Azərbaycan folkoru mədəni
müxtəlifliyin ədəbi-estetik bazası kimi
Azərbaycan folkoru mədəni müxtəlifliyin ədəbi-estetik
bazası kimi yüzillərdir davamlı
şəkildə varlığını
sübut etməkdədir. Bu, Azərbaycanda yaşayan müxtəlif xalqların
ayrı-ayrı nümayəndələrinin
həyatında, folklorunda
özünü bu və ya başqa
şəkildə (yaşamın
(həyatın) ümumi
prinsiplərindən tutmuş
davranış qaydalarına
kimi) göstərir.
Azərbaycanın ruhundan
doğan, bəşəriliyi
tam təsdiq edən Nizami, Füzuli, Nəsimi, Sabir, Cavid və b. kimi klassiklərin irsi, eləcə də dövlətçilik,
qəhrəmanlıq irsimiz,
şanlı tariximiz, mənəvi-mədəni sərvətlərimiz
– muğamımız, sazımız
həm də Azərbaycanda yaşayan qeyri-türklərin möhtəşəm,
tükənməz mənəvi
güc qaynağıdır.
Yüzillər boyunca Azərbaycanda
yaşayan xalqlar bu mənəvi sərvətdən bəhrələnib,
onları birləşdirən
bu qüdrətli ruhun soraqlarını bu və ya
başqa şəkildə
yaşamlarında hiss ediblər.
Xalqımızın ruhunda zorçuluq yoxdur, olmayıb. Eləcə də
başılacası, Azərbaycan
türklərinin başqa
xalqlara qarşı insançı davranışının
kökündə, mayasında
Azərbaycan ruhundan gələn, ömürləşən
soraqlar, yetkin davranış tipi dayanıb.
İnsana insanlıq soraqçısı kimi baxmaq, onun dərdini-qayğısını
özününkü bilmək,
dostluqda həmişəlik
mərd-mərdana davranmaq,
müxənnətlik etməmək
– arxadan vurmamaq, həmişə süfrəsi
açıq olmaq, ruhən, fiziki cəhətdən güclü
olduğu halda bu imkanlardan zəif olan xalqlara qarşı fürsətcillik yapmamaq, əksinə, onların xalqlıq imkanlarının
aşkarlanmasında hər
mənada, ilk növbədə
mənəvi yardımçı
olmaq, mərhəməti
(insanlığı) həyat
tərzinə çevirmək,
insanlığında nümayişkarlıq
etməmək, doğmalığında
davamlı olmaq və b. kimi keyfiyyətlər Azərbaycan
folkorunun mayasında bu gün də
canlı olaraq yaşayır.
“Dədə Qorqud
Kitabı”nda ulusal ruhumuzun təsdiqi (ilahi insani birlik,
türk ailəçiliyi,
başqalarına ədalət
ölçüsündə yanaşma, adqoyma, bənzərsiz doğmalıq
çalarları və
s.) var, dastanı oxuduqca xalq ruhunun
ölməzliyinə, ulusal-bəşəri
imkanlarımızın tükənməzliyinə
inamımız artır. “Koroğlu” dastanında mərdliklə namərdliyin
yer-göy fərqi, Azərbaycan-türk ruhunda
fitrətən yaşayan
Koroğluluq xislətinin
mahiyyət səviyyəsində
olduğunu görür
və inanırıq.
Ona görə ki, bu halı canlı
yaşayırıq.
Başqasının (başqa xalqın) uğurunu, yaşamağını
istəmək, ona həmişə mənəvi
yardımçı olmaq
yalnız qanında – canında bəşəriliyi
canlı olaraq yaşayan yetkin fərdlərin hesabına
yaranır, formalaşır,
daimiləşir, xalqı
təsdiq edir. Azərbaycan folklorunda
bu cəhətlər yetkin bir düşüncə
sistemi şəklindədir.
Adətən folklor düşüncəsi
qondarmalıq sevmir, ona nəyisə sonradan yapışdırmaq
çətin olur, bu baş verəndə
isə aydınca sezilir. O deməkdir ki, Azərbaycan folklorunda minillərdən
bəri formalaşan, oturuşan bu cəhətlər indi də xalqın yaşamındadır. O deməkdir
ki, xəlqi keyfiyyətin formalaşması
bir günün, bir ilin işi
deyil. Xalqın düşüncəsi minillərin sınağından
çıxdıqdan sonra
indi də yaşayırsa, başqa xalqların da yaşamında aparıcı,
xüsusi təsiredici
mənəvi gücə
malikdirsə, deməli,
çağımızda – ölkəmizdə
onların özünü
güvənli hiss etməsinin
əsas səbəbi
(yaxud səbəblərindən
biri) aydın olur.
