Səfəvi dövlətində hakimiyyət
orqanları və türk əyanları
4-cü
yazı
Kempfer gündəliyində qeyd edir ki, dövlətdə
ən böyük vəzifə «ali divanın» rəisidir. Bu vəzifəni
Şahın müavini hesab olunan baş vəzir aparır.
O, eyni zamanda, ölkənin bütün rəhbər
işçiləri, əyanlarına başçılıq
edir. Elə buna görə də, bəzən
«etimadəddövlə» adlanan baş vəzirə «məmləkətin
pənahı və dayağı» da deyirlər. Yerli idarəçilik və daxili siyasətlə
bağlı bütün məsələlərdə baş vəzirin
müstəsna hüquqları vardı. Bu
sahədə bütün qərarlar onun məsləhəti ilə
qəbul edilir və icra olunurdu.
Ölkədə baş verən bütün hadisələr
barədə ona vaxtaşırı məlumatlar
çatdırılırdı ki, bu barədə hər
gün sarayda olan baş vəzir şaha hesabat verirdi. Həm də
o baş vermiş hadisələrlə bağlı çətinlikləri
aradan qaldırmaq üçün öz təkliflərini də
şaha təqdim edirdi. Eyni zamanda, dövlət
əhəmiyyətli məsələlərin müzakirəsi,
başqa ölkələrdən gəlmiş elçilərin
qəbulu ilə bağlı yığıncaqlarda giriş
sözü ilə baş vəzir çıxış edərək
bu barədə məlumatlar verirdi. Rəsmi
yığıncaqlarda ölkədəki vəziyyətlə
yanaşı, şikayətləri, müxtəlif məzmunlu
rəsmi və qeyri-rəsmi məktubları da Şahın
müzakirəsinə baş vəzir təqdim edirdi. Şahın bütün bu məsələlər
haqqında fikir və mülahizələrini o əsas kimi qəbul
edir və Şahın mülahizələri əsasında
bütün məsələləri həll edirdi. Ancaq müəyyən məsələlərə o
təkbaşına baxırdı. Belə
ki, vilayət hakimlərinin göndərdiyi nümayəndələri
şəxsən özü qəbul edib onları dinləyir və
vilayətlərdəki çətinlik və sairə ilə
bağlı işlər barədə adətən sərbəst
sərəncamlar verirdi. Ancaq hakimlər, valilər,
darğalar və s. ilə bağlı həlli çətin
olan məsələlər ortaya çıxdıqda bu barədə
şahın rəyini öyrənirdi. Adətən ölkə
daxilində mülki, iqtisadi məsələlər divanbəyi,
mustoufi, darğa, eşikağasıbaşı və s.
yüksək rütbəli məmurlarla birlikdə müzakirə
olunurdu. O, vilayət hakimləri, darğa və başqa
dövlət məmurlarına nəzarət də edirdi. Divana mülazim və xidmətçi
götürülən zaman baş vəzirin bu barədə
hokum tələb olunurdu. Eyni zamanda, saray dəftərxanası
münşiləri, biyutat işçilərini işə
mustoufi əl-məmalik, biyutat nazirini xassə mustoufisinin
razılığı ilə baş vəzir təyin edirdi.
Baş vəzir xarici ölkələrdən gələn
elçiləri qəbul edərək onlarla ilkin
danışıqları apardıqdan sonra bu nümayəndələri
Şahın rəsmi qəbuluna təqdim edirdi. Eyni zamanda,
müharibə və sülh məsələləri ilə
bağlı rəsmi yığıncaqlarda əsas dövlət
məmuru kimi iştirak edərək rəyi nəzərə
alınırdı. E.Kempfer yazır ki,
müharibə və sülh məsələlərində
Şah bir qayda olaraq baş vəzirin fikirlərini öyrənir.
Və bu məsələlərlə
bağlı rəsmi müzakirələrdə baş vəzirin
iştirakı xüsusi əhəmiyyət kəsb edirdi.
