Qızılbaş-Türk tayfa əmirləri

 

Səfəvi sülaləsinin hakimiyyətə gəlməsində türkmanların xüsusi yeri var. Onu da qeyd etmək lazımdır ki, Səfəvilərin hərbi-siyasi dayağı olmuş digər ellər də Türkman mənşəli olub, onlardan bir qismi bunu bilir və bu adla adlanırdılar. Türkmanın Mosullu və Pornak obaları mənsub olduqları elin adını daşıyırdılar. Məlum olduğu kimi, I Şah İsmayılın anası və ata anası Türkman Bayandur xanədanından idi. I Şah İsmayıl da Mosullu bəylərindən birinin qızı (Taclı xanım) ilə evlənmiş və bu izdivacdan Təhmasib ilə Bəhram Mirzə doğulmuşdu. I Şah Təhmasib də Türkman bəylərindən Musa sultan Mosullunun qızı Sultanım xanımla evlənmişdi. Sultan Məhəmməd və İsmayıl Mirzənin anası adı çəkilən Sultanım xanımdır.

I Şah Təhmasibin vəfatı əsnasında Türkman Əmir xan Mosullu (I Şah Təhmasibin dövründə Xorasan və onun vəfatından sonra Azərbaycan əmir əlümərası olmuşdu), Məhəmməd xan Mosullu (bir neçə dəfə Sistan hakimi olmuş və 1576-cı ildə sarayda olub, qüdrətli əmirlərdən idi), Şahqulu xan Pornak (İsfahanda türkmanların «üməra-ye bozorg» - böyük əmirlərindən olub, II Şah İsmayılın dövründə Məşhəd hakimi və Xorasanın yarısının əmir əl-ümərası), Söhrab xəlifənin oğlu Süleyman xəlifə (Xorasanda Tun və Təbəs hakimi), Heydər sultan Çabuq Tərxan (Qum hakimi və «üməra-ye bozorg» - böyük əmir), Yadigar Məhəmməd Tərxanın oğlu Əbuməsum sultan (saray əmiri) Türkman əmirləri olub, adları siyahıda qeyd olunmuşdu. I Şah Təhmasibin vəfatı əsnasında Rumluların içərisində mötəbər əmirlərdən Araz xan Rumlu Şirvan əmir əl-ümərası idi. Hüseynqulu xüləfa isə sarayda xəlifət əl-xüləfa mənsəbinə sahib olub, bayraq və təbili olmasa da, ölkədə və onun hüdudlarından dışarıda, əsasən Şərqi Anadoludakı bütün sufilər ona tabe idilər. Faruk Sümərin dövrün qaynaq materiallarına istinad edərək yazdığına görə, I Şah Təhmasibin ölümü əsnasında Rumlu əmirlərinin sayı doqquz nəfər olmuşdu. İsgəndər bəy Münşi I Şah Təhmasibin vəfatı əsnasında Zülqədər əmirlərinin Məhəmmədqulu xəlifə Qoroğlu (möhürdar, dövlət ərkanı və qoşun sahibi), İbrahim xan Hacıların əmisi oğlu Məhəmməd xəlifə (Astrabad hakimi), Qalxançı oğlu Vəli sultan (Şiraz hakimi), Təbət Ağa (Xorasanda Cam hakimi), Şahqulu xəlifə İsgəndər bəy Münşi I Şah Təhmasibin ölümü əsnasındakı siyahıda Əfşar tayfasının böyük əmirlərindən Əmiraslan sultan Ərəşlinin böyük əmir, qoşun sahibi və I Şah Təhmasibin oğlu Sultan Əhməd Mirzənin lələsi olduğunu bildirir. Xəlil xan yüksək rütbəli əmir olub, Kuhgiluyə hakimi və Mahmud sultan (əmire bozorg) Savə hakimi, Yusifqulu sultan qardaşı Yaqub sultanın yerinə Kirman hakimi (Ancaq o, bu vaxt Kirmana getməmiş və II Şah İsmayıl zamanı qorçubaşı olmuşdu), İsgəndər xan Hezarçərib hakimi (sonra Kuhgiluyə hakimi olmuşdu), mötəbər əmir Yeqan sultan Xorasanda Fərəh və Əsfzar hakimi, Xosrov sultan Koroğlu isə Xorasanda bir yerin valisi idi.

