Azərbaycan Səfəvi dövləti
beynəlxalq aləmdə
I Şah Abbasın səyyahı
türk dilində «xoş gəldin», «şəfa gəldin» deyə
qarşılaması, divanxanada danışıqların
türk dilində getməsi, sarayda türk dilinin əsas
danışıq dili olmasının göstəricisi idi
Qulamlar Osmanlı dövlətindəki yeniçərilər
kimi türk dilli idilər və bəzi tarixi əsərlərdə
onların farslaşma zorunda qalmaları haqqındakı fikirlər
ciddi elmi dəlillərə söykənmir. Türkiyə tarixçisi
F.Sümərin unikal qaynaq materiallarına əsaslanaraq
yazdığı kimi, qullar və oturaq əhaliyə mənsub
tüfəngçilər Qızılbaşlara qarşı
müvazinət ünsürü kimi yaradılsa da,
köçəbə (yarımköçəri) Türk
oymaqları əskidə olduğu qayda üzrə yenə də
dövlətin ana dirəyi olub, öz nüfuzunu qoruyub
saxlamışdılar. Daha sonra F.Sümər qeyd edir:
«Dövlət xidmətindəki taciklər (iranlı, yaxud
fars) heç bir zaman Səlcuqlu dövründə olduğu
kimi, dövlətin siyasi həyatında mühüm rollar oynamamışdılar».
Qeyd olunduğu kimi, qeyri-türk soylu, ancaq türkdilli əmirlərin
I Şah Abbasın islahatı ilə dövlətin idarəetmə
orqanlarında işə cəlb olunmasını dövlətdə
iranlılaşma prosesinin başlanması kimi qəbul etmək
əslində düzgün deyil. Avropa dövlətləri tarixinin
XVI-XIX əsrləri izlənilərkən hətta
ayrı-ayrı ölkələrdə doğma dillərində
danışmaq qəbahəti və idarəçiliyə
başqa xalqlardan olan əsilzadələrin kütləvi cəlb
olunması hallarına az təsadüf
edilmir. Halbuki Qərb tarixçiliyində bu vəziyyət
dövlətlərin milli mahiyyətini dəyişməsi kimi
qəbul edilmir və yaxud bu məsələlərə
heç toxunulmur. İ.P.Petruşevski yazır: «I Şah
Abbasa qədər bəylərbəyi yalnız
Qızılbaş tayfalarının adlı-sanlı əmirlərindən,
yaxud şahzadələrdən təyin olunurdu. I
Şah Abbasdan etibarən bəylərbəyi vəzifəsinə
yeni qulam hərbi əsilzadə nümayəndələrindən
də təyin etməyə başladılar».
Müəllifin bu fikri tarixi gerçəkliklərə
uyğun gəlir. Lakin onu da qeyd etmək lazımdır ki, I Şah
Abbasın özü 1605-ci ildə Türkman əmirlərindən
Pirbudaq xanı Azərbaycana, 1607-ci ildə Qaramanlı əmirlərindən
Zülfüqar xan Qaramalını Şirvana, 1606-cı ildə
Qacar əmirlərindən Məhəmməd ibn Xəlil xan
Ziyad oğlunu Qarabağa, 1606-cı ildə Qacarlardan
Əmirgünə xan Qacarı Çuxur Sədə bəylərbəyi
təyin etmişdi. XVII əsrin axırlarına
qədər də belə olmuşdu. Beləliklə,
Qızılbaş əmirlərinin Osmanlı
yürüşlərinə son qoyulduqdan sonra yenə də Azərbaycan,
Şirvan, Qarabağ və Çuxur Səddə yerli hakimiyyətləri
bərpa olunur. Ancaq mərkəzləşmiş
dövlət daxilində bəylərbəyilərin vilayətlərdə
Qızılbaş tayfalarının hərbi qüdrətinə
arxalanaraq öz hakimiyyətlərni möhkəmləndirmələri,
onlarda irsi idarə meyllərinin güclənməsi Səfəvi
şahlarının mənafeyinə uyğun deyildi. Buna görə də, XVII yüzillikdə Səfəvi
hökmdarları vilayət aparatının dövlət
asılılığını möhkəmləndirmək məqsədlə
qulamlardan ibarət yeni hərbi əsilzadə nümayəndələrinin
əyalətlərə bəylərbəyi təyin edilməsini
təcrübədən keçirirdilər. Ancaq bu təcrübə özünü
doğrultmamış və bu dövrdə bir sıra qulam əyanlarının
müəyyən vilayətlərdə qısa müddətli
hakimiyyəti də Səfəvi dövlətinin milli mahiyyətinə
təsir göstərə bilməmişdi.
