Qrızların dili ilə
bağlı araşdırmalar
Bu yazıda Azərbaycanda
yaşayan qrızların
dilindəki alban izləri haqqında danışılır. Araşdırmaçı Nəzirə Şalbuzova bildirir ki, müxtəlif
tarixi dövrlərdən
Azərbaycanda məskunlaşan
və müxtəlif dil ailələrinə mənsub Azərbaycan etnoslarının tarixi, folkloru, xüsusilə də dilləri hər zaman mütəxəssislərin maraq
dairəsində olub.
Azərbaycanda qeydə alınan
bir sıra etnoslar nadir etnoslardan hesab olunur. Bunlardan xınalıqlar, buduqlar, qrızlar, hapıtlar və ceklərin adını çəkmək olar: “Həmin etnosların tarixi, etnoqrafik, həmçinin dil xüsusiyyətlərinin öyrənilməsi,
onların etnik təşəkkülünə gətirib çıxarmış
səbəblərin araşdırılması
Azərbaycan etnologiya elminin qarşısında
duran mühüm vəzifələrdəndir. Eyni coğrafi
ərazidə mövcud
olan bu etnosların
hər biri Qafqaz Albaniyasında məskunlaşan qədim alban tayfalarının varisləridir. Alban etnosu və Albaniyada 26 dildə danışan tayfalar haqqında Arrian, Strabon kimi antik
müəlliflər məlumat
veriblər. Antik mənbələrdən
məlum olduğu kimi, alban etnonimi
Albaniyanın aparıcı
etnosu olmaqla bərabər bu ölkədə məskun
olan tayfaların ümumi adı kimi də işlənirdi.
Mənbələrdən həmçinin məlum
olur ki, bu tayfalardan hər birinin konkret etnik adı
da olub.
Albaniyada
yaşayan belə tayfalardan udi, qarqar, maq, kaspi,
gel, leq, hər, qat və s. tayfaların adlarını
çəkmək olar.
Bu alban tayfalarından
biri də qrızlardır. Tarixçi-etnoqraf Qiyasəddin Qeybullayevə
görə, xalqın
təşəkkülü tarix boyu davam
etmiş arasıkəsilməz
etnik prosesin nəticəsidir. Hər
bir etnik proses ayrı-ayrı etnik komponentlərin – etnosların hissələrinin
əhəmiyyətli, zəruri
dəyişməsi, yeni
etnik adda etnosların yaranması prosesidir. Quba rayonu ərazisində Babadağ, Tufandağ, Şahdağın ətəklərində
yerləşən Qrız,
Buduq və Xınalıq kəndləri
və orada yaşayan etnoslar da Azərbaycan xalqının tərkib hissəsi kimi uzun və tarixi
bir yol keçiblər.
Şahdağ etnik qrupuna
aid edilən bu etnoslar, o cümlədən
də, qrızlar müəyyən tarixi zaman içərisində
bir çox etnik proseslər nəticəsində müəyyən
mərhələlərdən keçiblər. Bir sıra
tarixi hadisələr və yerdəyişmələr
nəticəsində bəzi
dəyişikliklərə uğrayaraq keçmiş
etnik adları hazırkı etnik adı ilə əvəzlənib. Bir sıra
tarixi etnoqrafik araşdırmalar xınalıq,
qrız, buduqların əslində Qafqaz Albaniyasında məskun olan hər, qat tayfalarının varisləri olduğunu təsdiq edib. Hər, qat, gel kimi tayfalar
Azərbaycanda hazırda
yaşayan etnoslar udinlər, ingiloylar, xınalıqlar, qrızlar,
buduqlar kimi tayfaların əcdadlarıdır.
Hazırda da Şahdağ etnik qrupuna daxil olan
etnosların özlərinə
verdikləri adla ətraf bölgələrin
onlara verdiyi ad arasında fərq var. Buna
səbəb həmin etnosların etnik proses nəticəsində
müəyyən mərhələdən
keçərək başqa
adla tanınmasıdır.
Məsələn: Xınalıqlar
öz kəndlərini
“Ketiş”, özlərini
“kəttid”, əliklilər,
qrızlılar isə
öz kəndlərini
qqərəzər, öz
dillərini qərəzar
(qrızlılar), xınalıqlılar
isə onları xoddad (xoddud) adlandırırlar. Buduqlar isə
qrızlıları qerad/qerez, adlandırırlar ki, bu da
“herlərin/qerezlərin
yeri” deməkdir.
