Qloballaşma dövründə dinlərarası
və mədəniyyətlərarası dialoq
Son vaxtlar qloballaşma haqqında xeyli əsərlər
yazılmış və onun müxtəlif istiqamətləri
elmi araşdırmaların tədqiqat obyektinə
çevrilib.
Məlumdur ki, XX əsrdə bəşəriyyətin
elmi-texniki, sosial-iqtisadi, ictimai-siyasi, incəsənət və
mədəniyyət sahəsində əldə etdiyi
uğurlar, onun bütün tarix boyu əldə etdiyi nailiyyətlərdən
qat-qat yüksək olub. Qloballaşma
termini də XX əsrin 80-ci illərində meydana gəlib.
Qloballaşma termininin yaranması Amerika alimi
T.Levitin adıyla bağlıdır. Lakin
bu terminin elmi dövriyyəyə çıxarılmasında
Amerika sosioloqu R.Robertsonun mühüm rolu olub. Bundan
başqa, alimlərdən A.Kinq, A. Toynbi, B.Şnayder,
S.Xattinqton, A.Peççei, M.Uoters, C.Soros, K.Omaye, M.S.Makluen,
A.N.Bueva, Y.V.Yakovets və başqaları tərəfindən
qloballaşmanın mahiyyəti, onun istiqamətləri və
perspektivləri haqda bir çox araşdırmalar
aparılıb. Respublikamızda isə
qloballaşmanın fəlsəfi tədqiqi AMEA-nın Fəlsəfə,
Sosiologiya və Hüquq İnstitutunda həyata keçirilməkdədir.
Terminoloji cəhətdən qloballaşmanın hərfi mənasına
gəldikdə “qlobal”, “hər şeyi əhatə edən”,
“ümumdünya”, “ümumi planetar” hadisə mənasını
bildirir. Sosial-fəlsəfi planda
qloballaşmanın mahiyyətini şərh edərkən prosesin
sosiallığını və dünyəviliyini başa
düşmək lazımdır. Qloballaşmada
iqtisadi və maliyyə cəhətdən də inteqrasiya
prosesi baş verir. Bu prosesdə pul vahidi
kimi ABŞ dolları əsas tədiyyə vasitəsinə
çevrilib. Bəzən bu baxımdan bir
çox tədqiqatçılar qloballaşmanı
amerikanlaşma kimi təqdim edirlər. Digər
tərəfdən bəzi tədqiqatçılar isə
ABŞ-ın dünyada gedən hərbi-siyasi
(Əfqanıstan, İraq və s.), sosial-iqtisadi və mədəni
proseslərə müdaxiləsini əsas götürərək
qloballaşmanı amerikanlaşma kimi izah edirlər.
Fəlsəfə elmləri doktoru Sakit Hüseynov
yazır ki, qloballaşma – beynəlxalq səviyyədə
inteqrasiya prosesinin ən yüksək mərhələsi olub
dünya ölkələrinin mədəniyyət, iqtisadiyyat və
institusional yaxınlaşmasıdır. İqtisadi
baxımdan qloballaşma ümumdünya investisiya və
inteqrasiya mühitinin yaradılmasıdır. Siyasi kontekstdə isə qloballaşma müasir beynəlxalq
geosiyasi mərkəzlər arasında siyasi mübarizə və
siyasi rəqabətə əsaslı təsir göstərən
amillərdir. Bəzi tədqiqatçılar
qloballaşmanı bəşəriyyətin mövcudluğuna
əsaslı şəkildə təhlükə yaradan proses
kimi şərh edirlər. Bu fikirlər
hazırda qloballaşmaya qarşı çıxan
antiqlobalistlər hərəkatının formalaşmasında
mühüm rol oynayıb. Müşahidələr
göstərir ki, qloballaşma prosesinin güclənməsi əvvəllər
dünyanın ayrı-ayrı ölkələrində əsas
aparıcı rol oynayan milli və dini dəyərlərin əhəmiyyətinin
qismən itirilməsinə səbəb olur. Qloballaşma prosesində hər hansı cəmiyyətdə
milli dil və etnik sosial əlaqələrin
dağılması onların əvəzinə beynəlxalq
ünsiyyət vasitəsi olan ingilis dilinin əhəmiyyətinin
artması müşahidə edilir. Eyni zamanda, bu proses
milli və dini dəyərlərin tədricən azalmasına
və kütləvi mədəniyyətin formalaşmasına
müəyyən dərəcədə öz təsirini
göstərməkdədir. Rus alimi
A.N.Buyevanın fikrinə görə, qloballaşma prosesində
informasiya texnologiyaları ictimai-siyasi sistemin inkişafında
katalizator rolunu oynayaraq müxtəlif sosial proseslərə təkan
verir. Belə ki, qlobal kompüter şəbəkələri
müxtəlif bölgələrdə yaşayan insanlara
lazımi məlumatları qısa müddətdə əldə
etmək imkanı yaradır. Qloballaşmanı
təkcə, siyasi və sosial-iqtisadi proseslə xarakterizə
etmək düzgün deyil.
