II Şah Abbasın dövründə
Qızılbaş-Türk əsilzadələri öz əvvəlki
üstünlüklərini qoruyub saxlayırdı
I Şah Səfinin hakimiyyətinin ilk ilində Gilanla
yanaşı, imperiyanın Cənub-Qərbində Kic-Mokran əyalətində
də yerli hakim separatist mövqedən çıxış
etməyə başlamışdı. Bu əyalət bir tərəfdən
Nimruz və cəzire-ye Hörmüz və digər tərəfdən
Kirman və başqa tərəfdən isə Sistan vilayəti
ilə həmsərhəd idi. Hələ I
Şah Abbas dövründə Kirman hakimi Gəncəli xan
qızılbaş qoşunu ilə Kic-Mokrana daxil olub, hərbi-strateji
əhəmiyyət kəsb edən məntəqələri
tutmuş və nəticədə vilayətin valisi Məlik
Şəmsəddin Səfəvi dövlətinə tabe
olmuşdu. Mokran valisi Məlik Mirzə və
ondan sonra həmin nəsildən məlik İxtiyarəddin
İsfahana gəlmiş itaətlərini ərz etmiş və
hörmətlə qarşılanmışdılar. Vilayətin havası qızılbaşlar
üçün münasib olmadığına görə
oradan türk tayfalarından qoşun yerləşdirilib dayaq
yaradılması baş tutmadı. Bundan vilayət hakimi
istifadə etmiş, Şah Səfi hakimiyyətə keçəndə
tac qoyma mərasiminə gəlməmiş
və hədiyyə də göndərməmişdi. Şahın göstərişi ilə Sistan hakimi Məlik
Cəlaləddin xanın oğlu Həmzə xan Sistan
qoşunu ilə Mokrana daxil oldu. Məlik
Mirzə hərbi qüvvəsinin azlığından ehtiyat
edib Qəzvinə gəlmiş və şahdan Mokranın ona
irsi hakimiyyət hüququ ilə verilməsini xahiş
etmişdi. Bunun müqabilində tabe olacağını
və hər il 300 Təbriz tüməni məbləğində
xərac ödəyəcəyini, həm də saraya hədiyyələr
göndərəcəyini vəd etmişdi. Doğrudur,
Şah onun xahişini sözdə nəzərə
almış, ancaq Mokran əslində ona Kirman hakimi Əmir xan
Qorçubaşının zamin durması şərti əsasında
həmesale hüququ ilə verilmişdi.
I Şah
Səfi hakimiyyətdə olduğu 14 il ərzində Gilan,
Mazandaran, Kic-Mokrandakı separatizmin qarşısını
almış, vergilər, rəiyyətin borc qalıqları,
ipək ticarəti, vəzifələrə təyinatlar, məvacib,
tiyul və soyurqallara aid verdiyi fərmanların vaxtında icra
edilməsinə nəzarət edərək mərkəzi
hakimiyyəti xeyli möhkəmləndirə bilmişdi.
Ancaq xarici siyasətində uğursuzluğa da
düçar olmuşdu. 1639-cu ildə Ərəb-İraqını
Osmanlı dövlətinə güzəştə getməyə
məcbur olmuş, Qəndəhar vilayətini isə
Böyük Moğol dövləti ələ
keçirmişdi. Şah Səfinin 12 səfər h.1052
(1642)-ci ildə Kaşanda vəfatından çox keçmədi
ki, Sarı Tağı ayaması ilə məşhur olan
baş vəzir Mirzə Tağının rəhbərliyi ilə
dövlət şurasının iclası
çağırıldı. O cümlədən hakimiyyətə
namizəd irəli sürülməsi məsələsi ilə
bağlı qızılbaş əmirlərinin də
toplantısı oldu. Şah Səfinin 5 oğlu
vardı ki, onlardan yaşca daha böyük olanı şahzadə
Sultan Məhəmməd on yaşında idi. Ümumi razılıq əsasında onun namizədliyi
dəstəklənir. Qızılbaş əmirlərinin
rəyi ilə 16 may 1642-ci ildə (16 səfər 1052) Sultan Məhəmmədin
ikinci Şah Abbas adı ilə Kaşanda tacqoyma mərasimi
keçirildi. Molla Kamal yazır ki, II Şah
Abbas hakimiyyətə keçdikdən sonra özünün
ilk fərmanı ilə məmalik-i məhrusədə şərabxanaların
bağlanması və şərab anbarlarının
dağıdılmasını əmr edir. Bu
hökmə əsasən Şirazda sərkare xassəyə
aid olan şərab çəlləkləri yerə
axıdılır. Həm də borc dəftərlərində
illər üzrə qeyd olunmuş vergi qalıqları silinir,
yəni rəiyyət və sənətkarlar 1642-ci ilə qədər
Şahlıq xəzinəsinə qalan borclarından azad edilirlər.
