Hapıtlar dillərini
yaşadırlar
Bu yazıda hapıtlar haqqında
danışılır. Araşdırmaçı,
yazıçı publisist Xeyrulla Ağayev əslən
İsmayıllı rayonunun Hacəhətəmli kəndindəndir.
O, bildirir ki, Azərbaycan tarixinin böyük bir
dövrünü əhatə edən Qafqaz Albaniyasını
təşkil edən əhalinin, etnosun bu günə gəlib
çatan adlarından biri də hapıtlardır: "Tarixdən
məlumdur ki, Albaniyada 26 tayfa yaşayıb. Tarixi
tədqiqatlarda görə, hapıtlar herlərlə
bağlıdır. Alban tarixi kifayət qədər,
obyektiv araşdırılmadığından bu gün
hapıtların haradasa başqa prizmadan təqdimi
müşahidə olunur".
X.Ağayev
Kürün şimal sahilində Ağdaş, Qəbələ,
Oğuz, Zərdab və Şəkinin müəyyən kəndlərində
vaxtilə hapıt dilində danışanların olduğunu
bildirir: "İndi tək-tük danışanlar bu dili
xatırlayırlar. Ancaq hapıtların kompakt
halda yaşadıqları yerlərdə
İsmayıllının və Qubanın bir neçə kəndlərində
bu dil daha yaxşı yaşadılır.
İsmayıllının Hacıhətəmli və
Mollaisaqlı kəndlərində aparılan arxeoloji
qazıntılar zamanı 2-3 min il
yaşı olan qəbirlər aşkar edilib. Bu
faktlar əsasında müəyyən qənaətlərə
gəlmək olar. Sözügedən məsələ
barəsində arxeoloq-tarixçilərimiz qənaətlərini
söyləyiblər".
Arxeoloq Fazil Osmanov bu iki kənd, eləcə də Həftəran
vadisi boyunca aparılan arxeoloji qazıntılarla bağlı qənaətlərini
ortaya qoyub. Sonradan Qafar Cəbiyev bu mövzunu tədqiq edib, Qiyasəddin
Qeybullayev arxeoloji araşdırmalarla bağlı fikirlərini
bildirib. X.Ağayev bu fikirdədir ki,
hapıtlar xarakter, psixologiya, məişət baxımından
türk ruhuna çox yaxındırlar. Bu,
özünü vətənpərvərlik, mübarizlik məsələsində
daha çox göstərir: “Qarabağ savaşı zamanı
bu kəndlər fədakarlıqları ilə seçiliblər.
Bu gün hapıtları türkə
yaxınlaşdıran ilk növbədə xarakterdir. Camaatın inanclarında göy tanrıçılıq
inamı indi də yaşamaqdadır. Dil
sarıdan da müəyyən uyğunluqlar, oxşar sözlər
nəzərə çarpmaqdadır. Məsələn,
Türkiyə türklərində sənədə
"kahat" deyirlər, bizdə də bu (eynən (sənəd)
anlamındadır. BizdəAllaha qoq deyirlər.
Qoq "yüksəklik", göy" mənasındadır.
Yüksəkliyə də "qoq ki
qağa" deyirik, yəni "Allahın yüksəkliyi".
Qafqaz
Albaniyası ilə bağlı araşdırmaların istənilən
nəticəyə gəlmək imkanı vermədiyini qeyd edən
X.Ağayev bildirir ki, bu gün dünyada Qafqaz
Albaniyasını hətta ermənilərlə bağlamaq cəhdləri
də var. Ancaq bu iddiaların heç birinin əsası
yoxdur: "Həmişə bizim kəndlərin əhalisində
türklüyə, Türkiyəyə güclü meyl olub. Bizim camaat həmişə deyir ki, türklər bizi
xilas etməyə gəlmişdilər. Bu
gün İsmayıllıda Türkiyə türklərinin Azərbaycanı
1918-ci ildə xilas etməsinə həsr olunmuş abidə
mövcuddur. Kəndimiz Hacıhətəmli
1918-i ildə ermənilər tərəfindən
qırıla, tamamilə məhv edilə bilərdi. Molla Qurbanın Dadaş adlı bir erməni nökəri
olub. Bu, mal-qara otarırmış.
