Azərbaycan Səfəvi dövlətinin
etnik mənsubiyyəti, quruluşu
Şeyx Səfiəddin
öz doğma dilində, yəni türk dilində yazıb
5-ci
yazı
1577-ci ildə
çağırılmış qızılbaş
toplantısında Məhəmməd Xudabəndə hakimiyyətə
gətirildikdən sonra Mirzə Salman etimadəddövlə,
Mir Şəmsəddin Məhəmməd Kirmani sədr,
Şahruh bəy Zülqədər möhürdar, Qazi bəy
Zülqədər eşikağasıbaşı vəzifəsinə
təyin edildi. Məmaliki məhrusə
Qızılbaş-Türk əyanları arasında
bölündü. Əli bəy Zülqədər
Şiraz, Pir Məhəmməd xan Ərdəbil, Türkman
tayfasının Mosullu obasından Əmir xan Təbriz
hakimliyini aldılar. Əmir xanın məsləhəti
ilə qardaşları İsmayıl sultan, Şahqulu sultan,
oğlu Sultan Murad və İbrahim sultan Piyada Türkman əmirlik
rütbəsinə layiq görüldü və onlara Azərbaycanda
ulkalar verildi. Şahın buyruğu əsasında
Məhəmməd xan Toxmaq Ustaclı Çuxur-Sədə əmir
əl-üməra göndərildi. İmamqulu
xan Qacar yenidən Qarabağ əmir əl-ümərası,
Araz xan Rumlu isə Şirvan bəylərbəyi vəzifəsinə
təsdiq edildi. Rumlulardan Ərdoğdu xəlifəyə
və o cümlədən bir neçə nəfər
başqa əyana Şirvanda ulkalar verildi. Belə
ki, Türkmanlardan Məhəmməd xan Kaşana, Əbulməsum
sultan Savəyə, Heydər sultan Quma bəylərbəyi
göndərildilər. Türkmanlardan
Murtuzaqulu xan isə Məşhəddə, Təkəlilərdən
Museyib xan Reydə, Vəli xan Həmədanda öz vəzifələrində
qaldılar. Rumlulardan Dəli Budaq Xoy, Şamlılardan
Əliqulu xan Herat, Əfşarlardan Vəli xan Kirmana bəylərbəyi
təyin olundular. 1586- 587-ci illərdə də Vəli xan
Əfşarın Kirman valisi olduğunu görürük. Bu zaman oğlu Bektaş xan isə Yəzd valisi və
Əfşarlardan Yusif xan isə Əbərguh hakimi idi.
Xorasanın bəzi mahallarına Həmzə xan
Ustaclı, Vəliqulu xəlifə Şamlı və
Şahqulu sultan Qarınca oğlu Ustaclı hakim göndərildilər. Səbzəvardə
isə Qubad xan Qacar hakimiyyətdə idi. Gilanda Biye-Pəs,
Biye-Piş hakimləri Cəmşid xanla Əhməd xan
arasındakı yeni çəkişmələr, onların hər
birinin bütün Gilanı öz hakimiyyəti altında birləşdirmək
üçün Qəzvinlə apardıqları
danışıqların heç bir nəticəsi olmadı.
Gilanda separatizmin qarşısını almaq
üçün bura yeni Qızılbaş-Türk əmirləri
göndərilir. Vilayət Salman xan, Hüseynqulu sultan,
Mustafa sultan Şərəfli (Ustaclı), Ayqut bəy oğlu
Mehdiqulu sultan Çavuşlu (Ustaclı), Əhməd sultan
Asayış oğlu (Ustaclı), Tanrıverdi xəlifə Kəngərli,
Pirə Məhəmməd Ustaclının qohumlarından
Əbülqasım sultan, Şahverdi sultan Çavuşlu,
Şahverdi sultan Cəlaloğlu Çəpni, Qarınca
oğlu Şahqulu sultan Ustaclı (Salman xanın lələsi)
arasında bölündü. Cəmşid
xanın bütün əmlakı hədiyyə qismində Qəzvinə
göndərildi. Bu əmirlərin hakim təyin
olunduqları vilayətlərdə türk el və
oymaqlarından ibarət güclü dayaqldarı da vardı.
