyni zamanda, bu
imperatorluğun ərazisində yaşayan xalqları ortaq
siyasi və ideoloji əqidə birliyinə qovuşdurdu.
Olduqca cəsur, intizamlı, təşkilatçı və təhsilli
bir hökmdar olan I Şah İsmayıl getdikcə uğurlar əldə
edib türk tayfa əsilzadələrini mərkəzi, həm
də yerli idarələrdə yerləşdirib, onlara
geniş səlahiyyətlər verdi. İmperatorluqda türklərin maraqlarına uyğun
sabit daxili siyasət kursu ənənəvi olaraq sosial dayaqlar
yaratmaq siyasəti ilə müəyyənləşirdi.
Türk-Qızılbaş tayfalarından Ustaclılar Əcəm
İraqında, Kirmanda, Şamlılar Xorasanda, Təkəlilər
İsfahanda, Həmədan və Əcəm İraqında,
Zülqədərlər Farsda, Türkman (Mosullular) Bağdadda
yerləşdirilib işğal olunmuş bölgələrdə
davamlı dayaqlar yaradıldı. Adlarını
qeyd etdiyimiz türk tayfa rəislərinə bu vilayətlərdə
tiyul və vəzifələr verildi.
Oruc bəy Bayat əsərində 32 türk oymaq, tayfa və
elin adını çəkərək dövlətin
bütün vəzifələrinin də onların əlində
olduğunu göstərib. Onun adlarını qeyd etdiyi bu 32
oymaq, tayfa və el arasında əhalisinin sayına görə
ən iriləri Ustaclı, Şamlı, Əfşar,
Türkman, Qacar, Zülqədər, Təkəli və Bayat
idi. Oruc bəyin verdiyi məlumatlardan aydın
olur ki, XVI əsrin sonu - XVII əsrin
başlanğıcında yuxarıda qeyd edilən bu tayfalar
dövlət quruluşunda siyasi nüfuz və güclərini
qoruyub saxlayıb. Əslində bu türk
elləri, oymaqları əvvəl Qaraqoyunlu və
Ağqoyunluların, sonra isə Səfəvilərin əsas hərbi-siyasi
dayağı olublar. Bu türk tayfaları haqqında
İ.D.Mikluxo-Maklay yazır: «Qızılbaş adını alan tayfalar dil və soyca Qaraqoyunlu və
Ağqoyunlu dövlətini yaradan Azərabycan tayfaları ilə
qohum idilər. XV əsrdən başlayaraq tədricən
Azərbaycan və İranın böyük hissəsinə
sahib oldular». O, sözünə davam edərək
yazır ki, Səfəvilər hələ Şeyx Səfiəddin
(1252-1334) dövründən həmin türkdilli tayfalar arasında
özlərinə müridlər toplayıb gələcəkdə
hakimiyyəti ələ almaq üçün
çalışmış və yalnız İsmayıl
öz sələfələrinin arzusunu yerinə yetirmişdi.
Bir fərqlə ki, Səfəvilərdən
Şeyx Heydər (1447-1460) qarşısına təkcə Azərbaycanı
birləşdirmək məqsədini qoyduğu halda,
İsmayılın qızğın mürid və tərəfdarlarının
məqsədləri daha böyük olub.
O. Əfəndiyevin yazdığı kimi, Əlvənd
Mirzənin üzərində qələbə
İsmayılı Azərbaycanın hökmdarı etdisə,
Muradın qoşunlarının qızılbaşlar tərəfindən
darmadağın edilməsi isə Farsın və İraqi-Əcəmin
bir hissəsinin qızılbaşların əlinə
keçməsinə gətirib çıxarıb. Şah Təhmasibin
(1524-1576) hakimiyyətinin ilk illərində
Türk-Qızılbaş əsilzadələrindən Əli
sultan Zülqədər Fars, Qaraca sultan Təkəli Həmədan,
Burun sultan Təkəli Məşhədi – müqəddəs,
Zeynal xan Şamlı Astrabad, Cəgirgə sultan Şamlı Səbzəvar
hakimi idilər. İsfahan vilayətinin hakimliyi
Cuhə sultan Təkəliyə verilmişdi.
(Ardı var)
Zabil Bayramlı
tarix üzrə elmlər doktoru, professor
Xalq Cəbhəsi.- 2016.- 6 oktyabr.-
S.14.