Eyni zamanda, Şah bəzən xarici ölkələrdən
gəlmiş elçilərlə danışıqları
birbaşa baş vəzirə həvalə edirdi. Bu halda ona danışıqlar aparılanda geniş səlahiyyətlər
verilirdi. Sansonun 1683-cü ildə I Şah
Süleyman (1666-1694) sarayında Almaniya, Polşa, Rusiya
elçiləri ilə aparılan danışıqlar
haqqındakı qeydləri xarici siyasət sahəsində
baş vəzirə verilmiş statusun qismən
aydınlaşdırılmasına imkan yaradır. O
yazır ki, Almaniya elçisi etimadəddövlə Şeyxəli
xanın qəbulunda onunla Səfəvi-Osmanlı münasibətlərinə
dair danışıqlar aparıb. Baş vəzir
ona bildirib ki, Səfəvilər Osmanlılarla müqavilə
bağlayıb, dinc şəraitdə yaşayır və
şahın bu sahədə öz vədinə əməl etməsi
ölkəmiz üçün çox faydalıdır.
Arşevak de Abranel Almaniya imperatorunun məktubunu
Şahın özünə təqdim etdikdən sonra
Osmanlı-Səfəvi münasibətlərini pozmaq
üçün vəzirlə yenidən apardığı
danışıqlar baş tutmayıb. Baş vəzir
alman elçisinə bildirmişdi: «Şah əhd-peymanı
pozmağı hünər hesab etmir». Almaniya
elçisindən bir qədər sonra baş vəzir Polşa
səfiri Solomon Skurkini qəbul etmiş və onunla da
Osmanlılarla bağlı məsələ müzakirə
olunmuşdu. Polşa elçisinin
Bağdad, Bəsrə, Ərzurumun geri qaytarılması ilə
bağlı əlverişli şəraitin mövcud olması
ilə bağlı irəli sürdüyü mülahizələr
vəzir tərəfindən yaxşı qəbul
olunmamışdı. Rusiya elçisi isə
Osmanlı dövlətinin aradan götürülməsi
işində Səfəvilərdən yardım almaq məsələsi
ilə bağlı yenə də baş vəzirlə
danışıq aparmışdı. Baş vəzir ona
cavabında bildirmişdi: «Osmanlı dövləti zəifləsə
belə, Səfəvilər bu dövlətin yox
olmasını istəmir. Baxmayaraq ki, Osmanlı
dövləti bizim çox qüdrətli qonşumuzdur və
hətta bəzən bizim üçün qorxu da törədirlər.
Ancaq biz istəməzdik ki, qonşuluğumuzda
Osmanlı dövlətinin əvəzinə qeyri-müsəlman
dövləti, yəni xristian dövləti olsun. Xristian dövləti ilə qonşuluq bizim
üçün çox çətin olar. Osmanlı dövləti Səfəvilərlə
xristian dünyası arasında çox davamlı bir sədd
yaratmışlar. Bu sədd xristian dövlətlərinin
ölkəmiz üzərində hücumlarının
qarşısını alır».
Bu danışıqların nəticələrindən
narazı qalan xristian dövlətləri Solomon Skurkini yenidən
Səfəvi ölkəsinə göndərmişdilər. O, xristian dövlət
başçılarının şaha məktublarını təqdim
etməli və Osmanlı dövlətinə qarşı onu
müqavilə bağlamağa razı salmalı idi. Ancaq
danışıqları yenə də baş vəzir
aparmış və ona qəti olaraq bildirmişdi: «Şah
ölkəsinin ərazisinin bir qismini güzəştə gedər,
ancaq Osmanlı dövləti ilə müqaviləni pozmaz, nə
də ona tabe olan ölkələrə hücum etməz».
