Səfəvi dövlətində hakimiyyət
orqanları və türk əyanları
5-ci yazı
Qeyd olunduğu kimi qaynaqlarda baş vəzir əmire
divan, sahibi divan və hətta vəkil ünvanı ilə
yazıya alınıb. I Şah İsmayıl və I Şah Təhmasibin
dövründə vəkil əslində vəzirə sinonim
kimi də qaynaqlarda göstərilir. Eyni
zamanda onu da göstərmək lazımdır ki, bu dövrdə
vəkil titul, yaxud mənsəb kimi də baş vəzir vəzifəsinə
əlavə edilirdi. I Şah İsmayıl
h. 914-cü (1509) ildə Əmir Nəcməddin Məsudini
baş vəzir təyin edib, ona vəkalət mənsəbi
vermişdi. Şahın fərmanına
görə heç bir əmirin divanda Əmir Nəcməddinin
işlərinə qarışmağa ixtiyarı yox idi. Həm də bütün fərman və hökmlərdə
o, bütün dövlət əmirlərindən fərqli
olaraq ən yuxarıda möhür vurmalı idi. Ona ölkənin mülki və iqtisadi məsələlərinin
həllində tam sərbəstlik verilmişdi. Əmir Nəcməddin 1510-cu ildə Təbriz şəhərinin
8 fərsəhliyindəki Xamnədə vəfat etmişdi.
I Şah İsmayıl 1510-cu ildə Əmir Yarəhməd
Xuzanini baş vəzir təyin edib, vəkalət mənsəbini
də ona tapşıraraq, həm də ona «Nəcmi sani»
(ikinci Nəcmi) ayamasını vermişdi. Nəcmi Sani isə 1512-ci ildə Buxara
yaxınlığında Qicduvanda özbək əmirləri
ilə savaşda öldürülmüşdü.
Xandəmir yazır ki, hələ 1510-cu ildə Şah
Xacə Seyfəddin Bitikçini xassə əmlakına vəzir
təyin edib ona Şahın bütün fərmanlarına
möhür vurmaq hüququ da vermişdi. Nəcmi
Saninin vəfatından sonra isə “vəkaləti nəfsi
nafisi humayu”nun (Şahın dəyərli ruhunun vəkili, yəni
sahib-i ixtiyar) bütün işləri də Xacə Seyfəddin
Bitikçiyə tapşırılmışdı. Divan işlərində geniş hüquqlar verilən
Xacə Seyfəddin sahibi divan, yəni baş vəzir səlahiyyətini
icra edirdi. Xandəmir yazır ki, 1514-cü
ildə I Şah İsmayıl Mirzə Şahhüseyni «etimadəddövlə»
«vəkil əs-sltənə» vəzifəsinə təyin
etdi. Baş vəzir təyin olunması
haqqındakı hökmdə ona dövlətin idarə
olunmasında sərbəstlik verilməklə yanaşı,
bütün vəzirlərin, əmirlərin, əyanların
da ona tabe olmaları göstərilmişdi. Mirzə Şahhüseyndən sonra Xacə Cəlaləddin
Xandəmir Təbrizi (Xacə Cəlaləddin Məhəmməd
Göcəci-Z.B.) 1524-cü ildə baş vəzir təyin
edilmişdi. Onunla ortaq vəzir, həm də
«sahibi divan» olan Qazı Cahan Qəzvini 1525-ci ildə əmir əl-üməra
Div sultan Rumlu tərəfindən həbs edilir. Qazi Caha Qəzvinidən
sonra ali divana nəzarət Mir Cəfər
Savəçiyə tapşırılır.
1532-ci ildə
Mir Cəfər Savəçinin yerinə Əhməd bəy
Nurkamal ali divana vəzir təyin edilir.
1534-cü ildə Mir Qiyasəddin Xuzani İsfahani və Xacə
Muinəddin Əli ali divanın vəzirləri
oldular. Ancaq 1535-ci ildə baş vəzir vəzifəsinə
əslən qəzvinli olan Qazı Cahan əl-Hüseyni təyin
olunur. XVI yüzilin 50-ci illərində Köcəci nəslindən
Əmir bəy Köcəcinin «vəzir-e divane ali»
olması və ona qədər və ondan sonra baş vəzir
vəzifəsinə təyinatlar təhlil edildikdə məlum
olur ki, baş vəzirlərin sırasında Təbriz əsilzadələri
az olmayıb.
