I Şah Abbasın vəfatından sonra
Gilanda qiyamın baş verməsinin səbəbi
Azərbaycan
Səfəvi dövlətinin görkəmli dövlət
xadimi I Şah Abbasın (1587-1629) Səfi Mirzə, Sultan Məhəmməd
Mirzə, İmamqulu Mirzə, Təhmasib Mirzə adlı
dörd oğlundan birinci gənc yaşında ölüm cəzasına
məhkum edilmiş, ikinci və üçüncü
şahzadə zəif görür, dördüncü isə
öz əcəli ilə vəfat etmişdi. Buna
görə də, darüssəltəne-ye İsfahanda
böyük əmirlərin toplantısında Şah
Abbasın təklifi ilə mərhum Səfi Mirzənin
kiçik yaşlı oğlu Sam Mirzə vəliəhd təyin
edilmişdi. Şah Abbas 21 yanvar 1629-cu ildə
Mazandaranda vəfat edir. Onun vəsiyyətinə sadiq olan
böyük əmirlər I Şah Abbasın vəliəhd barədəki
vəsiyyətnaməsinə, etimaddövlə və
qorçubaşının ona uyğun tərtib etdikləri rəsmi
sənədə istinad edib, Sam Mirzəni Şah Səfi
adı ilə 29 camadiyoləvvəl h. 1038 (1629)-ci ildə
şahlıq taxtında oturtdular. Ancaq Şah Abbas kimi qüdrətli
bir dövlət xadimindən sonra 2,8 mln.km2
ərazini əhatə edən imperatorluğa
başçılıq etmək o qədər də asan
deyildi. Şah Səfi (1629-1642) taxta oturduğu
andan çətinlikləri nəzərə alıb imperiya
miqyasında sabitliyi qoruyub saxlamaq məqsədilə hökm
etdi ki, Şah Abbasın dövründə kimə ki, vəzifə
verilmiş, məvacib təyin edilmişdi, onlara toxunulmayacaq.
O, bütün sosial zümrələrin maddi maraqlarını
əhatə edən fərmanlar, buyruqlar vermiş, onların
etimadını qazanıb hakimiyyətini möhkəmləndirməyə
çalışmışdı. "Zeyl-i tarix-i alamaray-I
Abbasi" də qeyd edilir ki, I Şah Səfi hakimiyyətinin
ilk ilində İraq, Xorasan, Qəndəhar, Mərv, Azərbaycan,
Şirvan, Qarabağ, Gürcüstan, Fars, Kirman, Gilan,
Bağdad, Ərəbistan, Kürdüstan, Sistan və digər
ölkələrdən ibarət olan məmalik-e məhrusənin
"tabe olan ölkələr" bəylərbəylərinə,
vilayətlərin adlı-sanlı əyanlarına tutduqları
vəzifələrə və nüfuzlarına uyğun olaraq
qiymətli xələtlər göndərildi. Eyni
vaxtda seyidlərə, nəqiblərə, ülamələrə,
müdərrislərə, nəcabətli adamlara, sərhəd
qoşunları və qala qoruyucularının
başçılarına ənam və hədiyyələr
verildi. I Şah Abbasın hakimiyyətinin
son illərində müharibələrin davam etməsindən
mərkəzi aparatdakı məmurlar istifadə edib,
qoşunun məvaciblərini neçə illər idi ki,
ödəməyib xəzinəyə
köçürmüşdülər. Şah
Səfinin göstərişinə əsasən qoşunun ləngidilmiş
məvacibinin dərhal ödənilməsinə başladılar.