Azərbaycan folklorunun ruhunda yaşayan, təsdiq olunan mənəvilik özünü dil məsələsində aydınca göstərir. Dil – hər bir xalqın müəyyənliyi, özünəməxsusluğudur. Dünyada gərginliklərin artdığı bir çağda xalqların, dövlətlərin dil qoruyuculuğu məsələsində daha da bərkidiyi (bərkiməli olduğu) göz önündədir. Hər bir xalqın dili o xalqın təfəkkürünü, səviyyəsini göstərir. Ən əski çağdan bəri, yəni xalqın ilkin inancları yarandığı çağlarda dilin imkan verdiyi səviyyədə həmin özəlliklər yaşayıb, sonradan yetkinləşib, bugünümüzə gəlib çıxıb. Dil özündə tarixi çox gözəl ifadə edir, yaşadır. Azərbaycan folkloru dilimizin gözəlliyini bütün varlığıyla qoruyur, yaşadır. Bu, həm də Azərbaycandakı xalqların folklor qoruyuculuğu üçün örnəkdir: istər-istəməz Azərbaycan folklorundan bəhrələnməklə yanaşı həm də Azərbaycan dilinin imkanlarından bəhrələnmək gərəkli, vazkeçilməz hadisə kimi dəyərləndirilməlidir. Azərbaycan folklorunun mayasında yurdun müqəddəslik ölçüsündə öyülməsi, obrazlaşması var. Məsələn: “Vətənə gəldim, imana gəldim” və s. Bu halın başqa xalqların folkloruna gözəl, yaşarı təsirini aydınca görürük.
Dünyada çoxlu gözəl torpaqlar, ölkələr var, ancaq heç biri insana doğulduğu, böyüyüb boya-başa çatdığı el-obanın, Vətənin yerini vermir. Azərbaycanda yaşayan xalqların nümayəndələri üçün bura gerçəkdən Vətəndir. Bu ölçünün ağıllarda, ömürlərdə obrazlaşmasının qaynağı ilk növbədə Azərbaycan folklorudur. Ona görə ki, folklor – xalqın şəxsində insanın dünyaya, həyata, özünə münasibətinin yetkin, davamlı soraqlarıdır. Keçmişimizdən gələn, milli ruhumuzu təsdiq etdiyi dərəcədə də bəşəriliyə hava-su kimi gərək olan özəlliklərimizi göz-bəbəyimiz kimi qorumalı, artırmalı, bu özüldə yeni dəyərlər yaratmalıyıq. Bir xalq olaraq halallığımız, mərdliyimiz – üzağlığımızdır. Azərbayan folkloru bu qoruyuculuq işində bizə hər zaman yardımçı ola bilmək imkanına malikdir.
Bayatı çağırmaq uca ruhumuzdan doğub. Bayatı yaratmaq mahiyyətcə xalqı təmsil etmək deməkdir. Gözəl, ülvi olan əbədiliyi təsdiq edir, xalq adlı ünvana axır, təsdiqini tapır. Bir bayatıda bir kitablıq hikmət var. Bayatılarda diqqəti çəkən əsas məqam budur: sevgi bitməzmiş, habelə sevənin dərdi qurtarmazmış. Kədərdən, fəlakətdən güc almaq hünərdir. Bayatı dili ana dilimizin həm də üzağlığıdır. M.Yaqubqızı araşdırmasında - Şəki-Zaqatala bölgəsində yaşayan xalqların və etnik qrupların folklor örnəklərindən misallar gətirir, bayatı janrının orada da geniş şəkildə işlənildiyini bildirir: “Bir sıra folklor örnəkləri var ki, bu nümunələrə istər ləzgi, istər avar və s. xalqın nümayəndələri öz rəng çalarını artırmaqla öz möhürünü qoymaqla örnəkləri özününküləşdirib. Buna görə də örnəklər həm variativliyi, həm də möhürlənmiş bayatı nümunələri kimi özünəməxsusdur”.
