Azərbaycan tatlarının dili ilə
bağlı araşdırma
Bu yazıda Azərbaycan tatlarının dilinin etnoqrafik
leksikasına dair araşdırma təqdim olunur. Filologiya üzrə elmlər
doktoru Gülsüm Hüseynovanın araşdırmasında
bildirilir ki, Azərbaycan tatlarının etnoqrafiyasına
mövcud tədqiqatlarda, o cümlədən, A.Əlizadə,
M.Əfəndiyev, H.Quliyev, N.Quliyeva və s. tədqiqatlarında
toxunulub. Etnik mədəniyyəti ifadə edən
sözlərin araşdırılması hər bir xalqın mənəvi
və maddi mədəniyyət tarixinin, məişətinin həyat
tərzinin, etnogezinin, etnik tarixinin, eləcə də, ədəbi
dil tarixinin qədim dövrlərinin öyrənilməsi
üçün əsaslı faktlar verir. Etnoqrafik
leksikanın öyrənilməsi xalqın mədəniyyətinin,
onun adət-ənənə və mərasimlərinin
izahına da xidmət edir.
Tat dilinin
etnoqrafik terminləri sırasında aşağıdakı
yemək və xörək adlarını göstərmək
olar: nun «çörək», nimik «duz» öü «su», şir
«süd», şirəvo «südlü sıyıq», vürü
«umac», qurqut «qovrulmuş yarma», tüvəlos «quymaq», siyə həlva
«qara halva» (səmənidən hazırlanır), tara həlva
«un halvası», duğ «ayran», duvavo «dovğa», həsi «əriştə»,
kolanun «göyərtidən hazırlanmış çörək»,
darungərgi «zoğal qurusundan hazırlanmış qiymə»,
ruğananun «fəsəli», xoyəkərg «yumurta», xoyəginə
«şirin qayğanaq», sərəpö «xaş» (baş-ayaq),
aş futolı «əvəlik aşı», qilinpiyoz
«kartof-soğan qızartması», nun tari «kartof supu», həlisə
«ətli hədik», mixləmə «qayğanaq» və s. paltar,
ayaqqabı və parça adları: (şe «köynək», ru
şey «üst köynəyi», zir şey «alt köynəyi», zir
şalvar «alt şalvarı», ostin «köynəyin qolu»,
püstin «şuba», kisə «cib», çarşö
«çarşab», çaxşür «corab», olat «paltar», ləçəy
«ləçək», şalvor «şalvar», çit «çit
parça», külmaxmar «gülməxmər», qeyiş
«qayış, toqqa», paltok «palto», dəsmol «dəsmal», sədəf
«düymə»), məişətdə istifadə olunan əşyalar
və qab-qacaq adları: (bilmə «boşqab», bəsti
«güyüm», satıl «mis su qabı», qaqala «saxsı banka», ləif
«yorğan», nolin «döşək», abgərdun «abgərdən»,
nəəlbəki «nəlbəki», məştəfə
«aftafa», aşpəlö «aşsüzən», ərsin «ərsin»,
istikon «stəkan», qəməti «ət baltası», müqayisə
et: azərb. qəməlti «böyük çörək
bıçağı», korda «bıçaq», qeyçi
«qayçı», qaşuğ «qaşıq», qacqun «qazan»,
bolış «balış, yastıq», xolinçə
«xalça», miz «stol», ustul «stul», qəndob «qəndqabı», qəfədon
«çaynik», dəmkeş «dəmkeş», bisg «kabab
şişi», kirsin «kətil» xüsusi yer tutur. Etnoqrafiyaya aid
bu terminlərin bəzilərinin izahı vacibdir”.
Ş.Musayev yazılı abidələrdə klassiklərimizin
əsərlərində etnoqrafiyaya aid terminlərin işləndiyini
qeyd edib və nümunələr verib. Bu nümunələr
arasında tat dilində istifadə edilən ümumiran mənşəli
terminlər də var: “Loşbəbər «üstündə xəmir
yaymaq üçün taxta», «yayan». Bu söz əsasən,
Bakı dialektində qeydə alınıb. Tat dilinin
Abşeron ləhcəsində bu söz xəmobər şəklində
işlənir. Sarə xəmovərə avard bəreymu.
«Sara yayanı bizə gətirdi»və s.
Sənət sahələrində hazırlanan əşyaların
məişətdə istifadə olunması onların
adlarını bildirən sözlərin etnoqrafik leksikanın
vahidləri kimi araşdırılmasına da imkan verir. Kündəgir
«xəmir kündələyən» Naxçıvan dialektində
geniş şəkildə işlənir. Bu söz iki tərkib
hissəsindən ibarətdir: kündə + gır
(giriftan//giriftən feilindən) və s. Beybut «qatlanmayan iri
bıçaq». Tat dilinin Lahıc ləhcəsində beybut
sözü mənasında qeydə alınıb. Kirsin «qışda qızışmaq üçün
evin ortasında xüsusi düzəldilmiş ocaq». Tat
dilinin Şamaxı şivəsində bu söz geniş
işlənir.
Çömçə
ağac və metal emalı prosesində hazırlanan məmulatdır.