Düzdür, İsgəndər bəy Münşinin verdiyi məlumata
görə, qulamların yüksək hərbi zümrəsindən
vilayət və mahal idarəçiliyində istifadə olunub
və o, əsərində onlardan 15 nəfərinə xan və
sultan titulu verildiyini yazıb. Digər tərəfdən
qulam vilayət, yaxud mahala hakim göndərildikdə o, əvvəlcə
həmin izibati vahid ərazisində yaşayan
Türk-Qızılbaş tayfa və oymaqlardan birinə mir-e
el (el, tayfa başçısı - əmiri) təyin olunmasa,
orada öz vəzifəsini icra edə bilməzdi. Məsələn,
İmamqulu xanın qardaşı Davud xan qulamların yüksək
rütbəli əmirlərindən olub, Məhəmmədqulu
xan Qacarın yerinə Qarabağ bəylərbəyi göndərildikdə,
oradakı Qacar eli və oymağının mir-e eli vəzifəsinə
də təyin olunmuşdu. Çərkəz
Qazaq xan isə Şirvan bəylərbəyi olduğu zaman, həm
də orada Qaramanlı, Çavuşlu tayfasının əmiri
idi. Şirvanda Dərbənd və
Şabrana hakim göndərilmiş Fərrux sultan həm də
oradakı Bayat və Rumlu tayfasının da əmiri
olmuşdu. 1628-ci ildə Novruz Sultan isə
Qarabağda Cavanşir, Otuz iki elinə əmir təyin
edilmişdi. Göründüyü kimi,
Qarabağ və Şirvana hakim statusu ilə göndərilmiş
qulam hərbi əsilzadə nümayəndələri vəzifədə
olduqları vilayət, yaxud mahal ərazisindəki türk
oymaqlarından birinin də əmiri olmuşdular. Ancaq
İskəndər bəy Münşinin 1628-ci il
siyahısında adlarını qeyd etdiyi 15 nəfər yeni hərbi
əsilzadələrdən yalnız üç nəfəri
(ikisi xan, biri sultan titulu ilə) müəyyən vaxtda
Qarabağ, Şirvan, Dərbənd və Şabranda
hökmranlıq ediblər. Onu da göstərmək
lazımdır ki, qeyri-türk olan qulamlar Azərbaycan türk
dilini bilmədən, Qızılbaş tayfalarının adət
və ənənələrinə bələd olmadan, yerli
tayfaların hərbi qüvvələrinə arxalanmadan hər
hansı vilayət və mahalda hakim vəzifəsində
işləyə bilməzdilər. Əslində, orta əsr
Osmanlı yeniçəriləri kimi, Səfəvi
qulamları da islam dinini,
Qızılbaş adət-ənənələrini qəbul
etmişdilər. Onlar Azərbaycan türk dilində
danışır və fars dilini bilmirdilər.
Bu barədə 1617-1627-ci illər arası Səfəvi
dövlətində olmuş Pyetro della
Valle yazır: «…müxtəlif millətlərdən olan
qulamlar var ki, öz aralarında türk dilində
danışırlar və farsdan bir şey bilmirlər».
