“Azərbaycan insanı əsrlər boyu
saysız-hesabsız təhdid və çətinliklər
qarşısında tab gətirib”
Mübariz Qurbanlı:
“Öz varlığını qoruyub saxlaması məhz onun
milli kimlik və birlik məsələsindəki həssaslığı
sayəsində mümkün olub”
Əvvəli
ötən sayımızda
“...Azərbaycan
müstəqilliyini bərpa etdikdən sonra bəzi gənclərimiz
dini təhsil almaq məqsədi ilə xarici ölkələrə
üz tutdular ki, bu da bəzən mənfi halların
yaranmasına gətirib çıxardı. Belə
ki, onların əksəriyyəti geriyə həmin ölkələrin
dövlət-din münasibətlərini, özünəməxsus
dini dünyagörüşünü, mentalitetini, həyat tərzini
də mənimsəyərək qayıdıb, milli-mənəvi
dəyərlərimizə, milli kimliyimizə zidd fikirlərin
təbliğatçısına çevriliblər. Xalqımızın sahib olduğu humanist keyfiyyətlərinə,
yaşam tərzinə zidd olan bu cür ənənələr
isə cəmiyyətimizdə bir sıra problemlərin
yaranmasına rəvac verib”. Bunu Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsinin sədri Mübariz
Qurbanlı öz yazısında qeyd edib: “Halbuki, tarixdən də
məlumdur, Azərbaycan insanı əsrlər boyu
saysız-hesabsız təhdid və çətinliklər
qarşısında tab gətirib, öz
varlığını qoruyub saxlaması məhz onun milli kimlik
və birlik məsələsindəki həssaslığı
sayəsində mümkün olub. Milli kimliyimiz
zamanla dinimizlə, onun mütərəqqi prinsipləri ilə
çulğalaşaraq, qəlibləşib. Sevgi, hörmət və fədakarlıq hisslərinin
inkişaf etdirilməsində milli-mənəvi dəyərlərimizin
rolu əvəzsizdir. Xüsusilə gənc
nəsilləri bu dəyərlərə uyğun, milli ruhda
yetişdirmək olduqca əhəmiyyətlidir. Çünki gənclərin dini-əxlaqi dəyərlərdən
uzaqlaşması onların adət-ənənələrimizə
zidd düşüncələri mənimsəməsinə, zərərli
axın və ideologiyaların tələsinə düşməsinə
gətirib çıxara bilər ki, bu da cəmiyyətimizin gələcəyi
üçün təhdiddir. Bu təhlükənin
qarşısının alınması məqsədilə
sağlam dini təhsil vermək və savadlı
ilahiyyatçı yetişdirmək üçün
bazanın formalaşdırılması labüddür.
Hazırda bu istiqamətdə fəaliyyət göstərən
Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi və
Bakı İslam Universitetində təhsilin səviyyəsinin
yüksəldilməsinə, maddi-texniki bazanın gücləndirilməsinə,
dini dərslərlə yanaşı, dünyəvi elmlərin
də yüksək səviyyədə tədrisinə, əhatəli
və dərin məzmunlu dərs vəsaitlərinin
hazırlanmasına, tədrisin hər hansı məzhəbçilik
deyil, ümumi saf dini prinsiplər əsasında təşkil
olunmasına, xurafatçılığa yol verilməməsinə,
tələbələrə vətənpərvərlik ruhunun
aşılanmasına və s. amillərə xüsusi diqqət
yetirilir. Bütün bunlar deməyə əsas
verir ki, hazırda Azərbaycanda islamşünaslıq elmi
inkişaf dövrünü yaşayır. Bugünlərdə “Dini etiqad azadlığı
haqqında” Qanuna xaricdə dini təhsillə bağlı
edilmiş dəyişikliklər, bu sahədə dövrün
tələblərinə uyğun islahatların aparılması,
təhsilin keyfiyyətinin artırılması savadlı milli
kadrların hazırlanmasında və dövlət-din
münasibətlərinin tənzimlənməsi işində
müsbət nəticələr verəcəyinə
şübhə yaratmır.
Dövlət-din
münasibətlərinin tənzimlənməsi, dini etiqad
azadlığı ilə bağlı qanunvericilik aktlarına
riayət olunmasına nəzarət edilməsi məqsədilə
yaradılmış Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsi də öz növbəsində son zamanlar
maarifçiliyin keyfiyyətinə diqqəti daha da
artıraraq, ölkəmizin bütün regionlarında dini sahə
ilə bağlı aktuallıq kəsb edən mövzularda
ictimaiyyətlə, dindarlarla silsilə konfranslar, seminar-treninqlər,
“dəyirmi masa”lar təşkil etməkdədir”.
