“Bu müxtəliflik xalqımızın
tolerantlıq xüsusiyyətinin formalaşmasında
mühüm töhfə olub”
Mübariz Qurbanlı:
“Ata-babalarımızdan miras qalmış bu adət-ənənənin
qorunub saxlanılması bizdən xüsusi mənəvi məsuliyyət
tələb edir”
“Qədim
İpək Yolunun üzərində yerləşən, Şərq
ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycan
tarixən müxtəlif mədəniyyətlərin,
sivilizasiyaların, dinlərin qovuşduğu məkan olmuş
və burada ölkəmizin coğrafi mövqeyi, əhalisinin
polietnikliyi kimi amillər böyük rol oynayıb. Tarixin ayrı-ayrı dönəmlərində bu
torpaqlarda Bütpərəstlik, Zərdüştiliklə bərabər,
Yəhudilik, Xristianlıq və İslam kimi səmavi dinlərin
nümayəndələri bir-birinə təsir göstərmədən,
birgə yanaşı yaşayıblar. Eyni
zamanda, Azərbaycan ərazisi bütün dövrlərdə
dini ayrı-seçkilikdən əziyyət çəkən
insanlar üçün sığınacaq rolunu
oynamış, ölkəmiz fərqli dinlərin mənsubları
ilə yanaşı, İslam məzhəblərinin
daşıyıcıları üçün pənah yerinə
çevrilib”. Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsinin sədri Mübariz
Qurbanlı öz yazısında qeyd edib. O bildirib ki, buna
baxmayaraq, etnik və dini icmalar arasında daim möhkəm
dözümlülük və dostluq əlaqələri
mövcud olub, milli, irqi və dini zəmində heç bir
ayrı-seçkilik baş verməyib, hətta bu müxtəliflik
xalqımızın tolerantlıq xüsusiyyətinin
formalaşmasında mühüm töhfə olub: “Əlbəttə,
qloballaşma ilə bağlı
çağırışların vüsət
aldığı dövrümüzdə
ata-babalarımızdan miras qalmış bu adət-ənənənin
qorunub saxlanılması bizdən xüsusi mənəvi məsuliyyət
tələb edir. Nəzərə alsaq ki, din insanların
şüuruna və cəmiyyətə təsir göstərmək
baxımından olduqca güclü vasitədir, onun bu
gücündən sui-istifadə edən məkrli qüvvələr
tarix boyu öz maraqlarını, siyasi-iqtisadi
hegemonluqlarını təmin etmək üçün dindən
daha geniş şəkildə yararlanmağa
çalışmışlar və bu proses müasir dövrdə
də davam etməkdədir. Nəticə isə ortadadır:
insanları vəhdətə, qarşılıqlı hörmət
şəraitində yaşamağa çağıran dinlərin
əsl mahiyyəti təhrif olunmurdu və din müxtəlif siyasi
oyunların alətinə çevrilmişdir. Söz yox ki,
dünyanın bir sıra ölkələrində
“sınaq”dan çıxarılmış bu “siyasət”in
ölkəmizə qarşı da həyata keçirilməsinə
cəhd göstərilib.
Bu, elə bir vaxt idi ki, xalqımız yetmişillik Sovet
rejimindən xilas olaraq yeni mərhələyə – milli-mənəvi
dəyərlərə qayıdış dövrünə qədəm
qoymuşdu. Sözsüz ki, bu keçid özü ilə birlikdə
çoxlu problemlər də gətirmişdi. Ölkəmizin
coğrafi mövqeyi, təbii sərvətlərlə zənginliyi
bəzi xarici dairələrin diqqətindən kənarda
qalmayıb, onlar öz maraqlarını təmin etmək
üçün iqtisadi-siyasi təzyiqlərlə
yanaşı, din sahəsindəki boşluqlardan da
yararlanmağa çalışıblar. Müstəqilliyimizin
bərpa edildiyi ilk dövrlərdə müharibə və
siyasi xaos nəticəsində yaranmış ağır sosial
vəziyyətdən istifadə edən həmin qüvvələr
xeyriyyə təşkilatı adı altında ölkəmizə
ayaq açmış, əhalinin böyük qisminin dini məlumatsızlığından,
İslama dair biliklərinin yetərsizliyindən istifadə edərək
öz təlimlərini həqiqi dini dəyər maskası
altında yaymağa, az da olsa, müvəffəq olublar. Həmin dövrdə ölkədə dini tədris
müəssisələrinin və savadlı
ilahiyyatçıların azlığı, sağlam dini ədəbiyyatın
olmaması insanlarımıza yad dini-ideoloji fikirlərin
aşılanmasına gətirib çıxarıb. Vəziyyətin həssaslığı qətiyyətli,
balanslaşdırılmış və sağlam din siyasətinin
həyata keçirilməsini tələb edirdi.