Avropa dövlətləri Şərqdə geniş əraziləri
əhatə edən ölkələri işğal etmiş və
bununla kifayətlənməyərək müstəmləkəçilik
bayraqlarını sancmağa yeni ölkələr
axtarırdılar ki, bu işdə də Bəsrədə,
Kufədə, Şirazda missioner məntəqələri
müsəlman dövlətçiliyi və ideolojisini pozaraq
onların yardımçısı rolunu oynayırdılar. Belə bir
vaxtda Osmanlı və Səfəvi ölkəsinə giriş
əldə etmiş İngiltərə müstəmləkə
nazirliyinin missioner proqramı ilə fəaliyyət göstərən
casusları elçi, yaxud başqa adla bu iki şərq
ölkəsi arasında münasibətləri ənənəvi
xarici siyastlərinə uyğun şəkildə pozmağa və
yolları üzərindəki ən böyük maneə olan
sultanlığı aradan götürməyə
çalışırdılar. Ancaq şahdan geniş
hüquqlar almış və bu məsələnin mahiyyətini
az-çox dərk edən Şeyxəli xan Avropa elçilərinin
fitvasına nəinki getmədi və həm də onlara qəti
cavablar verdi.
Əcnəbi ölkə səfirlərinin ölkələrinə
yola salınması ilə əlaqədar təşkil edilən
rəsmi məclislərdə də baş vəzir şahdan
sonra əsas rol oynayırdı. C. Kareri yazır ki, 1694-cü ildə
Şah elçiləri Ala qapıda fərşlərlə
döşənmiş xüsusi bir salonda qəbul etdi. O,
salonun yuxarı başında əyləşmişdi. Salona daxil olan elçiləri mehmandarbaşı və
eşikağasıbaşı Şaha təqdim etdilər.
Bu zaman Şahın sol tərəfində bir
neçə xacə dayanmışdı. Polşa
səfiri Şaha təzim etdikdən sonra etimadəddövlə
Şahın məktubunu ona təqdim etdi. Xüsusi
zərfdəki məktubu səfir ehtiramla qəbul etdikdən
sonra baş vəzir Şahın adından ona bir neçə
cümlə söylədi və səfirə ölkəni tərk
etməsinə icazə verildi. Eyni qayda ilə baş vəzir
Vatikan elçisinə də Şah tərəfindən papa və
Venesiyaya yazılmış məktubları verdi.
Vida mərasimi çox qısa oldu və naharla
başa çatdı.
Şahın
fərmanı və hökmləri ilə icrası həyata
keçirilən mövcud qanunlar əsasında təsis edilən,
fəaliyyəti tənzim olunan mərkəzi dövlət
aparatı strukturunda ali nəzarət
divanı və ona başçılıq edən baş vəzirin
(vəzir-i əzəm) dövlətin maliyyə
orqanlarının idarə olunmasında da çox geniş
hüquqları vardı. Vəzir-i əzəm
dövlət strukturunda Şahdan sonra yüksək vəzifə
sahibi olub hüquq və səlahiyyətinə görə
şahın naibi (müavin) hesab olunurdu. Mərkəzi
dövlət aparatı strukturuna daxil olan bütün idarələrin,
əyalət orqanlarının fəaliyyətinə
tutduğu vəzifəyə görə nəzarət edən
baş vəzir həm də xarici ölkə nümayəndələri
ilə danışıqlar aparmaq, müqavilələr
bağlamaq hüquqlarına da malik idi. Dövlətin
qeyri-məhdud səlahiyyətə malik hökmdarının
(şahın) naibi olan baş vəzirin təminatı
haqqında məlumat verən Sanson yazır ki, o, hər ay xəzinədən
xüsusi xərclərinə görə Fransa pulu ilə 540
min livr (1 tümən = 45 livr) yəni 1000 tümən məvacib
alırdı. Ancaq V.Minorskiyə görə
baş vəzir şah tərəfindən müəyyən
olunmuş məvaciblə deyil, müxtəlif qaynaqlardan
yığılan rəsm ül-vüzara adı ilə məlum
olan təqaüd hesabına maliyyələşdirilirdi. Ancaq mənbələrdə məvacib müqabilində
soyurqal verilməsi hallarına da təsadüf edilir. «Xolde bərin»də I Şah İsmayıl
dövrünün baş vəzirlərindən Mirzə
Şah Hüseynin Kaşanın «sahibi soyurqal»ı olması
haqqındakı məlumat, baş vəzirin təminatında
vahid qaydanın olmadığını göstərir.
