I Şah Abbasın hakimiyyəti
dövründə də türk əyanları aparıcı
mövqeyə malik idilər
IX yazı
«Təzkirət əl-müluk»da dövlətin idarə
quruluşundakı səlahiyyət bölgüsünə
uyğun bir səpkidə nazir-i büyutatın hüquq və
səlahiyyətlərinin dəqiq şərhi əks
olunmuşdu.
Qaynaqda göstərilir ki, hər ilin əvvəlində onun təliqəsi
(rəsmi məktub) əsasında xassə idarəsinin
büyutat müdiri sarayın 6 aylıq xərcini, nəqd və
cins olaraq fərman üzrə nəzərdə tutulan vilayətlərdən
qərara alınmış həmesalelər
çıxıldıqdan sonra bir nəfər təhsildar və
sahibcəmlərin məlumatları üzrə, təxminən
müəyyən edirdi. Büyutat vəziri də,
bu təxmini hesab layihəsini nazirə ərz edərək
onun nəzərinə çatdırırdı. Büyutat vəziri nazirin möhürləyib təsdiq
etiyi bu haqq-hesab layihəsini baş vəzirə də təqdim
edirdi. Burada müşriflərin sarayın
altı aylıq xərci ilə bağlı nəzərdə
tutduqları məbləğ haqqında baş vəzir qərar
verirdi ki, onun əsasında sahibcəmlər mədaxil qəbzi
yazıb dövlət xəzinəsinin sahibcəminə verib nəzərdə
tutulan vəsaiti alırdılar. Bu vəsaitlə
sahibicəmlər sarayın ehtiyacına görə daxili
bazarlardan ərzaq və sairə tələbat malları
alırdılar. Onların satın
aldıqları ərzaq mallarından bəzilərinin qiyməti
ildə bir dəfə müəyyən edilərdi. Qəbul
olunmuş qaydaya görə nazir-i büyutatın dəvəti
ilə büyutat vəzirinin, möhtəsib əl-məmalikin,
İsfahan mustoufisinin, əsnaf ağsaqqallarının
toplantısında malların qiyməti, hökumətin xeyri nəzərə
alınaraq təyin edilir və hər bir maldan nümunə də
götürülürdü ki, onların da qiymətləri
xüsusi möhürlü sənədlərdə öz əksini
tapırdı. Qiymət sənədini büyutat
işçiləri və nazir-i büyutat möhürləyib
sahibcəmlərə tapşırırdılar ki, onlar
sarayın xüsusi ehtiyacından ötrü bir il içərisində lazım olan qədər
malı zikr olunan qiymətnamə üzrə təhvillərində
olan vəsaitdən ödəyərək ala bilsinlər. Bir sıra mallar barədə isə sahib-i nəsəq
hər ay hər bir əsnaf ağsaqqalından
aldığı iltizamı möhtəsib əl-məmalikə
verirdi və onun da bu iltizam əsasında tərtib etdiyi qiymət
cədvəlini nazir-i büyutat təsdiq edirdi. Nazir-i büyutat isə qeyd olunan malların qiymətlərindən
xəbərdar olduqdan sonra onu sahibicəmlərə təslim
edirdi. Sahibcəmlər satın
aldıqları mallara sərf etdikləri vəsait barədə
möhürlü xərc sənədləri
hazırlayırdılar ki, onun əsasında sahibcəmlərin
ayağında qalan pullar silinir və bütün xərclər
nazir-i büyutatın məxaric dəftərində qeyd
olunurdu. Nazir-I büyutatın göstərişi
ilə müşriflər gündəlik xərclər barədə
yazılı hesabatları şaha ərz edir və verilən
vəsiqə üzrə, şahın xüsusi idarəsinin
ehtiyacları, məclis, qonaqlıqlar və təsadüfi xərclər
barədə sənəd yazıb, büyutat nəzarətçisi
möhürlədikdən sonra, hər ay gündəlik xərc
siyahısına daxil edirdilər.
