Qloballaşma dövründə dinlərarası
və mədəniyyətlərarası dialoq
(əvvəli ötən sayımızda, III
yazı)
Azərbaycan-Rusiya münasibətləri tarixində
qarşılıqlı humanitar və mədəni əlaqələrin
araşdırılmasına gəldikdə qeyd etmək
lazımdır ki, bu əlaqələr geniş bir tarixi
dövrü əhatə edir. Azərbaycanın
Rusiya ilə mədəni-humanitar əlaqələrinin uzun bir
tarixi dövrü əhatə etməsini tanınmış
elm adamlarımız da qeyd ediblər. S.Hüseynov
onu da qeyd edib ki, Azərbaycan və Rusiya xalqları arasında
qarşılıqlı sosial-humanitar və mədəni əlaqələr
müstəqillik dövründə də davam etmiş və
genişlənib. Məsələn, 2001-ci il
oktyabrın 12-də Bakıda rus poeziyasının dahisi
A.S.Puşkinin və 2002-ci il iyunun 9-da Sankt-Peterburqda dahi Azərbaycan
şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin
açılışı əməkdaşlığımızın
tamamilə yeni müstəviyə keçməsinin əlaməti
olub. Bu əslində Azərbaycan-Rusiya strateji əməkdaşlıq
proqramının başlanğıcı idi. Buradan göründüyü kimi, müstəqillik
dövründə hər iki xalq arasında mədəni əməkdaşlıq
sahəsində geniş əlaqələr qurulmuş və mədəniyyət
sahəsində hər iki xalqın qarşılıqlı
şəkildə bir-birindən faydalanması genişlənib.
Müasir qloballaşma şəraitində dünya
prosesində mühüm rol oynayan amillərdən biri mədəniyyətlərarası
dialoqun genişlənməsi məsələsidir. Başqa sahələrdə
olduğu kimi, ölkəmiz dinlərarası və mədəniyyətlərarası
dialoq sahəsində də beynəlxalq tədbirlərdə fəal
iştirak edir və bu baxımdan Azərbaycan artıq mədəniyyətlərarası
dialoq məkanı kimi tanınıb. Son
illərdə dinlərarası və mədəniyyətlərarası
dialoqa həsr edilmiş böyük beynəlxalq tədbirlərin
Bakıda keçirilməsi dediklərimizə sübutdur.
Məlumdur ki, bu sahədə geniş beynəlxalq tədbir
sayılan Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumu 7-9 aprel 2011-ci il tarixində Bakı
şəhərində keçirilib.
Qeyd edək
ki, «Mədəniyyətlərin dialoqu» Dünya Forumu çərçivəsində
“Müasir Dünyada Mədəniyyətlərin Müxtəlifliyi
və Dialoq Fəlsəfəsi” mövzusunda 2011-ci il aprelin 7-9-da Bakıda keçirilmiş
konfrasın iştirakçıları Memorandum
imzalayıblar. Memorandumda deyilir: «Avropa, Asiya və Afrikanın
tanınmış filisoflarının iştirak etdiyi
«Müasir dünyada Mədəniyyətlərin Müxtəlifliyi
və Dialoq Fəlsəfəsi» mövzusunda
küçirilmiş Beynəlxalq Konfrans qeyd etdi ki,
qloballaşma şəraitində dünya mədəniyyətlərinin
özgürlüyü və müxtəlifliyinin mühafizəsi
üzrə ciddi səylərin göstərilməsi ilə
yanaşı, mədəniyyətlərin
qarşılıqlı əlaqələri genişlənir.
Əminliklə bildirildi ki, bu şəraitdə mədəniyyətlərin
dialoqunun məntiqi və konstruktiv alternativi yoxdur... Konfrans qeyd
etməyi lazım bilir ki, Dünya Forumu və «Müasir
dünyada Mədəniyyətlərin Müxtəlifliyi və
Dialoq Fəlsəfəsi» Beynəlxalq Konfransının
Bakıda keçirilməsi Azərbaycanın dünyada əməkdaşlığın
möhkəmləndirilməsi və qarşılıqlı
etimad mühitinin bərqərar edilməsi, dialoq fəlsəfəsinin
dərinləşdirilməsi üzrə səylərin tamamilə
düzgün və tədqirəlayiq olduğunu bir daha təsdiq
edir. Konfrans yalnız fəlsəfənin, tərbiyə
işində dialektik təfəkkür və müxtəliflik
mədəniyyətinin (multikulturalizmin)
üstünlüyünü təmin edərək, mədəniyyətlərin
dialoqunun ümumi anlayışları, forma və məzmununu
işləyib meydana çıxardığını qeyd edərək:
–
Çıxış və müzakirələrdə səsləndirilmiş
fikirlərin elmi-nəzəri və praktiki əhəmiyyətini
nəzərə alaraq konfrans materiallarının dərc
olunmasını lazım bilir;
– Fəlsəfə
təşkilatları arasında əməkdaşlıq və
qarşılıqlı etimadın yaradılmasına
çalışan bir təşkilat kimi Avropa və Asiya Fəlsəfə
İnstitutları Beynəlxalq Assosiasiyasının fəaliyyətini
dəstəkləyir;
– Filosofları
mədəniyyətlərin dialoqu problemlərinin tədqiqində
əməkdaşlığa kömək etməyə və
bununla da dünyada mədəniyyətlərin
qarşılıqlı əlaqəsi və
özgürlüyünün qorunub saxlanması işinə
töhvə verməyə çağırır.»
