Səfəvilər dövlətində ədəbi-bədii
yaradıcılıqda türk dilinin nüfuzu
Pyetro della Valle ilə yanaşı, I Şah
Abbasın sarayına Avropa dövlətlərindən göndərilmiş
elçilərin çoxu eyni durumla
qarşılaşmışdılar. İspaniyalı
elçi Don Qarsiya de Silva Fiqeroa 1618-ci ildə I Şah Abbas tərəfindən
qəbul edildiyi rəsmi məclislərin birində Osmanlı,
Lahor, Özbək, Venesiya, İngiltərə elçilərinin
iştirak etdiyini və burada danışıqların türk
dilində getdiyini, bu dilin Səfəvi sarayında işlək
dil olduğunu öz şəxsi müşahidəsi əsasında
görüb yazmışdı.
E.Kempfer də yazırdı ki, İsfahanda Səfəvi
sarayında işlək dil türk dili olub, Səfəvi
sülaləsinin də doğma ana dilidir. Türk dili
saraydan dövlətin böyükləri və hörmətli
adamların da evlərinə yayılmış və
şahın mərhəmətini qazanmaq istəyənlərin
hamısı bu dildə danışırlar. Bu gün
iş belə bir duruma çatmışdı: «Kim istəyir
başı bədənin üstündə salamat qala, onda
türk dilini bilməlidir». Bu dil həddən
çox ciddi, ahəngdar və əzəmətli olduğuna
görə də sarayın danışıq dili olmuşdu.
Dövrün tarixi gerçəkliklərinin əsas
göstərciləri olan belə məlumatlar zərbaycan Səfəvi
dövlətinin tarixini təhrif edən tarixçilərin
iqqətindən kənarda qalmış, elmi dövriyyəyə
cəlb olunmamışdı.
1636-1639-cu
illərdə Qolştiniya elçilərinin tərkibində
Səfəvi sarayına gəlmiş Adam Olearinin burada dil
haqqındakı qeydləri emək olar ki, Pyetro della
Valle və E.Kempferin bu barədə yazdıqlarının
üzgünlüyünü təsdiq edərək tamamlayır.
O, səyahətnaməsində Şamaxıda elçilərin
türk dilində «xoş gəldin» deyə
qarşılandığı və bütün Şirvan,
Ərdəbil əhalisinin bu dldə
danışdıqlarını qeyd edir. Gördüklərinə
obyektiv münasibətini bildirən A.Oleari yazır:
«Hazırda farslar çalışırlar ki, nəinki öz
doğma dillərində, daha çox türk dilində
danışsınlar». Şirvan, Azərbaycan, İraq, İrəvanda
uşaqları daha çox türk dilində tərbiyə
edirlər, xüsusən Şah türk dilində həvəslə
danışır, İsfahanda Şah sarayındakılardan təsadüfən
fars sözü eşitmək olur. Onun müşahidələrinə görə
divanxanada rəsmi görüşdə, sarayda əcnəbi
elçilərə verilən qonaqlıqda süfrə
xeyir-duasının türkcə oxunması, dövlət
nazirlərinin də türkcə danışmaları bu dilin
gerçək dövlət dili statusunda olduğunu göstərir.
Adam
Oleariyə görə qədim Persiya Səfəvilər
dövründəki mərkəzi Şiraz şəhəri
olan Fars əyaləti idi və təmiz fars
dilində yalnız bu əyalətdə yaşayan əhali
danışırdı. Ancaq onun əsərində
Fars əyaləti əhalisinin etnik tərkibi haqqında məlumat
verilmir. Məlum olduğu kimi, I Şah
İsmayılın dövründən başlayaraq bura
Zülqədər və başqa türk elləri,
oymaqları köçürülüb yerləşdirilmişdilər
ki, onların da gerçək danışıq dili özlərinin
doğma türk dili idi. (Adam Oleari yazır
ki, 16 avqust 1637-ci ildəİsfahanda şahın
iştirakı ilə əcnəbi elçilərin şərəfinə
təşkil olunmuş ziyafətdən sonra, böyük
marşal (eşikağasıbaşı) türkcə
“Süfrə haqqını, Şahın dövlətini, qazilər
qüvvətini Allahdan diləyəlim” deyə, süfrə
xeyir-duası verdikdən sonra, ziyafət
iştirakçılarının hamısı Allah, Allah deyərək
bu istəyin həyata keçməsini Allahdan arzu etdilər –
Z.B.)
