“Son 5 ildə ürək-damar xəstəsi
kimi qeydiyyata düşənlərin sayı 2 dəfədən
çox artıb”
Professor
Faiq Quliyev: “Azərbaycanda ürək transplantasiyası məsələsi
Səhiyyə Nazirliyi tərəfindən deyil, daha yüksək
səviyyədə qaldırılmalıdır”
Səhiyyə
Nazirliyinin baş kardioloqu, professor Faiq
Quliyevin APA-ya müsahibəsi
- Faiq həkim,
bütün dünyada olduğu kimi Azərbaycanda da bu gün
ürək-damar xəstəliklərinin digər xəstəliklərlə
müqayisədə daha çox yayıldığı
deyilir. Siz mövcud vəziyyəti necə qiymətləndirirsiniz?
- Son illər
Azərbaycanda icbari dispanserizasiya keçirilməsi nəticəsində
bir çox xəstəliklər, o cümlədən kardioloji
xəstəliklər daha erkən aşkarlanır. Kardioloji xəstələrin erkən aşkarlanaraq
müalicə olunması daha ekonomik olur. Bundan
əlavə, bəzi ürək-damar xəstəlikləri
proqressivləşib. Hələlik maksimal
olaraq bu proqressivləşmənin sürətini azalda bilirik.
Məsələn, hər hansı bir xəstəlik
ağır formada 5 ilə üzə çıxacaqsa, onun
15-20 ildən sonra üzə çıxmasına qədər
uzada bilərik.
Kardiologiyaya tək müayinə və müalicə
deyil, ürək-damar xəstəliklərinin profilaktikası
da daxildir. Bu sahədə əsas məsələ
profilaktikanın aparılmasıdır. Əgər
profilaktika düzgün aparılarsa, kardiologiyaya ayrılan vəsaitlərə
4 dəfə ekonomiya olunar. Profilaktik tədbirlərin
aparılmasına baxmayaraq ötən il
Avropa ölkələrində ürək-damar xəstəliklərindən
ölüm 4 milyon olub. Bunun 45%-ni kişilər,
55-ni isə qadınlar təşkil edib. Biz
hər zaman olduğu kimi ötən ildə də bu sayda
qadınların üstünlük təşkil edəcəyini
gözləyirdik. Azərbaycanda isə
qadınlara nisbətən kişilər daha çox ürək-damar
xəstəliklərindən əziyyət çəkir.
- Azərbaycanda
ürək-damar sistemi xəstəliklərinin yaranmasında
daha çox hansı faktorlar üstünlük təşkil
edir?
- Ürək-damar
xəstəliklərində əsas risk faktoru arterial
hipertenziyadır. Təzyiq qalxdıqda həmin an
dərmanın qəbul edilməsi də düzgün deyil. Öncə xəstəliyin profilaktikası
aparılmalı, əgər effektiv nəticə verməsə,
müalicəyə keçilməlidir. İkinci
böyük risk faktoru ripid mübadilənin, yəni maddələr
mübadiləsinin pozulmasıdır. Bu da
düzgün qidalanmamaqdan asılıdır. Bu sahədə də profilaktika düzgün
aparılmalıdır. İnsanlar bilməlidir
ki, nəyi qəbul etmək olar, nəyi yox. Bu xəstəliklərdə standart dieta yoxdur. Vaxtında dietaya başlamaq, ümumi çəkini,
arterial təzyiqi nəzarətdə saxlamaq ürək-damar xəstəliklərinin
azalmasına gətirib çıxarır. Əgər kifayət qədər profilaktika olmasa,
ürək-damar xəstəlikləri indiki kimi birinci yerdə
qalacaq.
- Xəstəliklərin
yayılmasında genetik amilin rolu nə dərəcədədir?
- Son tədqiqatlar
göstərir ki, ürək-damar xəstəliklərinin
genetik dəyişiklərlə çox sıx əlaqəsi
var. Xaricdə kardio-genetika sürətlə inkişaf edir. Biz bu sahədə geri qalmışıq. Bu tədqiqatlar, aparılan analizlər
bahalıdır. Amma ölkədə
inkişaf olarsa, xəstəliklərlə bağlı
çox şeyi araşdırmaq olar. Bəzən
şəkərli diabet xəstəsi müalicəyə o qədər
də riayət etmir, amma nəticəsi yaxşı olur, digər
xəstədə də isə əksinə olaraq hər bir
qaydaya riayət etsə də, şəkərli diabet bəzi
fəsadlar verir. Deməli, bu məsələdə
genetik amillərin rolu yüksəkdir. Genetik
dəyişiklər vaxtında aşkar olunarsa, insanlar
düzgün rejimə əməl etmədikdə onda hansı
problemlərin yaranacağını bilmək mümkün
olar.