Onun
sözlərinə görə, maarifləndirmə istiqamətində
işlər elektron kütləvi informasiya vasitələri, mətbu
orqanlar və Dövlət Komitəsi tərəfindən
hazırlanan elektron nəşrlər vasitəsilə də həyata
keçirilir: “Bu məqsədlə müxtəlif ədəbiyyatlar
çap olunaraq, dini icmalara paylanılır. Çap olunan nəşrlər
arasında “Heydər Əliyev siyasəti: Tolerantlıq”,
“İlham Əliyev: Azərbaycan tolerantlıq örnəyidir”,
“Tolerantlıq: Bildiklərimiz və bilmədiklərimiz”,
“İslamda Vətən və dövlət sevgisi” və s.
kitablar müasir dövrdə Azərbaycanın dünya
ölkələri sırasında öz layiqli yerini
tutması, milli-mənəvi dəyərlərimizin
qorunması və təbliği, ölkəmizdə tarixən
mövcud olan tolerantlıq və multikultural ənənələrinin
inkişaf etdirilməsi, o cümlədən Vətənə,
dövlətə bağlılıq, dövlət
atributlarına ehtiramın gücləndirilməsi
baxımından çox önəmlidir. Dövlət Komitəsinin
mətbu orqanları - “Dövlət və Din” jurnalı, “Cəmiyyət
və Din” qəzeti, həmçinin İctimai Televiziyada
yayımlanan və müəllif proqramımız olan “Din və
Cəmiyyət” verilişi, “Space TV”dəki “İnam”
verilişi əhaliyə sağlam dini bilgilərin verilməsi
sahəsində fəaliyyətlərini davam etdirir. Dövlət
Komitəsi 2015-ci il ərzində ölkənin bütün
regionlarında, o cümlədən şəhər və
rayonlarında “Ənənəvi İslam dəyərləri və
müasirlik”, “Dini radikalizmlə mübarizədə dini
icmaların rolu” və s. mövzularda regional konfranslar,
seminar-treninqlər, görüşlər keçirmiş, digər
dövlət qurumları və dini icmalarla birgə fəaliyyətin
uğurlu davamı ilə əlaqədar müzakirələr
aparıb. Bölgələrin spesifik xüsusiyyətləri nəzərə
alınmaqla təşkil olunan bu cür tədbirlərdə fərqli
din və məzhəb mənsubları arasında
dözümsüzlük, ayrı-seçkilik,
qarşıdurma, zorakılıq hallarına yol verilməməsi,
dini icmaların fəaliyyətində tolerantlığın
gücləndirilməsi, cəmiyyətdə radikalizm meyillərinin
qarşısının alınması və dini icmaların
bu işə cəlb olunması məqsədilə maarifləndirici
mövzularda çıxışlar olub”.
O qeyd edib
ki. Azərbaycan dövlətinin milli-mənəvi dəyərlərimizin,
ümumilikdə dinimizin təbliği istiqamətində
atdığı addımlardan biri də ölkədə dini
maarifləndirmə və milli-mənəvi dəyərlərin
təbliği işini daha da gücləndirmək məqsədilə
dövlət başçısı cənab İlham
Əliyevin 27 noyabr 2014-cü il tarixli Sərəncamıdır:
“Dövlət tərəfindən dini icmalara maliyyə vəsaitinin
ayrılması milli dövlətçilik tariximizdə bir ilk
idi və bu addımın dini icmaların xarici qüvvələrin
təsir dairəsinə düşmək ehtimalının
qarşısının alınmasında müsbət rol
oynayacağı, onlara dini radikalizm, ekstremizm, məzhəb
ayrı-seçkiliyi, narkomaniya kimi müasir dövrün bəlalarına
qarşı mübarizə istiqamətində geniş təbliğat-təşviqat
işləri aparmasına şərait yaradacağı
şübhəsizdir...
Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsi milli-mənəvi
dəyərlərimizin, ölkədəki tolerant mühitin
qorunması, dini radikalizmin, ekstremizmin, ayrı-seçkiliyin zərərlərinin
qarşısının alınması, gənclərdə əxlaqi-mənəvi
keyfiyyətlərinin yüksəldilməsi, vətənpərvərlik
hisslərinin aşılanması, dövlət-din münasibətlərinin
tənzimlənməsi kimi mövzularla bağlı maarifləndirmə
işinin effektivliyini artırmaq məqsədilə bir sıra
dövlət qurumları ilə birgə fəaliyyətə də
xüsusi diqqət yetirib. Bu məqsədlə Təhsil
Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyinin
Penitensiar Xidməti, Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsi,
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurası, Dövlət Sərhəd Xidməti ilə tədbirlər
planı və əməkdaşlıq haqqında memorandumlar
imzalanmış, icrasına başlanılıb. Ötən
müddət ərzində Dövlət Komitəsi dini
icmalarla əlaqələrin səmərəliliyinin
artırılması, din xadimlərinin fəaliyyətinin təkmilləşdirilməsi
məqsədilə Qafqaz Müsəlmanları İdarəsi
ilə əməkdaşlıq çərçivəsində
bir sıra maarifləndirmə tədbirləri təşkil
etmişdir. Eyni zamanda, Dövlət Komitəsi Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzi, digər mərkəzi və yerli
icra hakimiyyəti orqanları, vətəndaş cəmiyyəti
institutları ilə sıx əməkdaşlıq edir,
müxtəlif dini mövzularda birgə tədbirlər təşkil
olunur. Keçirilmiş çoxsaylı tədbirlərə
misal olaraq, “Dini və milli tolerantlıq - millətlərarası
münasibətlərin inkişaf etdirilməsində
medianın rolu” mövzusunda Beynəlxalq Forumu, görmə
qabiliyyəti məhdud olan, yaxud görmə qabiliyyətini
tamamilə itirmiş insanlar üçün Dövlət
Komitəsi tərəfindən Brayl əlifbası ilə
çap olunmuş 7 cildlik Qurani-Kərim kitabının təqdimat
mərasimini, “Tolerantlıq: milli kimliklə vəhdət”, “Qafqazda
mədəni-dini irsin qorunması”, “Dini radikalizmlə
mübarizə: əsas hədəflər” və s.
mövzularda elmi-praktiki konfransları göstərmək olar”.