Milli dəyərlər və çağdaşlığa gəlincə, əsil dəyər zamanı ötür, köhnəlmir. Azərbaycan folkloru bu gün çağımızda təhlükəli tendensiya yaradan qlobalçılığa (kürəsəlliyə) qarşı durmaqda ölkəmizdəki hər bir xalqa yenilməz güc verə bilər. Kürəsəlləşmə (qloballaşma) ulusallığa qarşıdır. Ulusal-fərdi-dövləti özümlüyü, müstəqilliyi qorumaq üçün milli dəyərlərin qorunması qaçılmazdır. Çağımızda informasiya savaşı tüğyan edir. Dünya bütün uğurlarına baxmayaraq sanki tükənmiş durumdadır. Qlobalçılıq dəhşətli eyniyyət, antidoğmalıq, insani-bəşəri dəyərlərin, oturuşmuş milli ölçülərin adiləşməsini və s. yaradır, bər-bəzəkli görüntülərlə baş qatır. Bu gün hər çeşidli informasiya müqavimətsiz evimizin içinə girir, insanı ram edir. Ulusal dəyərlər – içimizdən yaranan, başqasından fərqimizi göstərən dəyərdir. Dövlət, xalq bu kimi dəyərlərin əsasında var olur. Adamlar informasiya bolluğunda çasırlar, neyləyəcəklərini bilmirlər. Azərbaycan folklorunda özünü aydınca göstərən Vətənçilik ideyası, insana təqdim edilən ideyanı ağılla, səbirlə öyrənib yetkin qərar çıxarmaq - tələskənlik etməmək, insanın insana qarşı kinli olmaması və s. bu kimi hallara qarşı durmaqda müəyyən rol oynaya bilər.
Azərbaycan folklorunun davamlı yaşamından, etkisindən çıxan sonuc: bundan sonra dünyada idrakiliyin əsas yön olduğu çağda hər xalqın bəşərin bir parçası, bəşərin təmsilçisi kimi yaradıcılığını ortaya qoymaq imkanı yaranır. Eləcə də folklorumuz insanların ulusa, uluslara – bəşərə, dövlətçiliyə ciddi münasibətinin yaranması üçün düşüncə yönü, insanlarımıza ulusallığı aşılamaqla bizi gözləyən çoxçeşidli təhlükələrdən qurtulmağa da imkan yaradır. İndi dünyanın əsas problemi inamsızlıqdır. İnsan necə xilas olsun, xoşbəxt olsun? Bu kimi suallar həmişə folkloru da əsas mövzularından olub. Dünyaya, həyata, təbiətə, insan olaraq yanaşa bilmək, müəyyən canlıları obrazlaşdırmaq türk xarakterində özünü daha aydın şəkildə göstərməkdədir. Azərbaycan aşıq sənəti insani-bəşəri halıyla ölkəmizdə yaşayan hər bir kəs üçün doğma sayılmağa özündə haqq tapır. Zaqatala bölgəsindəki etnik zənginliyin insanlıq-ulusallıq-bəşərilik yönündə davamlı olaraq cilalanmasında aşıq sənəti özünəməxsus, bənzərsiz rol oynayır. Zaqatala aşıq mühitini araşdırmış Z.Mənsimovanın tədqiqatından aydın olur ki, bölgədə aşıq sənəti müxtəlif xalqların nümayəndələri arasında yayılıb, indi də sevilməkdədir.
Araşdırmaçı Xeyrulla Ağayev hapıtlarda Novruz bayramı ilə bağlı bütün ritualların keçirildiyini, oda müqəddəs münasibətin yaşadığını bildirir: "Oda, suya münasibət türk ruhunda necədirsə, bizdə də elədir. Camaat and içəndə qoq deyər, yəni günəşə and içirəm". Bizlərdə indi də alver psixologiyası o qədər inkişaf etməyib. Türk ruhundakı hallallıq bizdə də yaşayır".
Bu gün ümumiyyətlə, dünyada folklor yaddaşı korşalmaq, az qala yoxa çıxmaq təhlükəsi ilə üz-üzədir. Yeni folklor nümunələri az yaranır. Bu hal bizə onu deyir ki, hər kəs evində - ailəsində ardıcıl olaraq balalarını, inandıqlarını insanlıq, ulusallıq üstə kökləyə, yaşamağa, mili dəyərləri qorumağa kökləyə bilsə, sabahımızı güvənli edə bilərik. Qoy Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi özünü bu gözəl istək üstə kökləsin. Bu, dövlətçilik, milli kimlik, milli təhsil və başqa yönlərdə inkişafımız üçün son dərəcə qaçılmaz və gərəklidir.
Azərbaycan folklorunun mayasında duran əsas cəhət insanlıqdır: rəqabət yaratmamaq, ilahi barış düzənçisi olmaq. Bu, mahiyyətcə bəşər ruhunun, mədəniyyətinin, adət-ənənələrinin ilahi, insani səviyyədə qoruyucusu olmaq deməkdir. Folklorumuz xarakter etibarilə birsifətliyi, fitri döyüşkənliyi, inancıllığı, vətənsevərliyi ilə diqqəti çəkir. Eləcə də folklorumuzda həyata daim yaradıcı baxmaq, insanilikdən soraq verən hər bir cəhəti ləyaqətlə dəyərləndirmək, bu cəhəti (cəhətləri) qorumaq, yaşatmaq və sabaha çatdırmaq ərdəmliyi var.
Uğur
Xalq Cəbhəsi.- 2016.- 11 oktyabr.-
S.13.