Ümummilli Liderimiz Heydər Əliyev xalqın təkidi
ilə ikinci dəfə hakimiyyətə
qayıdışı onun növbəti xilaskarlıq
missiyasının başlanğıcı olub. Məhz Ulu
Öndərin sayəsində milli-mənəvi dəyərlərə
münasibət kökündən dəyişmiş,
xalqın keçmişinə, milli adət-ənənələrinə,
dininə dövlət səviyyəsində qayğı
göstərilməyə başlanılıb, bu dəyişikliyin
fonunda ölkədə etiqad, inanc azadlığı bərqərar
olub. Vətəndaşların vicdan
azadlığı Konstitutsiyamızın 48-ci maddəsində
öz əksini tapmış və Azərbaycan
Respublikasının “Dini etiqad azadlığı haqqında”
Qanununda geniş şəkildə təsbit olunub. Zaman keçdikcə cəmiyyətdəki
inkişaf, qloballaşma nəticəsində sürətlə
dəyişən və inkişaf edən dünyamızda
insan hüquq və azadlıqlarının yüksək səviyyədə
qorunması, sosial rifahın daha da yüksəldilməsi, milli
və ictimai təhlükəsizliyin daha etibarlı şəkildə
təmin edilməsi istiqamətində qanunvericilik sistemində
islahatların aparılması zərurətə çevrilib.
Eyni zamanda, Yaxın Şərqdə dini zəmində
baş verən faciəvi hadisələr də göstərib
ki, ideoloji sahələrdə pozuculuq fəaliyyəti aparmaq
üçün müəyyən imkanlar var və bu
imkanlardan müxtəlif formalarda istifadə olunur. Bu mənada zamanın tələbindən irəli gələrək
ötən müddətdə istər “Dini etiqad
azadlığı haqqında” Qanuna, istərsə də din ilə
əlaqəli digər qanunvericilik aktlarına əlavə və
dəyişikliklərin olunması dövlət siyasətində
din sahəsinə diqqətin təzahürü kimi qəbul
edilib”.
M.Qurbanlı
əlavə edib ki, şübhəsiz, vicdan
azadlığı sahəsində hüquqi bazanın möhkəmləndirilməsi
tolerantlıq mühitinin gücləndirilməsinə, milli-mənəvi
dəyərlərə münasibətin dəyişməsinə,
insanlarımızın tarixi keçmişindən
uzaqlaşmamasına, əcdadlarımızın maddi-mənəvi
miraslarına sahib çıxmasına xidmət edirdi: “Uzun illər
sonra respublikanın rayon, şəhər və kəndlərində
məscidlərin tikilməsi, baxımsızlıqdan uçub
dağılmış müqəddəs ocaqların bərpa
edilməsi və yenidən qurulması, minarələrdən
azan səsinin eşidilməsi, dini və milli
bayramlarımızın sərbəst şəkildə,
özü də yüksək səviyyədə qeyd edilməsi
dövlətimizin milli-mənəvi dəyərlərimizə
yüksək qayğısının bariz nümunəsidir.
Ölkəmizdə dövlət-din münasibətlərinin
tənzimlənməsi, dini sahədə sabitliyə nail
olunması, konfessiyalar arasında dözümlülük
mühitinin dövlət səviyyəsində qorunub
saxlanılması da Ümummilli Liderin adı ilə
bağlıdır. O, tolerantlığın, birgəyaşayış mədəniyyətinin
İslam dininin və Azərbaycan xalqının xarakterik
xüsusiyyəti olduğunu belə ifadə etmişdir: “Hesab
edirəm ki, Azərbaycan xalqı özlüyündə, təbiətinə
görə, öz xarakterinə görə yüksək
tolerantlıq hissinə malikdir. Azərbaycan əhalisinin
çox hissəsinin etiqad etdiyi müsəlman dinində, onun
kökündə də tolerantlıq var”.
