Səfəvi dövlətində hakimiyyət
orqanları və türk əyanları
7-ci yazı
Seyid
Hüseyn bin Murtuza Hüseyni Astrabadi h. 953(1546)-cü il hadisələrindən bəhs edərkən
zamanın ən nüfuzlu əmirlərindən Sevindik bəy
Əfşarın qorçubaşı olduğunun və onun
qeyd olunan ildə Əlqas Mirzənin itaətsizliyini aradan
qaldırmaq üçün Şirvana göndərilən
mötəbər əyanların tərkibində olduğunu
yazır. Sevindik bəy Əfşar 1538-ci ildən
1562-ci ilə qədər qorçubaşı vəzifəsində
olmuşdu Əfşarlardan Qulu bəy Əfşarı II
Şah İsmayıl qorçubaşı təyin etmiş və
o, Sultan Məhəmmədin də dövründə (1578-1587)
bu vəzifədə olmuşdu.
I Şah Abbas taxta çıxdıqda (1587) Əbərqu
(Əbərguh) hakimi olan Yusif xan Əfşar
qorçubaşı vəzifəsinə təyin edilmişdi. Onun atası
Qulu bəy Əfşar da Sultan Məhəmməd
dövründə qorçubaşı olmuşdu. Yusif xanın bu vəzifəyə təyin
olunmasında atası ilə yaxın olmuş
Mürşüdqulu xan Ustaclının böyük rolu
olmuşdu. Ancaq buna baxmayaraq Yusif xan
Mürşüdqulu xan Ustaclını aradan götürmək
istəyən əmirlərə qoşulmuş, ancaq onlar
uğursuzluğa düçar olmuş və Yusif xan
Əfşar da yaxalanmışdı.
Fəqət
Mürşüdqulu xan Ustaclının ricası ilə onu edam etməyib, həbs cəzasına məhkum
etmişdilər. Qorçubaşı vəzifəsi
isə Bədr xan Əfşara verilmişdi. O, 1588-ci ildə
Astrabada hakim göndərildikdə ali
divanda böyük mənsəb olan qorçubaşı vəzifəsinə
Vəli xan Əfşar təyin edilir. İskəndər bəy
Münşinin yazdığına görə
qorçubaşılıq ali divanda
çox yüksək mənsəb olub dövlətin əsas
dayağı idi. I Şah Abbasa qədər
böyük və nizami qorçular silkində olan Allahqulu bəy
Qapanoğlu Qacar yüzbaşı rütbəsinə yüksəlmiş
və 1591-ci ildə qorçubaşı olmuşdu. O, I
Şah Abbasın hakimiyyətinin on doqquzuncu ilində də bu
vəzifədə idi və Şahın buyruğu ilə Mərəndin
Osmanlı ordusundan qorunmasına göndərilmişdi.
1611-ci ildə
Seyid bəy bin Məsum bəy Səfəvinin oğlu İsa bəy
qorçubaşı təyin edilir. O, şahlıq sülaləsi
ilə qohum olub, yüzbaşı rütbəsindən
qorçubaşı mənsəbinə yüksəlmişdi.