Məsələn, Zülqədərlər hələ
I Şah İsmayılın dövründə Farsa
köçürülüb yerləşdirilmişdi və Məhəmməd
Xudabəndə dövründə də bu bölgənin
aşağıdan-yuxarıya bütün vəzifələri
onların bəylərinin əlində idi.
Ancaq I Şah Abbas imperatorluqda XVI yüzilliyin 80-ci illərində
baş vermiş separatizmin qarşısını almaq və
hakimiyyəti möhkəmləndirmək məqsədi ilə
qeyri-türk el, oymaq əmirlərinə də dövlət
idarəetmə orqanlarında vəzifələr vermişdi. Ancaq onun sələflərindən
fərqli olaraq qeyri-türk əsilzadələrini hakimiyyətə
gətirməsi, dövlətin milli mahiyyətini dəyişə
bilmədi. Ona görə ki, dövləti
quran da və onu qoruyub saxlayan, yaşadan da türklər idilər.
Pyetro della Vallenin yazdığı kimi I
Şah Abbasın dövründə də ölkənin əsilzadələri,
əsgəri təşkilatı da onlardan ibarət idi. Elə buna görə, Şah Abbas da
ata-babalarının ənənəvi daxili siyasət kursuna
etinasız qalmadı. Belə ki, o,
imperatorluğun cənub-şərqində yerli
dayaqlarını möhkəmləndirmək üçün
Şirvandan bir çox oymaqlar köçürüb bu
bölgələrdə yerləşdirdi. Eyni
zamanda, Qarabağdakı Otuz iki, Qazaxlar, Şəmsəddinli
oymaqlarından xeyli əhali Mazandaran və Farsa
köçürülmüşdü. Şərqi
Anadoludan 1612-ci ildə Azərbaycana köçən
Silsüpürlər Savə, Rey və Firuzguh tərəfdə
yerləşdirilmişdi. Bütün bu
faktlar sübut edir ki, XVI yüzillikdə olduğu kimi, XVII
yüzillikdə də dövlətin daxili siyasət
kursundakı ənənələr əsasən qorunub saxlanmaqla
hakimiyyətin əsas dayaqları Qızılbaş-Türk
elləri olmuşdu. F.Sümərin
yazdığı kimi, Türk oymaqları əskisi kimi
dövlətin ana dirəyi vəsfini daşıyıb və əhəmiyyətini
mühafizə ediblər.
XVII əsrin 50-60-cı illərində Gürcüstanda
dövlət hakimiyyətinə qarşı
çıxışlar, mərkəzdənqaçma hərəkatları
başlamışdı. Bunu hərbi yolla tam həll etmək
mümkün olmadıqda, ənənəvi daxili siyasət
kursuna uyğun köçürmələrlə yerli dayaqlar
yaratmaq tədbirlərinə üstünlük verilmişdi.
Məhəmməd Yusif Qəzvini yazır ki, II
Şah Abbas (1642-1664) 1658-ci ildə Azərbaycan və
Qarabağın elat əhalisinin bir qisminin Kaxetiyaya
köçürülməsi haqqında göstəriş
vermişdi. Şahın göstərişinə
əsasən 15 min elat əhalisi həmin əraziyə
köçürülüb və burada dövlət hakimiyyəti
üçün davamlı dayaqlar yaradılmışdı.
Mənbədə bu bölgəyə
köçürülən elat əhalisinin xeyli hissəsinin
qala və şəhərlərdə yerləşdirildiyi
göstərilib. Mənbədən
aydın olur ki, müxtəlif ədəbiyyatlarda köçəri,
tərəkəmə adı ilə verilən bu türkmən
oymaqları bölgəni qorumaqla yanaşı burada qalalar,
şəhərlər salır, əkinçiliklə, təsərrüfatla
məşğul olurdular. Şah onlara
Kaxetiyanı abadlaşdırmağı da
tapşırmışdı.