I Şah Səfinin (1629-1642) hakimiyyəti illərində
Azərbaycanın Şərqlə yanaşı, Avropa ölkələri
ilə əlaqələri getdikcə möhkəmlənirdi. Səfəvi
sarayında rəsmi qəbullarda danışığın Azərbaycan
türk dilində getməsi ilə yanaşı, bəzi sənədlər
də bu dildə yazılırdı. I
Şah Səfi 1635-ci ildə Venesiya hakiminə Baba Əli
adlı bir nəfərlə məktub göndərmişdi.
Bu məktubda göstərilir ki, bir neçə il əvvəl İstanbula elçiliyə
göndərilən Ağarza İsfahaninin satmaq
üçün apardığı ipəyi iki məmurla
Venesiyaya göndərilib. İpək
satılıb, vəsait Venesiya bankına qoyulub və Baba
Əli həmin vəsaiti gətirmək üçün
Venesiyaya göndərilib. Baba Əli Şahın məktubunu
Venesiya dojuna təqdim etdikdən sonra, vəsaiti götürmək
üçün türk dilində aşağıda göstərilən
məzmunda qəbz yazıb banka vermişdi: «Vəche təhrir
in horuf budur ki, işbu min qırx üç tarixində
Şah Səfi həzrətlərinin name-yi şəriflərilə
Venedik divanına gəlib səadətli və izzətli doj həzrətlərinin
hüzur şəriflərinə sunub zərrəbxanada Mirzə
Əli Təbrizi və Baba Əli Ərdəbili əmanət
qoyduğu axça iyirmi doqquz min doqquz yüz riyal quruş tələb
elədikdə məzkur vokəla-yi doj moşarəleyh
qanunları və məhəbbət üzrə məbləğ
iyirmi doqquz min doqquz yüz riyal quruş verilsin deyib buyurdular zərrəbxanada
olan bəyləri itaət edib biqüsur və bikəsir məbləğ
məzkuri bizə təslim elədilər. Biz də dəxi qəbz
etdik və bu quruşdan qeyri çuxa bahasın eyni hesabla elədik
bankda üç min iki yüz qırx dukat on altı suti on bir
qəbati bizə vasil oldu və dəxi bir sandıq moğəvva
ayna və çeşmək və doqquz tüfəng və
bir kon sandıq puç inci… və bir kon sandıq xurde batəmam
bizə vasil oldu və üzərində bir axça bir həbbe
qaldı. Əzəldən işbu təzokkore təhrir
qılınıb və yədlərinə təməssuk
üçün verilmişdir təhrirən fi şəhr rəcəb
səne 1045… Əli».
Belə ki, bir sıra Şərq dövlətlərindən
fərqli olaraq Səfəvilər dövlətində inşa
divanında və bu ölkədə ədəbi-bədii
yaradıcılıqda türk dilinin nüfuzu artmış,
onun işlənmə dairəsi daha da genişlənmişdi. I Şah Abbas və I Şah
Səfi dövründə türk dilindəki diplomatik
yazışmalar, rəsmi sənədlər Səfəvi
dövlətində XVI əsrdə olduğu kimi, XVII əsrdə
də türk dilinin fars dilinə nisbətən
daha çox işlək olmasından xəbər verir.