Bununla da qrızlıların alban tayfalarından olan hərlərin varisləri olması bir daha aydınlaşır. Belə ki, Albaniya ölkəsində yaşadıqlarına görə alban adı altında ümumiləşdirilən bu etnosların hər birinin konkret etnik adı, özünü adlandırması olub. Ümumi olaraq tədqiqatlar təsdiq edib ki, Qafqaz Albaniyasının Alazan və İori çayları vadisində məskun olan qədim hər və qat tayfaları Azərbaycanın şimal-qərbini tərk edib Qafqaz aşırımlarından keçərək, Azərbaycanın şimal-şərqində məskunlaşıblar. Beləliklə, qrız etnosu qədim zamanlarda əvvəlcə Azərbaycanın şimal-qərbində yaşayıb, daha sonra Azərbaycanın şimal-şərqində Quba bölgəsində məskunlaşıblar”.
Araşdırmaçı bu qənaətə gəlir ki, qrızlar və qrız etnosuna daxil edilən hapıtlar və ceklər hazırda da öz spesifikliyini, etnik ənənələrini, ən əsası isə dillərini qoruyub saxlaya biliblər: “Şahdağ etnik qrupuna daxil olan etnik qruplar ümumilikdə Qafqaz dil qrupuna aid edilsə də, onların hər birinin ayrıca dil və dil xüsusiyyətləri var. Şahdağ etnik qrupuna daxil olan etnik qruplar, eləcə də, qrız dili bu baxımdan öz dillərində həm adət-ənənələrini, həm tarixini, həm də dünyagörüşünü qoruyub saxlaya bilib. Qrız dili də əsrlərdən bəri qorunub qalmış qədim dillərdən biridir. Onun hapıt, cek, əlik, yerguc kimi dialektləri var. Qrız, Yergüc, Cek, Haput, Əlik, Buduq dilləri bir dairənin dilləri hesab olunur. Müəyyən fərqlər nəzərə alınmasa demək olar ki, bu xalqlar bir-birinin dilini başa düşürlər. Qrız, Yergüc, Çək, Haput, Əlik dillərinin leksikası, morfologiyası, sintaksisi, xüsusən sonsuzluğa qədər əşyaların cinsini bildirmək üçün meyar olan say sistemi, qohumluq bildirən sözlər demək olar ki, eynidir. Dilin formalaşması çox uzun bir prosesdir, yaranması uzun bir vaxt alır, lakin tez bir vaxtda zamanla unudulur. Mədəni irsimiz sayılan etnik qrupların dillərini unutmamaq üçün əslində hər bir etnik qrupun lüğətinin hazırlanmasına ehtiyac var. Qrız dili yazısız, lüğətsiz və kitabsız olaraq şifahi formada nəsildən nəsilə, atadan oğula ötürülməkdədir”.
Qrız dili zəngin, eyni zamanda öyrənilməsi çətin, mürəkkəb bir dil hesab edilir: “Bu dildə hər bir sözün öz mənası var, yəni hər bir söz özünəməxsus şəkildə ifadə olunur. Bu fikrimizi qrız dilində işlədilən bəzi sözlərdən misal gətirərək əsaslandıra bilərik. Nümunə olaraq “daş” və ya “pişik” sözünu götürək. Bu kəlmələr qrız dilində iki cür ifadə olunur. Belə ki, emal olunan daşa, məsələn, dəyirman daşına, – “xud”, yola tökülən daşa və ya qaya daşına isə “dahar” deyilir. Daş yol “dahara rıx”, dəyirman daşı isə “hüv xud” kimi ifadə olunur. Burada haşiyə çıxaraq bildirmək istəyirəm ki, qrızlarda “Laçın beli” adlanan dağda iki qoşa daş var. Bu daşlar qrız dilində “kokrudahara” yəni çağırış daşları adlanır. Qrız dilində kokru çağırış, dahar isə daş deməkdir. Qrızlar bu daşların hündürünə “xeyir daşı”, alçağına isə “şər daşı” deyirlər. Xalq arasındakı qədim ənənəyə görə, həmçinin keçmişdə gediş-gəliş çətin olduğuna görə Qrız kəndinin əhalisi qonşu kəndləri toya dəvət etmək istəyən zaman kənd adamı hündür daşın üzərinə, yasa dəvət etmək istəyən zaman isə alçaq daşın üzərinə çıxarmış.
Qrız dilində çöl pişiyinə (vəhşi pişiyə) “peğu”, ev pişiyinə isə “kəc” deyilir. Bu cür misalların sayını artırmaq olar. Buradan belə nəticəyə gəlmək olar ki, qrız dili çox zəngin dildir və hər bir sözün özünün ayrıca ifadə forması mövcuddur. Ümumiyyətlə, Azərbaycan dialekt və şivələrində assimilyasiya, dissimilyasiya, səsartımı, səsdüşümü, söz ortasında və ya əvvəlində samitlərin qoşalaşması və s. kimi hadisələrlə rastlaşırıq. Məmmədağa Şirəliyevin fikirlərinə əsasən də, deyə bilərik ki, fonetik fərqlər qrammatik, hətta leksik fərqlərdən də üstünlük təşkil edir. Qrız dilində bu fonetik xüsusiyyətlərdən ən çox samit səslərin qoşalaşması və boğaz samitlərin daha çox işlədilməsi prosesinə rast gəlirik.