O, hakimiyyətinin ilk günlərindən sarayı fitnəkar,
özbaşına adamlardan azad edib xalqın rəğbətini
qazanır. Bu istiqamətdə fəaliyyətini
davam etdirib bütün nahiyələr üzrə əhalinin
illərlə yığılıb qalmış 500 min tümən
vergi borcunu onlara bağışladı və beləliklə,
bütün məmləkət əhalisinin qəlbini ələ
aldı. Rəiyyəti ağır işlərdən
azad etdi. Bütün vilayət və mahal
hakimlərinə fərman verildi ki, bundan sonra əhali ilə ədalətlə
rəftar etsinlər.
II Şah Abbasın dövründə mərkəzi
mülki, hərbi-inzibati idarələrdə, hakimiyyətin əyalətlərdə
həyata keçirilməsində Qızılbaş-Türk əsilzadələri
öz əvvəlki üstünlüklərini qoruyub
saxlayırdı. Ancaq bu zaman əyalət hakimləri
arasında çox nadir hallarda qulam hərbi əsilzadələrinə
də təsadüf edilir ki, onlar türkləşmək
zorunda qaldıqlarına görə qızılbaşların
yerli idarəçilikdə mövqelərini zəiflətmir,
bəlkə də möhkəmləndirirdilər. H. 1044
(m.1634-1635)-cü ildə qulam əsilzadələrindən
Rüstəm xan Azərbaycan əyalətinə bəylərbəyi
təyin edilmiş ancaq o, 1643-cü ildə tutduğu vəzifədən
azad edilmişdi. Azərbaycana bəylərbəyi
Qızılbaş-Türk əsilzadələrindən
Şahbəndə xan Türkmanın oğlu Pirbudaq xan
göndərilmişdi. Onu da qeyd etmək
lazımdır ki, qulamlar içərisindən
çıxmış məmurların dili türkcə olub,
qızılbaşların yerli idarəçilikdə
nüfuzuna təsir göstərmək iqtidarında deyildilər.
Dini divanda Şeyxavəndlə qohum olan seyidlər
üstünlük təşkil edir, onlara nəzarət
divanında da vəzifələr verilirdi. Qəti
şəkildə demək olar ki, II Şah Abbasın
dövründə bu dövləti yaradan hərbi-siyasi
qüvvə onu qoruyub saxlayırdı.
Türk və
ərəb dillərində mükəmməl təhsil
almış Oruc bəy Bayatın yazdığına görə,
İspaniyada olduğu kimi, Səfəvi ölkəsində də
nəcabətli əyanlara – əsilzadə, yəni Avropada
qraf, markiz, hersoq, Azərbaycan və İranda isə bəy,
sultan, xan titulları verilirdi. Ancaq müəllif
Səfəvi ölkəsində bu rütbələrin
daşıyıcılarının türk-qızılbaş
tayfa əyanları olduğunu göstərib. Müəllifə
görə, Şahın ən yüksək və şərəfli
xidmətçiləri Ustaclı, saray nazirləri
Şamlı, ədliyyə nazirləri (divanbəyi)
Əfşar, hərbi rəislər Türkman, hersoqlar Bayat, Təkəli,
Zülqədər, Çavuşlu, qraflar Asayışlı,
Baharlı kimi Qaraqoyunlu tayfa əyanlarından idilər. Eyni zamanda, vilayət və şəhərlərə
də hakimlər bu türk tayfa və oymaqların nəcabətli
ailələrindən çıxmış əsilzadələrdən
təyin olunurdular. Müəllifin qeydlərindən
məlum olur ki, I Şah Abbasın və ondan sonrakı Səfəvi
şahlarının dövründə də bütün
imperatorluğun əsilzadə sosial zümrəsi
Türk-Qızılbaş əyanlarından ibarət
olmuşdu.
