“Sayat Nova erməni yox, azərbaycanlıdır, adı da Səyat Nəvadır”

 

Məhərrəm Qasımlı: “Avtobus sürücüsündən tutmuş, tibb bacısına qədər Aşıqlar Birliyinin üzvü olub”

 

Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlının APA-ya müsahibəsi (ixtisarla)

- Məhərrəm müəllim, Aşıqlar Birliyində işləriniz necədir, hansı yeniliklər var?

- Bir neçə ay əvvəl demişdim ki, yeni layihələrimiz olacaq. Bu müddət ərzində həmin layihələrdən bir çoxunu həyata keçirə bildik. Birinci növbədə Azərbaycan Aşıqlar Birliyi sıralarında yenilənmə apardı. Aşıqların attestasiyası və yenidən qeydiyyatı məsələsini gündəliyə gətirdik. Birlik 300-ə yaxın üzvdən ibarətdir. Deyim ki, əvvəlki tərkiblə müqayisədə 30-40 faiz təmizlənmə işi gedib. Onlar birlikdən çıxarılıb, yerinə xeyli sayda gənc və istedadlı aşıqlar qəbul olunub. Bu gün Aşıqlar Birliyinin sıralarında həm ustad aşıqlar, həm də yeni nəsil aşıqları yer alıblar. Bu da bizə imkan verəcək ki, yeni ovqat içində iş aparaq.

- Üzvlükdən çıxarılanlar kimlər idi?

- Əsasən, aşıq sənətindən əlaqəsi olmayan adamlar. Onlar müxtəlif səbəblərdən birliyə üzv olublar. Avtobus sürücüsündən tutmuş, tibb bacısına qədər ən müxtəlif adamlar Aşıqlar Birliyinin üzvü olublar. Saza-sözə maraqları olduğu üçün birliyin üzvlüyünə qəbul ediliblər.

- Heç olmasa, saz çalmağı bacarırdılar?

- Belə də, az-çox. Amma onları Aşıqlar Birliyinin üzvü statusuna qaldırmaq olmaz. Özləri mənə deyirdilər ki, bu sənətə böyük məhəbbətimiz var, ona görə qalmaq istəyirik. Qəbul etmədim. Çünki bura professionallar ocağı, elmi-mədəni qurumdur. Ona görə də Aşıqlar Birliyinin sıralarında olan hər bir adam bu sənətə professional yanaşan adam olmalıdır. İstər aşıq olsun, istər tədqiqatçı. İndiki halda Aşıqlar Biliyinin nizamnaməsində qoyulan tələblər var ki, aşıqlar hansı ədəb-ərkan qaydalarına riayət etməlidirlər. Bu barədə nizamnaməyə əlavə olaraq əsasnamə hazırlamışıq. Əks təqdirdə, bizim üzvümüz olarlarsa, tədbir görəcəyik.

- Ədəb-ərkan qaydaları nədən ibarətdir?

- Olur ki, efirdə, məclisdə saza yaraşmayan qeyri-etik hərəkətlər edirlər.

- Məsələn, sazı başa qaldırmaq?

- Bəli. Təkcə başa qaldırmaq yox, ayaqlarının arasından keçirmək, akrobatik hərəkətlər etmək, yersiz danışmaq və s. Bunlara yol verən adamlar bizim sıralarımızda yer ala bilməzlər. O tipli adamları görərsinizsə, bilin ki, onlar Aşıqlar Birliyinin üzvü deyillər. Mənə saytlar, müxtəlif qurumlar müraciət edir ki, filankəsin hərəkətinə necə baxırsınız? Mən də deyirəm, bu adamlar Aşıqlar Birliyinin üzvləri deyillər.

- Əvvəllər olublar?

- Bəziləri olub, bəziləri də attestasiyadan keçməyiblər. Biz bundan sonrakı dönəmdə də aşıqlarımızın davranışına ciddi yanaşacağıq. Bizim ən gənc üzvümüzdən tutmuş ən yaşı üzvümüzə qədər hamı o prinsiplərə cavab verməlidir.

- Aşıqlar Birliyinin üzvü olmaq aşığa nə verir ki, bu qədər maraqlıdırlar?