Gündəlik xərc siyahıları hər ay
büyutat vəzirinə təqdim olunur, vəzir də sənədləri
yoxlayıb imza etdikdən sonra nazir-i büyutat onları
möhürləyib mustoufiyə təqdim edirdi. O da öz növbəsində
sahibcəmlərdə qalan vəsaiti və xərcləri
müəyyən edirdi. Vilayətlərdən
müəyyən edilmiş ərzaq malları hər hansı
bir səbəbə görə, büyutata vaxtında
çatdırılmadıqda nazir-i büyutat bu barədə
tərtib olunmuş sənədə möhür vurduqdan sonra
onu baş vəzirə təqdim edirdi. Dərhal
xəzinə, ya da başqa dövlət fondundan ərzaq
malları tədarük olunur, qayda üzrə sərf edilirdi.
Hər il büyutat işçilərinin dərəcələri,
maaş və məzuniyyətləri nazir-i büyutat tərəfindən
təsdiq olunurdu ki, bu onun vəzifə borcu idi. Saray
üçün lazım olan ərzağı hər il vaxtında almalı idi ki, il ərzində
qiymətin dəyişməsi xəzinəyə əlavə
zərər vura bilməsin. Hər il
payızın əvvəllərində dövlət imarətlərində
təmir işləri aparılması üçün
memarbaşına xüsusi tapşırıq verir və
hesabına pul köçürürdü.
Tikinti işində çalışanların məvacib
və mükafatlarını da möhürlədikdən sonra
onu baş vəzir təsdiq edirdi. İlin əvvəlində,
onun yazdığı təliqə və bu barədə
baş vəzirin sərəncamı əsasında xüsusi məmurlar
əyalətlərə gedir, saraya lazım olan malları
alırdı. Sarayın hamamları və
buz anbarlarının qaydaya salınmasına, mətbəx və
sairə üçün qış odunu tədarük edilməsinə,
tövlələr və dəvəliklərin ehtiyacı
üçün arpa, saman tədarükünə də o nəzarət
edirdi.
Nazir-i büyutat sarayın otuz üç
karxanasının başçısı olub, eləcə də
sahibcəmlərin və hətta əmir-axurbaşı, cəbbadarbaşının
ağsaqqalı idi. I Şah Təhmasibin dövründə Qazi İmad
İsfahani, Ağa Camal Kirmani, Mirzə Salman Cabiri, Xacə
Əbülqasım Fərəhani, Mirzə Əbülfət
İsfahaninin nazir-i büyutat vəzifəsində
çalışdıqları məlum olsa da, onların mənsubiyyətləri
haqqında dəqiq söz demək mümkün deyil. Ancaq I Şah Abbas dövründə nazir-i büyutat
olmuş Zaman bəyin və I Şah Səfinin nazir-i
büyutatlarından Zaman bəyin oğlu Hüseynxan bəyin,
Məhəmmədəli bəyin Qızılbaş olması
şübhə doğurmamalıdır. I
Şah Səfinin dövründə isə Şamlı əyanlarından
Astrabad bəylərbəyi Hüseyn xan nazir-i büyutat vəzifəsində
olmuşdu.
"Abbasnamə"də II Şah Abbasın hakimiyyətinin
ilk illərində Məhəmmədəli bəy adlı
şəxsin saray karxanalarının rəisi, yəni naziri
büyutat olduğu qeyd edilir. H.1059 (m.1649)-cu ildə
nazir-i büyutat Məhəmmədəli bəy vəfat edir və
onun vəzifəsi müəyyir ülməmalik Məhəmməd
bəyə verilir. Müəyyir ül-məmalik
vəzifəsinə isə Məhəmməd bəyin
qardaşı Hüseyin bəy təyin edilir.
H. 1063
(m.1653)-cü ildə baş vəzir Xəlifə Sultan vəfat
etdi və baş vəzir vəzifəsinə nazir-i büyutat
Məhəmməd bəy təyin edilir. Nazir-i
Büyutat vəzifəsi isə Səfiqulu bəy qulame xasse-ye
şərifə yasovule söhbətə
tapşırılır. H.1074
(m.1663)-cü ildə nazir-i Büyutat Səfiqulu bəy diqqətsizlik
və etimadsızlıq göstərib dövlət əmlakını
mənimsəyir. Şah onun həbsi və
əmlakının da müsadirə edilməsi barədə
göstəriş verir. Şahın
göstərişi ilə eşikağasıbaşı
Uğurlu xan bu əmri icra etməli idi. O, Səfiqulu bəyi
Kəlat həbsxanasına salıb əmlakını da
müsadirə edir. Nazir-i Büyutat Xələf
bəyin oğlu Süfrəçibaşı Maqsud sultan təyin
edilir.