V.Minorskiyə
görə, Səfəviləri hakimiyyətə gətirən
və onların hakimiyyətinin qoruyucusu, dayağı olan
Qızılbaş tayfa əsilzadələrinin XVI əsrin
80-ci illərində siyasi nüfuzunun güclənməsi
Şah hakimiyyətinin özülünü zəiflətdiyinə
görə, artıq dövlət özünün
bütün gücü ilə ilk tərəfdarlarına
qarşı mübarizəyə başlamışdı. I Şah Abbas islamı yeni qəbul etmiş və əksəriyyəti
gürcü olan qulamların köməyinə arxalanaraq,
Qızılbaş tayfa əsilzadələrini zəiflətməyə
müvəffəq olub, hakimiyyətinin möhkəmləndirilməsində
müəyyən uğur qazanmışdı. Ancaq hadisələrin
sonrakı gedişi göstərir ki, I Şah Abbas təkcə
ali hakimiyyətin mərkəzi
strukturlarında çalışan yaşlı
Qızılbaş əsilzadələrinin
hüquqlarını məhdudlaşdırmaqla
dayanmamış, o. əhalisinin çoxu qeyri-türklərdən
ibarət olan Gilanda, Mazandaranda, Luristanda məhəlli sülalələri
ləğv etmiş və bir çox senyor mülklərində
isə irsi hakimlərin hüquqlarını da tam məhdudlaşdırmışdı.
Göründüyü kimi, I Şah Abbas öz
daxili siyasətində dövlətin milli mahiyyətini dəyişmək
fikrində olmamış, əslində onun möhkəmləndirilməsi
tədbirlərini həyata keçirmişdi. Onun özünün hakimiyyəti zamanı və
ölümündən sonra da Türk-Qızılbaş əyanları
dövlətin idarə olunmasında öz mövqelərini əsasən
qoruyub saxlaya bilmişdilər. Dövrün
qaynaqlarından İskəndər bəy Münşi
Türkmanın «Tarix-i alamara-yi Abbasi» adlı əsərində
türk və qeyri-türk tayfaları və onların mərkəzi
və yerli idarələrdə qulluqda olan əmirlərinin sayı
haqqında 1576, 1628-ci illər üzrə iki siyahı var. Bu
siyahılar üzrə hərtərəfli müqayisəli təhlillər
taixçilikdə bu günə qədər XVI əsrin sonu –
XVII əsrin əvvəllərində Səfəvi dövlət
quruluşunda türk soylu qızılbaşların
sıxışdırılması və qeyri-türk elementlərinin
rolunun artması ilə bağlı olan fikrin əksini göstərir
və I Şah Abbasın kadr siyasətinin sadəcə
dövlət hakimiyyətinin möhkəmləndirilməsi məqsədini
güddüyünü isbat edir. I Şah Təhmasibin hakimiyyətinin
son ilinə aid olan siyahıda Şamlı, Ustaclı, Türkmən,
Rumlu, Zülqədər, Əfşar, Qacar, Təklə,
Xunusludan ibarət türk tayfaları mərkəzi və yerli
idarələrdə çalışan əmirlərinin
sayına, tutduqları vəzifələrin əhəmiyyətinə
görə birinci yerdə dayanırdılar. Bu
doqquz tayfaya cığataylar, yəni zahirən
türk-moğol qəbiləsi, yaxud əslən Mərkəzi
Asiyadan olan türk ailələri də əlavə
olunmalıdır. Türk tayfalarından
sonra Talış, Kürd (Ruzəki, Siyah-Mənsur, Pazuki,
Ərdalan, Çəkəni, Lur (Abbasi) aşirətləri gəlir.
