Azərbaycan dramaturgiyasında mədəni zənginliyin
ifadəsi
Bu yazıda Azərbaycan dramaturgiyasında mədəni zənginliyin ifadəsi haqqında danışılır. Filologiya üzrə fəlsəfə doktoru Solmaz Məmmədova bildirir ki, xalqların, millətlərin, etnik qrupların qarşılıqlı mədəni birliyi, milli spesifikalı mədəniyyətin qaynayıb qarışması, çulğalaşması və insanların kifayət qədər mürəkkəb, həssas münasibətlərdə tolerantlıq, anlaşma və hörmət çərçivəsində fəaliyyəti bədii mədəni sferada xüsusi bir mərhələ yaratdı: “Etnik azlıqların cəmləşdiyi, tarixən xalqlar dostluğu ilə seçilən, Şərqlə Qərbin astanasında yerləşən Azərbaycan kimi bir ölkənin tarixi proseslərin mərkəzində olması, tarixi yerdəyişmələr, xalqların təbii proses kimi diffuz vəziyyətə gəlib çatması bu problemin nə qədər aktual olduğunu bir daha təsdiqləyir, bugünkü mənzərəni tam göz önünə gətirir. Doğrudur, miqrasiya, xalqların yerdəyişməsi, köç və sair, dünya miqyasında tarixən mövcud prosesdir, xüsusilə postsovet məkanının parçalanması milli özünüifadə üçün xeyli imkanlar yaratdı, bu sahədə aktivlik artdı. Mədəni müxtəliflik etnik ayrıseçkilik demək deyil. Bu rəngarəng həyat tərzləri, mədəni oriyentasiyalar - mədəni tendensiyalar deməkdir. Bu, həm də mədəni plüralizmdir, individual, əlahiddə götürülmüş identifikliklərin paralel mövcudluğu deyil, onların qarşılıqlı əlaqəsi, bir- biri ilə çulğalaşması, qarşılıqlı transformasiyası deməkdir. Bədii ədəbiyyata multikultural dəyərlər baxımından yanaşmaq həm də hadisələrə, təsvir edilən obyektlərə, subyektlərə, tarixi faktlara, fenomen saydığımız dəyərlərə daha geniş aspektdən dialektik, sinkretik arqumentlərlə yanaşmaq deməkdir. Hazırda belə bir fikir var ki, multikultural dəyərləri ən yaxşı ifadə etmək üçün roman janrı daha münasibdir. Bu fikrin tərəfdarları ona əsaslanırlar ki, romanın təhkiyəçilik, nəqletmə xüsusiyyəti həyatın lap dərin qatlarına enməyə imkan yaradır və burada bir çox incə məqamlar, gerçəkliyin spesifikası daha aydın açılır və bundan başqa romanın çoxdilli (polifonik) strukturu, xonotop universallıq prinsipi vardır ki, romanın belə imkanları etnik-milli identifikliyi fərqləndirməyə, çoxyaruslu həyat modeli yaratmağa, buradakı rəngarəngliyi, həqiqətləri daha dolğun, milli etnik, kultural, dini fərq, tolerantlıq, milli mədəni fərqlər projector altındakı qədər aydın görməyə xidmət edir. Qəhrəmanlar öz energetikası, daxili səsi, davranış və münasibətlərində mənsub olduğu milli elementlərin daşıyıcılarıdır. Dramaturgiyada məsələ nisbətən fərqlidir. Burada müəllifin fikir və ideyalara müdaxilə imkanları ancaq obrazlar vasitəsilə həyata keçirilir, odur ki, xarakterlərlərin dramaturji dolğunluğu, dialoq və replikaların ustalıqla yerli yerində işlədilməsi, dram janrının estetik imkanlarının çoxluğu hesabına qarşıya qoyulmuş problem və tematikanın açılması həyata keçirilir, yuxarıda danışılan multikultural dəyərlərin ədəbiyyatda təcəssümü məsələsi dramaturji baxımdan həllini tapır. Hələ ötən əsrin əvvəllərində H.Cavid “Şeyx Sənan’’ (1914) faciəsində tolerantlıq, təmkin, digər dinlərə və qeyri millətlərə qarşılıqlı anlaşma və hörmətlə yanaşmaq məsələsi ilə yanaşı, daha bəşəri bir problem-insanları sevmək idealını ortaya qoyub. Burada rastlaşdığımız din ayrı insanlar, dinsiz insanlar (müsəlman, xristian, yəhudi, dərviş), onların qarşılıqlı həyat tərzləri bir daha sübut edir ki, Azərbaycan dini zorakılıq, şovinizm, milli irqi ayrı-seçkilik kimi ekstremist ideyaların yer aldığı məkan olmayıb, əksinə öz tolerantlığı ilə seçilib.
