“Rayonlarımızda yaradılan
turizm infrastrukturu və
təqdim edilən xidmətlər onları yaxşı mənada
təəccübləndirib”
Daşqın Şikarov: “Etiraf
edirlər ki, Qəbələ, Quba, Qusar, Naxçıvan kimi regionlarımızda turistlər üçün
yaradılan şərait
onları yenidən Azərbaycana qayıtmağa
məcbur edir”
Azərbaycanın Birləşmiş Ərəb
Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarovun AzVision.az –na müsahibəsini ixtisarla təqdim edirik.
-Pakistandan sonra Birləşmiş Ərəb
Əmirliklərində çalışmaq
sizin üçün
çətin deyilmi?
-Pakistan İslam Respublikası və Birləşmiş Ərəb Əmirlikləri
İslam mədəniyyətinə
mənsub olsalar da, hər iki
ölkənin xalqları
etnik mənsubiyyətinə,
mədəni və sosial quruluşuna, o cümlədən ənənəvi
təfəkkürünə görə biri-birindən
fərqlənirlər. Bu fərq
həm də iş üslubunda özünü göstərir.
Bu dövlətlər Azərbaycanın xarici siyasətində özünəməxsus
yer tutur. Hamıya məlumdur
ki, işğalçı
Ermənistanı dövlət
olaraq tanımayan
Pakistan müsəlman dünyasının
ən güclü ölkələrindən biridir,
eyni zamanda, yeganə müsəlman nüvə dövlətidir.
Bundan əlavə, ulu öndər Heydər Əliyevin təməli qoyduğu Pakistanla ikitərəfli əlaqələr
illər boyunca strateji tərəfdaşlıq
və müttəfiqlik
səviyyəsinə çatıb.
İki ölkə arasında xüsusən də humanitar, siyasi, hərbi sahədə fəal əməkdaşlıq
həyata keçirilir.
Heydər Əliyev Fondunun
xətti ilə bu ölkədə çoxsaylı humanitar layihə və aksiyalar həyata keçirilir. Bunlardan
ümummilli lider Heydər Əliyevin adını daşıyan
su təchizat sistemini, Xeybər Paktunva əyalətində
hepatit B virusina qarşı peyvənd keçirilmə aksiyasını,
göz əməliyyatlarını,
qurban bayramında yüzlərlə iribuynuzlu
qurbanlıqların kəsilərək
əhalinin kasıb təbəqəsinə paylanılmasını,
ramazan ayında iftar süfrələrinin
təşkili, açıq
ürəkdə cərrahiyyə
əməliyyatları, kimsısizlər
və ahıllar evlərində müxtəlif
humanitar tədbirlərin
keçirilmısi və
bu kimi digər
tədbirləri misal çəkmək olar. Məlum olduğu kimi 2012-ci ilin fevral ayında
Pakistan Senatı Xocalı
soyqırımını rəsmən
tanıyan və Xocalı soyqrımı haqqında qətnamə qəbul edən ilk xarici dövlətlərdən
biridir. Dost və qardaş Pakistanla əlaqələrimiz
bu gün də uğurla inkişaf edir və əminəm ki, inkişaf edəcəkdir.
Dağlıq Qarabağ münaqişəsinə
gəlincə, burada Ərəb Əmirlikləri
BMT, İƏT kimi nüfuzlu
beynəlxalq təsisatlarda
haqq işimizi birmənalı şəkildə
dəstəkləyir.
-Birləşmiş Ərəb
Əmirliklərinin Azərbaycanla
diplomatik əlaqlərini
necə qiymətləndirirsiniz?
Ərəb ölkəsində bizə qarşı münasibət necədir?
-Öncə qeyd etdiyim ki, Birləşmiş
Ərəb Əmirliklərinin
rəhbərliyi Azərbaycanla
ikitərəfli əlaqələri
və qarşılıqlı
əməkdaşlığı inkişaf etdirmək marağındadır. Məhz bu
nöqteyi-nəzərdən, eləcə də qonaqpərvər, tolerant, digərlərinə
qarşı ehtiramla yanaşan xalq olmağımız burada bizə qarşı xoş münasibət formalaşdırıb. Bunu bu və ya digər
münasibətlərdə təmasda olduğumuz dövlət və özəl sektorun nümayəndələrindən eşidirik. Təbii ki, bu, çox qürurverici haldır. Nəzərə alsaq ki, dünyada, xüsusən də Yaxın Şərq regionunda tolerantlıq və digərlərinə qarşı
dözümlük məsələlərində
dərin böhran yaşanır.
-Söhbətimizi bizim ən ağrılı yerimiz olan Qarabağla
davam etdirmək istərdik. Diplomat kimi necə düşünürsünüz Qarabağ həqiqətlərinin
dünyaya çatdırılması
istiqamətində daha
hansı işlər görülməlidir və
sizin bu istiqamətdə fəaliyyətiniz
nədən ibarətdir?