«Təzkirət
əl-müluk» da göstərilir ki, divanbəyi də «üməra-ye
əzəm», (böyük əmirlər) sırasına daxil
olub, daşıdığı vəzifə səlahiyyətinə
görə həftədə dörd gün, sədrlərlə
birlikdə divanbəyilərə məxsus keşikxanada, sədrlərin
hökmü ilə, adam öldürmək, namusa təcavüz,
göz çıxarmaq və diş sındırmaqdan ibarət
olan dörd cinayət barədə günahkarların işinə
baxırdı. Divanbəyi məmalik-i məhrusədə
zülmkarlıqla bağlı müraciətləri, şəhər
və kənd əhalisinin bir-birindən dörd-beş tüməndən
artıq olan pul iddialarına aid şikayətlərini də təhqiq
edirdi. Şəriət hökmlərinin
icrası, şəhərlərdə nizam-intizamın
qorunması, güclülərin zəiflərə zülm etməsinin
qarşısının alınması da divanbəylərin səlahiyyətinə
daxil idi. Divanbəyi mülkü və
cinayət məhkəmələrinin rəisi olub, ölkədəki
həbsxanalara da o nəzarət edirdi. Tavernye
yazırdı ki, divanbəyi ədliyyə məsələləri
üzrə əsas dövlət məmuru olub, ölkədə
qanunların icrası və günahkarların cəzalandırılması
məsələlərinə baxırdı. Ölkədə bütün şikayətçilər
ona müraciət edir və Şah da onun divanında
iştirak edirdi.
Zülm, təcavüz və dörd cinayət hadisəsi
barədə divanbəyinə şikayət edildikdə və
bu hadisə şəhərdən on- on iki ağacdan uzaq məsafədə
baş verməmişsə, divanbəyi xidmətçilərindən
birinə təliqə yazıb, təhqiqatı ona həvalə
edərdi.
Hadisə qeyd olunan məsafədən uzaqda baş verdikdə
və mövcud qaydaya görə bu qətl məsələsi
ilə bağlı olduqda ərizə verən şəxs beş tümənə də verməli idi. Bundan sonra divanbəyi və divanxana katibi hər biri
ayrıca təliqə yazır və işə baxmaq
üçün hökm verilirdi. Hökm
xüsusi dəftərə qeyd olunduqdan sonra iltizam (öhdəlik)
pulu mühəssilin hesabına köçürülür və
ondan da başqa vəsaitlər kimi istifadə olunurdu. Həftənin iki gününü isə divanbəyi
öz evində adi haqq-hesab şikayətlərinə
baxırdı. Divanbəyinin hökmləri
məmləkətin bütün böyükləri, əyalət
xanları, hakimləri tərəfindən qəbul olunaraq icra
edilirdi.
Divanbəyiyə dövlət vergiləri, baş vəzirə
tabe məmurlar və qələm əhlinə aid mübahisəli
məsələlərlə bağlı şikayətlər
daxil olduqda o bunları baş vəzirə göndərməli
idi. Eləcə də şikayət edən tərəflərdən
biri qorçu, qulam və başqa ordu qulluqçusu, yaxud
büyutat xidmətçisi olduqda, o zaman divanbəyi hər
idarənin öz ağsaqqalına müraciət edərdi.
Şəhər və kənd əhalisi ilə
bağlı olan başqa mübahisəli məsələləri
divanbəyi özü səbəst həll edirdi. Vilayətlərdən
bir qrup adam bəylərbəyi, sultanlardan
şikayət məqsədilə şah sarayına gəlib,
baş vəzirə deyil, divanbəyiyə müraciət
etdikdə, divanbəyi onların hər birini dinlədikdən
sonra bütün bunları Şaha ərz edib, məsələni
hökumətin məsləhəti, məmləkətin
qanununa uyğun yolla həll edirdi.