Qaynaq materiallarının tədqiq və təhlili
sübut edir ki, I Şah Abbas və ondan sonra da hakimiyyətdə
olmuş Səfəvi şahları dövründə Səfəvi
dövlətini sosial, hərbi-siyasi baxımdan türklər
qurduğu kimi, onlar da qoruyub saxlayır və
yaşadırdılar. Ancaq bir çox qərb və şərq ölkələri,
xüsusilə İran tarixçiləri qaynaq
materiallarını birtərəfli təhlil edərək, zəngin
mədəniyyətə, dövlətçilik təcrübəsi,
idarəetmə istedadına sahib olan xalqımızın
tarixinin bəzi məsələləri ilə yanaşı, Səfəvilərin
soykökü, Azərbaycan Səfəvi dövlətinin
yaranması, onun müxtəlif təkamül mərhələlərində
dövlətin mahiyyətini təhrif edərək
saxtalaşdırıb, bu dövləti Azərbaycan yox, «İran»,
«Fars» dövləti kimi xarakterizə ediblər. Ancaq
ciddi tarixçilərin əsərlərində bu cür
yanlış fikirlər qəbul olunmur. Tarixçilikdə
Səfəvi şahlarının soykökü ilə
bağlı mübahisə doğuran məsələləri
O.Əfəndiyev yenidən araşdırıb və o, mötəbər
qaynaqlardan əldə etdiyi materiallar əsasında
düzgün elmi məntiqi nəticələr əldə edə
bilib. Müəllif bu məsələ ilə
bağlı fikirlərini yekunlaşdıraraq qeyd edir: «Səfəvilər
sülaləsinin əzəldən kürd, yaxud İran (yəni
fars) mənşəli olması haqqında ehtimal da mötəbər
mənbələrin məlumatlarına əsaslanmır. Həm də Şeyx Səfiəddinin türk etnosuna
mənsub olması çətin ki, şübhə doğura
bilər». Səfəvilərin soykökünün
türk olması haqqında Seyidağa Onullahinin də tədqiqatlarında
tarixçilik üçün həm maraqlı və həm
də yeni məlumatlar var. Müəllif XIV yüzillikdə
yaşamış Təvəkkül ibn İsmayıl ibn
hacı əl-Ərdəbilinin «Səffat əs-Səfa»
adlı əsərinə istinad edərək yazır:
«Şeyx Səfiəddin bu ləfz ilə buyurdu – Ey xüləfa
camaatı, Xacə Səfiəddinə dua edin ki, rəhmətlik
Şeyx Zahidin və mən türkzadənin (türk
oğlunun) taxtını aparıb». Seyidağa
Onullahi olduqca elmi əhəmiyyətli olan bu fikirə istinad edərək
Səfəvilərin soykökünü kürdləşdirməyə,
yaxud da farslaşdırmağa çalışan tarixçilərə
tutarlı cavab verərək göstərir ki, Şeyx Səfiəddin
türk olduğunu hər halda onlardan daha yaxşı bilərdi.
Məhəmmədəli Tərbiyət öz əsərində
Şeyx Səfiəddini Azərbaycanın məşhur ariflərindən
olduğunu göstərməklə yanaşı, onun yeganə
nüsxəsinin vaxtilə Ərdəbil kitabxanasında
saxlanılan və «Qara məcmuə» adı ilə məlum
olan əsərin müəllifi olduğunu qeyd edib. Adından da göründüyü kimi, əsəri
Şeyx Səfiəddin öz doğma dilində, yəni
türk dilində yazıb. O, türk dilində şeirlər
də yazıb ki, bu barədə dövrün müxtəlif
qaynaqlarında məlumatlar verilib. Doktor Hüseyn Məhəmmədzadə
Sədiqinin hazırlayıb nəşr etdirdiyi Şeyx Səfiəddin
Ərdəbilinin «Qara məcmuə» adlı əsərində
şeyxin türk dilindəki şeirlərindən nümunələr
verilib:
Qoydu
üz könlümə qəm ləşkəri hamun-hamun,
Qara
baydağlı ələmlər ucu gülgun-gülgun,
Çağırırdım
qatı avaz ilə:-Leyli, Leyli!