Hətta müxtəlif səbəbdən vəfat
etmiş hərbçilərin məvacibləri ailələrinə
ödənildi. Şah rəiyyətin
ümumi vəziyyətini nəzərə aldı və
onların xəzinəyə ödədikləri vergilərdən
qalmış 1500 tümən borc qalığının ləğvi
qərara alındı. I Şah Abbasın
dövründə ipək ticarəti dövlət nəzarətində
olub, tacir və digər ipək alıcıları ipəyi
divan məmurlarından təyin olunmuş qiymətə
almalı idilər. Rəiyyət
özbaşına ipək sata bilməzdi və belə bir
hadisə baş verərdisə, həm alıcı, həm də
satıcı bu əməliyyatdan xəzinəyə dəyən
zərəri ödəməli olurdu. Şah
Səfinin qoyduğu yeni qaydaya görə isə istər tacir
və istərsə də qeyri alıcı ilə rəiyyət
arasında qarşılıqlı razılıq əsasında
sərbəst ipək alqı-satqısına icazə verildi
ki, bu əməliyyata dövlətin maliyyə məmurları
qarışa bilməzdilər. Rəiyyətin
ipək alqı-satqısından qalan bir neçə min
tümən borcu onlara bağışlandı, hətta bu
zaman borcluların bəziləri vəfat etmiş və
onların varisləri isə çox yoxsul olub, bu borcu ödəməyə
heç imkanları da yox idi. Beləliklə,
tacirlər və rəiyyətin rifahını
yaxşılaşdırmaq üçün qərara
alındı ki, ipək alqı-satqısı tərəflər
arasında sərbəst qaydada qarşılıqlı
razılıq əsasında həyata keçirilsin.
I Şah Səfi hakimiyyətinin ilk illərində
yüksək vəzifələrdə çalışan
dövlət məmurlarına toxunmadan həyata keçirdiyi
bir sıra tədbirlərlə imperiya əhalisinin orta və
aşağı zümrəsinin etimadını qazandıqdan
sonra mülki, inzibati-hərbi idarələrdə vəzifələrə
yeni təyinatlara dair fərmanlar vermiş, hakimiyyətini daha
da möhkəmləndirməyə cəhd etmişdi. Onun göstərişi
ilə h.1041 (1632)-ci ildə baş vəzir Xəlifə Sultan
tutduğu vəzifədən azad edilir. "Zeyl-i tarix-I
alamaray-i Abbasi" də qeyd edilir ki, ali
divana h.1041-ci ildə vəzir yenə mərhum Hatəm bəy
Nəsiri Ordubadinin oğlu Mirzə Talıb xan təyin olundu.
Münşi əl-məmalik Mirzə Əbdülhüseyn
türkcə yazıb: "Ginə (yenə) oldu vəzir
Talıb xan". Mənbədə Talıb
xanı baş vəzir təyin edilməsi haqqındakı
farsca qısa məlumatın türkcə bir cümlə ilə
bitirilməsi Münşi əl-məmalikin bu barədə fərmanı
türkcə yazdığının bəlli göstəricisidir.
Onun vəfatından sonra sonra bu vəzifəyə
onun gənc yaşında olan, ancaq savadlı, qabiliyyətli
böyük oğlu Talıb xan təyin edilmişdi. O,
on il bu vəzifədə işləmiş
və bəzən nöqsanlara yol verdikdə Şah onu
görməzliyə vurmuş və nəhayət tutduğu vəzifədən
azad edilmişdi. Bir müddət işsiz qalmış və
dünya fatehi (I Şah Abbas ) vəfat
etdikdən sonra yeni hökmdar (I Şah Səfi) onu vaqiyənəvis
vəzifəsinə təyin etmiş və o, ali zümrəyə
daxil olmuş, getdikcə nüfuzu və vəzifəsi
artmışdı. Və 1041 (1632)- ci ildə
yenidən baş vəzir vəzifəsinə layiq
görülür.
I Şah Səfi istər baş vəzir, istərsə də
yüksək dövlət vəzifələrində
çalışan bütün məmurların fəaliyyətinə
ciddi nəzarət edir və vəzifə səlahiyyətini
aşanlara, nöqsanlara yol verənlərə güzəştə
getmirdi. Mənbədə
göstərilir ki, baş vəzir Talıb xan h.1044
(1635)-cü ildə evində yüksək təbəqədən
olan məxsusi adamlarla söhbət edərkən Xorasan bəylərbəyi
Həsən xan, eşikağasıbaşı Uğurlu xan
Şamlı və Otar xan onun mənzilinə daxil oldular. Uğurlu xan və Talıb xanın damadı söhbət
yasavulu Həsənbəy bərk sərxoş olmuşdu.