5 il bundan öncə Azərbaycanda ürək xəstəliklərində
ölüm halları əsasən işemiyadan olurdu. Kardiocərrahiyyə
nisbətən az inkişaf etdiyinə
görə Avropa ölkələrindən bu sahədə geri
qalmışdıq. Amma bu gün kardiocərrahiyyə
inkişaf edib, ölkədə süni ürək əməliyyatına
kimi icra edilir.
Müalicə üsulları heç də xaricdə
olan üsullardan fərqli deyil. Azərbaycanda bəzi
orqanların transplantasiyası aparılsa da, ürəklə
bağlı bunu etmək mümkün deyil. Məsələn, Rusiyada əgər bir şəxs
avtoqəza nəticəsində ölürsə, onun meyiti
soyuducu kameraya qoyulur. Onun yaxını
olmasa, oradan götürülməsə, bu şəxsin
ürəyi transplantasiya üçün hazırlanır.
Hələlik bizdə bu yoxdur. Ona görə də ölkəmizdə ürək
transplantasiyası geridə qalıb. Bu məsələ
Səhiyyə Nazirliyi tərəfindən deyil, daha yüksək
səviyyədə qaldırılmalıdır. Azərbaycanda ürək qüsurlarının
müalicəsi, protezlərin qoyulması, damarların dəyişilməsi,
şuntlama kimi proseslər icra edilir. Bizdə
ürək-damar xəstəliklərinin yayılması Fransa,
Portuqaliya, İtaliya, Almaniya kimi ölkələrdən daha
çoxdur. Bu da kardio-profilaktikadan
asılıdır. Həmin ölkələrin
dietaları, regionları fərqlidir.
- Azərbaycanda
ürək-damar xəstəliklərinin cavanlaşması da
müşahidə olunur. Bunun əsas səbəbləri
nədir?
- Bu xəstəliyin
cavanlaşmasının ən mühüm səbəbi piylənmə-metabolik
sindromla bağlıdır. Bunun da
qarşısını uşaq yaşlarından almaq
lazımdır. Əgər uşaqlar dərsdən
sonra dönər yeyirlərsə, qazlı şirəli
içkilər içirlərsə, bu piylənməyə səbəb
olacaq və nəticədə ürək-damar xəstəlikləri
yaranacaq. Bəzi ölkələrdə məktəb,
universitetlərdə qazlı, şirin içkilərin,
şokoladın satışına icazə verilmir. Bu məsələ hökumət səviyyəsində
Azərbaycanda da tətbiq olunsaydı çox yaxşı
olardı. Çünki xəstəliyin
qarşısını almaq üçün Azərbaycanda da
belə işlərin görülməsinə ehtiyac var. Xəstəliklərin
qarşısını almaq üçün bəzi yerlərdə
sağlamlığa zərər verən məhsulların
satışına qadağa qoyulmalıdır. Səhiyyə Nazirliyi xəstəxanalardakı yeməklərə
nəzarət edir. Amma tibb müəssisələrindən
kənarda qazlı, şirəli içkilərin, pirojkilərin
satılmasının qarşısını ala bilməz.
Bu məsələlər hökumət tərəfindən
tənzimləməlidir. Şagirdlərlə
müəyyən təbliğat aparılmalıdır və
daha yüksək səviyyədə tənzimlənməlidir.
Əvvəllər əhali daha çox göyərti
yeyirdi, nəinki indi. İndi əgər sən göyərti
yeyirsənsə, sənə kənddən gələn kimi
baxırlar. Normal qidalanmada göyərti, tərəvəz
məhsulları üstünlük təşkil etməlidir.
Bunlar nəinki ürək-damar xəstəlikləri,
eyni zamanda onkoloji xəstəliklərin riskini azalda bilər.
Ümumi faizlə götürdükdə ürək-damar
xəstəliklərinə yaşlı insanlarda daha çox
rast gəlinir.