Məsum bəy Səfəvi 1546-1547-ci illərdə
Şeyx Səfi məqbərəsi vəqf əmlakının
mütəvəllisi, 1559-1560-cı illərdə isə «Vəkalət-i
Şahi din-pənah», yəni divan əmiri olub, vəzir vəzifəsinə
yüksəlmişdi. O, Şeyxavənd boyundan olub, həm də I Şah Təhmasibin
oğlu Heydər Mirzənin də lələsi idi. Bir müddət baş vəzir vəzifəsində
olmuşdu. 1573-1574-cü illərdə bu ali
mənsəb Xacə Cəmaləddin Əli Tərizi ilə
Mir Seyid Hüseyn Fərəhaniyə verilir və hər birinə
500 Təbriz tüməni məbləğində maaş təyin
edilir. Onların hər ikisi bu vəzifədə bir il qaldılar. Soy adlarından
göründüyü kimi, Xacə Cəmaləddin Təbrizli,
Mir Seyid Hüseyn isə Fərah seyidlərindən idi.
1576-cı
ildə isə mustoufi əl-məmalik Mirzə
Şükürulla İsfahani ali
divanın vəziri oldu. II Şah İsmayıl elə həmin
ildə onu tutduğu vəzifədən azad edib, I Şah Təhmasibin
hakimiyyətinin son illərində nazir-i büyutat olmuş
Mirzə Salman Cabiri İsfahanini ali divana
baş vəzir təyin edir. Məhəmməd Xudabəndənin
dövründə də baş vəzir olan Mirzə Salman
qızını onun oğlu Həmzə Mirzəyə
nişanlayıb, oğlu Mirzə Abdullanı da şahzadəyə
vəzir təyin etdirib baş vəzir kimi mövqeyini möhkəmləndirmişdi.
O, Qızılbaş-Türk əmirləri arasında
narazılıq yaradaraq dövlət hakimiyyətini xeyli zəiflədə
bilmişdi. Mirzə Salmanın Mirzə Nizam
adlı oğlu da şahzadənin «həmsöhbət» və
müşaviri idi. Xorasanda Qızılbaş-Türk əmirləri
arasında fitnə-fəsad törədən Mirzə
Salmanın siyasəti dövlətçilik üçün
son dərəcə qorxulu idi, Herat hakimi Əliqulu xan
Şamlının anası (Həmzə Mirzənin süd
anası), Həmzə Mirzənin vəziri Hüseyn bəy və
bir çox görkəmli qızılbaş əmirləri
onun xəyanətinin qurbanı olmuşdular. Baş
vəzirin fitnə-fəsadının mahiyyətini başa
düşən qızılbaş gəncləri onu
1583-cü ildə Heratda Sultan Hüseyn mədrəsəsində
ələ keçirdilər və ona ilk zərbəni Məhdi
Ülyanın qohumlarından Təhmasib bəy Mosullu vurdu.
Mirzə Salman və onun hər iki oğlunun əmlakı
müsadirə olundu.
İsgəndər bəy Münşinin yazdığına görə əlahəzrət I Şah Abbasın dövründə onun təlimatı əsasında altı vəzir-e əzəm olmuşdu. Belə ki, o, hakimiyyətə gəldikdə (1587) «vəzir-e divan-I ali» Mirzə Salmanın oğlu Mirzə Abdullaya vəd edilmiş, hətta bu barədə buyruq verilsə də vaxtilə Mürşüdqulu xanın vəziri olub, Torbət qalasında qətl edilən Mirzə Əhmədin xidmətləri nəzərə alınıb, dövlət üzərində haqqı olduğuna görə onun oğlu Mirzə Şahvəli vəzir təyin edilir. Mirzə Şahvəlini kiçik yaşlarından Mürşüdqulu xan öz himayəsinə götürüb təlim və tərbiyəsi ilə məşğul olmuş və onun vəzirlik mənsəbinə yüksəlməsində də Mürşüdqulu xanın rolu olmuşdu. 1588-ci ildə ali divana baş vəzir Mirzə Məhəmməd Kermani təyin edilir. O, anası tərəfdən Təbrizin Köcəci seyidlərindən idi. 1588-ci ildə qətl olunur. 1589-cu ildə Şah Qəzvinə gəlir və burada Mirzə Lütfulla Şirazini «vəzir-i divan-i ali» təyin edir.