Alim bildirir ki, dinlərin və mədəniyyətlərin
dialoqu sahəsində beynəlxalq konfransların Azərbaycanda
tez-tez keçirilməsi respublikamızı bu sahədə
müəyyən tədbirləri həyata keçirməyə
vadar etmişdir. Bu tədbirlərdən biri Azərbaycan
Respiblikasının Prezidentinin «Azərbaycan Respublikasında
Ümumdünya Mədəniyyətlərarası Dialoq Formunun
təşkili barədə» 27 may 2011 tarixli fərmanıdır.
Prezidentin bu fərmanında deyilir: «Azərbaycan Respublikası
Konstitutsiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq ölkəmizin İslam dünyası ilə Qərb
sivilizasiyası və eləcə də digər mədəniyyətləri
təmsil edən xalqlar arasında dialoqun və etimadın
möhkəmləndirilməsində mühüm rolu nəzərə
alınmaqla, müxtəlif mədəniyyətlər
arasında əməkdaşlıq üçün qlobal
platformanın təmsil edilməsi və Azərbaycan
xalqının tolerant mədəniyyətinin, tarixi ənənələrinin
beynəlxalq aləmə tanıdılması məqsədilə
qərara alıram: Azərbaycan Respublikasında 2011-ci ildən
başlayaraq hər iki ildən bir Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu təşkil edilsin.
Prezidentin bu fərmanından göründüyü kimi,
mədəniyyətlərin dialoqu, müxtəlif bölgələrin
kulturoloji nəzəriyyələrinin bir-birinə dialektik təsiri
sahəsində Azərbaycan Respublikası son illərdə mədəniyyətlərin
dialoqu məkanına və ölkəmizdə davamlı
inkişafın həyata keçirilməsinə təkan verən
bir dövlətə çevrilməkdədir. Son illər ərzində
respublikamızda elm, təhsil, mədəniyyət, səhiyyə
və idmanın inkişafı, regionların sosial-iqtisadi
inkişafının sürətləndirilməsi, iri sənaye
müəssisələrində istehsal proseslərinin bərpası,
yeni istehsal sahələrinin yaradılması, minlərlə
iş yerlərinin açılması, maddi-mənəvi abidələrimizin,
müqəddəs ocaqlarımızın bərpa edilməsi
istiqamətində böyük nailiyyətlər əldə
edilib. Müxtəlif mədəniyyətlərin
bir-birinə qarşılıqlı təsiri, mədəniyyətlərarası
dialoqun ən uğurlu vasitə kimi qəbul olunduğu
müasir qloballaşma şəraitində beynəlxalq mədəni
proseslərdə ölkəmizin nüfuzunun artması ilə
yanaşı, Azərbaycan beynəlxalq səviyyədə mədəniyyətlərarası
və dinlərarası dialoqun məkanı kimi tanınıb.
Ötən illər ərzində Azərbaycan mədəniyyətinin
tətbiqi, təşviqi, qorunması və elmi tədqiqatların
inkişafı, elm və təhsil sahəsində beynəlxalq
əməkdaşlığın genişləndirilməsi
istiqamətində müəyyən işlər
görülüb. Məsələn buna misal olaraq, Mədəniyyət
və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodiki Mərkəzi yaradılmış,
müstəqil Azərbaycanın tarixində ilk dəfə
olaraq Kulturoloqların Milli Forumları, «Turizm-mədəniyyətlərarası
dialoqu təmin edən amil kimi» kimi adlı Tələbələrin
I Beynəlxalq Bakı Konfransı, «Mədəniyyətin və
mədəni dəyərlərin təbliğində kütləvi
informasiya vasitələrinin rolu» adlı beynəlxalq təlim,
Moskva şəhərində Rusiya Kulturologiya İnstitutu ilə
birgə «Müasir kulturologiya: nəzəriyyədən təcrübəyə»
mövzusunda beynəlxalq elmi konfrans təşkil edilib. Eyni
zamanda «Müasir Azərbaycan mədəniyyəti: problemlər
və perspektivlər” adlı ümumrespublika elmi məqalələr
müsabiqəsi keçirilmiş, respublikanın
tanınmış alimlərinin iştirakı ilə
kulturologiya üzrə açıq mühazirələr,
respublikanın şəhər və rayonlarında «Milli mədəniyyət
və müasir mədəniyyət siyasəti» mövzusunda
açıq seminarlar təşkil edilmiş, elmi məqalələr
toplusu nəşr olunmuşdur.