XVII yüzilliyin ortaları və ikinci yarısında
Avropa ölkələrindən müxtəlif məqsədlərlə
Azərbaycana gələn səyyahların, elçilərin
xüsusi təlimat əsasında yazdıqları səyahətnamələr,
hesabatlarda, dövlət dili haqqındakı zəngin məlumatlar
tarixi gerçəkliklərin üzə
çıxarılması üçün çox
böyük əhəmyyətə malikdir. Fransa taciri Jan Battist Tavernye
və Jan Şarden, almaniyalı bilim adamı Engelbert Kempfer
fransalı missioner Sanson və Venesiyalı səyyah Cemelli
Karerinin əsərlərində Səfəvi dövlətinin
saray dili, ölkə əhalisinin ana dili, diplomatik
danışıq dili haqqında zəngin faktiki material var.
1631-1668-ci illərdə Şərq ölkələrinə səfəri
zamanı dəfələrlə Azərbaycan Səfəvi
dövlətində olmuş Jan Battist Tavernye dövlətin ərazisi
və sarayındakı ciddi müşahidələrinə
istinad edərək yazır: «Səfəvilər öz dillərini
üç qrupa bölüblər: fars - məlahət dili,
türk - siyasət dili, ərəb - fəsahət dili, qəbahət
dili isə sürünənlər və kəndlilərin
tamlıqla istifadə etdikləri dildir». Müəllif fars dilinə «yüksək zümrələrin»
dili qiymətini versə də, onun özünün qeyd etdiyi
kimi, lüğət tərkibinin bir hissəsi ərəbcədən
ibarət olan bu dili kənd əhli elə günə salıb
ki, onu şəhərdə heç kim anlamır. Bunun digər səbəbi isə müəllifin
özünün göstərdiyi kimi, dövrün elm dilinin ərəb
və türkcənin dövlət-saray dili olması ilə əlaqədar
idi.
Sözsüz
ki, Tavernyenin yazdığı kimi, bu dövrdə ərəbcənin
elm və türkcənin dövlət-saray dili olması,
İsfahan şəhər əhalisi, fəth edilmiş
torpaqların, yəni İraq, Lur valiliyi, fars əyalətinin
idarələrində türk dilinin rəsmən işlənməsi
və bu durumun imperatorluğun cənub-şərqindəki
inzibati vahidlərin də əhalinin mütləq əksəriyyətini
təşkil edən farslara da təsirləri olmuşdu. Artıq onların da mövcud tələbata
uyğun olaraq türk dilini öyrənib, bu dildə
danışmağa ehtiyacları vardı. Türk, fars dillərini mükəmməl bilən və
ərəb dilində yazıb-oxumağı bacaran fransalı
tacir Jan Şarden XVII yüzilliyin 70-ci illərində Səfəvi
ölkəsində olmuş və o da Tavernye kimi dil məsələsinə
ciddi maraq göstərmişdi. O, yazır: «Səfəvi
ölkəsinin əhalisi bir qayda olaraq üç dildən
birində, yəni fars, türk ya da ərəb
dilində danışırlar… Saray əhli, hərbiçilər,
böyüklər, yüksək vəzifəlilərin
xanımları evlərində türkcə söhbət edirlər.
Ona görə ki, Şah və sülalə
üzvləri bütün əhalisinin dili türkcə olan Azərbaycandandırlar».
Şarden
Türk və fars xalq danışıq
dilinin yayılma arealını də müəyyən etməyə
cəhd göstərmişdi. O yazır ki, Səfəvi
dövlətinin şimal, şimali-qərb və mərkəzində
yaşayan əhali türkcə və imperatorluğun digər
nahiyyələrinin əhalsi isə farsca danışır.
Ancaq onu da göstərmək lazımdır ki, «Ölkənin
dövlət dili türk dilidir…».
İsveçdən
Lui Fabritsiusun başçılığı altında Səfəvi
dövlətinə göndərilən (1683-1684) elçiliyin
katibi Enqelbert Kempfer yazırdı: «Səfəvi sülaləsinin
ana dili olan türkcə sarayda geniş yayılmış
dildir». Cemelli Kareri isə fars dili
sözlüyünün zəngin olmadığını, elm
və alim dilinin ərəbcə olduğunu, sarayda da türkcə
danışıldığını qeyd etmişdi. Dil məsələləri Sansonun da diqqətindən
kənarda qalmamışdı. O, bu barədə
yazır ki, təbəələri Şaha müraciət edərkən
türkcə deyirlər: «Qurban olum, din imanım Padşah,
başına dönüm».