Onların hər ikisi həmin gecə dövlətxana,
hərəm, şahın yatdığı evin qaravolu növbəsində
idilər. Sərxoş olduqları
üçün keşikçibaşı Bəhram bəy
Ustaclı ilə Talıb xanın damadı arasında
mübahisə oldu. Mübahisə dərhal
şaha da çatdırılır və onun göstərişi
ilə Talıb xan, Uğurlu xan və Həsən bəy
ölüm cəzasına məhkum edilir. "Zeyl-I
tarix-i alamaray-i Abbasi" nin verdiyi bu məlumatla
tam razılaşmaq doğru olmaz. Ona görə ki,
"Xülasət əs-siyər" də bu barədə
verilmiş məlumatların təhlilindən aydın olur ki,
görkəmli dövlət xadimi Talıb xan I Şah Səfinin
şübhələndiyi yüksək vəzifəli əyanlara
qarşı həyata keçirdiyi cəza tədbirlərinə
etiraz etdiyinə görə edam
edilmişdi. Ancaq bu hadisədə qətl
olunanların ailəsinə Şah “mərhəmət”
göstərdi və əmlakları müsadirə olunmadı.
Baş vəzir vəzifəsinə isə Mirzə
Tağı (Sarı Tağı) təyin edildi.
Mənbələrin
verdiyi məlumatlardan görünür ki, I Şah Səfi
dövlətin ali mülki idarə sistemi
ilə yanaşı, onun yüksək hərbi təşkilatına
əyalət və mahallarda vəzifələrə əvvəlki
Səfəvi şahlarının dövründəki kimi yenə
türk əsilzadələrindən təyin etmişdi. I Şah Səfinin hakimiyyətinin ilk illərində
həyata keçirdiyi daxili siyasət kursu imperiya miqyasında
sabitlik yaradılmasının, sərhədlərin təhlükəsizliyinin
təmin edilməsinə xidmət edirdi. İmperiyanın
bəzi bölgələrində hələ I Şah Abbas vəfat
etdikdən separatism yenidən baş qaldırmışdı
ki, bütün bunların qarşısını almadan, yəni
ölkəni içəridən möhkəmləndirmədən
fəal daxili və xarici siyasətin də həyata
keçirilməsi, sərhədlərin təhlükəsizliyinin
təmin edilməsi çox çətin olardı.
H.1039 (1629)- cu ildə Gilanda özünü Cəmşid
xanın oğlu adlandıran Qərib şah adlı biri
zühur etmiş və o, "pozğun unsürlər",
"lütlər", "qaragüruhçular"dan ibarət
üç min nəfəri ətrafında birləşdirib
bütün Gilanda iğtişaş törədib, Biye
Piş, Biye Pas, Rüstəmdarı ələ keçirib, qətl
və qarət törətməyə
başlamışdı. Onlar Rəşt istiqamətində
hücum edib Biye Pası tutduqdan sonra Biye Pişə doğru hərəkət
etmişdilər. İ.P.Petruşevski dövrünün
ideoloji tələblərinə uyğun olaraq 1629-cu ildə
Gilanda baş vermiş bu qiyamın "xalq üsyanı",
"sinfi ziddiyətlərin kəskinləşməsinin parlaq
təzahürü" hesab etməklə məsələyə
tarixi gerçəklikdən yanaşmayıb.