Qacar tayfasından Şahverdi sultan Ziyad oğlu Qacarın oğlu Yusif xəlifə İbrahim sultanın yerinə Qarabağ bəylərbəyi və Sultanəli Mirzənin lələsi təyin olunmuş, ancaq I Təhmasibin vəfatı əsnasında hələ Qarabağa getməmişdi. Mirzə Əli sultan sarayda böyük əmirlərdən olub, divanbəyi idi. Əli xəlifə Ağcalı Damğan və Bistam hakimi, Süleyman bəy Ziyad oğlu (Yusif xəlifənin qardaşı) və Süleyman sultan Şekəm oğlu isə artıq əmir idi. Siyahıda Təklə əmirlərindən Şərəfəddin oğlu Vəli Sultan, Solak Hüseyn və Ərdoğdu xəlifənin adları çəkilmiş, Gilan və Xorasanda kiçik ulka sahibləri olduqları göstərilib. İsgəndər bəy Münşi Türk elləri sırasında qeyd etdiyi Xunuslu (Hinisli 1 nəfər) əmirlərindən isə I Şah Təhmasibin ölümü ərəfəsində yalnız Hüseyn xanın adı çəkilir və mötəbər əmir olduğu göstərilir.

İsgəndər bəy Münşinin əsərindəki siyahı (1576-cı il) üzrə Qızılbaş-Türk tayfa əmirlərinin sayı: Şamlı - 5 nəfər, Ustaclı - 26 nəfər, Türkman - 6 nəfər, Rumlu - 4 nəfər, Zülqədər - 6 nəfər, Əfşar - 7 nəfər, Qacar - 5 nəfər, Təklə - 3 nəfər, Hinisli - 1 nəfər, cəmi 63 nəfər.

İsgəndər bəy Münşi I Şah Təhmasibin vəfatı əsnasındakı siyahıda qeyd olunan Qızılbaş-Türk elləri əmirləri ilə yanaşı, İç Oğuzun Çəpni boyundan Mahmud xəlifə, Calal oğlu Məhəmməd sultan və Dönməz sultan adlı 3 nəfər əmirin adını göstərib ki, onlar bu zaman Qarabağda olub Ziyad oğluna tabe idilər. Müəllif siyahıda Xorasanda məskun olan Yaka Türkmanlarını Cağatay adı ilə verib. Onlardan da 3 nəfər əmirin adı çəkilir. Yaka Türkmanın Gəraylı oymağının Xorasanda yaşadığı, Səfəvilərə tabe olduğu və əmirlərinin Mirzə Əli Xəlifə adlı əsilzadə olduğunu görürük. İbn Hüseyn Mir Hüseyn sultan Firuzcəngi Məşhədin sadiq bəndələrindən olub, Sərəxs hakimi, Hacı Məhəmməd sultan isə Savə hakimi idi. Siyahıda Şeyxavənd soyundan olan 2 nəfərin və 1 nəfər də seyidin adı çəkilir. Onlardan Məsum bəy Səfəvinin oğlu Sədrəddin xan Səfəvi saray əmiri, həm də Bəhram Mirzənin oğlu Sultan Hüseyn Mirzənin lələsi, onun qardaşı Seyid bəy isə böyük əmir olub, Astrabad hakimi idi. Siyahıda adı çəkilən Seyid isə Seyid Məhəmməd Kəmunənin oğlanlarından möhürdar vəzifəsində olan böyük əmir Seyid Süleyman idi ki, o, Seyid bəy Kəmunə ayaması ilə tanınırıdı.