Əvvəl
qeyd olunan məktublarla, rəsmi sənədlərlə
yanaşı, Səfəvi dövlətinin tarixi ilə əlaqədar
olan XVII əsrin Avropa ədəbiyyatında türkcənin
dövlət, saray, diplomatik danışıq dili olması
haqqında kifayət qədər elmi əsası olan faktiki
materiallar var ki, bütün bunlar Səfəvi dövlətinin
tarixinə aid tarixçilikdə xüsusilə
çağdaş İran səfəvişünaslığında
mövcud olan təhriflərə tutarlı elmi cavablardır. Bu faktiki materiallar Səfəvi dövlətinin
yaranma və yüksəlişi tarixini təhrif edənlərin
baxışlarının cəfəng olduğunu və irəli
sürdükləri qurama konsepsiyalarının elmi arqumentlərə
söykənmədiyini, elmi əsası olmayan söz
yığınından ibarət olduğunu göstərir.
F.Sümər çox haqlı olaraq yazır: «Səfəvi
dövlətinin «milli bir İran dövləti» olmasını
irəli sürənlər, buna digər bir dəlil olaraq, Səfəvi
dövlətinin sasanilər zamanındakı hüdudlarına
ulaşdırmış olduğunu da qeyd edirlər. Ancaq
hüdudlar heç bir zaman bir dövlətin milli dövlət
sayılması üçün bir dəlil ola
bilməz».
Səfəvilər dövlətini quran İsmayıl
parlaq zəka sahibi, istedadlı hökmdar və söz sahibi
kimi tanınır. İsgəndər bəy Münşi Türkman
yazır: «O həzrət (I Şah İsmayıl) şeir deməklə
yüksək təbə sahib olub daha çox türkcə
şeirə rəğbəti vardı. Təxəllüsü
isə Xətayi idi». O, Azərbaycan türkcəsinin
poeziya dili kimi inkişafında əvəzsiz xidmət göstərmiş,
müxtəlif janrlarda yazdığı şeirləri ilə
türk söz xəzinəsini yüksək zirvəyə
qaldırmış və bu dövrdə Azərbaycan türk
şeirinin Füzuli, Həbibi kimi nəhəngləri də
öz doğma dillərində yazıb yaratmağa
başlamışdı. Azərbaycan türk xalqının əsrlər
boyu əldə etdiyi yaradıcılıq ənənələri
üzərində XVI-XVII əsrlərdə aşıq
poezyasının yüksək zirvəyə ucalması və
nəticədə Aşıq Qurbani, Aşıq Abbas
Tufarqanlı, Sarı Aşıq, Xəstə Qasım,
Aşıq Valeh kimi ustadların doğma dillərində
yaratdıqları poetik irs türk dilinin bədii
imkanlarını daha da zənginləşdirdi. Bu
dilin siyasi və mədəni dəyərinin yüksəlişi
ilə bağlı farsca və başqa dillərdə
yaradılmış bir sıra əsərlər türkcəyə
çevrildi. Nişati Şirazinin Təvəkkül
ibn Bəzzazın «Safvət əs səfa» (1538), Məhəmməd
Füzulinin, Molla Hüseyn ibn Əli əl-Kaşifinin
«Rövzət üş-şühəda» adlı əsərini
türkcəyə tərcümə etməsi, I Şah
İsmayılın, I Şah Təhmasibin, I Şah Abbasın
Azərbaycan mədəniyyətinn inkişafındakı
böyük rolları Azərbaycan türk xalqının
varlığının, Azərbaycan Səfəvi dövlətinin
etnik kimliyinin gerçək göstəricisidir.
Zabil Bayramlı
tarix üzrə elmlər doktoru, professor
Xalq Cəbhəsi.- 2016.- 19 oktyabr.-
S.14.