Çömçə sözü müasir Azərbaycan dilində
və başqa türk dillərində geniş işlənir:
azərb. çömçə, türk. çömçe və s. Orta əsr türkcəsində
və əski qıpçaqcada çömçə
lekseminin işlənməsi və onun fars dilindən
(çamçə) alınması göstərilir. Türk dilində o, kepçe sözü ilə
paralel işlənir. Qeyd etmək lazımdır ki,
kepçə sözü tat, talış və fars dillərindəki keçə
«qaşıq» sözü ilə mənşəcə eyni ola
bilər.
Qəmçı «qamçı». Bu söz Azərbaycan ədəbi
dilindəki qamçı variantı ilə yanaşı, dial.
qəmçi variantına da malikdir. Onun fonetik siması yəqin ki bununla
bağlıdır.
Bu
sözlərin qarşılığının təhlili də
maraqlıdır: “Təsək «təsək» (gecə
papağı). Qədim pəhləvi dilində
təsik, ümumiyyətlə, paltar, bundan əmələ gəlmiş
təşkuk sözü isə «müqəddəs paltar» mənasını
daşıyıb. M.Hacıyev göstərir
ki, «tatlar da gecə yuxusundan qabaq başlarındakı
papağı çıxarıb təsək qoyardılar ki,
gecə yatanda pis yuxular görməsinlər, onların
açıq başına bəd ruhlar qonmasınlar.
Onlar, deməli, təsəkdə bir müqəddəslik, bir
nicatvericilik görüblər (o) tas//təs
(başın ortası, qafası) sözündən və ək
kiçiltmə ədatından yaranmış düzəltmə
sözdür».
Təsək sözü eyni formada, eyni mənada və
aid olduğu əşya ilə birlikdə azərbaycanlılar
arasında yaşayır. Bu isə
xalqımızın təsəvvür və inamlarının
nə qədər qədim olduğunu bir daha təsdiqləyir.
Qir «quyudan su çıxartmaq üçün
işlədilən ucu əyri ağac», «ağacın uca
budaqlarını aşağı əymək
üçün istifadə edilən ucu əyri ağac»,
(koğa, «qarmaq») və s. Bu sözə talış dilində
bu sözə «qəloskonə» şəklində rast gəlinir.
Gərənay «dudkeş», «buxarının
tüstü çıxan yeri». Müq.
et: azərb. gərənay
«nəfəsli musiqi aləti». Carçılar
çağrışır, gərənay bozlar, Ərəb
atlar macal tapmaz qaşana («Koroğlu») və s.
Məzrəhə «xəlbir». Məfrağ
«çuğun suqabı». Nimdər//nimdar «döşəkçə»,
nimdərçə//nimdarçə «kiçik döşəkçə».
Həmin söz formalarda «kiçik həcm» təsəvvürü
yerinə görə həm ayrıca leksik vahidlə, həm də
kiçiltmə bildirən şəkilçi ilə ifadə
edilib.
Taz «nazik, uzun tir». Şətəl «yun corab». Küşə «çarığın bağı
keçirilən yer, dəlik». Müq.
et: azərb. köşə
«çarıq tikmək üçün göndən çəkilmiş
bağ». Kala «2-3- litrlik şüşə qab,
banka». Tilat «ağzı yeyilmiş və
sapı düşmüş köhnə bıçaq»,
«çaqqu». Qirabli «qaloş». Qalağ «bozdamacı çevirmək
üçün ağac alət». Qafun «yavanlıq
(pendir, yağ və s.)»; «duru,
yüngül xörək». Xudur «sulu xörək».
Tax-tax «çox nazik bişirilmiş quru
çörək» (təqlidi söz). Kal//kol «yumurta,
yağ və qoz vurulmuş xəmirdən bişirilən
çörək». Zərdou//zərdo «ayranın
qaynatdıqdan və şoru götürüldükdən
sonra qalan su «şur suvu» (zərd «sarı», su//o «su»). Yağlipiyaz «soğanqovurması». Müq. et: yağlı və
piyaz. Pindirpiyaz «soğan qovurmasının üzərinə
pendir tökməklə hazırlanan xörək».
Dülə
qoğal (Ab.) «iç qoğal». Bu ad başqa
yerdə də bizə təsadüf edib. Birinci
tərkib hissəsi dül sözü «ürək», məs.
«iç» deməkdir. İkinçi tərkib
hissəsinin izaha ehtiyacı yoxdur: Bə id Noruz dülə
qoğal boş həmsiya impezim «Novruz bayramında qonşularla
birlikdə iç qoğal (şorqoqal) bişirərik». Pezirən
(Ab.) «bişirmək». Əsasən, Balaxanı və
Suraxanı tatlarının dilində qeydə alınıb.
Nezilə əyəlü, nə mutanı xurak pezirən
«Nazilə uşaqdır, xörək bişirə bilməz». Tat dilinin digər şivələrində
bu söz «bürcundan» formasında işlənir. Tso (Ab.)