Ermənidən çıxmayan iş,
türkün verdiyi çörək görünür, ürəyini
yumşaldıb, camaata xəbər verib ki, ermənilər gecəynən
kəndi basacaq, sizi də məhv edəcəklər. Kəndin camaatı təpədən-dırnağa
kimi silahlanmış erməninin qabağında nə edə
bilərdi? Məcbur olublar, Göyçay
istiqamətində kəndi tərk ediblər. Ermənilər kəndə hücum edir,
olan-olmazı soyub aparır, apara bilmədiklərini də
yandırırlar. Ermənilər bizim kənddən
1918-ci ilin iyulunda qovulub. Qafqaz İslam
Ordusunun əsgərləri bu ərazilərdə gedən
döyüşlərdə əsl qəhrəmanlıq
göstəriblər. Bir türk zabiti, iki əsgər
qəhrəmancasına həlak olub. Kəndin
mollası Həmid Ağayev həmin türk qəhrəmanların
qəbirlərini o çətin zamanlarda qoruyub, saxlayıb.
Baxmayaraq ki, ətrafda ermənilər
yaşayırdı. Ruslar o qəbirlərə
insanların diqqəti azalsın deyə, xeyli kənardan yol
çəkmişdilər. Hətta qəbir
daşını da oğurlayıblar. 1967-ci
ildə Süleyman Dəmirəl Türkiyənin baş naziri
kimi SSRİ-yə gələrkən iki dövlət
arasında - Kosıginlə Dəmirəl arasında
anlaşma olur ki, Azərbaycandakı türk qəbirlərinə
toxunulmasın. Dəmirəlin adından kəndimizdəki
qəbirləri qoruyan həmin şəxsə viza da verilib.
Molla milis işləyən oğullarına
görə Türkiyəyə getməkdən vaz keçib
ki, barəsində başqa cür fikirləşərlər".
Hapıtların
Azərbaycan mədəniyyyətindən geniş şəkildə
bəhrələndiyini deyən Xeyrulla Ağayev
varlığını Azərbaycan-türk mədəniyyətində
tapdığını deyir: "Xarakter sarıdan türk mədəniyyəti
ilə qaynayıb-qarışmışıq. Dilimizdə
"iməclik" sözü var. Bir vaxtlar indiki
Sankt-Peterburqda bir akademikin Albaniyaya aid çıxmış
kitabda oxudum ki, "iməclik" sözü alban dilində
"pulsuz kömək" deməkdir. Kür
çayının adı alban dilində "çay" deməkdir.
Bizdə indi də görməzsən ki, kimsə kiməsə
pulla iş görsün. Kimsə ev tikəndə
deyirlər ki, filankəs iməci (yəni iməcliyə)
çağırır. Bizlərdə indi də
alver psixologiyası o qədər inkişaf etməyib. Türk ruhundakı hallallıq bizdə də
yaşayır".
Hapıt
dilinin yazılı xüsusiyyətinin olmamasına gəlincə,
Xeyrulla Ağayev deyir: “Dünyada 3 min dil var, onun cəmi
200-nün yazılı xüsusiyyəti var. Vaxtilə 52 hərfdən
ibarət alban əlifbası olub. Təəssüf
ki, hələ də alban əlifbasını oxuya bilən
mütəxəssis yoxdur. Mingəçevirdə
su elektrik stansiyası tikilərkən ilk dəfə
bütün hərflərin olduğu mətn üzə
çıxdı. Kəndimizdə məktəb tikilərkən
belə bir abidə tapılıb, Mingəçevirdə
tapılan abidədən 700-800 il qədimdir.
Bu gün gürcülərin və ermənilərin
istifadə etdikləri qrafik işarələrin çoxu alban
əlifbasından götürülüb".