Doğrudur, I Şah Abbasın vəfatından sonra Gilanda qiyamın baş verməsinə onun qeyd etdiyi kimi vergilərin ağırlığı təsir göstərmişdi. Ancaq burada dövrün mənbələrində də qeyd olunduğu kimi bu hərəkatda vergi ödəyən əhali ilə yanaşı, "pozğun ünsürlər" və eyni zamanda separatist torpaq sahibləri də vardı. İ.P.Petruşevskinin özünün də " üsyançıların" Rəştə xəzinə anbarlarını dağıdıb iki yüz xarvar (50 min kq) xam ipəyi bölüşdürdükləri, hətta xəzinə anbarlarındakı (moskvalı və avropalı tacirlərə) aid malları da ələ keçirmələri haqqındakı qeydləri qiyamda "pozğun ünsürlərin" üstünlük təşkil etməsindən xəbər verir. Gilanda divan vergilərinin təhvildarları, amillər, vəzirlər qiyamdan təşvişə düşüb canlarını ailələrini qorumaq üçün kənara çəkilmişdilər. Onların və digər imkanlı adamların, tacirlərin malları və s. qiyamçıların əlinə keçmişdi. Bu zaman Gilanda Biye Piş hakimi Bayramqulu sultan Mir Səfəvi vilayətin mərkəzi Dilmanda idi. Əksər Səfəvi qaziləri ailələrini götürüb Lahicandan Dilmana getmişdilər. Qərib şah boşalmış ölkəyə daxil olmuş və Rüstəmdara qədər adamlarını göndərib ona tabe olmalarını tələb etmişdi. Şah Səfi dərhal hökm verdi ki, Gilan hüdudlarında yerləşən bütün bölgələrin, yəni Ərdəbil, Talış, Tarom, Xalxal və s. bölgələrin qorçu, qulam və məmurları Astara hakimi Sarı xan, Kəskən hakimi Georgi sultanın rəhbərliyi altında birləşib bu fitnəkarları dəf etsinlər. Əmrə əsasən onlar birləşib Rəşt istiqamətində hərəkət etdilər. Kəhdom hakimi Məhəmmədi xan da onlarla birləşdi. Onlar Rəştə çatıb burada qiyamçıları məğlub etdilər. Qərib şah Lahicana sığındı. O, Ləştəneşa-Koçesfahandan keçib Səfidrud çayı sahilində gilanlılarla razılaşıb Tənkəbon ölkəsinə daxil olmaq fikrində idi. Bu zaman Gilanla Rüstəmdar arasındakı Tənkəbon hakimi Heydər sultan Qoyla Hisarlı (Rumlu obası) qalada nizam-intizam yaradıb, hasarları da möhkəmləndirmişdi. O, qaladan üç fərsəng aralıdakı çayın sahilində qiyamçıların qarşısını özünün bir dəstə qızılbaş qazısı ilə kəsdi. Qərib şah qazilərin əzəmət və igidliyindən ehtiyat edib çayı keçməyə cürət etmədi. Geri çəkildikdə onları təqib edən rumlular onun bir neçə nəfər döyüşçüsünü ələ keçirdilər. Bu zaman Dilmandan hərəkət edən Bayramqulu sultan Mir Səfəvinin qoşunu da yolüstü Qərib Şahın əsgərlərindən bir çoxunu qətl edir. Rəştdən gələn Səfəvi qaziləri də onlarla birləşdi və nəticədə çox itki verən Qərib şahın başçılıq etdiyi qiyamçılar Ləştəneşaya doğru qaçdılar. Özünü "xan", "sultan" adlandıran quldurlar və Qərib şah da burada tutulub İsfahana göndərildi və onlar dara çəkildilər. Gilanda özünü Qərib şahın qardaşı Cəmşid xanın nəvəsi adlandıran Adil şah adlı biri də peyda olmuşdu. Mazandaran və Gilan vəziri Mirzə Tağı (Sarı Tağı) Adil Şah və onun bir neçə nəfər tərəfdarını ələ keçirə bildi. Nəticədə Gilanda və Mazandaranda sakitlik tam bərpa olundu.
Zabil Bayramlı
tarix üzrə elmlər doktoru, professor
Xalq Cəbhəsi.- 2016.- 13 oktyabr.-
S.14.