«doşab». Əsasən, Balaxanı
tatlarının dilində qeydə alınıb. Saxtə xəşilə muxardim boş tşo
boş rağan ve lezzəti. «Bərk xəşili
doşabla, yağla ləzzətlə yeyərdik». Halə «gəlinin otağında bəylik
yatağın üstünə salınan bəzəkli
örtük.
Nosi-nosi «novruz payı» (Ab.). Əyəlun
müamarund bə nosi-nosi xonçə muxastund. «Uşaqlar gəlib xonçadan novruz payı istəyərdilər».
Nuhəvar, tirəçu (Qon. k.) «yelləncək». İmi bə
hamin bə Qonaqkənd bəraftəni boş əyalun ətütdar
tirəçi. «Biz yayda Qonaqkəndə gedəndə
uşaqlarla tut ağacından yelləncək asardıq» və
s. Küfarə, borley (yə) (Q.) «beşik».
Ə küfarə tə bə qabr elm vamurind (Həzrəti
Əlinin kəlamı). «Beşikdən qəbrədək
elm öyrənin» və s.
Ləbbadə
(Ab.) «uzun üst paltarı», «plaş». Poy ləbbadə
xaştənə dəkünü. «Qoy
plaşını geyinsin» və s. Cannığ
«sırıqlı», «canlıq». Tat dilinin Lahıc, Məlhəm,
Quba ləhcələrində geniş işlənir.
Əği cannığ na ımbı
«Bundan sırıqlı olmaz» və s.
Çaxçur//carcur
«qadın şalvarı». Tat dilində bu söz
çaxçür//çaxçur kimi işlənərək,
«corab» mənasını bildirir. Ye cift çaxçur boft be
man. «Mənim üçün bir cüt corab toxudu» və s.
Düriyə «ikiüzlü naxışlı gecə
papağı»; (dü//di «iki» + ru/rü «üz») tərkib hissələrindən
əmələ gəlib.
Həfsər
(Kil.) «yeddibaşlı». Mürəkkəb
söz olub, həf (t) «yeddi» və sər «baş» sözlərinin
birləşməsindən yaranıb.
Ə pişe anu ye dər bu, dərə vakart vind ki, incə
ye həfsəri döü nişte. «Qarşısında
bir qapı var idi, açdı, gördü ki, bir
yeddibaşlı div oturub və s.
Cora//coru
(Ab.) «süpürgə». Quba, Qon. k., Xaç.
ləhcələrində coru, Lahıc ləhcəsində
isə cezi formasında işlənir. Əyal
boş coru vozi saxtən «Uşaq süpürgə ilə
oynayır» və s.
İnqarçu (Q.) «çəngəl». Bərey
arsi inqarçu-kardəhanə xub-xub şustim. «Toy
üçün çəngəl-bıçaqları
yaxşı-yaxşı yuduq» və s.
Nühəvar
(Q., Qon. k.) «çörək yaymaq» (nü
(n) «çörək» + həvar «yaymaq»). Munün
həvardənüm «Mən lavaş yayıram» və s.
Başdığ//başdüğ
«başlıq». Toy ərəfəsində
qız evinin oğlan evindən aldığı pul, heyvan.
Xırş
«ağuz (doğmuş inəyin ilk südü)»
(Lah.). Mərəgö bizəndəni
xırşirə bədi-şündənim. «İnək doğanda ağuzunu qaynadırıq».
Talış dilində hış formasında
işlənir. Övərə «evdə
çimmək üçün istifadə edilən yer» (Lah.).
Bu sözü təşkil edən komponentlərdən
birincisi -ö İran dillərində olan ab «su»
sözünün fonetik variantı, ikincisi vərə isə
«yer» mənasını verən leksik vahiddir. Göstərilən
mənada övərə sözünə digər İran
dillərində təsadüf olunmayıb.
Bə qədimiyə xunahona bə həmmeyi övərə
bire. «Qədimi
evlərin hamısında çimmək yeri olub və s.
Xiş barundan «yer şumlamaq». Bə marta
mohi bə Löyic xori xiş barundənund, gəndim başundənund.
«Mart ayında Lahıcda yeri xışla əkirlər,
buğda səpirlər». Dağar/dəğər
«dağar, dağarcıq». Həm tat, həm də Azərbaycan
dialektlərində eyni mənada «qoyun-keçi dərisindən
hazırlanmış taxıl qabı» mənasında işlənir.
Bu söz türkdilli lügətlərdə
müəyyən fonetik dəyişikliklə eyni mənada
qeydə alınır. Vəçanüm
«dilənçi» (Q.). Sekinə xalə bə
dər amarə vəçanumə dəst bə tihi rahə
nə dərəbü. «Səkinə xala
qapıya gələn dilənçini əliboş yola
salmazdı» və s”.
Araşdırmaçı
bu qənaətə gəlir: “Azərbaycan tatlarının
dilində qeydə alınmış etnoqrafizmlərin tədqiqi
təkcə ümumlinqvistik baxımdan əhəmiyyət
daşımayıb, Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin
təşəkkül tapması və fəaliyyət göstərməsində
mühüm rol oynamış amillərdən birinin də
öyrənilməsi kimi qiymətləndirilə bilər”.
Uğur
Xalq Cəbhəsi.- 2016.- 12 oktyabr.-
S.13.