I Şah Abbas hakimiyyətinin beşinci ilində Mirzə Lütfullanı tutduğu vəzifədən azad edir Hatəm bəy Ordubadini təyin edir. Ona etimadəddövlə fəxri adı da verildi. "Zeyl-i tarix-i alamara-yi Abbasi" də göstərilir ki, Hatəm bəy Ordubadi dövrünün məşhur alimi və ustadı rəhmətlik Xacə Nəsrəddin Tusinin (1201-1274) nəslindən olduğu hesab edilir və elə buna görə də Nəsiri soyadını daşıyırdı. Bu mənbədə də Hatəm bəy Ordubadinin savadlı, xeyirxah, insanpərvər, haqqın, ədalətin, düzgünlüyün tərəfdarı olduğu qeyd edilmişdi. O, iyirmi il Azərbaycan Səfəvi dövlətinin baş vəziri vəzifəsində işləyir, 1610-cu ildə Urmiyanın Dümdümə qalası yaxınlığında əhvalı pisləşdiyinə görə Təbrizə gətirilir və burada vəfat edir. Onu Məşhəddə dəfn etmişdilər. Hatəm bəy Ordubadi vəfat etdikdən sonra onun yerinə etimadəddövlə vəzifəsinə oğlu Mirzə Əbutalıb təyin edildi. O, 1610-1621-ci illərdə ali divan vəziri olmuşdu.
1621-ci ildə bəzi etibarsız işlərinə görə vəzifədən azad edilmişdi. Ondan sonra Şahəli Mirzə ibn Abdulla xan Ustaclının oğlu Salman xan beş il ali divanın vəziri oldu. Vəzir- ı divan-i ali və etimad əd-dövlə Salman xanın atası Şahəli Mirzə Ustaclı I Şah Təhmasibin bacısı oğlu idi. Salman xandan sonra «vəzarəte divan-i ali» vəzifəsinə təyin olunan Xəlifə sultan ibn sədr Mir Rəfiəddin Məhəmməd ibn Mir Şücaəddin məşhur seyid nəslindən olub, atası da Şah Abbasın yaxın qohumu idi. Beləliklə, bu faktlar I Şah Abbasın dövründə dövlətin iranlılaşması, yəni fars ünsürlərinin kütləvi şəkildə dövlət qulluğuna cəlb edilməsi haqqında bəzi elmi ədəbiyyatlarda mövcud olan fikirlərin tarixi gerçəkliklərdən çox uzaq olduğunu göstərir. İsgəndər bəy Münşinin əsərindən əldə etdiyimiz məlumatı yekunlaşdırdıqda məlum olur ki, I Şah Abbasın hakimiyyəti dövründə (1587-1629) altı nəfər ali divan vəzirindən üç nəfər türk əyanı, iki nəfər seyid, yalnız bir nəfər fars ünsürü olmuşdu.
I Şah Səfinin dövründə 1632-ci ildə etimadəddövlə Xəlifə sultan tutduğu vəzifədən azad edilir. Baş vəzir vəzifəsinə Xacə Nəsrəddin Tusinin nəslindən olan Talıb xan (Mirzə Əbutalıb) bin Hatəm bəy Ordubadi Nəsri təyin edildi. O, 1621-ci ildə baş vəzir vəzifəsindən azad edildikdən sonra 1632-ci ilə qədər vaqiyənəvis vəzifəsində çalışmışdı. Talıb xan 1635-ci ildə ölüm cəzasına məhkum edilmiş və ali divanın baş vəziri «Sarı Tağı» ayaması ilə məşhur olan Mirzə Məhəmməd Tağıya verilmişdi. O, 1645-ci ilə kimi Səfəvi dövlətinin baş vəziri olmuşdu.