- Bu, ilk növbədə mənəvi qürurdur. Bizim yeni vəsiqəmiz var, orda Azərbaycanın üç rəngli bayrağı, atributları yer alıb. Bu vəsiqəni cibində daşıyan adam isə Azərbaycan aşıq sənəti ilə bağlı özünün qürurunu nümayiş etdirməlidir. Mən hər zaman deyirəm ki, kim sizə bir söz desə, soruşun ki, səndə bu vəsiqədən varmı? Çünki mən Aşıqlar Birliyinin vəsiqəsini hər yoldan ötənə vermirəm. Birliyin vəsiqəsini ifası aşağı olan, özünü apara bilməyən adamda görə bilməzsiniz. İlk dəfə olaraq Laçından 30-dan çox aşığı üzv qəbul etmişik. Əvvəllər onların sayı 3-4 nəfər olub. Naxçıvandan 15 aşıq üzvlüyə qəbul olunub, əvvəllər bir, yaxud iki nəfər olardı. Zaqatala-Balakəndən ilk dəfə olaraq tamburçu aşıqları birliyə üzv götürmüşük, onlar tədbirlərimizdə çıxış edirlər. “Çeşmə” folklor qrupu, “Misri”, “Buta”, “Qobustan”, “Laçın” sazçı qrupları yaradılıb. Bu ifaçılar professional təhsil alıblar. Ona görə də onların ifalarında ən müasir tərəflər də görünür. Məsələn, istənilən vaxt “Koroğlu” uvertürasını rahatlıqla çala bilirlər. Bunun üçün uzun zəhmət lazımdır. İlk dəfə olaraq birliyin katiblərini bölgələrə, hətta Borçalıya göndərdim ki, aşıqlarla görüş keçirsinlər, qayğılarını, problemlərini öyrənsinlər. Aşıqların problemləri müəyyənləşib və həlli istiqamətində iş aparırıq.

- Adətən, deyirlər, 60-70-cı illərdə ədəbiyyatda, rəssamlıqda, musiqidə böyük sənət əsərləri yarandı və bu gün o böyük istedadlar yoxdur. Aşıq sənətində vəziyyət necədir?

- Tam məsuliyyətlə deyirəm ki, çox istedadlı gənc aşıqlarımız var. 20-40 yaş arasında olan nəslin ifaları göstərir ki, Azərbaycan aşıqlığında keyfiyyət yeniləşməsi var. Azərbaycan tamaşaçısı muğam-caz sintezini görmüşdüsə, bu gün caz və Azərbaycan sazının sintezi istiqamətində işə başlamışıq. Düzdür, bunu hələ açıb-ağartmırıq. Bilirsiniz ki, Araz Ozaro “O səs Fransa”da caz sahəsində böyük uğurlar qazanıb. Bizim Elvin Mehmanlı ilə birlikdə qrup yaradıblar, saz havalarının caz versiyalarını hazırlamaqla məşğuldurlar. İnanıram ki, onlar böyük uğur qazanacaqlar.

- Sualımı qəribə qarşılamayın: Azərbaycan aşığının dolanışığı necədir?

- Aşıqların dolanışı tarixən olduğu kimi bu gün də el məclislərindən çıxır. El məclisində aşığın istedadı rol oynayır. Məsələn, Samirə Əliyeva, Əli Tapdıqoğlu kimi güclü ifaçılar çox yaxşı dolanırlar. Onlarla belə adam saymaq olar. Bir qisim ifaçılar isə ifaları ilə bağlı çörək qazanmaqda çətinlik çəkirlər. Burda müxtəlif faktorlar var. Məsələn, istedadın zəifliyi, məclisi ələ almaq qabiliyyətinin aşağı olması və s. Təsəvvür edin, Əli Tapıdoğlu Şirvan aşığı olsa da Naxçıvana, Tovuza toya aparırlar. İstedadlı aşıq Ramin Qarayevi Rusiyaya məclisə aparırlar. Avdı Musayevin, Vüqar Mahmudoğlunun, Zülfiyyə İbadovanın boş vaxtını tapmırsan, həmişə toylardadırlar. Təbii ki, burda bizim təbliğatın da rolu var. Özüm televiziya verilişlərinə istedadlı aşıqları çıxarıram, təqdim edirəm. Bir-birindən istedadlı Kəlbəcər aşıqları var, onların toy problemi yoxdur. Məsələn, Şöhrət Kərimov, Elbrus Hüseynovu həmişə toylara çağırırlar. Aşıq toydan qazanmalıdır. Bu yüz illər boyudur belədir. Qurbani də, Abbas Tufarqanlı da, Ələsgər də, Şəmşir də belə olub. Aşıq elin içində olmalıdır və elin ruzisi ilə dolanmalıdır.

- Meyxanaçı aşıq mahnısı oxusa, sizin münasibətiniz dəyişəcək?

- Münasibətlər qarşılıqlı fayda götürməklə olmalıdır. Bu yoxdursa, aşığı aparıb meyxananın səviyyəsinə endirmək olmaz. Mən bunu qəbul etmirəm və aşıqlara da tövsiyə sayağı danlağımı çatdırdım ki, bir də belə hərəkət etməyin.

- Məhərrəm müəllim, bazarlarda, çayxanalarda 2-3 manata oxuyan aşıqlar var...

- Belə faktlardan xəbərdaram və əlbəttə, ürək ağrıdıcı məqamdır. Bir neçə dəfə mən özüm də rast gəlmişəm. Hətta onlar yaxınlaşıb məndən sifariş verməyimi istəyiblər, etiraz etmişəm. Aşıq elə olmalıdır ki, biz özümüz onu axtaraq. Elə olub, aşığın dalınca üç gün yol gedib təmtəraqla gətiriblər. Hər əlində saz gəzdirənə aşıq demək olmaz. Onlar aşıq yox, saz gəzdirənlərdir.

