Səfəvi dövlətində hakimiyyət
orqanları və türk əyanları
Səfəvi
dövləti tarixinə həsr edilmiş bir çox əsərlərin
dövlət quruluşunda «əmarət» institutunun rolu ilə
bağlı bəhslərində əmirlərin saray əmirləri
(üməraye dövlətxane-ye mübarək, yaxud üməra-ye
dərgah), qoşun əmirləri (üməra-ye ləşkər)
və sərhəd əmirlərindən (üməra-ye sərhəd)
ibarət üç zümrəyə bölündükləri
və dövlət idarəçiliyində nüfuzlarına
görə «yüksək əmirlərə» böyük, əzəmətli,
alimiqdar, alitəbar kimi fəxri ünvanlarla müraciət
olunduğu qeyd edilir. Bu əsərlərdə «əmarət»
və xüsusilə qoşun əmirlərinin ikinci qrupa daxil
olmaları ilə bağlı ziddiyyətli fikirlərə də
təsadüf olunur. «Təzkirət əl-müluk»
da Səfəvilərin dövlət və idarə
quruluşunda əmirlərin rolu və statusları ilə
bağlı məsələləri araşdırıb təhlil
etməklə qeyd olunan bu ziddiyyətli məqamlara aydınlıq
gətirmək mümkündür.
Mirzə Səmianın yazdığına görə Səfəvi
dövlətində əmirlər iki zümrədən ibarət
idilər ki, onlardan biri «üməra-ye qeyri dövlət», yəni
sərhəd əmirləri adlanırdı. Sərhəd əmirləri
valilər, bəylərbəyilər, xanlar və sultanlardan
ibarət dörd qrupa bölünürdülər. Valilər vəzifələrinə görə bəylərbəyilərdən
yüksəkdə dayanır və bəylərbəyilər
isə rütbələrinə görə xanlardan
üstün idilər. Bəylərbəyinin
başçılıq etdiyi inzibati vahiddəki hakimlərin
hamısı ona tabe olmaqla onun məsləhəti əsasında
vəzifəyə təyin olunur və vəzifədən azad
edilirdilər. Hər bir əyalətdəki
sultanlar da öz növbələrində həmin əyalətə
başçılıq edən xanlara tabe idilər.
Səfəvi
dövlətində ali hakimiyyətin irsi
mahiyyət kəsb etməsinə baxmayaraq, mərkəzi və
yerli idarə orqanlarında vəzifə, titul, rütbələr
atadan övlada irsən verilmirdi. Qısa zaman kəsiyində
Səfəvi dövlətinin idarə quruluşunu dərindən
öyrənən Adam Oleari yazırdı ki, igidliyi və digər
şücaəti ilə seçilən insanlara xan titulu
verilib vilayətlərə göndərilirlər. Şaha və vətənə sədaqətli xidmətlərə
görə də böyük titul əldə etmək olur.
Elə buna görə də, müharibə
çağlarında yüksək məqama çatmaq
arzusunda olanlar fədakarlıq göstərib, xan titulu
qazanırlar. Məsələn, I Şah
Abbas (1587-1629) qacarlardan adi çoban oğlu olan Əmirgünəyə
igidlik və fədakarlığına görə xan titulu
verib Çuxur Sədə hakim təyin etmişdi.
Yaxud I Şah Səfi (1642-1666) dövründə
Şirvan hakimi Sərablı Ərəb xan da adi kəndli
oğlu olub, şəxsi keyfiyyətinə görə xan
titulu ilə yüksək bir vəzifəyə göndərilmişdi. Ancaq əvvəl
qeyd olunduğu kimi, titul və rütbə qan qohumluğu ilə
ailənin digər üzvlərinə irsən keçmirdi.
Baxmayaraq ki, xanların övladları xüsusi
ehtirama layiq olub, hətta atalarının mülklərinə
sahib çıxırlar, ancaq onlara nə atalarının vəzifəsi,
nə də titulu şamil edilmir və bu məqam onlara özlərinin
igidlik, fədakarlığına görə verilə bilərdi.