X.Ağayev hapıtlarda Novruz bayramı ilə bağlı
bütün ritualların keçirildiyini, oda müqəddəs
münasibətin yaşadığını bildirir: “Oda, suya
münasibət türk ruhunda necədirsə, bizdə də
elədir. Camaat and içəndə qoq deyər,
yəni günəşə and içirəm".
Bu gün
hapıtlar dillərini öz aralarında məişət səviyyəsində
qoruyub yaşadırlar: "Mənim yanımda danışan
hapıtın Mollaisaqlı və ya Hacıhətəlidən
olduğunu ayıra bilirəm. Bizim dildə ədəbiyyat
yaradılmayıb. Elmi-ədəbi dildə
danışanda istər-istəməz Azərbaycan türkcəsinə
müraciət etməli oluruq". X.Ağayev bu gün də
hapıtlara xas folkloru toplamaqla məşğuldur: "Lətifələri,
başqa janrlardakı folklor materiallarını toplamışıq,
bunların müəyyən hissəsini çap etmişik. Bu işi yenə də davam etdirəcəyik".
Hapıt
dilində qadın, kişi cinsləri,
üstəgəl canlı, cansız cinslər də var.
X.Ağayevin dediyinə görə, hapıt dili fransız
alimi tərəfindən araşdırılıb: “5-6 il həmin
fransız alimi gəlib hapıtların dilini
araşdırıb, burada bir neçə ay qalıb, sonra da
doktorluq dissertasiyası müdafiə edib".
Filologiya
üzrə fəlsəfə doktoru Sevda Qasımovanın bu
yöndə araşdırması maraqlıdır: “Hapıt və
qrız dillərində çaya “kür” deyilməsi tədqiqatçılarımıza
imkan verib ki, uzun müddət Kür çayının
etimologiyası üzərində gedən mübahisəyə
son qoysunlar və Zaqafqaziyanın ən böyük
çayının öz adının qədim alban
tayfalarının birinin dilindən aldığını
sübut etsinlər. “Kür” sözünün
türk mənşəli söz olması və hətta qədim
şumerlərdə belə bu sözün işlənməsi
haqqında yetərincə məlumatlar var. Qrız, buduq,
xınalıq, ləzgi dillərində elə türk sözləri
işlənir ki, bu gün bəzilərimiz həmin leksemlərin
ilkin variantda mənasını başa düşmürük.
Məsələn, kap - “meyvənin yeyiləndən
sonra qalığı, şud -“taxtabiti”, yeb - “ip”, qajğan
(qazan) və s.
Hapıt
dilinə Azərbaycan dili vasitəsi ilə və ya birbaşa
azərbaycanda yaşayan tatların, ləzgilərin dindən
keçmiş ərəb-fars sözləri də var. Tat dili
vasitəsilə hapıt dilinə keçmiş sözlər:
azar – “xəstə”; axri- “axrı”; lüzüd ədəmi –
“ağ adam”; bəse – “bəst”i; bustan – “bostan”; dahar- “daş”;
əmi – “əmi”; əynə - “güzgü”; əyəl –
“uşaq”; adami – “adam”; ləhəd ədəmi – “qara adam”; mtəpkə
- “balış”; nacax – “balta”; narduvan – “pilləkən”; nukər
– “nökər”; şirni – “konfet”; və s. Hapıt-ləzgi
ortaq sözləri: riş – rış - “qız”; bəlkən
– balkan - “at”; xu-fu-“çörək”; xəd-yad- “su”; gədə-
qada-“oğlan”; bədəy-bade-“nənə”; babay-ba-“baba”və
s”.