Dağ səs
verdi cavabında ki:- Məcnun, Məcnun!
Gözlərimdən
yana od tutladı duzəx-duzəx,
Cigərimdən
yana qan qaynadı Ceyhun-Ceyhun,
Bu nə
viranə könüldür, Səfi, ey vay-ey vay!
Sərvlər var idi bu bağidə mövzun-mövzun.
İsgəndər bəy Münşi Türkmən
yazır ki, Şeyx Səfiəddin gənc yaşlarında
mükəmməl təhsil aldıqdan sonra mənəvi aləmlərin
çətinliklərini dərk etmək üçün bir
mürşid axtarmağa başlayıb və elə bu istək
onu dövrün böyük bilim adamı olan Şeyx Nəcibəddin
Bozquş Şirazi ilə görüşmək
üçün Şiraza aparmışdı. Ancaq Şeyx Səfiəddin
Şiraza çatdıqda, artıq Şeyx Nəcibəddin
Bozquş vəfat etmişdi. O, Şirazın
böyük üləmalarından biri olan Mövlanə Rəziəddinin
yanına gedib, onun yanında Qurani-Kərimin əz-Zilzal surəsinə
qədər təfsirlərində iştirak edir. Sonra Şeyx Sədi Şirazi ilə də
görüşüb söhbət edir, ancaq Şeyx Sədi ilə
fikir mübadiləsi onun əziz xatirinə xoş gəlmir.
Şirazın üləmalarından Əmir Abdulla Şeyx Səfiəddinin
böyük fəzilət sahibi olduğunu gördükdə,
ona deyir: «Ey gənc türk! Ciddi səyin, zahidlik və
ucalığın sayəsində sənin üçün
hasil olanlar bizim mərifət gözümüzə
çatmayıb… Bu gün sənin gözündən pərdəni
götürüb, məqsədinə tərəf yönəldən
bir adam varsa, o da ilahi elmlərini bilən
Şeyx Zahid Gilanidən başqa bir kimsə deyil… Şeyx Səfiəddin fars şeyxləri ilə
xudafizləşib vətənə tərəf döndü».
XVI
yüzillikdə yazılmış və müəllifi məlum
olmayan «Aləm aray-i Səfəvi» adlı qaynaqda isə qeyd
olunur: «Şeyx Zahid Gilani Şeyx Səfinin gəldiyini biləndə
adı Şeyx Cəmaləddin olan böyük oğluna dedi
ki, ey oğul, get büqün içərisində… cavan türk
namaz qılır; ona de ki, ağam Şeyx Zahid səni
çağırır… Bayram günü
gördülər ki, həzrət Şeyx Zahid qırx
günlük ibadətdən sonra bayıra çıxıb
cavan türkün (Şeyx Səfinin) əlindən tutaraq
büqə gəldi». Dövrün
qaynaqlarındakı bu məlumatlar Səfəvi
şahlarının babalarının kökcə türk
olduqlarını nəinki təsdiq edir və həm də
tarixçilikdəki bu məsələ ilə bağlı
mübahisələrin də əsassız olduğunu göstərir.
V.V.Bartold da orta çağın unikal qaynaqlarındakı
tutarlı faktlara istinad edərək yazır ki, Ərdəbil
şeyxləri, şübhəsiz fars
deyil, türk mənşəlidirlər. Bu fikiri əsasən
qəbul edən İ.P.Petruşevski isə yazır ki, XVII əsrə
qədər Qızılbaş dövlətini «Fars»,
«İran», «Yeni İran» adlandırmaq düz deyil. Hansı ki, bu səhvə təkcə Avropa deyil, bir
çox sovet tarixçiləri də yol verirlər.
Zabil Bayramlı
tarix üzrə elmlər doktoru,
professor
Xalq Cəbhəsi.- 2016.- 8 oktyabr.-
S.14.