İlahi eşqi yerə endirib real həyatla bağlayan, məhəbbət anlamında bütün sədləri vurub keçən Şeyx Sənan ədəbiyyatımızda maraqlı obrazlardandır. Füzulinin platonik eşqi Şeyx Sənan əhvalatında gözlə görünən, əllə toxunulan, uğrunda mübarizəyə qoşulan bir həyat hadisəsidir. Əsərin əvvəlində allah eşqi ilə yaşayan, müəllimi Şeyx Hadinin sevimli tələbəsi olan Sənanın bu yoldan dönmək fikri yoxdur, bütünlüklə ilahi aləmdə yaşayır, hətta dünya gözəli Zəhra belə onun marağında deyil. Ancaq bir hadisə onun həyata baxışını dəyişir. H.Cavid öz məsləkinə, əqidəsinə burada da sadiqdir: İnsana sevgini, məhəbbəti tanrı hesab edən Cavid bunu bir daha sübut etmək üçün qəhrəmanını ağır bir missiya ilə yükləyir. Onun sevgisi nə məhəbbət bəlasına düçar olmuş Zəhrayadır, nə də başqa bir müsəlmana, Şeyx Sənan tərsa qızına aşiq olmuşdur. Bu eşq onu gürcü Platonun qapısına gətirir. Ümumiyyətlə, bu əsərdə bir iki obrazı çıxmaq şərti ilə dini dözümlülük, tolerantlıq ab-havası var. Remarkalarda milli spesifikanı nəzərə çarpdıran səhnə elementləri, islam və xristian dünyası üçün ənənəvi həyat tərzinin təsviri əsrdə etnokulturoloji məqamları vurğulayan səhnələrdir. Dərvişlərin rəqsi, gürcü məişətinin təsvirində dəliqanlılarının rəqsi, kilsə zəngi, şərab, çaxır məclisləri, xaç simvolikası, müsəlman dünyasının təsviri, zəvvarlar əsərə bir rəngarənglik gətirir, etnokultur mühit yaradır. Əslində Şeyx Sənanın əsl əqidəsi sonda köksündə xaç gəzdirən Papaza etdiyi müraciətdə üzə çıxır. Şeyx Sənan hamının düşündüyü kimi dinindən dönmüş, başqa dinə üz tutmuş biri deyil. Onun amalı daha dərində, daha bəşəridir, humanizmə daha yaxındır. Ümumiyyətlə, gürcü xalqının Azərbaycan xalqı ilə dostluq və birgə yaşayış tarixi çox qədimdir. İctimai, siyasi, iqtisadi, münasibətlərinin, mədəni əlaqələrinin həmişə mövcudluğu ədəbiyyatımızda II İraklinin, Çariça Tamaranın obrazlarının bədiiləşdirilməsi, Azərbaycan ədəbiyyatı və sənət ustalarının Gürcü ədəbi mühiti ilə yaxınlıqları bunu bir daha sübut edir”.
H.Cavidin “Ana” (1912) faciəsi dağ xalqlarının həyatından bəhs edir. Süjetə çəkilmiş hadisə ləzgi, çərkəz xalqlarının həyat tərzi, adət ənənələri haqda təsəvvür yaradır. Oğlunun qatilini evində saxlayan ana (Səlma) verdiyi sözün üstündə durur, sonadək qonağa əl qaldırmağa icazə vermir: “Evinə pənah gətirmiş insanı cani olsa belə öldürməyi kişilik saymır. Qonaq bu yerlərdə toxunulmaz, yüksək hörmətə layiq şəxsdir. Qapıdan içəri keçmiş yad evin ən əziz adamı olur. Bu cəhət dağ xalqlarına xas gözəl keyfiyyət kimi təqdim olunur. Dağ xalqlarının çılğınlıq, qisasçılıq kimi xarakter keyfiyyətlərinin “qana qan” anlamının müqabilində isə qonağa hörmət, sözübütövlük, mərdlik, basanı kəsməmək, alicənablıq kimi insani keyfiyyətlər sərgilənir. Ananın yaşadığı böyük faciə, keçirdiyi iztirablar, qadınların göz yaşları qatil Muradı diri ikən ölüyə çevirir, onun peşmançılıq və əzabları da əsərdə sanki mənəvi tərbiyə, islah yolu kimi təqdim olunur.