İsgəndər bəy Münşinin Səfəvi dövlətinin idarəçilik və dövlət quruluşunda önəmli rola malik olmuş tayfalar və onların əmirlərinin siyahısı Səfəvi dövlətinin tarixini araşdırmış tədqiqatçılardan V.Minorski və İ.P.Petruşevskinin diqqətindən kənarda qalmayıb. Öncə qeyd etmək lazımdır ki, hər iki tarixçinin Səfəvi dövlətinin sosial-iqtisadi və siyasi quruluşuna həsr etdikləri monoqrafiyaların elmi əhəmiyyəti az deyil. Ancaq müəlliflərin hər ikisi 1576-cı il siyahısını təhlil edərkən müəyyən qüsurlara yol veriblər. Belə ki, İsgəndər bəy Münşinin əsərindəki 1576-cı il siyahısı üzrə apardıqları təhlilə əsasən V.Minorski türk əmirlərinin sayının 59 nəfər, İ.P.Petruşevski isə 61 nəfər olduğunu qeyd edib. Halbuki apardığımız düzgün hesablamalar nəticəsində aydın olub ki, siyahıda göstərilən 114 nəfər əmirdən 84 nəfərin adı qeyd olunub ki, onlardan 72 nəfəri türk, 12 nəfəri isə talış, kürd, lurlardan ibarət olub. İsgəndər bəy Münşi I Şah Təhmasibin ölümü əsnasında yerli idarələrdə yüksək vəzifələrdə çalışan əmirlərin siyahısı ilə yanaşı, dövlət və saray təşkilatındakı qulluqçuların da sayını göstərib. I Şah Təhmasibin ölümü əsnasında mərkəzdəki yüzbaşılar, ərbablar, qorçular və digər mülazimlərin ümumi sayı cəmi 6000 nəfər idi. Onların 4500 nəfəri qorçu, 1500 nəfəri isə daş (dış, dışarı) qorçular, yasovullar, bukavullar, eşikağısı, yasovulbaşı, mirşikar, topçubaşından ibarət olub, mötəbər yasovullar və qorçular türk tayfalarının müxtəlif zümrələrindən idilər. Əslində Şahın 20 000 nəfər xassə mülazimləri, yəni qorçuları var idi ki, onların içərisində yüksək mənsəblilər əmir rütbəsinə malik olmasalar da, əmirlik dərəcəsinə qədər yüksəlmişdilər. Bu qorçulardan 100 nəfəri şücaətinə, cəsarətinə görə başqa qoşun növündən olan əsgərin 1000 nəfərinə bərabər idi. İsgəndər bəy Münşi əsərindəki ikinci siyahıda (1628) isə müxtəlif dövlət vəzifələrində çalışan əmirlərin sayının 92 nəfərdən ibarət olduğunu qeyd edib. Birinci siyahıda olduğu kimi, ikinci siyahıda da təkcə türk deyil, bu dövrdə dövlət qulluğunda olan qeyri-türk tayfa əmirlərinin də sayını göstərib. O, tayfalar üzrə əmirlərin sayı haqqındakı siyahıda Şeyxavənd boyundan yalnız bir nəfərin, qorçubaşı İsa xan ibn Seyid bəy ibn Məsum bəy Səfəvinin adını qeyd etdikdən sonra, bu zaman dövlət qulluğunda olmuş Qızılbaş-Türk əmirləri barədə yazır: “Şamlı tayfasından Zeynal xan Bəydili (Səfəvilər dövründə Bəydili, Abdallı, Ərəbgirli, Nəlqas Şamlı tayfasının obalarından idilər - Z.B.) Rey hakimi Həsən xan Abdallı Xorasan bəylərbəyi, Məhəmməd Zaman Xorasanın bəzi mahalı və Qur hakimi, Fəzləli sultan Bala Murğab hakimi, Haqverdi sultan Ərəbgirli Azərbaycan əmiri, Naqdi sultan Nəlqas eli (bu el Şamlı tayfasının tərkibində idi) əmiri, Bəydili Gündoğmuş Sultan Azərbaycanda mahal hakimi idilər. Ustaclı əmirlərindən Möhbəli sultan Xorasanın Nisə mahalının hakimi, Maqsud Sultan Kəngərli Naxçıvan hakimi, Əbdülqasım sultan İraq-i Ərəbdə Hillənin hakimi idi. Zülqədər Rüstəm sultan Sevgilinin oğlu Əmir xan Kirman hakimi, Qorxulu İbrahim sultan Xorasanda Sərəxsin hakimi, möhürdar Şahqulu Xəlifənin nəvəsi Dərgahqulu sultan Qorxulu Fars əyalətində bəzi mahalların hakimi, keçmiş Qarabağ əmirlərindən Səlim xan Şəmsəddinli Axısqa qalası hakimi, Eymur Kəlbəli sultanı oğlu Xəlil sultan Qarabağ əmirlərindəndir. Müstədam sultan Hacılar Astrabadın Came-Kəbud adlı mahalının hakimi idi. Qacar Təhmasibqulu xan atası Əmirgünə xandan sonra onun yerinə Çuxur-Sədin bəylərbəyi, Peykər xan İyirmi dörd isə Qarabağ əmirlərindən olub, Bərdə hakimi idi. Əfşar Qasım xan İmanlının oğlu Kəlbəli sultan Urmi hakimi, Hələbli Ərdoğdu xan Xorasanın Əsfzar və Fərah mahallarının hakimi, İsalı İmamqulu sultan Qavrud hakimi idilər.