M.Qurbanlı
əlavə edib ki, geridə qoyduğumuz 2015-ci ildə Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycan
həqiqətlərinin, tolerantlıq, birgəyaşayış
mədəniyyətimizin tanıdılması, təbliğatı
istiqamətində ölkə hüdudlarından kənarda
aparılan işlərin iştirakçısı və
bilavasitə təşkilatçısı olub: “Belə tədbirlərə
örnək kimi, Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə Parisdə Azərbaycanın dini
dözümlülük modelinin təbliğinə həsr
olunmuş “Azərbaycanda dini tolerantlıq-birgəyaşayış
mədəniyyəti” konfransını, DQİDK-nın dəstəyi
ilə Brüsseldə “Tolerantlıq və birgəyaşayış
modelləri: Yeni Avropa üçün Azərbaycan örnəyi”
mövzusunda beynəlxalq simpoziumu, Tacikistan
Respublikasının paytaxtı Düşənbə şəhərində
“İslam dini ekstremizm və terrorizmə qarşıdır”
mövzusunda beynəlxalq konfransı və onların əhəmiyyətini
vurğulamaq olar. Həmin tədbirlərdə
Azərbaycanın dünya ictimaiyyətinə sivilizasiyaların
və dinlərin qovuşduğu tarixi məkan kimi
tanıdılması, dövlətimizin din siyasətinin,
xalqımızın tolerant və multikultural dəyərlərinin
beynəlxalq miqyasda təbliğ edilməsi, həmçinin
ölkəmizin dünyada dinlərarası və mədəniyyətlərarası
dialoq prosesini aktiv dəstəkləmək iradəsi
avropalı ekspertlər vasitəsilə nümayiş etdirilib.
Bununla yanaşı, dünyəvi dövlət
olan Azərbaycanda dini konfessiyaların sərbəst fəaliyyət
göstərdiyi, dövlətimizin din siyasətinin əksər
ölkələr üçün nümunəvi model
olduğu geniş şəkildə təbliğ olunub.
Bütün bunlar deməyə əsas verir ki, ölkəmizdə dövlət-din münasibətləri sağlam təməllər üzərində qurulub və dini dözümlülük, tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsi, o cümlədən radikalizmin, ekstremizmin qarşısının alınması sahəsində maarifləndirmənin alternativi yoxdur. Çünki məşhur deyimlə ifadə etsək, təhsilsiz insan cilasız aynaya bənzəyir, bu güzgünü cilalamaq, onun vasitəsilə aydın gələcəyə işıq tutacaq yolu göstərmək bilik və maarifləndirmə vasitəsilə mümkündür. Məhz buna görə də, “müasir dövrün vəbası” hesab edilən dini radikalizmə, ekstremizmə, tarix boyu dini dəyərlərin təhrifinə yol açan xurafata və cəmiyyəti zülmətə sürükləyən cəhalətə səbəb olan amillərin qarşısını kəsmək, milli-mənəvi dəyərlərimizi, tolerantlıq, multikulturalizm ənənəmizi yaşadan, ailəsinə, Vətəninə faydalı, təhsilli, savadlı nəsil yetişdirmək üçün maarifləndirici tədbirlərin kəmiyyətini, keyfiyyətini və arealını artırmaq bundan sonrakı fəaliyyətimizin əsas istiqamətlərindən olacaq. Dövlət başçısı cənab İlham Əliyevin müqəddəs Ramazan ayı münasibətilə təşkil olunan iftar mərasimində məsələnin əhəmiyyətinə diqqət çəkərək bildirib: “Milli, dini dəyərlərimiz bizim üçün hər şeydən üstündür. Biz çalışmalıyıq və çalışırıq ki, bizim gənclərimiz də milli ruhda böyüsünlər, tərbiyə alsınlar. Milli ruhda, eyni zamanda multikulturalizm ruhunda. Burada heç bir ziddiyyət yoxdur. Hər bir vətənpərvər insan, öz vətənini, millətini sevən insan böyük hörmətə layiqdir. Eyni zamanda, başqa dinlərə hörmət edən, başqa millətdən olan insanlara hörmətlə yanaşan insan da böyük hörmətə layiqdir. Ona görə bizim gənclərimiz bax, bu ruhda tərbiyə olunmalıdır”.
Əli
Xalq Cəbhəsi.- 2016.- 19 oktyabr.-
S.9.