Dövrün qaynaqlarında divanbəyi vəzifəsinə
dövləti quran və onu yaşadan Türk əyanlarının
təyin olunmasına dair məlumatlar verilmişdi. Hələ I
Şah İsmayıl zamanında dövlətin qurulmasında
fəal iştirak etmiş Hüseyn bəy Lələ
Şamlı bir müddət divanbəyi vəzifəsində
olmuşdu. Sultan Məhəmməd Xudabəndə
dövründə bu vəzifə Ustaclı əmirlərinin əlində
olmuşdu.
I Şah Abbas hakimiyyətə keçdikdən sonra
haqqında danışılan orqanda türk əyanları yenə
aparıcı mövqeyə malik olmuşdu. 1615-ci ildə
Şamlı elinin Bəydili obasından Əliqulu bəy (xan)
divanbəyi idi. 1619-cu ildə isə Şamlı eli əyanlarından Kəlbəli xan divanbəyi
təyin edilir. I Şah Abbasdan etibarən bu vəzifəni
uzun müddət Şamlı əmirləri öz əllərində
saxlamışdılar. 1642-ci ildə Ali məclis
çağrılmış, eşikağasıbaşı
Murtəzaqulu xan Biçərli Şamlı divanbəyi təyin
edilmişdi.
1645-ci ildə saray dəftərxanasının naziri
Şamlı Uğurlu xan divanbəyi olur. Səfəvi
dövlətinin idarə quruluşunda məsul məmurlar
arasında V.F.Minorskinin qeyd etdiyi kimi vaqiyənəvis adlanan məclisnevisin
də önəmli rolu vardı. Onun
hüquq və səlahiyyətləri haqqında Tavernye
yazır ki, vaqiyənəvis dövlətin ən böyük
münşisi, yəni katibidir. Bu vəzifəyə
Şaha çox yaxın olan adam təyin
olunurdu. O, Ali məclisdə bütün ərizə və
dövlət sənədlərini Şahın hüzurunda
oxuyurdu. Şahın şəxsi katibi olan vaqiyənəvis məşvərətçi
orqan olan ali məclisin iclaslarını sənədləşdirir,
vilayət başçılarına, xarici dövlətlərə
Şahın adından məktubları yazır və arxivə
nəzarət edirdi. Ancaq Ali məclisdə vaqiyənəvslərlə
yanaşı başqa mirzələr də vardı ki, onlara
münşi əl-məmalik başçılıq edirdi.
Əslində bu məclisdə vaqiyənəvislə
birlikdə yazı işlərinə baxan münşi əl-məmalik
arasında səlahiyyət bölgüsü baxımından
ciddi fərq yox idi.
Mirzə
Səmianın canqi əmiri adlandırdığı vaqiyənəvis
haqqında Holşteynli Adam Olearinin də gündəliyində
maraqlı məlumatlar var. O, yazır ki, sarayın, yaxud
şahın müşavir və katibi olan vaqiyənəvis
şahın məktublarını, hökmlərini, fərmanlarını
yazır, həmçinin dövlətin mədaxili və məxaricinin
hesablarını aparırdı.
Vaqiyənəvis Mirzə Məsum adlı şəxsin rəhbərliyi
altında 40 nəfər mirzə fəaliyyət göstərirdi. O, Qəzvin şəhəri
yaxınlığında Əlvənd dağının ətəyindəki
Dərmən adlı kənddən olub, adi kəndli oğlu
idi. Bu bölgədə Dərmən və Saru
adlı iki kənd yerləşir ki, ən yaxşı mirzələr
də buradan çıxırlar. Mirzələr
gözəl xətlə yazmağı bacarmalıdırlar ki,
elə bu səbəbə görə də bu kəndlərin
tarlalarında, çoban komalarında addımbaşı
yazı yazmaqla məşğul olan gəncləri görmək
olur.
Zabil Bayramlı
tarix üzrə
elmlər doktoru, professor
Xalq Cəbhəsi.- 2016.- 28 oktyabr.-
S.14.