Ulu
Öndərin dövlət-din münasibətləri sahəsində
qoyduğu bu siyasətin onun layiqli siyasi varisi Prezident İlham
Əliyev tərəfindən uğurla aparılmasının
nəticəsidir ki, Azərbaycandakı dini
dözümlülük və tolerantlıq dinə münasibətdə
dövlət siyasəti kimi səciyyələndirilir və
bir çox dövlətlərin üzərində baş
sındırdığı “Dünyəvi dövlətdə
din siyasəti necə olmalıdır?” sualının əyani
cavabı kimi qəbul olunur. Ölkə
başçısı son dövrlərdə milli-mənəvi
dəyərlərin dirçəldilməsinə, o cümlədən
yeni dini məbədlərin inşasına, mövcud
olanların isə əsaslı təmirinə və yenidən
qurulmasına xüsusi diqqət ayırır. Dövlət başçısının sərəncamları
ilə son illər tarixi dini abidələr, ziyarətgahlar bərpa
edilib, dini-mənəvi dəyərlərə verilən
yüksək qiymətin göstəricisi olaraq silsilə tədbirlər
həyata keçirilib. Məhz Prezident
İlham Əliyevin ölkəmizdəki tolerantlıq ənənələrinin
daha da möhkəmləndirilməsi istiqamətində
atdığı addımlar Azərbaycanı dünyada
multikulturalizmin əsas mərkəzinə çevirib.
Son illər Azərbaycan və Şərq
memarlığının nadir incilərindən olan Təzəpir,
Bibiheybət, Əjdərbəy, Şamaxı Cümə məscidlərində
geniş tikinti və yenidənqurma işləri həyata
keçirilərək dindarların istifadəsinə
verilmişdir.
Görülən bu işlərin davamı
olaraq, 2014-cü ilin dekabr ayında özündə Azərbaycanın
milli-dini ənənələrə sadiqliyini əks etdirən
əzəmətli Heydər məscidinin
açılışı olub. Hazırda
Prezident İlham Əliyevin tapşırıqlarına əsasən,
Gəncədəki İmamzadə kompleksində də təmir-bərpa
işləri yekunlaşmaq üzrədir. Onu
da qeyd etməliyik ki, ölkəmizdə 2 mindən artıq məscid
mövcuddur. Təkcə son 11 il ərzində
140-a yaxın məscid tikilmiş, 80 məscid əsaslı
şəkildə bərpa edilib. Bütün
bunlar bir daha göstərir ki, dövlət
başçısının siyasətində tarixi
keçmişimizin unudulmaması, gələcək nəsillərin
xalqımızın gen yaddaşından süzülüb gələn
milli-mənəvi dəyərlərə daha çox
bağlanması mühüm yer tutur”.
Onun
fikrincə, bu istiqamətdə ölkənin birinci
xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər
Əliyev Fondunun fəaliyyəti də xüsusi
vurğulanmalıdır: “Məhz Fondun maliyyə dəstəyi
ilə Daşkəsəndəki Cümə məscidində,
Xəzər rayonu, Binə qəsəbəsindəki Möhsin
Səlim və İmam Rza məscidlərində, Mərdəkan
qəsəbəsindəki Pirhəsən ziyarətgahı və
Heydər məscidində, Buzovna qəsəbəsindəki
Cümə məscidində, Gəncə şəhərindəki
Şah Abbas və Həzrət Zeynəb məscidlərində
yenidənqurma və əsaslı təmir-bərpa işləri
aparılıb.
Fondun gördüyü işlər təkcə ölkə
daxilində deyil, onun hüdudlarından kənarda da
böyük əks-səda doğurur. Heydər Əliyev
Fondunun hər bir layihəsi xalqlar arasında humanizm, həmrəylik
və dözümlülük kimi bəşəri dəyərlərin
bərqərar olmasına xidmət göstərir. “Tolerantlığın ünvanı - Azərbaycan”
layihəsi bu istiqamətdə görülmüş mütərəqqi
işlərdəndir. Layihə çərçivəsində
ölkədəki məscid, kilsə, sinaqoqlarda təmir-bərpa
işləri aparılıb. Bundan başqa, Bakıda yəhudi
uşaqları üçün təhsil kompleksinin istifadəyə
verilməsi, Fransada bir sıra kilsələrin, müqəddəs
Roma katakombalarının bərpasında iştirakı, Həştərxanda
Müqəddəs Knyaz Vladimirə abidənin
ucaldılması da məhz ayrı-ayrı xalqların və
konfessiyaların qarşılıqlı hörmət və
dostluq münasibətlərinin genişləndirilməsinə
xidmət edir.