Ölkədə on üç bəylərbəyi və
dörd vali vardı ki, onlardan Ərəbistan valisi şəxsi
şücaəti və elinin nüfuzuna görə
şan-şöhrətli olub, həm də yüksək
rütbə sahibi idi. Ondan sonra ikinci yerdə duran Luristan valisi
isə müsəlman olduğuna və dövlət
qarşısında xidmətlərinə görə
Gürcüstan valisi ilə müqayisədə etibarı daha
çox idi. Nüfuzuna görə isə
Gürcüstan valisindən sonra dördüncü yerdə
Kürdüstan valisi dayanırdı.
Mirzə Səmia yazır ki, digər zümrəyə
daxil olan əmirlər isə bir qayda olaraq mərkəzdə
şahın xidmətində olan xüsusi vəzifə sahibləri
olub, onlar «üməra-ye dövlətxane-ye mübarək»
mübarək dövlətxana əmirləri adı ilə məlumdurlar. Onlardan
qorçubaşı, qullarağası, eşikağasıbaşı,
tüfəngçi ağasından ibarət dörd nəfər
dövlətin əsas dayaqları hesab olunurdu. Qeyd olunan bu dörd nəfərlə birlikdə vəzir-i
əzəm (baş vəzir), divanbəyi, vaqiyənəvis, yəni
cəmi yeddi nəfər əski çağlardan bəri
«üməra-ye canqi» adlanırdı. Bir çox qaynaqlarda
moğollar və teymurluların dövründə dövlətin
məşvərət, yəni gənəşik şurası
«Canqi və məsləhət» şəklində verilmişdi
ki, bu da Səfəvilər dövrünün qaynaqlarında
da «canqi» istilahının gənəşiyə sinonim olaraq
işlədildiyini deməyə əsas verir. Şah
Sultan Hüseynin zamanında nazir, mustoufi əl-məmalik və
əmir-e şikarbaşı da canqi əmirləri tərkibinə
daxil olmuşdular. Əgər «Canqi», yəni
Gənəşik şurası məmləkətin hər
hansı bir tərəfinə sipəhsalar göndərmək
istədikdə, bu məsələnin müzakirəsi ilə
bağlı onların toplantısında sipəhsalar
özü də mütləq iştirak etməli idi.
Sanson yazır ki, məmləkətin bütün işləri
Dövlət şurasında həll edilir ki, bu şura bərabər
sayda məzhəbi, hüquqi və hərbi müşavirlərdən
ibarətdir.
Onlar ağıllı, təcrübəli adam
arasından seçilmiş, hamısı bacarıqlı,
düşüncəli, çevik, nüfuzlu və fəaldırlar.
Sansonun Dövlət şurası, yaxud dövlət heyəti
adlandırdığı bu orqan «gənəşik
şurası», yəni Ali məclis olub, dövlət əhəmiyyətli
məsələlər bu məclisdə müzakirə edilir və
əcnəbi ölkələrdən gələr səfirlər
də şuranın üzvlərinin iştirakı ilə rəsmi
qaydada qəbul olunurdular. Məclis baş vəzirin
çıxışı ilə açılır və
burada vəzifələrə təyinat, müəyyən
yüksək vəzifəli məmurların
maaşının artırılması, mükafatlara təqdimata,
ərizə və şikayətlərə də
baxılırdı.
Hakimiyyətin
irsi xüsusiyyəti və hökmdarın qeyri-məhdud səlahiyyəti
ilə yanaşı, mərkəzi idarə sistemində məşvərətçi
orqan olan məclisi əla (ali məclis) fəaliyyət
göstərirdi. Dövlət əhəmiyyətli
mühüm məsələlərin on iki nəfər
üzvü olan bu məclisdə müzakirəsinə baxmayaraq
son sözü Şah deyir, yəni onun rəyi əsasında
qərarlar qəbul olunurdu. Müqavilə
bağlamaq, müharibə elan etmək, ölkə
qanunlarında dəyişikliklər şahın qeyri-məhdud
səlahiyyəti olub, bu məsələlərdə onun
qarşısında heç bir maneə yox idi.
