Şumer dilində 9 qəhrəmanlıq
eposu tapılıb
R.Antes yazırdı ki, insanlar çox vaxt
tanrıların övladı hesab edilib. O yazırdı ki,
insanın gildən düzəldilməsi haqqındakı təsəvvürlər
sonrakı dövrlərə aiddir və kosmoqonik deyil, yəni
bu ilk insanın gildən yarandığını nəzərdə
tutmur. Araşdırmalar göstərir ki, Şumer
mətnlərindəki gil də sonradan artırılıb.
İlk mətnlərdə gil olmayıb.
Bütün Şumer mətnlərində
insanın yaranmasının bircə məqsədi var:
Tanrıya qulluq etmək. “Enki və Ninmah” əsərində
də insanların tanrılara qulluq etmək üçün
yaradıldığını görürük. Bu mətndə ilk insanı Ninmah düzəldir və
Enki onun taleyini müəyyənləşdirir. Şumer mətnlərinin çoxunda Enki ilk
insanın həm yaradıcısı, həm də müəllimi
kimi təqdim edilir. Şumer mətninə görə,
ilk dəfə yeddi kişi və yeddi
qadın yaranıb. Sonra onlar evləniblər və
görünür, onların hərəsi bir tayfanın əsasını
qoyub. Poemada insanın doğulması da bədii
boyalarla verilib. Ancaq bu boyalar həqiqi mənzərəni
gizlətmək yox, daha gözəl ifadə etmək məqsədilə
seçilib. Aşağıdakı parça bunu
aydın göstərir: Doğacaq tanrıları bir yerə
toplayaraq, Ninti özü oturub günləri sayırdı bax.
Poemada
kişinin arvad alması, arvadın ərə getməsi,
onların bir yastığa baş qoyması, uşağın
ana bətninə düşməsi, doqquz ay, doqquz gün orda
böyüməsi, boylu qadının öz yükünü
yerə qoyması, doğumun şadlıqla, şənliklə
keçirilməsi o qədər real bədii ifadəsini
tapıb ki, elə bil poema beş min il öncə yox, lap bizim
günlərdə yazılıb. Poema beş
min il öncə yazıya alınsa da, onun tarixi daha qədimdir.
Əsər yəqin ki, neçə min il
də ağızlardan ağızlara ötürülə-ötürülə
yaşayıb. Çünki yazı kəşf
ediləndə bu əsərlər bizim oxuduğumuz şəkildə
yaddaşlarda mövcud olub. Bu cür bitkin,
gözəl bir şəklə düşənə qədər
sözsüz ki, min illərlə yaddaşlarda cilalanma,
püxtələşmə yolu keçib.
Poemadakı
Mama adı çox maraq doğurur. Mama/Mammu sağlamlıq tanrısı
Ninqursağın adıdır. O, həkimdir. İlk insanın yaranmasında birbaşa iştirak
edib. Doğum işinə o baxır, daha
doğrusu, mamaçalıq edir. İlk
doğulan uşağı qucağında tutub deyir ki, bunu mən
doğmuşam. Mamaça sözü onun adına
“ça” sözdüzəldici şəkilçisi
artırılmaqla yaranıb. Doğumu və
körpə uşaqları sevgi-məhəbbət
tanrısı İnannanın himayə etməsi motivi də
türk mifologiyasında Umayın vəzifəsiylə
üst-üstə düşür. İnsanın
doğması və doğulması haqqında mətnlərdə
bir ortaq motiv də var. “Etana haqqında nəğmə”də
Etana arvadının rahat doğması üçün
doğum çiçəyinin dalınca gedir. Eyni motivə Sibir türklərinin miflərində
rast gəlinir. Yakut türklərindən
toplanmış bir mətndə doğum çiçəyindən
danışılır. İ.S.Qurviç
bu miflərin tarixinin çox qədim olduğunu yazıb.
İnsanın genetik yolla yaranması və
çoxalması bir türk mifində də öz dolğun
ifadəsini tapıb. Həmin mifə görə, Tanrı ilk dəfə
yeddi kişi və onların yanında
yeddi ağac yaradıb. Ağaclar budaq atıb
böyüyüblər, ancaq yeddi il
ötsə də insanlar çoxalmayıblar. Çünki
kişilərin yanında qadın olmayıb. Bu mif onu göstərir ki, insan yalnız genetik yolla
ata-anadan doğulmaqla yarana bilər, başqa yol yoxdur. Buradakı ağac obrazına ciddi yanaşmaq
lazımdır. Əksər epik mətnlərdə
ağac obrazı Tanrını yaxud insanı təmsil etsə
də, o burada həqiqi anlamda ağacdır. Mifin məntiqi bununla demək istəyir ki, insanla
ağacdan, dağdan, daşdan, istənilən təbii
varlıqdan nəsil törənməsi
mümkünsüzdür. Şumer və
türk törəyiş dastanlarının müqayisəli təhlili
göstərir ki, ilk insan genetik yolla yasranıb. Deməli,
insanın nəsil artırmasının bircə yolu var:
genetik yol.