Azərbaycanın
tolerantlıq örnəyi olmasının nümunələrindən
biri də Prezident İlham Əliyevin müsəlmanlarla
yanaşı, yəhudi və xristian icmalarına hər il qeyd etdikləri dini bayramlarda təbrik
ünvanlamasıdır. Həmin təbriklərdən birində
bildirilir: “Bu gün dünyanın tolerantlıq örnəyinə
çevrilən Azərbaycanda ayrı-ayrı din və təriqətlər
arasında qarşılıqlı hörmət və etimad
mühitinin, multikultural dəyərlərin qorunması və
inkişaf etdirilməsi dövlət siyasətinin əsas
istiqamətlərindəndir. Xüsusilə
vurğulamaq istərdim ki, vaxtilə sovet rejimi tərəfindən
etiqad və vicdan azadlığının qadağan edildiyi
ölkəmizdə indi bütün xalqların və dinlərin
nümayəndələrinin rahat şəkildə və
mehriban ailə kimi yaşaması müstəqil Azərbaycanın
ən böyük sərvətlərindən biridir”.
Sadalanan faktlar bir daha göstərir ki, dünyada dini
ayrı-seçkiliyin gücləndiyi və dini zəmində
qarşıdurmaların artdığı bir dövrdə
tolerantlıq Azərbaycanda dövlət siyasətinin tərkib
hissəsidir.
Fəxrlə deyə bilərik ki, bu gün
bütün dünyada demokratik dəyərlərdən biri
kimi təbliğ olunan dini dözümlülük xalqımızın
əsrlər boyu formalaşan və bir çoxlarına
örnək olan xarakterik xüsusiyyətidir və bu, inkaredilməz
həqiqətdir. Bu gün Azərbaycanda
kilsə və sinaqoqlarla yanaşı, bir çox xristian, yəhudi
dini tədris müəssisələrinin sərbəst şəkildə
fəaliyyət göstərməsi və onlara dövlət tərəfindən
lazımi dəstək verilməsi də buna əyani
sübutdur.
HazırdaYaxın və Orta Şərqdə baş verən
müharibələr, qanlı toqquşmalar təkcə bu
bölgədəki ölkələri deyil, həm də
ümumbəşəri mədəniyyətləri, azad dəyərləri
məhv edir.
Eyni zamanda, Avropada miqrantlara qarşı münasibətin pisləşməsi,
“multikulturalizm iflasa uğrayıb” kimi bəyanatların səsləndirilməsi
və ayrı-seçkiliyə yol verilməsi, milli-dini dəyərlərdən
siyasi, iqtisadi vasitə kimi istifadə edilməsi, bizi gələcəyimizlə
bağlı daha dərindən düşünməyə və
tarixin qarşımıza qoyduğu bu kimi “nümunələr”dən
nəticə çıxarmağa sövq edir.
Dünyanın,
az qala, bütün nöqtələrini
öz ağuşuna almış bu kimi arzuolunmaz proseslərin
fonunda ölkəmizdə Azərbaycançılıq məfkurəsinin,
milli-mənəvi, dini dəyərlərin, tolerantlıq siyasətimizin
təbliği və daha da möhkəmləndirilməsi, bu
mühitin qorunub saxlanılması Prezident İlham Əliyevin
daim diqqət mərkəzindədir və xalqımız bunu
gündəlik həyatının hər anında hiss etməkdədir.
2014-cü ildə Azərbaycan Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər üzrə
Dövlət Müşavirliyi Xidmətinin, Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin, Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondunun
yaradılması, multikulturalizm sahəsində ən optimal
model seçilən Azərbaycan nümunəsinin öyrənilməsi
məqsədilə Avropa ölkələrində “Azərbaycan
multikulturalizmi” fənninin tədrisinə
başlanılması ölkə
başçımızın hər zaman müstəqil, şəffaf
və dürüst siyasət tərəfdarı olduğunu
bir daha təsdiq edir...”.
Ardı var...
Xalq
Cəbhəsi.- 2016.- 18 oktyabr.- S.9.