M.F.Axundovun ,’’Müsyo Jordan və Dərviş Məstəli şah” komediyası müxtəlif mədəni kulturoloji dəyərlərin qarşılaşdırılması, dünyaya inteqrasiya tendesiyalı əsər kimi ədəbiyyatımızda maraqlı bir hadisədir. Əsər komik planda olsa da, burada Azərbaycan və Avropa mental dəyərləri qarşılaşdırılır, yaddaşlara hopmuş adət və ənənələr, onların müsbət və mənfi tərəfləri incə yumorla oxucuya çatdırılır: “Şahbaz bəy. Zəmanə əhlinin birisi də Paris xalqıdır. Sizin sözünüzə görə onların adət və xəssasından xəbərdar olmaq lazım gəlir. Hətəmxan ağa. Nə eybi var, onların adət və xəvvasını bilgilən əyər istəyirsənsə! Şahbaz bəy. Bu surətdə əgər Parijə getməsəm oranın əhlinin adət və xəvvasından necə müttəle ola bilərəm? Hətəmxan ağa. Çox asan. Necəki mən onları bilirəm Müsyo Jordanı görmək ilə və sözlərinə qulaq asmaq yolu ilə. Əgərçi Qarabağdan başqa bir özgə yer görməmişəm Şahbaz bəy. Əmi, qanmıram ki, siz necə Parij əhlinin adət və xəvvasından xəbərdarsız? Hətəmxan ağa. Bu saat mən sizə qandırım, balam! Mənə yəqin hasil olubdur ki, bizdə hər adət və xasiyyət var isə əksi Parij əhlindədir. Məsələn, biz əlimizə həna qoyuruq, firənglər qoymurlar. Biz başımızı qırxırıq, onlar başlarına tük qoyurlar; Biz başı papaqlı oturarıq, onlar başı açıq oturarlar: Biz başmaq geyərik, onlar çəkmə geyərlər; Biz əlimizlə xörək yeyərlər, onlar qaşıq ilə yeyərlər; Biz aşkara peşkəş alarıq, onlar gizlində alarlar, Biz hər zada inanarıq, onlar heç zada inanmazlar, Bizim arvadlarımız gödək libas geyərlər, onların arvadları uzun libas; Bizdə çox arvad almaq adətdir, Parijdə çox ər alamaq!”
Komediyada maraqlı cəhət obrazların milli mənsubiyyətinə görə fərqli davranışları və bundan doğan uyarsızlığın komizmdir. Hətəmxan ağanın və Müsyo Jordanın davranışlarındakı fərqlər həm də milli identifikliyi qabardır. Ailə, məişət məsələlərinə münasibət, Azərbaycan xalqının qonaqpərvərlik keyfiyyəti, etiket qaydaları, milli mətbəx, süfrə mədəniyyəti .. bir sözlə, Azərbaycan həyatının çox maraqlı rəngarəng cəhətləri öz təsvirini tapır. Dünyaya inteqrasiya məsələlərinə diqqəti artırmaq, mövhumat və cəhalətə uymamaq əsərin əsas tendensiyasıdır. Təfəkkür tərzlərindəki fərqlərə baxmayaraq, müəllif heç bir obrazı təqdir yaxud tənqid yolu ilə getmir, realist həyat səhnələri yaradır, canlılıq, təbiilik, xalq ruhuna yaxınlıq bu əsəri Azərbaycan dramaturgiyasının ən yaxşı nümunələri sırasına daxil edib.
Cəlil Məmmədquluzadə “Kamança” (1920) pyesini yazmaqla Azərbaycan dramaturgiyasında Qarabağ savaşını əks etdirən ilk nümunə yaratdı, həm də müharibə, işğalçılıq, dağıntı, qırğın kimi qorxunc həyat hadisələrinin fövqünə dünyəvi gözəlliyi qoydu, “dünyanı gözəllik xilas edəcək” kəlamının doğruluğunu bir daha təsdiqlədi: “Əsərdə yüzbaşı düşmən millətdən olan əsiri çaldığı Azərbaycan muğamının peşəkarcasına ifasına, Azərbaycan musiqisinə olan sevgisinə görə bağışlayır və yüzbaşının belə insanpərvərliyi azərbaycanlılığın bir xüsusiyyəti kimi təqdim edilir, həm də xalqımızın sənətə, yaradıcı insanlara verdiyi yüksək dəyəri nümayiş etdirir. Əsrlərlə xalqımızın milli simasında formalaşan alicənablıq, qeyri millətlərə tolerant münasibət, siyasətə, ideologiyaya deyil, insanlığa verdiyi dəyər onun göstəricisidir ki, amansız qanunların hökm sürdüyü şəraitdə belə bu insani keyfiyyətlər itmir, öz işini görür”. Azərbaycan ədəbiyyatında belə məqamlar sərgiləyən ədəbi nümunələr kifayət qədərdir”.
Uğur
Xalq Cəbhəsi.- 2016.- 8 oktyabr.-
S.13.