Baş vəzir
dövlət şurasının, yəni məşvərətçi
orqan olan ali məclisin (məclisi əla)
üzvü olub onun iclaslarında əmir-i əzəm statsu ilə
iştirak edir və burada son sözü şah desə də,
əslində iclası o aparırdı. Engelbert Kempfer bu barədə
yazırdı ki, dövlət şurası iclası Şah
salona daxil olub salam verdikdən sonra baş
vəzirin ölkənin ümumi durumu ilə bağlı nitqi
ilə açılırdı. O, iclasda ölkə əhalisinin
yazdıqları müxtəlif ərizələri
Şahın nəzərinə çatdırdıqdan sonra,
Şaha əhalinin rifahı haqqında da məlumat verirdi. Baş vəzir müxtəlif adamların vəzifə
tutmaq haqqındakı müraciətlərini, məvaciblər,
mükafatlar və bir çox siyasi məsələləri məclisin
müzakirəsinə çatdırırdı.
Bütün bunlar onun dövlətin idarə
quruluşunda səlahiyyət bölgüsü
baxımından Şahdan sonra ikinci yerdə
dayandığını və faktiki olaraq əmir-i əzəm
statusuna malik olduğunu təsdiq edir.
«Təzkirət
əl-müluk» da göstərilir ki, ali
divanın yüksək rütbəli baş vəziri dövlətin
əsas dayağı olub, saray və məmaliki məhrusənin
sərhəd əmirləri içərisində ən
böyük əmir idi. Dövlət vergilərinin
alınması, xəzinəyə ölkə üzrə
ödənilən vəsaitlərin mədaxil-məxaric əməliyyatı
onun divanında təliğə və hökmü əsasında
qeydiyyata alınırdı.
Tavernye gündəliyində Səfəvi dövlətinin
idarə quruluşu haqqında yazırdı ki, ölkənin
birinci şəxsi «Etimadəddövlə» adlanır və bu
osmanlılarda Vəziri-əzəm (baş vəzir)
anlamında olub ona uyğundur. Fərq yalnız
ondadır ki, Səfəvilərdə etimadəddövlə qələm
əhli olur, yəni savadlı adamlar arasından seçilib bu
vəzifəyə təyin edilir və ölkənin
bütün mülki, maliyyə məsələlərinə
baxır. Ancaq osmanlılarda «vəziri əzəm»
şəmşir əhlidir və müharibədə
qoşuna başçılıq edir. Kiçik
bir təqsir və ya xəta üzündən başı bədənindən
dərhal ayrılır. Ancaq Səfəvi
hökumətinin idarə üsulu daha mülayim və mötədildir.
Çünki vəzirləri adətən vəzifə
başında ölürlər. Onların
günahları olanda isə paytaxtdan kənar şəhərlərin
birinə sürgün olunurlar. Və orada
qeyri-rəsmi adamlar kimi yaşayırlar. Xülasə,
etimadəddövlənin, yəni hər kəs ki, bu mənsəbə,
məqama malikdir, onların qarşısında çox
böyük çətinliklər olur. Onlar
öz işlərində çox ehtiyatlı və diqqətli
olmalıdırlar. Məclisi vüzərada
etimadəddövlənin müəyyən məsələ
barəsində qərarı qəti olmalıdır. Qərar qəti olmayanda sarayın yüksək məqamlı
əyanları, xanımları xüsusilə şahın
cavanlığından istifadə edərək etimadəddövlənin
gündüz gördüyü işləri gecələr
heç nə edirlər.