I Şah Səfi də dövlətin hərbi təşkilatında
əsasən qorçulara arxalandığına görə,
bu əsgəri heyətin başçısı əvvəlki
Səfəvi şahlarının dövründəki kimi,
türk əsilzadələrindən təyin edilirdi. "Zeyl-ı-tarix-i alamara-yi Abbasi" də qeyd
edilir ki, I Şah Səfinin hakimiyyətinin ilk illərində
qorçubaşı Məsum bəy Səfəvinin nəvəsi
və I Şah Abbasın qızı Zübeydə bəyimin əri
İsa xan Səfəvi olub, o, ata xətti ilə Şeyx
Cüneydin nəslindən idi. Şeyxavənd
soyundan İsa xan kimi nüfuzlu əyanın
qorçubaşı vəzifəsində olmasından I
Şah Səfi ehtiyat etmiş və hakimiyyətinə kölgə
salacağından qorxub onun aradan götürülməsini qərara
almışdı. O, bu işi Şeyx Zahid Gilanın nəslindən
olan dövlət məmuru Çıraq xan Zahidiyə
tapşırır. Seyid Hüseyn bin Murtuza Hüseyni Astrabadi
yazır ki, Çıraq xan qorçubaşı İsa xanla
söhbətində onun Səfəvi nəslindən
olduğuna işarə edərək böyük oğlu Seyid
Məhəmməd xanın şahlığa layiq
olmasını söyləmiş, ancaq İsa xan ona
cavabında bildirmişdi ki, Səfəvilərlə əmizadə
olsalar da, şahlıq Şah İsmayıl və Şah Təhmasib
ailəsinə mənsubdur. Lakin bu söhbət
şaha olduğu kimi çatdırılmamış, həm də
Şaha İsa xan haqqında başqa yanlış məlumatlar
da söylənilmişdi.
H. 1041
(m.1632)-ci ildə Xızır Nəbi bayramında Şeyxavənd
nəslindən olan bütün xanlar, əsilzadələr
saraya dəvət edilir. Bu bayram günü
şah sipəhsalar Rüstəm xan və Çıraq xan
Zahidliyə göstəriş verir ki,
qorçubaşını övladları ilə birlikdə qətl
etsinlər. Onlar
qorçubaşının evinə gedib onun oğlunun
üçünün də hərbi vəzifədən azad
edilib Ələmut qalasına göndərilməsi barədə
Şahdan buyruq aldıqları adı ilə Çaharbağa
gətirib orada öldürdülər. Qorçubaşı
vəzifəsi 1632-ci ildə Çıraq xan Zahidliyə
tapşırılır. İsa xan Səfəvinin
tiyulu, bütün əmlakı və evi müsadirə edilib
ona verildi.
İsa xan Səfəvi Çıraq xanın nəzarəti
altında ibadətlə məşğul olmalı və
gündəlik xərcləri üçün ona 100 tümən
verilməli idi. Ancaq çox keçmədi ki, İsa xan
Ərdəbil yaxınlığında ölüm cəzasına
məhkum edildi və onun nəşi Kərbəlaya göndərilib,
orada dəfn edildi. Qorçubaşı vəzifəsi
bir qayda olaraq türk əsilzadələrinə aid olduğuna
görə, Çıraq xan Zahidi bu vəzifədə
çox qalmamış və 1633-cü ildə hərəkətlərində
qüsurlara yol verməsi bəhanə edilmiş, edam olunmuşdu. Həmin ildə
qorçubaşı vəzifəsi Kirman hakimi, həm də
möhürdar vəzifəsində olan Zülqədər
türk tayfasının Söklən obasının
böyük əmirlərindən Əmir xan Zülqədərə
tapşırılır. O, uzun müddət siravi
qorçu olmuş, kifayət qədər hərbi təcrübə
qazanıb yüzbaşı rütbəsinə layiq
görülmüş və sonra möhürdar, Xar-Simnan, və
nəhayət Kirman hakimi kimi məsul vəzifələrdə
çalışmış və nəhayət
qorçubaşı hərbi vəzifəsinə yüksəlmişdi.
Molla Kamal 1638-ci ildə Osmanlı ordusu Bağdadı
mühasirə edərkən Canı bəy Şamlının
qorçubaşı olduğunu qeyd edir. O, 1645-ci ilə qədər
bu vəzifədə olmuşdu. "Abbasnamə"nin verdiyi məlumata görə 22 şaban 1055
(m.1645)-ci ildə qorçubaşı Canı xan
(Şamlı) öldürüldükdən sonra bu vəzifəyə
yenə türk Şamlı elinin Biçərli obasından
olan hərbi əsilzadə Murtuzaqulu xan təyin edilmişdi.