Son illər
ərzində uşaq musiqi məktəbi, incəsənət
və rəssamlıq məktəblərinin, Bakı
Xoreoqrafiya Məktəbinin şagird və tələbələri
Amerika Birləşmiş Ştatları, Avstriya, Belarus,
Belçika, Bolqarıstan, Böyük Britaniya, Estoniya, Fransa,
Gürcüstan, Qazağıstan, Qırğızıstan,
Litva, Mərakeş, Misir, Niderland, Özbəkistan, Polşa,
Rusiya, Suriya, Türkiyə, Türkmənistan, Ukrayna, Yaponiya,
Yunanıstan və s. ölkələrdə keçirilən
müxtəlif beynəlxalq tədbirlərdə – festival,
müsabiqə və sərgilərdə uğurla iştirak
edibşlər. Azərbaycan Respublikasının Prezidenti tərəfindən
«Azərbaycanda kitabxanaların fəaliyyətinin
yaxşılaşdırılması barədə» 20 aprel
2007-ci il tarixli, «Azərbaycan Respublikasında
kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə
inkişafı üzrə Dövlət Proqramı»nın təsdiq
edilməsi barədə 6 oktyabr 2008-ci il tarixli sərəncamlar
imzalanıb. Azərbaycanın qeyri-maddi mədəni
irsinin qorunması istiqamətində həyata keçirilən
islahatların davamı olaraq, nazirlik tərəfindən
«2010-2014-cü illər üçün xalq
yaradıcılığı paytaxtları» proqramı təsdiq
edilib. Proqramın icrası ilə əlaqədar
diyarşünaslıq, folkor və sənətkarlıq
nominasiyaları üzrə daxil olmuş təkliflər
müvafiq namizəd şəhərlərin ümumi
hazırlığı, tarixi ənənələri və digər
amillər nəzərə alınaraq təhlil edilmiş və
2010-cu il üçün Gəncə – Azərbaycanın
Əfsanələr Paytaxtı, Şəki – Azərbaycanın
Sənətkarlıq Paytaxtı və Qazax – Azərbaycanın
Folkor Paytaxtı elan olunub. Hazırda «2011-2020-ci illərdə
Azərbaycan qeyri-maddi mədəni irsinin qorunmasına dair
Dövlət Proqramı», «Azərbaycanın qeyri-maddi-mədəni
irs konsepsiyası» və s. sahələrə həsr
olunmuş veb-portalın yaradılması, digər konseptual
proqram və layihələr üzərində işlər
davam etdirilir.
Azərbaycan Respublikasının mədəniyyət
diplomatiyası beynəlxalq səviyyədə böyük
uğurlar qazanıb. Məsələn, Avropa
Şurasının Mədəni Marşurutlar Proqramı
çərçivəsində «Aleksandr Düma Qafqazda» və
«Şərab Yolu» («Vine Roots») layihələri həyata
keçirilir. «Avropada mədəniyyət
siyasəti: əsas təmayüllər və faktların
Kompendiumu» beynəlxalq layihəsi çərçivəsində
Avropa Şurasının və Mədəniyyət siyasəti
üzrə Müqayisəli Tədqiqatlar İnstitutunun (Bonn)
birgə veb-saytında yerləşdirmək məqsədilə
Azərbaycanın mədəniyyət siyasəti üzrə məruzə
hazırlanıb. 2009-cu ilin noyabr ayında Azərbaycan
YUNESKO-nun «Mədəni Özünüifadə Müxtəlifliyinin
Qorunması və Təşviqinə dair Konvensiyası»na qoşulub və o, 2010-cu il 15 may tarixindən
Azərbaycan Respublikasına münasibətdə qüvvəyə
minib.
Cavid
Xalq Cəbhəsi.- 2016.- 26 oktyabr.-
S.13.