Adam Oleari dövlət idarəçiliyində geniş
hüquq və səlahiyyətlərə malik olan
etimaddövlənin dövlət kansleri və şahın məxfi
müşaviri olduğunu qeyd edir. Baş vəzirin
hüquq və səlahiyyətləri Tavernye, Adam Oleari ilə
müqayisədə Engelbert Kempferin gündəliyində daha
geniş bir səpkidə təsvir olunub. Onun
yazdığına görə baş vəzir çox
yüksək vəzifə sahibi, ali divan
yaxud mərkəzi dövlət divanın
başçısı və vəzifəsinə görə
həm də şahın naibi hesab olunurdu. Müqavilələrin
təsdiqi və yaxud imzalanmaması onun səlahiyyətinə
daxil idi. Zərbxənalarda sikkələrin
zərbinə nəzarət edən baş vəzirin
razılığı olmadan dövlət işlərində
dəyişikliklərin həyata keçirilməsinə və
qərarların qəbul olunmasına icazə verilmirdi. Valilər, hakimlər, darğalar
başçılıq etdikləri inzibati vahidlərdəki
bütün məsələlərin həllində onunla məsləhətləşməli
onun razılığı olmadan hər hansı bir işi təkbaşına
həll etməməli idilər. Ölkə
miqyasında qayda-qanuna baş vəzir nəzarət edirdi.
Bütün vəkillərin, yerli hakimlərin mərkəzə
göndərdikləri məlumatları, ərizələri
Şaha baş vəzir məruzə edir, ölkənin
ümumi durumunu da şaha o çatdırırdı».
«Təzkirət əl-müluk» adlı qaynaqda baş vəzirin
statusu haqqındakı bəzi məlumatlara səyyah gündəliklərində
təsadüf olunmur. Qaynaqda qeyd olunduğuna görə
dövlət vergiləri, xəzinənin bütün mədaxil
və məxarici baş vəzir divanında qeydiyyatdan
keçirdi. O cümlədən dövlət idarə
orqanlarına məmurların vəzifələrə təyinatı
ilə bağlı fərmanlar da baş vəzirin
möhürü olmadıqda onlar şahın
möhürü ilə təsdiqini tapa bilməzdi. Ezamiyyətə göndərilən bütün məmurların
da əmr sənədlərinə əvvəlcə onun
möhürü vurulurdu. Mülki, hərbi-inzibati
sahədə çalışan bütün
qulluqçuların məvacibləri də baş vəzirin
yazılı göstərişindən sonra maliyyə məmurları
tərəfindən hesablanıb müəyyən edilirdi.
Ümumiyyətlə, ölkənin maliyyə
divanı ilə bağlı bütün məsələlərə
o nəzarət edir və sənədlər onun
möhürü ilə təsdiq olunurdu. Məmaliki
məhrusənin (yəni bütün ölkənin)
bütün gəliri toplanıldıqda bu sahədə
mövcud olan qaydaya əməl etməyən şəxsə
baş vəzir öz tövsiyəsini edir və bu hal bir daha
təkrar olunsa, dərhal Şaha məlumat
çatdırır, Şahın bu barədə
çıxardığı hökmü yerinə yetirirdi.
Divan mühasibləri, bəylərbəyilər,
sultanlar, vəzirlər (vilayət vəzirləri) mustoufilərin
hesablarında qüsur, yaxud kəsir olduqda bu məsələyə
baş vəzirin xidmətində baxılırdı. Dövlətin bütün maliyyə haqq-hesabına
baş vəzir nəzarət etməklə yanaşı, bu
işdə mövcud olan qüsurlar da ona
çatdırılmalı idi. Divan-i məmalik
(məmalik divanı) dəftərxanasının münşiləri,
xasse-yi şərifə (divan-i xassə) münşiləri
haqq-hesab əməliyyatlarını və buradakı
nöqsanları baş vəzirin təliqəsi əsasında
icra edirdilər. Hər iki divanın
ümumi haqq-hesab sənədlərinə, xərc sənədlərinə,
vergi yığanların və onun təhvildarlarının (təhvil
götürənlər) təliqələrinə baş vəzir
möhür vurub təsdiq edirdi.
Zabil Bayramlı
tarix üzrə
elmlər doktoru, professor
Xalq Cəbhəsi.- 2016.- 20 oktyabr.-
S.14.