“Yazıçılar İttifaqı da, Bəstəkarlar
İttifaqı da mahiyyətini itirib”
Xəyyam
Mirzəzadə: “Musiqi təhsili çox pis haldadır”
Azərbaycanın
xalq artisti, bəstəkar Xəyyam Mirzəzadənin APA-ya
müsahibəsi
- Maestro,
gününüz necə keçir? 80-dən
sonra həyat adamı incitmir ki?
-
Günüm belə keçir də: evdən kənara
çıxmıram. Televizora baxıram, qəzetləri
oxuyuram, hərdən alət arxasında
çalışıram. Yoldaşlarım,
dostlarım gəlir, tələbələrim baş çəkir.
Heç vaxt heç kimə demərəm ki,
halım xarabdır, acından ölürəm. Dostun vecinə deyil, düşmənsə sevinir.
İnsanı arzuları saxlayır. Bir də
iş. Mən daxili sevincimi heç nəyə
dəyişmərəm. Ətrafımda
olan adamlarla həmişə fəxr etmişəm. Övladlarıma, dostlarıma, qohumlarıma baxıb
həmişə fərəhlənmişəm. Mənim işlədiyim yeganə yer Konservatoriya olub.
İndi akademiya deyirlər. Amma
onun əsl adı elə konservatoriyadır. Çünki akademiya və konservatoriya
ayrı-ayrı şeylərdir. Adı dəyişdirməyin
mənası yoxdur. Adı dəyişdirməkdənsə,
keyfiyyəti dəyişdirmək lazımdır.
- Mənə
elə gəlir, siz sənətinizdən daha çox,
övladlarınızla fəxr etmisiniz...
- Yox, yox.
Yazdığım əsərlər elə mənim
övladlarımdır də. Bir dəfə Üzeyir bəyin
hansısa əsərini düzgün çalmayıblar,
dirijora “axı bu əsər mənim övladımdır, onu
niyə bu günə qoyursunuz?”, deyib. Bu baxımdan musiqi elə adamın
övladıdır. Biz Üzeyir bəyə
həmişə heykəl kimi, məktəb kimi
baxmışıq. İndi çox adam
istəyir özünü ona oxşatsın. Hətta
deyirlər, biz ondan da qüvvətliyik.
-
Konservatoriyanın adının dəyişdirilməyi
hansı ehtiyacdan yarandı?
- Bilmirəm.
Mən 8 il orda işləmirəm. Bu barədə fikir etmirəm.
- Səhhətiniz
pedaqoji fəaliyyətlə məşğul olmağa imkan
verir?
- Nə
olub mənim səhhətimə? Bircə
ayaqlarım pis gedir, o da asan məsələdir. Nə qədər
ki, maşın, araba var, adam gedib-gələ
bilər.
- İçərişəhərdə doğulmusunuz. Amma deyəsən, bir az tez çıxmısınız oradan...
- 30
yaşımdan orda yaşamıram. Amma
İçərişəhəri həmişə sevmişəm.
İçərişəhərin bəzi yerlərində
saatlarla oluram. Məsələn, Ağa
Mikayıl hamamında. (Gülür).
İndi İçərişəhər tamam dəyişib.
Naxçıvandan, İrəvandan, Cəlilabaddan,
Qarabağdan gəliblər. Vaxtilə
İçərişəhərin ancaq yerli sakinləri
vardı.
“Özəl
kanallar mədəniyyətimizi dəfələrlə geri
salıb”
Ailəmiz
böyüyəndən sonra dövlət mənə ev verdi, köçdüm həmin evə. Ondan sonra Bəstəkarlar İttifaqının
keçmiş Hüsü Hacıyev küçəsində
olan binasında yaşadım. O yaxşı ev idi, 30 il yaşadım. Rəhmətlik Heydər
Əliyev mənə ev verdi, onu da
bağışladım oğluma. İndiki prezidentimiz də
bu evi mənə verdi. Sənətkar
üçün bundan yaxşı nə ola
bilər?
- Sizə
diqqət həmişə yaxşı olub...