Sonuncu yerdə isə Şeyxavənd (Səfəvi
sülaləsinə qohum olan şəxslər) və Seyid Kəmunə
ailəsi dururdu. İsgəndər bəy
Türkmanın yazdığına görə böyük əmirlər,
yüksək dərəcəli xanlar, böyük və
kiçik sultanlardan I Şah Təhmasibin vəfatı
zamanı ali divan dəftərində 114 nəfərin
adı qeyd olunub ki, onların çoxu bu zaman təbil və
bayraq sahibi olub, adıçəkilən mərhum həzərət
Şah tərəfindən əmir rütbəsi ilə təltif
olunmuşdular. Ancaq İsgəndər bəy
Türkman əsərindəki siyahıda mötəbər və
yüksək rütbəli əmirlər istisna olmaqla, digərlərinin
adlarını çəkmir.
İsgəndər
bəy Münşi Türkmanın «Tarix-i alamara-yi Abbasi» və
Məhəmməd Yusif Qəzvininin «Xolde-bərin» adlı əsərlərindəki
siyahıya (1576) əsasən Qızılbaş
tayfalarından ən böyüyü Şamlı eli olub,
dövlətin yaranmasında və Səfəvi sülaləsinin
hakimiyyətə gəldiyi ilk günlərdən qulluq təcrübəsinə,
hüququna, sədaqətinə görə oymaqların
birincisi olmuş, onların içərisindən yüksək
rütbəli əmirlər, xanlar
çıxmışdı. Şah
İsmayılın hakimiyyətinin ilk günlərindən
böyük əmirlər və yüksək rütbəli
xanların çoxu Şamlı tayfasından idilər.
Belə ki, Şah İsmayılın lələsi Hüseyn bəy,
Əbdi bəy və onun Durmuş xan, Hüseyn xan adlı
oğulları, Zeynal xan, Ağzıvar xan böyük mənsəb,
tiyul sahibləri olub, digər tayfaların əsilzadələrindən
fərqli olaraq daha geniş üstünlüklərə sahib
olmuşdular. I Şah Təhmasibin
ölümü əsnasında Şamlılardan siyahıda
adları qeyd olunan əmirlərin beşinin də təbil və
bayrağı vardı. Onlardan Vəli xəlifə
Avçı müqəddəs Məşhədin hakimi olub,
digər əmirlərlə müqayisədə qoşunu daha
çox idi. Fulad xəlifə Həmədan
vilayətinin hakimi, Astrabadda bəylərbəyi vəzifəsindən
azad olunmuş Süleyman xəlifə isə sarayda idi.
I Şah
İsmayıl dövründə Ustaclı eli
əsilzadələrindən bir çoxu böyük əmir
olub, onlardan Diyarbəkr hakimi Xan Məhəmmədə
(Ustaclı elindən Mirzə bəyin oğlu Məhəmməd
bəy) I Şah İsmayıl xan titulu vermişdi və o,
Ustaclıoğlu Məhəmməd xan adı ilə də
tanınırdı. Qaynaqlarda adı gedən Qara xan onun
qardaşı, Qılıc xan isə oğludur,
Ustaclılardan Qara xan, Qılıc xan, Çayan sultan, Köpək
sultan, Məntəşa sultan, Sədrəddin xan, Fərrux
sultan, Abdulla xan və Çuxur-Səd hakimi Şahqulu sultan vəzifə
və ölkə sahibləri olmuşdular. Qorçubaşı
Sarı Pirə (1514-cü ildə Çaldıran
savaşında ölmüşdü), Qarınca sultan, Bədir
bəy, Kürd bəy, Hadi bəy, Sofu oğlu Əhməd
sultan (Kirman valisi), Həmzə sultan, Tacəddin bəy kimi əmirlər
də bu eldən idilər.
Zabil Bayramlı
tarix üzrə
elmlər doktoru, professor
Xalq Cəbhəsi.- 2016.- 14 oktyabr.-
S.14.