Molla Kamal yazır ki, h. 1059 (m. 1649)-cu ildə
qorçubaşı Murtuzaqulu bəy (xan) Şamlı sərxoşluq
və bir çox başqa bəd əməllərinə
görə edam edilir və bu vəzifə
Qızılbaş-Türk əsilzadəsi Mehrab xanın
oğlu Murtuzaqulu xan Qacara verilir. "Abbasnamə" də
Murtuzaqulu xan Qacarın da pis əməllərinə görə
h. 1074 (m.1663)-cü ildə edam olunduğu
və əmlakının da müsadirə edildiyi göstərilir.
Onu Şahın göstərişi əsasında
şəmşir qorçusu Hüseynqulu xan Şamlı qətl
etmişdi. Şahın buyruğu əsasında
Murtuzaqulu xan Qacarın Təbriz bəylərbəyinin
canişini olan oğlu Mustafaqulu xan da həbs edilib Kelat
qalasına göndərilmiş, əmlakı da müsadirə
olunmuşdu. Mənbənin verdiyi məlumata
görə qorçubaşı yenə də Qacar elindən
təyin edilir (h.1074-m. 1663). Yeni
qorçubaşı Qarabağ bəylərbəyi İmamqulu
xan Qacar idi. Qullarağası orduda rütbəsinə
görə ikinci yeri tuturdu.
Ancaq
Sansona görə, Şahın qulamlarının rəisi olan
qullarağası ali dövlət
strukturunda üçüncü yerdə dayanırdı. «Təzkirət əl müluk»da «alicah»
qullarağasının da canqı əmirlərindən
olduğu qeyd edilib. Əsərdə
göstərilir ki, qullarağası qorçubaşıdan
sonra işıqlı dövlətin dayağı və əmirlərinin
ən böyüyü və Şahın şərəfli
xassə qulamlarının hamısının
ağsaqqalıdır. Bütün qulamların tiyul, həmesale
məvacibi və mükafatları, barat, yəni məvacib qəbzləri
və onların köçürülməsi onun təqdimatından
sonra, ali divan vəziri tərəfindən
yazılı icazə ilə öz həllini tapırdı. Dövlət və əyalətdə qulluq,
yüzbaşılıq, minbaşılıq vəzifələri
və bütün qulların tiyul, məvacib və
mükafatı qullarağasının yazılı müraciəti
əsasnda baş vəzirin tərtib etdiyi təliqəyə
görə verilirdi. Qulamlara aid
bütün işləri həmin idarənin ağsaqqalı
olan qullarağası araşdırıb həll edirdi.
Qulamların qulluq məvacibləri, tiyul, həmesale və
mükafatları haqqındakı hökm və sənədləri
qullarağası təsdiq edib möhürləyirdi. Qulamların
rütbə siyahısı, bu təşkilatın vəzir və
mustoufisi tərəfindən Şahın hüzurunda şəxsən
onun özünə ərz olunurdu. Dövlət
şurası əmirlərindən olan
eşikağasıbaşı dövlətin ən mötəbər
qulluqçularından olub, onlara hətta elçilik kimi məsuliyyətli
missiya da tapşırılırdı. Adam
Oleari bu barədə yazırdı ki, onlardan İmamqulu xan
hazırda Holşteyn hersoqunun sarayına göndərilmişdi.