-
Bilirsiniz niyə? Mən yalan
danışmamışam, oğurluq etməmişəm,
rüşvətin nə olduğunu bilməmişəm.
Mənim davam ancaq yaxşı əsər
üstündə olub. Üç həftə
əvvəl Parisdə əsərim ifa edilib. Başqa bir şəhərdə 1961-ci ildə
yazdığım kvartetim çalınıb. İki həftə əvvəl yeni simfoniya
bitirmişəm. Həmişə işlə
məşğul olmuşam. Çıxış
etməkdən, yuxarı başda oturmaqdan, rəhbərlərin
yanında sülənməkdən xoşum gəlmir. Nəyimə lazımdır? Bunun
axırı onsuz da yoxdur. Konservatoriyada
işləyəndə ərizə yazdım ki, noyabrın 1-dən
işə çıxmayacağam. Ərizəni alan dedi, rektorla danışmısınız?
Dedim, rektorla danışmaq nəyimə lazımdır?
- Rektor kim idi?
- Fərhad
Bədəlbəyli. İndi deyirlər ki, gəlsə,
götürərik. Bəs o vaxt heç
olmasa konsultant saxlayardınız. Bu adamlar
öz keflərindədir. Musiqi təhsili
çox pis haldadır. Xüsusən,
özəl radio və televiziyalar mədəniyyətimizi dəfələrlə
geri salıb. Televiziyalarda
baxdığınız yas verilişləri
biabırçılıqdır. Bu
ağlayır, o ağlayır, o uşaq axtarır, bu oğul
axtarır. Olmaz belə şeylər.
Mən xarici kanallara baxıram, belə şey
yoxdur. Yaxud kim istəyir, əlinə
qələm götürüb musiqi yazır. Kimin
atası böyük vəzifədə işləyir, kinoya
musiqi yazır, televiziyada əsərləri səslənir.
Onlar əsər deyil axı. Onlar başqa əsərlərin surətidir. Özü də yalandan deyirlər ki, mən Tofiq
Quliyevin sonuncu tələbəsiyəm. Ay balam, Tofiq
Quliyevin heç birinci tələbəsi olmayıb. Tofiq Quliyev konservatoriyada bir saat dərs deməyib.
Bir dənə tədris jurnalı göstərin
ki, bu, Tofiq Quliyevin jurnalıdır. Mən
bu tarixi yaxşı bilirəm. Çünki 18 il bəstəkarlıq kafedrasının
müdiri olmuşam. Bəsdir də, nə vaxta
qədər belə olacaq?
-
Deyirsiniz ki, musiqi təhsilində problem var, amma
özünüz də dərs deməkdən imtina etmisiniz. Bunu necə anlayaq?
- Əzizim, mən nə qədər dərs deyə bilərəm? 55 il dərs
demişəm də, bəs mən adam deyiləm? Dərsdə
o qədər yorulurdum ki, evə gələndə
sıxılmış limon kimi olurdum. Mənim tələbələrim dünyanın
dörd bir tərəfində çalışırlar.
İranda, Türkiyədə, İraqda, Suriyada,
Amerikada, Rusiyada, Vyetnamda tələbələrim var.
- Sizin
haqqınızda belə fikir formalaşıb ki, sərtdir,
xasiyyətində kobudluq var. Amma Vaqif Səmədoğlu
deyirdi, bu ölkədə beş insansevər
varsa, biri Xəyyamdır...
- Vaqif
düz deyirdi də, yalan deyirdi? (Gülür).
Baxma ki, məni sevməyən
üç-beş nəfər var. Onlar olmasa, həyatın mənası
olmaz. Mən Vaqifin atası Səməd
Vurğunu görmüşəm. Bir iti,
bir sürücüsü vardı, görürdüm, Səməd
Vurğun rəhmətlik ovdan qayıdır. Böyük oğlu Yusif məndən bir sinif
aşağı oxuyurdu. Çox ziyalı
insan idi. Ayrı cür adam idi Yusif.
- Vaqif Səmədoğlu
deyir, Yusifi uşaqlığından qızlar ayırdı...