Əvvəlki
yüzillikdə ollduğu kimi, XVII əsrdə də Azərbaycan
Səfəvi dövlətinin hərbi dayağı yenə də
Türkman, Qacar, Qaramanlı, Şamlı, Ustaclı və başqa
türk elləri olub, vilayət bəylərbəyi və
mahal hakimləri onların əmirlərindən təyin
edilirdi. Beləliklə, İsgəndər bəy
Münşinin əsərində 1628-ci il
siyahısı üzrə vəzifələrə təyinatla
bağlı məlumatların obyektiv təhlili I Şah Abbas
dövründə Səfəvi dövlətinin milli mahiyyətinin
dəyişməsi və burada
Türk-Qızılbaşların hakimiyyətinin zəifləməsi
haqqında bu günə qədər tarixçilikdə
mövcud olan fikirlərin yanlış olduğunu təsdiq
edir. Tarixçilikdə Azərbaycan Səfəvi dövlətinin
milli mahiyyəti ilə bağlı mövcud olan səhv və
qeyri-ciddi fikirlərin əksini göstərən qaynaqlar az deyil. Təkcə onu göstərmək
kifayətdir ki, XVII yüzilin 70-ci illərində fransalı səyyah
Şarden yazır, Qızılbaşların nüfuzu o qədər
güclüdür ki, hazırda çox mühüm dövlət
vəzifələri və orduda rəhbərlik də
onların əlindədir. I Şah
İsmayılın başçılığı altında
əhalinin müxtəlif kateqoriyalarından olan əxilər,
qazilər, sufilərin hərbi-siyasi mücadilələrində
qurulmuş Azərbaycan Səfəvi dövləti beynəlxalq
aləmdə iki yüzillk bir vaxt ərzində öz
nüfuzunu gücləndirib artırmış, qoruyub
saxlamışdı.
Vahid dövlətçilik ənənəsi iqtisadi irəliləyişlə
bağlı mülki, inzibati, hərbi idarəçiliyə,
elmi-mədəni yüksəlişə geniş imkanlar
yaratmışdı. Və Azərbaycan türk dili dövlət
dili statusu qazanmış, I Şah İsmayılın Avropa monarxlarına
Azərbaycan türk dilində yazdığı məktublar isə
bu dili rəsmi diplomatiya dili səviyyəsinə yüksəldə
bilmişdi. Artıq Səfəvilər
zamanında rəsmi sənədlər də Azərbaycan
türk dilində tərtib olunurdu.
Mirzə
Abbaslının «Şah İsmayıl Xətainin ömür
yolu miniatürlərdə» əsərindəki Bakı və
Füruzguh qalalarının alınmasına aid miniatürlərdə
top və tüfəng təsvirləri, «topçu» və
«tüfəngçi» ifadələrinin dilimizdə XVI əsrin
əvvəllərindən mövcud olduğunu isbat edir. I Şah İsmayıl ana dilinə hörmət edir
və bu dildə yazan şairləri, ozanları sevir,
onları himayə edirdi. Elə buna görə
də, dilinə, vətəninə bağlı el şairləri,
aşıqları da onu sevir və onun doğma dilinə,
xalqına bağlılığını əsərlərində
tərənnüm edirdilər. Onlardan I Şah
İsmayılla eyni dövrdə yaşamış və onu
özünün mürşid-i kamili adlandıran Dirili Qurban
«Şah Xətayi» gəraylısında «Qoy var olsun türki zəban,
Şah Xətayi, Şah Xətayi» misraları, onunla eyni
dövrdə yaşamış Tüfeylinin Şah
İsmayıla xitabən «Qılmazam vallahi
türki-tacidarım tərkini» deməsi Şah İsmayılın
etnik kimliyinin bəlli aynası olub doğma türk dilinə
sevgisinin də parlaq təzahürüdür.