Adam Olearinin yazdığına görə Holşteynli
elçilər İsfahana çatdıqları zaman Murtuzqulu
xan adlı şəxs eşikağasıbaşı vəzifəsində
idi ki, o, özündən əvvəlki
eşikağasıbaşını çuğullayaraq edam etdirməyə nail olduqdan sonra bu vəzifəni
tutmuşdu. O, çoban oğlu olub atası çadır,
yaxud komada yaşayırdı. Bu qəbildən
olan adamları burada türk adlandırırlar. Hansi ki, əski
çağlardan bəri kəndlər salmış əkinçiliklə,
sənətkarlıqla məşğul olan, Şamaxıda da,
Ərdəbildə də özünün yazdığı
kimi onları “xoş gəldi” deyə qarşılayanlar da
türklər idilər. Səfəvi ölkəsində şəxsən
gördüklərini, öyrəndiklərini gündəliyində
bəzən təhlil etmədən olduğu kimi yazıya alan səyyah müəyyən ziddiyyətlərə
də yol vermişdir. Ancaq onun gündəliyindəki
bu ziddiyyətli faktları tutuşdurub təhlil etməklə
doğru elmi nəticələr əldə etmək
mümkündür. Onun qeydlərində
«çadır» yaxud «komada» yaşayanların türk olub
dövlətdə yüksək vəzifələrdə
çalışdıqları bildirilir. Əslində
səyyahın gündəliyində «çadır»larda
yaşayanlar kimi qeyd edilən ölkə əhalisi xüsusi
imtiyazlarla təmin olunmuş və dövlətin əsas
dayaqlarından ibarət olan yarımköçəri türk
elləri idilər. Sarayı içəridən
qoruyan yasovullara və sarayı dişarıdan mühafizə
edən cəzair alayına başçılıq edən
eşikağasıbaşı saray məclislərində nizam-intizamın
yaradılmasına birbaşa məsuliyyət
daşıyırdı.
Eşikağasıbaşı
haqqında Mirzə Səmia yazır ki, o, bütün söhbət
yasavullarının, divan eşikağasılarının,
divan qapıçıları və ağalarının divan
carçı və yasovullarının ağsaqqalıdır
və Şah məclisində iştirak edən əcnəbi
ölkə elçilərinin, əyanların, xidmətçilərin,
qulluqçuların davranış qaydalarını müəyyənləşdirmək,
nizam-intizamı qorumaq birbaşa onun səlahiyyətinə aid
idi. Məclisdə qayda-qanunlara ciddi əməl
olunması ilə bağlı məsələlərdə də
eşikağasıbaşı birbaşa əmrlərə aid
təlimat üzrə məsuliyyət daşıyırdı.
Tavernye yazırdı ki, bir neçə nəfər
yüksək mənsəbli məmura başçılıq
edən eşikağasıbaşı vəzifəsi
Fransadakı təşrifat rəisinə bənzəyirdi.
Eşikağasıbaşını “baş marşal”
adlandıran Adam Oleariyə görə isə onun tabeliyində
qırx nəfər eşikağası
çalışırdı ki, onlar dörd-dörd, yaxud
beş-beş növbə ilə yarım il
müddətində sarayda xidmətlərini yerinə yetirirdilər.
Onlar şah sarayının giriş
qapısını qoruduqlarına görə həm də
qapıçı adlanırdılar. Əcnəbi
ölkələrindən gələn elçiləri də
eşikağasıbaşı rəsmi qəbul günlərində
yerli qayda əsasında şaha təqdim edirdi. Bu məclislərdə şahın xidmətində
olan yasavullar da eşikağasıbaşına tabe idilər.
Eşikağasıbaşının əmri altında
olanların məvacib, tiyul və həmesaləsi barədə,
onun özünün təqdimatını baş vəzir qəbul
etdikdən sonra bu barədə yazılı hökm verilirdi. Müəyyən
xidmətçiləri əvəz etmək istəyənlərin
məvacibi, həmesale, tiyulu, baratı
eşikağasıbaşının icazəsi və
möhrü ilə müəyyən edilirdi. Eşikağasıbaşı ona tabe olan mülazimlərin
məvaciblərinə əlavələr barədə olan
hökmləri, onların tiyul, həməsale, məvaciblərinin
hökmlərini imzası və möhrü ilə təsdiqldəməli
idi. Yüksək divan ləşkərnəvisi,
vəziri və sərxəttnəvisi həmin
eşikağasıbaşının idarəsinin musoufiləri
idilər.
Zabil Bayramlı
tarix üzrə elmlər doktoru, professor
Xalq Cəbhəsi.- 2016.- 26 oktyabr.-
S.14.