"Abbasnamə" də h. 1054 (m. 1644)-cü ildə mülki bürokratik aparatın başçısı baş vəzir Mirzə Məhəmməd Tağı haqqında verilən məlumatdan aydın olur ki, II Şah Abbasın hakimiyyətinin ilk illərində dövlət işləri üzərində nəzarəti baş vəzir və qorçubaşı Canı xan Şamlı ələ keçirmişdi. Tezliklə onların arasında yaranan ixtilaf mərkəzi hakimiyyəti getdikcə zəiflətməyə başlayır. Bu zaman Canı xana baş vəzirin ona qəsd hazırlaması barədə xəbər çatdırılmışdı. Bu xəbərdən ehtiyat edən Canı xan Şamlı baş vəziri aradan götürmək üçün Kuhgiluyənin sabiq bəylərbəyi Nağdı xan Şamlı, Şirvanın sabiq bəylərbəyi Ərəb xan Ağzıvaroğlu Şamlı, cəbbədərbaşı (dövlətin silah və sürsat ehtiyatının rəisi - Z.B.) Əbülfəth bəy, tirkamun qorçusu Abbasqulu bəy Ustaclı və Əlimirzə bəy Şeyxavəndlə gizli razılığa gəlib 20 şaban h. 1055 (m. 1645)-ci ildə onu qətl etdilər. Şah qəsdçilərin digər cinayət də törədə biləcəkləri və yaxud qaçacaqlarından ehtiyat etdiyinə görə bildirdi ki, baş vəzirin günahkar olduğu müəyyən edilsə onlar bağışlanılacaq.
II Şah Abbas çox yaxşı bilirdi ki, onların dərhal cəzalandırılması ara müharibələrinə səbəb ola bilər. Elə buna görə onları vədlərlə arxayın edib, vəziyyətə nəzarəti ələ aldıqdan sonra 22 şaban 1055 (m. 1645)-ci ildə qəsdçilərin dərhal öldürülməsi haqqında göstəriş verildi. Qorçubaşı Nağdı xan, Ərəb xan, Əlimirzə bəy Şeyxavənd, Abbasqulu bəy, Əbülfəth bəy qətl olundular. Şah qəsdçilərin mərkəzdə və yerlərdə vəzifələrdə olan yaxın qohumlarına da güzəştə getmədi. Nağdı xanın Şamlı Kuhgiluyədə bəylərbəyi olan oğlu Zeynal xan baş vəzirin öldürüləcəyini bildiyinə və mərkəzə vaxtında xəbər çatdırmadığına görə həbs edildi. Canı bəyin Xorasanda sərdar olan qardaşı Qara xanı da həbsxanaya saldılar. I Şah Abbas dövrünün məşhur qızılbaş əmirlərindən Əmirgünə xan Qacarın Ağası bəy ayaması ilə məşhur olan Gülabi bəy adlı oğlunun da qəsdlə əlaqəsi olması güman edildiyinə görə öldürülməsi barədə Qılıc bəy Ördəkliyə (Ördəkli Türkmən eli obasıdır - Z.B.) göstəriş verilmişdi. Şahın göstərişi ilə baş vəziri öldürənlərin əmlakları da müsadirə olundu. II Şah Abbasın qətiyyətli daxili siyasəti sayəsində ixtilaflara son qoyuldu, mərkəzi hökumət möhkəmləndirildi və hakimiyyətdə onun şəxsi nüfuzu daha da gücləndi.
Şah dərhal
yeni təyinatlar barədə fərmanlar verdi.
Belə ki, I Şah Abbasın damadı,
dövrünün məşhur bilim adamı Xəlifə
sultan 23 şaban 1055-ci ildə (m. 1645) baş vəzir təyin
edilir. O, I Şah Abbas və I Şah Səfi (1629-1642)
dövründə də fasilələrlə baş vəzir
vəzifəsində işləmişdi. Onun Səfəvi
Şahlıq sülaləsinə, yəni Şeyxavəndə
qohumluğu dövrün digər mənbələrinin verdiyi
məlumatlarla təsdiq edilir. İsgəndər
bəy Münşi yazır ki, Xəlifə sultan ibn sədr
Mir Rəfiəddin Məhəmməd ibn Mir Şücaəddin
məşhur seyid nəslindən olub, atası I Şah Abbasın
yaxın qohumu idi.
H. 1063 (m.
1653)-cü ildə Xəlifə sultan vəfat edir və onun mənsəbi
naziri biyutat Məhəmməd bəyə
tapşırılır.
Zabil Bayramlı
tarix üzrə
elmlər doktoru, professor
Xalq Cəbhəsi.- 22 oktyabr.- S.14.