- Aşıqların bəlli geyim forması var. Bu forma həmişə belə olacaq, yoxsa dəyişiklik nəzərdə tutulub? Yaxud aşıqlar qalstukla oxuyurlar...

- Əvvəlcə qalstukdan başlayım. Aşıq qəti şəkildə qalstuk taxmamalıdır. Çünki qalstuk boğaza, oxumağa mane olur. Mən aşıqları qalstukla görəndə deyirəm ki, qalstuku açmaq lazımdır. Yaxud sazı sinəyə qaldıranda qalstuk gah o yana dartılır, gah bu yana. Təbriz aşıqlarının - Məhbub Xəlilinin, Çingiz Mehdipurun geyimləri var, o daha yaxşıdır. O nə bizim ənənəvi hərbi geyim kimidir, nə də bu biri cür. Bütün hallarda aşığın geyimi sıravi adamların geyimindən fərqlənməlidir. Bilinməlidir ki, burda oturan aşıqdır.

Yoxsa aşığın əlində saz olmasa, heç kim bilmir, aşıq kimdir. Geyimlə bağlı bir neçə variantda təkliflərimiz var. Mədəniyyət və turizm nazirimizin də istəyi budur ki, aşıqlarımıza yeni qiyafə hazırlansın və həmin geyimlər dövlət tərəfindən tikilib aşıqlara verilsin. Bu layihə üzərində iş gedir və inşallah baş tutacaq. İndi çəkmə ilə məclisə çıxmaq olmaz. O keçmişdə idi ki, aşıq 8-10 saat ayaq üstə dururdu, çəkmə ayaqların şişməyinin qarşısını alırdı. İndi yarım saat oxuyan adama nə çəkmə? Keçmişdə ata rahat minmək üçün qalife şalvar lazım idi. İndi hamı at əvəzinə “Mercedes”ə minir, ona görə də torba kimi sallanan şalvara ehtiyac yoxdur.

- Aşıq Sayat Nova üç dildə - Azərbaycan, erməni, gürcü dillərində yazıb-yaradıb. Bu il Azərbaycanda multikulturalizm ilidir. Sayat Novanın Azərbaycan dilində olan yaradıcılığını çap etmək mümkündür?

- Bilmirəm, erməni məsələsi haradan Sayat Novanın üstünə yazılıb. Əslində, Sayat Nova yox, Səyat Nəvadır. Bizim köhnə aşıqlarımız istənilən vaxt rus, gürcü, erməni dilində şeirlər deyirdilər. Səyat Nəva da erməni və gürcü dilində şeirlər yazıb. Amma onun əsas yaradıcılığı Azərbaycan dilindədir və Səyat Nəva erməni yox, Azərbaycan sənətkarıdır. Tiflisdə doğulub, azərbaycanlıdır. Zaman içində əlimizdən getdi, ermənilər dünyaya təqdim elədilər ki, erməni aşığıdır. Onun erməni olması ilə bağlı heç bir fakt yoxdur. Mirəli Seyidovun böyük tədqiqatları var ki, o, Azərbaycan aşığıdır. Multikulturalizm ilinə gəlincə, deyim ki, erməni aşıqlarının 300-ə yaxını Azərbaycan dilində yazıb-yaradıb, çalıb-oxuyub.

Unutmamalıyıq ki, onların içində çox istedadlı adamlar da olub. Şəmkirdə aşıq Yervant var idi, o Azərbaycan dilində çalıb-oxuyurdu. Hər dəfə mənə deyirdi ki, erməni dili aşığa uyğun deyil, saza yatmır. Sazın sırf Azərbaycan hadisəsi olduğunu öz dili ilə deyirdi. Bu gün dünyada erməni aşıqlarının təbliği var, amma unutmaq olmaz ki, Azərbaycan aşıq sənəti hər zaman erməni mədəniyyətini təsiri altına salıb. Bu gün Azərbaycan talış, ləzgi, türk, tat aşıqları var, onlar öz dillərində də, Azərbaycan dilində də çox rahat çalıb-oxuyurlar.

- İlin sonun qədər qurultayın keçiriləcəyini demişdiniz...

- Qurultay məsələsi qüvvədədir. Qurultay və festival bir yerdə olacaq.

- Sədrliyə namizədliyinizi verəcəksiniz?

- Mənim namizədliyimi aşıq sənətini sevən insanlar, aşıqlar verməlidir. Biz bütün gücümüzlə Azərbaycan dövlətinin, dövlətçiliyinin ideyalarını, prinsiplərini həyata keçirməklə məşğuluq. İnşallah, bayrağımız hər zaman yüksəklərdə olacaq, sazımız qürurlu səslənişi ilə onu öyəcək, tərifləyəcək.

 

Xalq Cəbhəsi.- 2016.- 22 oktyabr.- S.15.