Türkman Şahbəndə xan Pornağın oğlu Pirbudaq xan Azərbaycan bəylərbəyi, Həsən sultan Ördəkli Qapanat hakimi idi. Siyahıda İspəhirli Şikari Sultan Ərdəbil və Sərab, Rumlu Heydər sultan Qoyləhisarlı Gilanın Tonakabon mahalı, Qaradağlı İlyas xəlifənin oğlu Bürhanəddin xəlifə Qaracadağ, Bayat oymağından Yarəli sultan Bəyazid qalası, Gedəəli sultan Maku, Bədr sultan Çuxur-Sədin bəzi mahallarının hakimi olduqları göstərili. Cəyirli Məhəmməd sultan Şəki, Qazağlar Şəmsi xan Axısqa, Bayburdlu Muradxan sultan Arasbar hakimi olub, Alpout oymağından Mənsur sultan isə Şirvanda ulka sahibi idi.

İsgəndər bəy Münşinin əsərindəki siyahı 1628-ci il üzrə Qızılbaş-Türk tayfa və oba əmirlərinin sayı: Şamlı - 7 nəfər, Ustaclı - 3 nəfər, Zülqədər - 6 nəfər, Qacar - 2 nəfər, Əfşar - 3 nəfər, Türkman - 2 nəfər, İspərihli - 1 nəfər, Rumlu - 1 nəfər, Qaradağlı - 1 nəfər, Bayat - 3 nəfər, Alpaut - 1 nəfər, Cəyirli - 1 nəfər, Qazağlar - 1 nəfər, Bayburdlu - 1 nəfər, Şeyxavənd - 1 nəfər, cəmi 34 nəfər.

Müəllif I Şah Abbasın ölümü əsnasında tərtib etdiyi bu siyahıda Qızılbaş-Türk tayfaları və onların əmirlərinin sayı ilə yanaşı Xorasandakı Yaka Türkmanlarından Qarabayat, Gəraylı, Cəlayir adlı türk tayfalarının əmirlərinin 12 nəfər olduğunu qeyd edib, ancaq onların Cığatay oymaqları olduqlarını yazıb.

F.Sümərin yazdığı kimi, I Şah Abbas qul və tüfəngçi təşkilatını yaradarkən Osmanlı yeniçəri əsgəri təşkilatını örnək olaraq qəbul etməsi heç bir şübhə doğurmur. Siyahıda qulam hərbi təşkilatının yüksək hərbi zümrəsinə daxil olan 21 nəfəri əmir hərbi rütbəsi, xan və sultan titulu verildiyi göstərilsə də, onlardan yalnız 15 nəfərin adı yazılıb. Bu 15 nəfərdən (onlardan 3 nəfəri əmire bazorğ idi) 7 nəfəri xan və 8 nəfəri isə sultan titulu ilə müxtəlif vilayət və mahallarda bəylərbəyi və mahal hakimi vəzifəsində olub. Qulam alayının əsgəri heyətinin əsasən qeyri-türklərdən ibarət olmasına baxmayaraq, I Şah Abbasın dövründə bu alayla yaxından tanış olmuş italiyalı Pyetro Della Vallenin yazdığı kimi, onların təlim və ünsiyyət dili türk dili olmaqla ayrı heç bir dili bilmirdilər.

 

Zabil Bayramlı

tarix üzrə elmlər doktoru, professor

 

Xalq Cəbhəsi.- 2016.- 15 oktyabr.- S.14.