-Tarazlı xarici siyasi kurs yeridən Birləşmiş Ərəb Əmirliklərinin spesifik ölkə olduğunu nəzərə alaraq, yerli KİV-lərində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı materialların nəşrində böyük həssaslıq vardır. Hərçənd ki, bu ölkə haqq işimizi istər BMT, istərsə də İƏT kimi nüfuzlu beynəlxalq təşkilatlarda daim dəstəkləyir. Lakin bu reallığa rəğmən ölkəmizlə bağlı məqalələrdə münaqişə ilə bağlı fikirlər KİV-də öz əksini tapır. Bununla yanaşı, Səfirliyin təşkil etdiyi bütün tədbirlərdə, eləcə də bu yaxınlarda Səfirliyin nəzdində fəaliyyətə başlayan “Bazar günü məktəbi”ndə də münaqişə ilə bağlı soydaşlarımızın övladlarına həqiqətlər çatdırılır. Hətta “Bazar günü məktəbi”nin şagirdləri təhsil aldıqları məktəblərdə dərs vaxtı müxtəlif mövzular üzrə aparılan söhbətlərdə münaqişə ilə bağlı əldə etdikləri bilikləri mövzuya uyğun paylaşırlar. Paralel olaraq, fəallıq nümayiş etdirən diplomatlarımızın həyat yoldaşları da təbliğat işində yaxından iştirak edirlər. Bir sözlə, Səfirlik malik olduğu bütün imkanlardan istifadə edərək, yaralı yerimiz olan Qarabağ həqiqətlərini geniş yaymağa çalışır.
-Dünyanın ən gözəl və bahalı şəhəri kimi təqdim olunan Dubayda yerli insanların həyat tərzi necədir, orada yenəmi dörd arvadlılıq ənənəsi davam edir?
-Dubay həqiqətən də dünyanın ən bahalı şəhərlərindən biridir. Dünya şöhrətli mehmanxana, geyim, avtomobil brendləri, habelə tanınmış xəbər agentliklərinin, transmilli şirkətlərin regional ofisləri burada vardır. Bu da öz növbəsində, şəhərin imicini yüksəldir, burada təqdim edilən xidmətlərin qiymətlərinə təsir göstərir. Dubaylıların bir neçə həyat yoldaşının olması barədə stereotip gənc nəslin dünya baxışları ilə tədricən öz aktuallığını itirir. Ənənəvi dindar ailələrdə bu adət hələ də davam edir. Ancaq bayaq qeyd etdiyim ki, yetişən nəslin dünyagörüşü bu stereotipi get-gedə heçə endirir. Hazırda bir xanımlı kişilərin sayı üstündür. Yeri gəlmişkən, BƏƏ cəmiyyətində mötəbər vəzifələrdə çalışan xanımlar var və işgüzar qadın obrazının coğrafiyası ilbəil genişlənir. Məsələn, nazirlər kabinetinin ən gənc üzvü olan Gənclərlə iş üzrə dövlət nazirinin 22 yaşı var.
-Bu il Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana turist axını baş verdi. Birdən-birə ərəblərin ölkəmizə axınına səbəb nə idi?
-İlk öncə diqqətinizə çatdırım ki, özünəməxsus mental xüsusiyyətlərinə görə, BƏƏ xalqı tamam fərqlidir. Belə ki, BƏƏ-lilər növbələr sevməyən, lazım olan işin anda həllinin tərəfdarlarıdır. Eyni zamanda, yerli dostlarımız hər zaman Azərbaycanda əmin-amanlığın hökm sürməsinin, qida məhsullarının halal olmasının və məsafənin yaxın olmasının BƏƏ turistləri üçün müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayırlar.
Bütün bu amillər, xüsusən də iki ölkə rəhbərləri əla siyasi əlaqələr və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə digər sahələrdə olduğu kimi, turizm sektorunun da inkişafı istiqamətində atdığı önəmli və gələcəyə hesablanmış addımlar çərçivəsində 2015-ci ilin noyabrın ayından etibarən BƏƏ vətəndaşlarının 20 ABŞ dolları miqdarında dövlət rüsumunun qarşılığında ölkənin beynəlxalq statuslu hava limanlarında bir aylıq viza almaq iqtidarında olmaları haqqında Nazirlər Kabinetinin qərarı BƏƏ-dən turist axının artmasına səbəb olub. Gedən turistlərlə söhbət əsnasında Prezidentimiz cınab İlham Əliyevin bu qərarını, eləcə də ölkəmizin turizm sektorunda görülən işləri və əsasən də xalqımızın qonaqpərvərliyini yüksək qiymətləndirirlər. Bundan əlavə Azərbaycana səfər edən turistlərin bəziləri Səfirliyə müraciət edərək ölkəmizdə torpaq və daşınmaz əmlak haqqında qanun və qaydalarla maraqlanırlar.
-Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun və Şahzadə oğlu Hamdan bin Muhammed bin Rasid el Maktoumla görüşünüz olubmu?
-Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri, Dubay Əmirliyinin hakimi Əlahəzrət Şeyx Məhəmməd bin Raşid Əl Maktumla görüşüm rəsmi şəraitdə baş tutub. Əlahəzrət Şeyx Məhəmməd bin Raşid son dərəcə zəkalı və pozitiv enerji ilə dolu bir şəxsiyyətdir. O, qısa müddət ərzində böyük iiqtisadi və sosial nailiyyətlər əldə edən dost Azərbaycanla ikitərəfli əlaqələri inkişaf etdirmək əhəmiyyətini hər zaman ortaya qoyur, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi özünə dost hesab edir və ölkəmizin təbii gözəlliyinə, milli mətbəximizin zənginliyi və ləzizliyinə heyran olduğunu etiraf edir. Baxın görün, Əlahəzrət Şeyx Məhəmməd bin Raşidin kreativliyi sayəsində bu günlərdə Dubay Əmirliyi dünyada regional maliyyə, turizm və kommersiya mərkəzi kimi tanınır ki, bu da öz növbəsində, ölkənin müsbət beynəlxalq imicinə öz töhfəsini əlavə edir və Qafqaz regionunda hər cəhətdən lider mövqelərində olan respublikamız üçün faydalı təcrübələr verə bilər.
-Orada yerli sakinlərin Azərbaycanla bağlı düşüncələri nədən ibarətdir?
-Ənənəvi və dünyəvi təfəkkür üslublarının sintezindən ibarət BƏƏ cəmiyyətində Azərbaycan çağdaş, dünyəvi, çoxmillətli və tolerant ölkə olaraq qəbul olunur. Belə təəssüratın formalaşması Səfirliyin apardığı gündəlik təbliğatla yanaşı, respublikamıza gediş-gəlişin inanılmaz səviyyədə artması yerli vətəndaşlarda ölkəmiz haqqında bilik dairəsinin genişlənməsinə səbəb olur. Bunu həm Səfirliyimizə müraciət edən, həm də fərqli şəraitdə üzləşdiyimiz yerli vətəndaşlarla təmaslarımızda görürük.
-Təkcə ərəblər Azərbaycana deyil, ölkəmizdən də ərəb ölkələrinə, o cümlədən Birləşmiş Ərəb Əmirliklərinə səfər edənlərin sayı kiyafət qədər çoxdur. Əlaqələri genişləndirmək üçün qarşıda hansı planlar durur?
-Şərq ölkələrində, ələlxüsus da ərəb ölkələrində iki ölkə arasında əlaqələr rəhbərlərin birləşdirən siyasi əlaqələrin, yəni ki, şəxsi əlaqələrin səviyyəsindən asılıdır. Bu gün Azərbaycan-Ərəb Əmirlikləri siyasi əlaqələrinin səviyyəsi xeyli yüksəkdir. Misal olaraq, qeyd edim ki, 2012-ci ildə Bakıda Dubay Ticarət və Sənaye Palatasının xaricdə açılan ilk regional nümayəndəliyi açılıb. Hərçənd ki, namizədlər sırasında Rusiya, Qazaxıstan kimi ölkələr olub.
- Son illər Azərbaycanda turizm sektorunun inkişaf etdirilməsi istiqamətində dövlət səviyyəsində ciddi addımlar atılır. Sizcə, bizim bu sahədə hansı çatışmazlıqlarımız var və bunun qarşısını almaq üçün hansı addımlar atılmaldır?
-Azərbaycan Prezidenti
cənab İlham Əliyevin bütün sahələrdə olduğu kimi, turizm sektorunun
inkişafı ilə bağlı qəbul etdiyi
strateji qərarlar, habelə bu sektorda təklif olunan xidmətlər cəhətdən əldə
edilən nailiyyətlər yüksək keyfiyyətli turistik xidmətlər mühitində yaşayan
BƏƏ-lilər üçün
gözlənilməz olmayıb. Rayonlarımızda
yaradılan turizm infrastrukturu
və təqdim edilən xidmətlər onları yaxşı
mənada xeyli təəccübləndirib.
Viza üçün bir dəfədən
artıq Səfirliyimizə müraciət edən yerli vətəndaşlar bizə etiraf edirlər ki, Qəbələ,
Quba, Qusar,
Naxçıvan kimi regionlarımızda
turistlər üçün yaradılan
şərait onları yenidən Azərbaycana qayıtmağa
məcbur edir.
Xalq Cəbhəsi.- 2016.- 29 oktyabr.-
S.7.