Qeyd etmək lazımdır ki, mənbələrdə qədim alban tayfalarının da belə boğaz səsləri ilə zəngin olduğu qeyd olunur. Hər hansı bir sözün düzgün tələffüz olunmaması sözün düzgün anlaşılmamasına səbəb ola bilər. Bu dilin əlifbasının olmaması və ya işlədilməməsi yaxud unudulması sözlərin düzgün tələffüz edilməsinə maneə törədir. Bu baxımdan etnik qrupların dillərini öyrənmək üçün mütləq şəkildə həmin etnik qrupun əhalisi ilə təmasda olmaq vacibdir. Məsələn, qrız dilində, yuxarıda da qeyd etdiyimiz kimi ev pişiyinə “kəc, suya da ona oxşar şəkildə “kəd” deyilir. Bu sözlərin doğru tələffüzü onları bir-birindən ayırır. Belə ki, tələffüz zamanı “kəc” sözündəki k hərfi - k/h/ğ kimi üç hərfin, “kəd” sözündəki k hərfi isə - k/h kimi samitlərin birləşməsindən yaranan səs kimi ifadə olunur. Qrız dilində belə samit birləşməsi ilə müxtəlif səslərlə ifadə olunan bir çox sözləri misal gətirmək mümkündür. Məsələn, kənd mənasını verən “kum” və çay mənasını verən “kur” və s. kimi qrız sözlərini də yalnız boğaz səsləri bir-birindən ayırır. Şimal bölgəsinə xas olan boğazın qırtlaq nahiyəsində danışılması bu, eləcə də, digər etnik qrupların dilində rast gəlinir. Qeyd etmək lazımdır ki, bir çox albanşünas müəlliflərin də qeyd etdiyi kimi alban əlifbası da fışıltılı və boğaz səsləri ilə zəngin idi.
Qrız dilinə aid spesifik xüsusiyyətlərdən biri də sözlərin hallanması zamanı kökdən dəyişməsidir. Məsələn: ət –“yek” deməkdir, ətdən dedikdə isə “yekkir” deyil, “yikkir”, yaxud inək- “zar”, inəkdə isə “zarık” deyil, “zırık” kimi ifadə olunur. Qrızlılarda -lı, -li, -lu, -lü şəkilçiləri olmadığı üçün Buduğlu –“Buduğəd”, “Cəgli-Cəgəd” kimi səslənir. Qrız dilində özünəməxsus şəkilçilərdən bir də qohumluq bildirən sözlərin sonuna artırılan -əy şəkilçisidir. Bu şəkilçini qrız dilindəki ata-“bəy”, ana –“dəy”, xala-“xələy”, əmi-“şitəy” və əmi-“mləy”, dayı-“şitəy” və s. kimi bir sıra qohumluq terminlərində görmək mümkündür.
Maraqlı faktlardan biri də odur ki, etnik qrupların bir-birinə verdikləri adlar əsasında onların morfologiyasındakı şəkilçiləri də aşkara çıxarmaq mümkündür. Belə ki, buduq və qrızlıların xınalıqları “qetdi” adlandırması burada “di” hissəciyinin cəm şəkilçisi olmasını göstərir. Hər hansı bir ölkənin toponimləri və şəxs adları həmin ölkədə yaşayan etnosun mövcud olduğu dövrdə yaranır. Əgər biz həmin yer və şəxs adlarının mənalarını aça bilsək, bununla da həmin etnosun dilinə məxsus sözləri leksik vahidləri müəyyən etmiş və həm də bu etnosun etnik mənsubiyyətini aydınlaşdırmış olarıq”.
Bu baxımdan araşdırıcıya görə, qrızların yaşadığı kəndlərin toponimik xüsusiyyətlərinin təhlilini vermək olar: “Məsələn, XIX əsrdən etibarən bir çox qrız nəsillərinin məskunlaşdığı Xaçmaz bölgəsinin oykonimlərindən ən çox diqqəti çəkən komponentlərdən biri də oba komponentli oykonimdir. (Oykonim – yaşayış məntəqələrinin adını bildirən xüsusi isimlərdir) Qrızların Xaçmaz bölgəsində saldıqları kəndlərin adlarında ən çox oba oykoniminə rast gəlmək olar. Qeyd edək ki, qrız dilində də kəndə “oba” deyirlər. Bir çox mənbələrdə də qeyd olunduğu kimi kəndlərə nəsil başçılarının, nüfuzlu adamların adları verilirdi”.
Uğur
Xalq Cəbhəsi.- 2016.- 7 oktyabr.-
S.13.