- Yusif
gözəl oğlan idi. Daxili aləmi də
yaxşı idi. Aybəniz də məndən
iki sinif aşağı, bacımla oxuyurdu. Vaqifə mahnıların mətnini ilk dəfə
yazdıran mən olmuşam. Həmin
musiqilər və sözlər indi də səslənir.
- Ədəbiyyatla aranız necədir? Kimləri
oxuyursunuz?
- İndi heç kimi. Çünki gözlərim
pis görür. Azərbaycan klassiklərindən
başqa İsa Hüseynovu, Yusif Səmədoğlunu, İsi
Məlikzadəni, Fərman Kərimzadəni və
başqalarını oxumuşam. Adlarını
çəkməklə bitmir. Bunlardan bəziləri
bir roman yazıçısıdır. Amma Tolstoy,
Dostoyevski, Çexov, Balzak ayrı dünyalardır. Bunu
bir-birindən ayırmaq lazımdır ki, bir romanlıq da
yazıçılarımız var, beş
romanlıq da.
“Sevinirəm
ki, övladlarım bəstəkar olmadılar”
-
Övladlarınız musiqi təhsili alsa da, davam etdirmədilər.
Səbəb nədir?
- Niyə
də etdirməlidirlər? Əksinə məni
sevindirir ki, onlar bəstəkar olmadılar. Oğlum Pərvin fövqəladə səlahiyyətli
səfir kimi Xarici İşlər Nazirliyində protokol idarəsinin
rəisi, Fəxri Gömrük Komitəsində
çalışır. Allah onlara fitri
istedad versəydi, mən icazə verməsəydim də,
öz yollarını tapacaqdılar. Bəstəkarların
çoxunun uşaqları bəstəkarlığı
oxusalar da çifayda, bəstəkar olmayıblar. Mənim
həmkarlarımdan on-on beş nəfər
bəstəkarın övladları bəstəkar olmaq fikrində
olublar. Deyə bilmərəm ki, onlar böyük adam olublar. Bəlkə də
inciyəcəklər, amma qoy incisinlər. Boş-boş vaxtlarını itirib əziyyət
çəkiblər. Övladlarım Pərvin də, Fəxri
də Bülbül adına məktəbdə
oxudular. Məktəbi qırmızı diplomla
qurtardılar. 11-ci sinifdə olanda Pərvin dedi,
Konservatoriyada oxumayacağam. Hətta o vaxt musiqi
də yazmışdı. Mənim əlyazmalarımın
içində o əsərlər var. Dedi, sən atanın
yolu ilə getmədin, biz də getməyəcəyik. Mənim atam Hadı Mirzəzadə məşhur
dilçi olub. Dil tarixinin Azərbaycanda əsasını
qoyanlardan biri olub. Əfsus ki, indi yaddan
çıxıb. Çünki əldəqayırma
alimlər var. Onun əsərlərini köçürüb
alim olublar. Alimlərin əsərlərini
köçürəndə heç olmasa ona istinad edərlər.
Xəbərləri yoxdur ki, Hadı Mirzəzadə
kimi alimləri var. Onlar çox ədalı alimlərdir.
- Sizin rəssam
dostlarınız da çoxdur...
-
Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, Tahir Salahov,
Mürsəl Nəcəfov, Maral Rəhmanzadə, Xalidə Səfərova,
Mahmud Tağıyev, Vəcihə Səmədova,
Böyükağa Mirzəzadə, Nadir Qasımov, Fuad Salayev,
Tokay Məmmədov, Natiq Əliyevlə böyük
dostluğum olub. Hər birinin emalatxanasında
saatlarla olmuşam, oturub söhbət etmişik.
- Tahir
Salahovla, Tokay Məmmədovla zəngləşirsiniz?
- İndi heç kimlə zəngləşmirəm. Tokayın
emalatxanasına illərlə gedib-gəlmişəm. Mənim orda heykəlim də var. Dost sarıdan bəxtim
gətirib. Bilirsən necədir, mən bəyənmədiyim
adamla oturub-durmuram. Kənarda xasiyyətim
barəsində pis danışsalar da, musiqiçi kimi həmişə
qiymətləndiriblər.