Tədqiqatçılar qloballaşmanın cəmiyyətin
bütün sahələrini, o cümlədən mədəniyyətin
sahəsini də əhatə etdiyini göstərirlər. Qloballaşma
heç də təkcə, iqtisadi fenomen, fərdin həyat
şəraitini yaxşılaşdırmaq və informasiyadan
istifadənin və onun ötürülməsinin yeni
yollarını yaratmaq demək deyildir. Qloballaşma
cəmiyyət həyatının bütün sahələrini,
o cümlədən sosial-siyasi aspektini əhatə edən
çoxsəpkili prosesdir. O, milli sosial-iqtisadi
qurumları vahid dünya iqtisadi və ictimai sistemi ilə
qarşılıqlı sürətdə bağlayan
ümumdünya hadisəsidir.
S.Hüseynov qeyd edib ki, qloballaşma dövründə mədəni
müxtəlifliyin – multikulturalizmin qorunub
saxlanılmasının vacibliyini göstərmək
üçün qeyd etmək lazımdır ki, bəşəriyyətin
fundamental mədəni sərvəti onun müxtəlifliyindədir. Fərqli mədəniyyətlərin
mövcudluğunun qorunması, mədəni müxtəlifliyin
zənginliyini dərk etmək, qarşılıqlı inam və
anlaşma şəraitində mədəni əməkdaşlığa
hörmətlə yanaşma, qloballaşma dövründə
mədəniyyətlər və dinlərarası dialoqun davam
etdirilməsinə zəmin yaradır. Mədəni
müxtəlifliyin tanınması ilə bağlı BMT
Konvensiyasına qoşulan Azərbaycan mədəniyyətlərarası
dialoqun zəruriliyini dərk edərək Şərq və Qərb
ölkələri arasında mədəni əməkdaşlığın
genişləndirilməsinə rəvac verməkdədir.
Qloballaşan dünyada hamımız bir-birimizə daha
yaxın olmuşuq. Xalqlararası, mədəniyyətlərarası,
dinlərarası dialoqun bu gün dərin məna kəsb etməsi
də məhz bununla bağlıdır. Bu dialoqu
inkişaf etdirərək, bu dialoqa dəstək verərək
biz müəyyən mənada terrorizmin formalaşmasına
xidmət edən bütün qaynaqları araşdırıb
onu kökündən məhv etməyə can atmalıyıq.
Dini tolerantlıq mədəniyyətinin
formalaşmasında mühüm rol oynayan amillərdən biri
də dinlərarası dialoqun genişlənməsidir. Qeyd edək ki, hazırki qloballaşma dövründə
dinlərarası dialoqun genişlənməsi həm nəzəri,
həm də praktiki cəhətdən mühüm əhəmiyyət
kəsb edir. Dinlərarası dialoq prosesində
əvvəlcə müxtəlif dinlər arasında
qarşılıqlı anlaşma yaranır, sonra isə birgə
əməkdaşlığa doğru fəaliyyət birliyinə
səy göstərilir. Üçüncü
minilliyin başlanğıcında bəşəriyyətin
qarşısında duran mühüm məsələlərdən
biri sivilizasiyalar arasında yarana biləcək mümkün
münaqişələrin qarşısının
alınması, eyni zamanda dinlərarası və mədəniyyətlərarası
dialoqun həyata keçirilməsindən ibarətdir. Qeyd etmək lazımdır ki, hazırda dinlərarası
və mədəniyyətlərarası dialoq əvvəlki
dövrlərlə müqayisədə daha çox
aktuallıq kəsb edən qlobal problemlərdən biridir.