I Şah
İsmayılın dövrünün tarixi gerçəkliklərini
əsərlərində bəzən olduğu kimi əks
etdirməyə cəhd göstərmiş, tarixçi
İ.P.Petruşevski yazır ki, Səfəvilər
sarayında və orduda bu vaxtlar Ön Asiyanın bütün
türk dilli tayfalarına aydın olan Azərbaycan dili qəbul
edilmişdi və bu ədəbi dil Azərbaycan sərhədlərindən
kənarlara da yayılmışdı.
I Şah
Təhmasibin Osmanlı şahzadəsi Sultan Səlimə,
ingilis kraliçası Yelizaveta Tüdora yazdığı
(1558-1603) məktublar türk dilində olub, bu dilin XVI
yüzildə dövlət, saray diplomatiya dili olmasının
bəlli göstəricisidir. Azərbaycan
türk dili I Şah Abbasın da doğma dili idi və onun
sarayında da əcnəbi ölkələrdən gəlmiş
elçilərlə rəsmi diplomatic danışıqlar bu
dildə aparılırdı. Bu barədə italiyalı
səyyah Pyetro della Valle aydın məlumat
verir. Bir müddət ispan donanmasında hərbi xidmətdə
olmuş Pyetro della Valle dövrünün
bilim adamı olan dostu Mario Skipanonun məsləhəti əsasında
xüsusi tapşırıqla 1614-cü ildə İtaliyadan Fələstinə
göndərilən diplomatik heyətlə yola
düşüb İstanbul, Qüds, Dəməşq,
Bağdad şəhərlərində olmuş və sonra isə
Səfəvilər dövlətinə gəlmişdi. 1617-ci
ildə Səfəvi sərhəddini keçən Pyetro della Valle Qızılbaş dəstəsi ilə
qarşılaşdığını və onlara Qəsri-Şirin
nahiyəsinin hakimi Kazım Sultanın başçılıq
etdiyini göstərir. Yazır ki, bir müddət
süvarilərlə yol getdik. Onların
hamısı bir-biri ilə türk dilində
danışırdı. Bu dil Səfəvi dövlətində
fars dilindən daha çox işlənir,
dövlət və hərb dilidir. O, bunun əsas səbəbini
ordunun, əyanların, dövlət məmurlarının
türk soyundan olmaları, aralarında bu dildə
danışmaları, türk dilinin hərbi dil olması ilə
izah edir. I Şah Abbas haqqında səyyah yazır ki, təbəələri
ona çox inanır, başına and içir, Həmədanda
bir nəfər digərinə müəyyən bir şey diləmək
arzusunda olanda türk dilində «Şah Abbas muradını
versin» deyirlər. İsfahan şəhərində
olarkən türk dili məsələsi onu yenidən
maraqlandırır. Yazır ki, burada
türk dilində daha çox danışırlar, bu dil
dövlət və başçıların dilidir. Səyyah türk dilinin bu
üstünlüyünün başqa səbəblərini də
göstərir. O yazır ki, Qızılbaş əsgərlərinin
təmiz türk olması, qeyri millətlərin çoxluq təşkil
etdiyi qulamların türkdən başqa dil bilməməsi,
zabitlər və Şahın orduda göstərişi, əmrləri
bu dildə verməsi türk dilini dövlət, saray, hərbi
dil səviyyəsinə qaldırıb. I Şah
Abbasın səyyahı türk dilində «xoş gəldin»,
«şəfa gəldin» deyə qarşılaması, divanxanada
danışıqların türk dilində getməsi, I
Şah Abbasın sarayında türk dilinin əsas
danışıq dili olmasının gerçək göstəricisi
idi. Şahın özü də Pyetronun
yazdığına görə, doğma türk dilini mükəmməl
bilməsi ilə fəxr edirdi. Türk dili
dövlət və saray dilidir.
Zabil Bayramlı
tarix üzrə elmlər doktoru, professor
Xalq Cəbhəsi.- 2016.- 18 oktyabr.-
S.14.