Sanson dövlətin mərkəzi maliyyə idarəsinin
strukturu haqqında məlumat verərək baş vəzirə
tabe vəzarət divanın altı vəzirdən ibarət
olduğunu qeyd edir. O yazır ki, vəzarət divanında birinci vəzir -
mustofi əl-məmalik olub bütün maliyyə idarələrinin
rəisi hesab olunurdu. İkinci vəzir - xassə-mustofi
adlanır və sarayın xüsusi maliyyə müfəttişi
olub həm də İsfahan müfəttişliyinə
başçılıq edirdi. Üçüncü
vəzir - vəzarət divanındakı dəftərxanaların
darğası olub, maliyyə idarəsi dəftərxanalarına
nəzarət edirdi. Dördüncü vəzir
- vəzir əl-müluk adlanırdı. Və
şahın dəftərxanasını qoruyub saxlamağa
başçılıq edirdi. Beşinci vəzir-xassə
əmlakının maliyyə məsələləri üzrə
baş vəzirin müavini olub sarayın mədaxil və məxaric
işlərinə baxırdı və xassə vəziri
adlanırdı. Altıncı vəzir – kələntər
(İsfahan şəhər kələntəri - Z.B.) adlanmaqla
İsfahanın ticarət işlərinə və tacirlərin
maliyyə məsələlərinə baxırdı. Sanson bu vəzirlərin Fransadakı baş maliyyə
idarəsi rəislərinə oxşadığını qeyd
edərək göstərir ki, onların hər biri öz vəzifə
xidmətlərindən əlavə bir neçə əyalətin
işlərinə də nəzarət edirdilər.
Baş vəzirə tabe altı vəzirdən başqa
onun xidmətində iki katib var idi ki, onlar da «sahibi rəqəm»
adlanırdı. Onlar hökm və fərmanları
yazır və göndərilməsini təmin edirdilər.
Baş vəzir, həm də ali divana rəhbərlik
etdiyinə görə o, bəzən «sahib-I divan» da
adlanırdı. Baş vəzirlə sahibi divan
qaynaqlarda sinonim kimi işlədilirdi. Belə
ki, Məhəmməd Yusif Qəzvini I Şah
İsmayılın dövründən danışarkən
yazır ki, «Vəzarət və sahebdivani» Əmir Zəkəriyyə
Köcəciyə tapşırılmışdı.
Yəhya ibn Əbdüllətif Qəzvini I Şah
İsmayılın 1503-1504-cü illərdə Ağqoyunlu
Sultan Muradla savaşlarından bəhs edərkən Şərəfəddin
Mahmudcan Deyləmi Qəzvinin Əmir Şəmsəddin Zəkəriyyə
ilə vəzarət mənsəbində ortaq olduğunu qeyd
edir. Azərbaycan torpaqlarının mərkəzləşdirilməsi
uğrunda müharibələrin getdiyi bir dövrdə I
Şah İsmayılın baş vəzir mənsəbini iki nəfərə
tapşırması dövlət ərazisinin məmalik və
xassəyə bölünməsi təcrübəsindən irəli
gəlirdi. Ancaq bu mənsəb onların
arasında xüsusi idarə səlahiyyəti ilə
bölünməmiş və hər ikisi bərabərhüquqlu
statusa malik olmuşdular.
Zabil Bayramlı
tarix üzrə
elmlər doktoru, professor
Xalq Cəbhəsi.- 2016.- 21 oktyabr.-
S.14.