Hazırki şəraitdə mədəniyyətlərarası
dialoq zərurətinin əsas səbəblərindən biri
planetdə kütləvi qırğın (nüvə və
s.) silahlarının həcminin çoxalması, müxtəlif
regionlarda terror hadisələrinin baş verməsi, planetdə
qlobal ekoloji gərginliyin artması, təbii fəlakətlərin
çoxalması və s. ilə şərtlənir. Bu baxımdan qeyd etmək lazımdır ki, müasir
dövrdə sivilizasiyalar arasında dialoq qlobal səviyyədə
bəşəriyyətin ehtiyaclarından birinə
çevrilib. Məlumdur ki, ABŞ-da baş verən
2001-ci il 11 sentyabr hadisələrindən
sonra dinlərarası və sivilizasiyalararası dialoq zərurəti
daha da aktuallaşmış və bu istiqamətdə
aparılan elmi-nəzəri tədqiqatların və əməli
tədbirlərin dəyəri daha da mühüm əhəmiyyət
kəsb etməyə başlamışdır. Təsadüfi
deyildir ki, XXI əsrin ilk ili - 2001-ci il BMT
Baş Assambleyası tərəfindən «Sivilizasiyalararası
dialoq ili» elan olunmuş və 2001-ci il 9 noyabr tarixdə BMT
Baş Assambleyasında «Sivilizasiyalararası dialoq
üçün qlobal gündəlik» adlanan qətnamə qəbul
edilmişdir. Bunlar onu göstərir ki,
qloballaşma dövründə sivilizasiyalararası dialoqun həyata
keçirilməsi daha çox əhəmiyyət kəsb
edir. Mədəniyyətlərarası və
dinlərarası dialoqla bağlı respublikamızda son illərdə
xeyli tədbirlər keçirilmiş, beynəlxalq elmi
konfranslar, genişmiqyaslı forumlar təşkil edilib. Məsələn, Azərbaycanda bu cür tədbirlərin
keçirilməsi Avropa mədəniyyəti ilə İslam
ölkələrinin mədəniyyəti arasında
respublikamızın körpü rolunu oynadığını
göstərən faktlardır. İki
sivilizasiya arasında mədəniyyətlərin və dinlərin
dialoqunun təşkil edilməsində mühüm rol oynayan
Azərbaycanın beynəlxalq aləmdə nüfuzu da getdikcə
artmaqdadır. Son illərdə Azərbaycan
Respublikası dinlərarası və mədəniyyətlərarası
dialoqla bağlı bir çox beynəlxalq konfranslara ev sahibliyi edib. Bu tədbirlərdən biri
2006-cı ilin aprelində Bakıda keçirilən «Azərbaycan:
sivilizasiyalararası dialoqun keçmişi və bu
günü» adlı konfransda Latın Mədəniyyəti
Akademiyasının böyük bir nümayəndə heyəti
də iştirak edib.
Qeyd edək
ki, Latın Mədəniyyəti Akademiyası (LMA) 2000-ci ildə
latın mənşəli ölkələrin
mədəni irsini qorumaq məqsədilə yaradılıb.
Latın Mədəniyyət Akademiyası son illərdə
«Latın dünyası və islam aləmi» mövzusunda
konfranslar keçirməklə latın və
islam sivilizasiyaları arasında dialoqun genişləndirilməsi
sahəsində xeyli işlər görüb. İndiyədək
Latın Mədəniyyət Akademiyası – Tehran, İskəndəriyyə,
İstanbul, Ankara və s. şəhərlərdə
konfranslar keçirərək mədəniyyətlərarası
dialoqa xidmət edən dəyərlərin
araşdırılmasına diqqəti yönəldib. Əsas
məqsədlərdən biri – Qərb rasionalizmini islam mədəniyyəti ilə zənginləşdirmək
və sivilizasiyalararası yarışda hegemonçuluğun
qarşısını almaqdır.
Qeyd edək
ki, konfransda çıxış edən Latın Mədəniyyət
Akademiyasının baş katibi Kandido Mendes Azərbaycanda mədəniyyətlərarası
vəziyyətin yaxşı olduğunu vurğulayıb:
«Böyük gələcək perspektivlərə malik bir
ölkə kimi, Azərbaycan xüsusi diqqətə layiqdir. Siz sırf Avrasiya ölkəsi deyilsiniz. Siz bu iki geosiyasi xətlərin
tarazlaşdırılmasını təmin edə biləcək
bir ölkəsiniz. Məhz buna görə Latın Mədəniyyəti
Akademiyası slavyanların, türklərin, digər Avrasiya
millətlərinin arasında korpü yaratmağa
çalışır.... Tarixin nə cür, nə
məcrada inkişaf etməsinin məhz Azərbaycandan
görünüşü bizim üçün vacibdir.
Buna görə, qarşınızda baş əyirik və bu
gözəl dialoqu məhz sizin ölkənizdə həyata
keçirdiyimizə görə təşəkkürümüzü
bildiririk.»
Aparılan müşahidələr göstərir ki, Azərbaycan
Respublikası dinlərarası və mədəniyyətlərarası
dialoqa artıq öz töhfəsini verməkdədir. 2008-ci il dekabrın 2-də
Avropa Şurasının üzvü olan dövlətlərin
mədəniyyət nazirlərinin «Mədəniyyətlərarası
dialoq Avropa və onun qonşu regionlarında davamlı
inkişafın və sülhün əsasıdır»
mövzusunda beynəlxalq konfransın Bakıda keçirilməsi
Azərbaycanın mədəniyyətlərarası dialoqda
müəyyən rol oynadığını göstərən
faktdır.
Cavid
Davamı var
Xalq Cəbhəsi.- 2016.- 22 oktyabr.-
S.13.