Şumer və türk qəhrəmanlıq dastanları
haqqında danışmazdan əvvəl folklor və xalq
anlayışlarının bir-birilə qırılmaz tellərlə
bağlı olduğuna diqqət yetirmək lazımdır. Folklorda
yalnız epik əsərləri yaradan xalqa doğma olan, onun
varlığın¬dan, ruhundan süzülüb gələn
motiv, süjet və obrazlar poetikləşdirilir, əbədiləşdirilir
və yaddaşlarda yaşayır. Xalqa yad
olan, onun milli keyfiyyətlərinə uyğun gəlmə¬yən
motiv, süjet və obrazlar heç vaxt folklorlaşmır və
yaddaşlarda yaşamır. İ.Abbaslı
doğru yazır ki, “Azərbaycan şifahi ədəbiyyatı
ideal fikirləri, bəşəri düşüncələri
həmişə təbliğ edib. O,
yaradıcısı olan xalqa məxsus keyfiyyətləri, məziyyətləri
özündə toplayıb”.
Bu günə
qədər Şumer dilində 9 qəhrəmanlıq
eposu tapılıb. Onlardan 2-si Enmerkar, 2-si
Luqalbanda və 5-i Bilqamıs haqqındadır. Enmerkar, Luqalbanda və Bilqamıs I Uruk sülaləsinin
xaqanlarıdır. Bu sülalənin əsasını
Günəş tanrısı Utunun oğlu Meskianqaşar
qoyub. XX yüzilliyin 20-ci illərinə qədər
Bilqamıs əfsanəvi qəhrəman
adlandırılıb, yalnız L.Vullinin apardığı
arxeoloji qazıntılar nəticəsində
tapılmış “Çar siyahısı” və digər
yazılı qaynaqlar onun tarixi şəxsiyyət olduğunu təsdiqləyib.
Şumer
qəhrəmanlıq dastanları bunlardır: “Bilqamıs və
Ağa”; “Bilqamıs, Enkidu və Yeraltı dünya”;
“Bilqamıs və göyün buğası”; “Bilqamıs və
ölməzlər dağı”; “Bilqamısın
Ölümü”; “Enmerkar və Aratta hökmdarı”; “Enmerkar
və Ensikuşdanna”; “Luqalbanda və Anzud quşu”; “Luqalbanda
zinrik dağlarda”. İnsan yarandığı
gündən ölümün səbəbləri ilə
maraqlanıb, əbədi həyatın sirlərini öyrənməyə
çalışıb. Bu mövzu
bütün xalqların mifologiyasında, folklorunda və
yazılı ədəbiyyatında öz ifadəsini
tapıb. Türk folkloru da bu motivlə zəngindir.
Bu motivə ilk dəfə “Bilqamıs və ölməzlər
dağı” adlı Şumer dastanında
rast gəlinir. Bu dastan Şumer dilində
“En-e-kur-lu-ti-la-şe” adlanır. Hərfi tərcüməsi
belədir: “Kahin və ölümsüz insanlar dağı”. Dastanda giriş hissəsi yoxdur. Əsər
birbaşa Bilqamısın ölməz insanlar yaşayan
dağa getmək istəyi ilə başlayır. Onun ilk
sətirlərində deyilir: Kahin “ölməzlər
dağına” yönəltdi fikrini, Kahin Bilqamıs “ölməzlər
dağına” yönəltdi fikrini.
Bilqamıs
“ölməzlər dağı”na getmək
istədiyini ilk dəfə dostu Enkiduya söyləyir. Çünki Enkidu bu dağları da, ordakı sidr
meşəsini də, meşəni qoruyan Humbabanı da
yaxşı tanıyır. Onların
hamısına dərindən bələddir. Burada
Bilqamısın dilindən deyilmiş obrazlı, poetik misralar
diqqəti cəlb edir:
Şərəfli adlar içində özüm şərəf
qazanacam.
Adlar şərəflənməyən yerdə tanrım
şərəf qazanacaq.
Bilqamıs bütün insanların şərəfləndiyi,
şöhrətləndiyi yerdə özü də şərəflənmək,
şöhrətlənmək istəyir. Yox, əgər
insanlar bu şərəfə, şöhrətə layiq
bilinməzlərsə, onda o tanrısını şöhrətləndirmək
fikrindədir. Enkidu Bilqamısa deyir ki, “ölməzlər
dağı”na gedəcəyini mütləq
Utuya xəbər ver, qoy Utu bilsin ki, sən hara gedirsən?
Ağam, əgər
dağa getsən
bunu
Utuya xəbər ver.
Dağları
Utu yaradıb,
bunu
Utuya xəbər ver.