Əgər əvvəllər bu xəstəliklərin
vaxtında diaqnozu qoyulmurdusa, indi onları erkən diaqnostika ilə
müəyyən etmək olur. Əvvəllər
cavanların diaqnozu, ölüm səbəbləri məlum
deyildisə, indi biz onları bilirik. Ölkə
nə qədər çox inkişaf edirsə, orada bu xəstəliklər
də daha çox artır. Kompüterlə
işləmə, fiziki aktivliyin azalması, psixoloji gərginliyin
artması bu xəstəliklərin artmasına səbəb
olur. Ofis işi normal qidalanmanı da pozur.
Bir zamanlar işdə 1 saatlıq yemək fasiləsi
var idi. Bu gün həmin vaxt 10 dəqiqə
davam edir və yemək ayaqüstü olur. İnsanlar zehni gücləndirmək
üçün daha çox şirin şeylərdən
istifadə edirlər.
Hərəkətsiz həyat tərzi
sağlamlığa ziyan edir. Tək bizim ölkədə
yox, digər inkişaf etmiş ölkələrdə də
ürək-damar xəstəlikləri daha çoxdur. Ölkə inkişaf etdikcə bu cür xəstəliklər
də artacaq və onun qabağını almaq mümkün
deyil. Zamanın tələblərinə əsasən
ürək-damar xəstəlikləri hər il
mütəmadi olaraq artır. Son 5 ildə ürək-damar
xəstəsi kimi qeydiyyata düşənlərin sayı 2 dəfədən
çox artıb. Bu xəstəliklərin
qarşısını almaq üçün ancaq profilaktik və
maarifləndirici tədbirlər lazımdır.
- Bir
neçə il öncə mətbuata
açıqlamanızda bildirmişdiniz ki, bu sahə üzrə
əsas problem kadrların hazırlanması ilə
bağlıdır. Bu gün mövcud vəziyyət
necədir? Yeni açılan tibb müəssisələrində
müasir avadanlıqlarla işləməyi bacaran ixtisaslı
kadrlar varmı?
- Bu sahədə
müəyyən problemlər var, lakin zaman-zaman həll olunur.
Əvvəllər Azərbaycan Tibb Universitetini
bitirən şəxs praktik cəhətdən bir o qədər
hazırlıqlı olmurdu. Amma indi nazirlik
tərəfindən məsələ
standartlaşdırılıb və həkimlərin
hazırlığı tələb olunur. Artıq
həkimlər mütəxəssis olmaq üçün
imtahan verərək rezidenturaya qəbul olunur, institutu bitirəndən
sonra əlavə elmi-praktiki həkim kimi
çalışırlar. Ondan sonra onlar
mütəxəssis hesab olunur. Ötən il rezidenturanın ilk buraxılış olub və
ildən-ilə burada oxumaq istəyənlərin sayı daha da
artır. Rezidenturanı keçməyənlər
gələcəkdə cərrah, kardioloq, sahə həkimi
kimi işləyə bilməyəcək.
- Ürək-damar
xəstəlikləri ilə bağlı uşaqlar arasında
vəziyyət necədir?
-
Diaqnostik imkanlar inkişaf etdiyinə görə uşaqlar
arasında da bu xəstəliklərin sayı artıb. Ürək qüsurlarının yaranmasına
müxtəlif faktorlar təsir edir. İqlim
dəyişiklərinin də ürək-qan damar sistemi xəstəliklərinin
artmasında rolu var. Bu, eyni zamanda ağciyər və digər
orqanlara da təsir göstərir. İqlimin
mənfi fəsadlarını bilirik, amma ona təsir etməyə
heç bir imkan yoxdur. Yadımdadır, biz uşaq olanda,
məktəbdə oxuyanda deyirdilər ki, sabah
güclü qar yağacaq və dərs olmayacaq. Həmin vaxt qar dizdən yuxarı olurdu. İndi qar yoxdur və nəvələrimiz qar
yağanda sevinir ki, heç olmasa əlimdə qar saxlaya bildim.
Bütün bu və digər iqlim dəyişiklikləri
xəstəliklərin yaranmasına və artmasına da təsir
edir.
Xalq Cəbhəsi.- 2016.- 25 oktyabr.-
S.15.