Qrammatik əlaqələrdən
danışan araşdırmaçı bildirir: “Azərbaycan
dilinin sözdüzəldici “-çı, -çi, -çu,
-çü”, “-lıq, -lik, -luq, -lük” şəkilçiləri
Şahdağ dillərinin söz
yaradıcılığında əhəmiyyətli rol
oynayır. Şahdağ dillərində işlənən
bağlayıcılar və ədatlar əsasən Azərbaycan
dilindən, yaxud bu dil vasitəsilə ərəb və fars dillərindən alınıb. Lahıc
şivəsində olduğu kimi, hapıt dilində də Azərbaycan
türkcəsinin qrammatik quruluşunun təsiri ilə
yaranmış birinci tərəfi Azərbaycan dilinə məxsus
– mış şəkilçili feili sifət olan mürəkkəb
feillər var və yönlük halda olan feillərə
“başlamış” feili sifəti ilə artırmaqla yaranan
feillər diqqəti cəlb edir. Məsələn: Qıl
daramışiru – “Başını darayır”; Vəz
yaraşmışşöri – “Sənə yaraşır”;
Partlamışğoydu
- “Partladı; Şagird uxəc başdəmiş ərc -
“Şagird oxumağa başladı”; Zın artux hər zad
başə əskızın başdəmiş ərzın –
“Mən artıq hər şeyi başa düşməyə
başladım”; “Basmış ər – “Bas”;
“Çırpmış ər – “Çırp”
Başlamış feilinə -əric artırmaqla isə məsdər
yaranır: başdamış əric.
Ləzgi
dilində isə Azərbaycan dilindən keçmiş
düz, təklif, rastlaş, xahiş, izah, fikir, mehriban, asan,
zillə, doğru, asılı, nəzarət, mızılda,
cəzalan, qabul, nifrət, ciddi, kıbıt (kobud), ayrıl,
bağışla, şərait, deqiş (dəyiş), izlə,
razı, yoxla və s. kimi çoxlu sayda leksik vahidlər var.
Hər hansı bir ərazidə yaşayan xalqların
dil əlaqələrinin tədqiqinin böyük əhəmiyyəti
var. Belə ki, bu əlaqələrin öyrənilməsində
meydana çıxan dil faktları həm də həmin
xalqların. ya da etnosların istisadi-sosial, mədəni əlaqələrini
üzə çıxarır. İsmayıllı
rayonunda tatlar, hapıtlar, ləzgilər, ruslar, yəhudilər
əsrlərdir iç-içə yaşamaqdadırlar.
Qeyri-avtoxton etnoslar içərisində əhalisinin
sayının müqayisədə çoxluğuna və dil əlaqələrinin
daha sız olmasına görə tat dili, onun Lahic ləhcəsi
birinci yer tutur. Lahıc ləhcəsində
çox sayda türk mənşəli söz olmaqla
yanaşı, Azərbaycan türkcəsinin qrammatik səviyyədə
təsiri diqqəti cəlb edir. Tatca sözlərə
milli şəkilçilərimizin, milli sözlərimizə
isə tat dili şəkilçilərinin qoşulması ilə
söz yaradıcılığı və relyativ əlaqələrin
qurulması, İsmayıllı şivəsində çoxlu
sayda tat mənşəli sözün olması bu dil əlaqələrinin
həm tarixi, həm də etnoslararası iqtisadi, mədəni
əlaqələrin dərinliyindən xəbər verir. Hapıtlar isə özlərinin etiraf etdiyi kimi
türk ruhuna çox yaxın olduqları kimi, Azərbaycan
türkləri ilə ortaq kültürə, eyni zamanda
çoxlu sayda ortaq dil faktlarına malikdir. İsmayıllıda yaşayan etnik azlıqların
dilləri həm dövlət dilimizlə, həm də
bir-biri ilə oxşar və ortaq təsirlənmə nöqtələrinə
malikdır. Məsələn, Azərbaycan
dilinə məxsusu feili sifətlərə köməkçi
feil və ya şəkilçi artırmaqla söz
yaradıcılığı həm tat, həm hapıt, həm
də ləzgi dilində vardır”.
Uğur
Xalq Cəbhəsi.- 2016.- 6 oktyabr.-
S.13.