Bu mətndə çox maraqlı sirlər
kodlaşdırılıb. “Sidr meşəsi olan
dağı Utu özü yaradıb. Sidr
meşəsini də onun qəhrəmanı qoruyur”. Bu da
Humbabadır. Bilqamıs da Humbabanı
öldürməyə gedir. Utu buna
razı olacaqmı? Bilqamıs Enkidunun sözlərindən
sonra bir ağ çəpişi
qurbanlıq üçün qucağına basıb
üzünü göyə tutur. Əllərini dua
üçün göyə qaldırır və Utuya deyir:
Utu, yolum
dağlaradır,
özün mənə qahmar ol.
Yolum sidr
meşəsinədir,
özün mənə qahmar ol.
Utu
Bilqamısın səsini eşidir və göydən ona cavab
verir: “Sən güclüsən, sayılansan, dağlara niyə
gedirsən?” Utu Bilqamısdan “ölməzlər dağı”na getməyinin səbəbini soruşur.
Bilqamıs da ona deyir:
Utu, sənə
söz deyəcəm,
sözlərimə sən as qulaq.
Nə
fikrim varsa deyəcəm,
ümidimi kəsmə ancaq.
Mənim
şəhərimdə
insanlar
ölürlər.
Ürəyimi qəm doldurur.
İnsanlar
köçüb gedirlər,
Ürəyimi kədər sarır.
Bilqamısın niyə məhz Utuya üz tutması ən
əhəmiyyətli məsələlərdən biridir. Doğrudur,
sidr meşəsinə getməyi Utuya bildirməyə
Biqamısı Enkidu məcbur edir. Bizcə,
bunun iki səbəbi var. Birinci səbəb Bilqamısın
Utuya qohumluğudur. Çar
siyahısından bilirik ki, I Uruk sülaləsinin əsasını
Utunun oğlu Meskanqaşar qoyub. Sülalənin
ilk çarı Meskanqaşarın oğlu Enmerkardır.
İkinci çar Bilqamısın atası
Luqalbanda, üçüncü Dumuzu, dördüncü
Bilqamısın özü, beşinci isə Bilqamısın
oğlu olub. Bu sülaləni Utu himayə
edib. Şumerdə möhkəm bir qayda
olub ki, bir şəhərin himayəçi tanrısı
razılıq verməsə, heç kəs çar
taxtında otura bilməzdi. Heç bir
şübhə yoxdur ki, Bilqamısın
çarlığına da Utu razılıq verib. Digər tərəfdən Enmerkar, Luqalbanda, Dumuzu və
Bilqamıs soykökü ilə Utuya bağlı idilər.
Utu bu sülalənin, bəlkə də
tayfanın himayəçi, qoruyucu Tanrısı idi. Bilqamısın Utuya müraciət etməyinin
birinci səbəbi budur. İkinci səbəb
yuxarıda deyildiyi kimi, Sidr meşəsini Utunun yaratması və
onu qoruması idi. Şumer mətnlərində
deyilir ki, Sidr meşəsi olan ərazinin yiyəsi,
ağası Utunun özüdür. Bu
meşəni mütəxəssislər Livanda lokalizə etməyə
çalışırlar. Ancaq Azərbaycana
Odlar yurdu, Odlu diyar, Odlar ölkəsi, Gündoğan deyilməsi
və Günəşə sitayişin çox qədim izlərinin
mövcudluğu Sidr meşəsi olan yerləri Azərbaycanda
lokalizə etməyə daha çox əsas verir. Şamaxıdakı Dədə Günəş piri,
Qaxdakı Günəş dağı, türk tayfalarından
birinin günəş adlanması, Günəşli toponimlərinin
çoxluğu (Bakıda, Qubada və s.) da yuxarıdakı
fikrin əsassız olmadığını göstərir.
Həm də Bilqamıs Urukdan ölməzlər
dağına yola düşərkən Livan tərəfə
yox, məhz Azərbaycan tərəfə gedib.
Göründüyü kimi, dastanın əsas mövzusu
əbədi həyat axtarışı, ölməzliyin
sirrini tapmaq arzusudur. Bunu dastanın başlanğıcında
Bilqamıs Utuya açıq söyləyib. Bu sujet Bilqamıs haqqındakı dastanların
hamısının ana xəttini təşkil edir. Bəs əbədi həyat, ölməzlik
Bilqamısın ağlına hardan gəlib?! Bu sualın
düzgün cavabını yalnız Şumer
qaynaqlarında tapmaq mümkündür. Şumer
qaynaqlarında açıqca deyilir ki, ilk insanlar tanrılarla
bir yerdə yaşayır, onlara xidmət edirdilər. Əbədi həyat, ölümsüzlük
yalnız tanrılara nəsib olub və bunu da ilk insanlar
görür və bilirdilər. Onu da
bilirdilər ki, özləri Tanrı qanından doğulublar.
İnsanların əbədi həyat, ölməzlik
fikrinə düşmələri məhz bundan qaynaqlanıb.
Ona görə də özlərini göyün bir
parçası sayır, göyə, Tanrıya
qovuşmağa ölməzlik kimi baxırdılar…
İslam Sadıq
Araşdırmaçı
Xalq Cəbhəsi.- 2016.- 12 oktyabr.-
S.14.