- Səhv
etmirəmsə, 50-dən artıq filmə musiqi
yazmısınız. Məsələn, “Yeddi oğul istərəm”,
“Bağ mövsümü”, “Arxadan vurulan zərbə” filmlərini
xatırlayıram...
-
Musiqisini yazdığım ilk filmlərdən biri “Bizim
küçə” filmidir. Mənim müəllimim Qara Qarayev
deyirdi ki, səni Ağcabədi teatrına belə dəvət
eləsələr ki, musiqi yazmaq lazımdır, get yaz. Çünki sənin sənətinə qiymət
verəcəklər, səhnəyə yox. “Yeddi oğul istərəm” filminə məni Yusif Səmədoğlu
dəvət edib. Rəssam dostum Nadir
Zeynalov zəng vurdu ki, xəbərin var, kinonu
bağladılar? Sən demə, Tofiq Tağızadə
gedib Mərkəzi Komitəyə ki, “Uzaq sahillərdə”ni çəkmişəm, mən dura-dura filmi
başqasına vermisiniz. Ona görə də
filmi Kamil Rüstəmbəyovdan alıb verdilər Tofiq
Tağızadəyə. Qazaxlıların
yasına getmişdik, bir qoca Yusifin qabağını kəsdi
ki, bu nədir, Qazaxda gül kimi yerlər ola-ola, Fatmayıda
uçuq yerləri çəkmisiniz? Gördüm,
Yusif özünü itirdi, özümü verdim qabağa.
Dedim, ağsaqqal, Qazaxda bir dənə uçuq yer tapmadıq.
Biz inqilabdan əvvələ aid film çəkmişik,
ona görə də uçuq yerlər olmalıdır. Qayıtdı ki, hə, düz deyirsiniz, Qazax son vaxtlar
çox inkişaf edib. Beləcə, Yusifi
xilas elədim.
“Konservatoriyanın
adını dəyişdirməkdənsə, keyfiyyətini dəyişdirmək
lazım idi”
- Bəstəkarlar
İttifaqından niyə çıxdınız?
- Mən
ümumiyyətlə, yaradıcı təşkilatların
funksionallığını görmürəm. İttifaq adama nə verir? İstər
Yazıçılar İttifaqı olsun, istər Bəstəkarlar
İttifaqı, onlar öz mahiyyətini itirib. Vaxt var idi bunlar çox kömək edirdilər,
yaradıcılıq söhbətləri olurdu, yeni yaranan əsərlərin
notlarını köçürürdülər,
ifaçılar dəvət edirdilər, bəstəkarların
evində olan alətləri təmir edirdilər,
yaradıcılıq evlərinə göndərirdilər.Bir
sözlə bəstəkarların həyatına müsbət
təsir edirdilər. Amma indi nə edirlər?
Professional təhsil almış, illərlə bəstəkarlıq
və ya musiqişünaslıq oxuyan gənclərin əvəzinə
özfəaliyyətlə məşğul olan bəstəkarlar
və yaxud adlarını musiqişünas qoyanlar Bəstəkarlar
İttifaqının üzvüdür. Bu
musiqişünasların bir dənə də elmi və ya qəzet
məqaləsinə mətbuatda rast gələ bilməzsiniz.
Bu, mənim uydurmam deyil. Bu həqiqətdir.
Belə kəlmələrlə oxucunu, dinləyicini
aldatmaq olmaz. Mən bir neçə gələcəyi
olan bəstəkarın adını adını çəkə
bilərəm.
- Xəyyam
müəllim, yanınıza xahişə gələnlər
çox olur?
- Olur və
nə qədər bacarıramsa, gücüm çatırsa,
çalışıram kömək edim. Məsələn,
bir istedadlı tələbəm var idi, kömək elədim,
indi Avstriyada təhsil alır. Daha çox
musiqi sahəsində kömək edə bilirəm. Məsələn, heç kimi əsgərlikdən
saxlatdıra bilmərəm. (Gülür).
Xalq Cəbhəsi.- 2016.- 13 oktyabr.-
S.13.