Güney Azərbaycanda mətbuatın
yaranması və inkişafı
III yazı
XIX əsrin
ortalarında Güney Azərbaycanda həm dövlət mətbəələri,
həm də xüsusi çapxanalar az
deyildi. Ölkədə nəşriyyat işlərinə
rəsmi nəzarət edən bir orqan – senzura olmasa da bu müəssisələr
hakimiyyət orqanlarının və ruhanilərin ciddi nəzarəti
altında idi. Məktəb (ibtidai ruhani məktəbi) və
mədrəsələrin (ali ruhani məktəbi)
açılması savab iş sayılırdı. Müsəlman məscidlərinə vəsiyyət edilib
bağışlanmış mülklər və torpaqların
(vəqflərin) gəliri məktəb binalarının,
müdərrislərin, şagirdlərin saxlanmasına sərf
edilirdi. Faktiki olaraq gəlirin mühüm
hissəsini ruhanilər özləri mənimsəyirdi. Hökumətin onlara nəzarət edilməsinə
izin verimirdi.
Mədrəsinin bütün işlərinə ruhanilər
nəzarət edirdi. Vəqf torpaqları hesabına feodallara
çevrilmiş ruhani təbəqəsi böyük maddi
imkana malik olub, güclü nüfuz sahibinə
çevrilmişdilər. Ruhanilər yeri gələndə
dövlətin işinə də müdaxilə edə bilirdi.
Çox düşündürücü
faktdır ki, o dövrdə müsəlmanlar heç bir tərəddüd
göstərmədən avropalılardan atəş silahı
borc alırdılar. Lakin kafirlərin digər
ixtirasını, yəni çapı qəbul etmək
üçün nüfuzlu fəqihlərin icazəsi lazım
gəlirdi. Çap olunmuş kitablardan
istifadə etmək, dinlə yaxın olan mədrəsə həyatında
tam çevriliş əmələ gətirirdi». Bu isə ruhaniləri razı sala bilməzdi.
Güney Azərbaycanda bütün İranda olduğu
kimi XIX əsrin 70 illərindək sxolastik xarakter
daşıyan təhsil sistemi mövcud olub. Tədrisin əsasını
ilahiyyat təşkil edirdi. Bununla yanaşı öyrəncilər
ədəbiyyat, tarix, coğrafiya, riyaziyyatla da tanış
olmalı idilər. İranda olmuş fransalı Jarden o
dövrdə bu ölkədə gördüyü məktəbi
belə təsvir edirdi: «Hər bir şəhər və məhəllədə
bir neçə məktəb vardır. Məktəbdə
şagird uca səslə öz dərsini oxuyur. Bütün uşaqlar bir yerdə dərs oxumağa
başladıqları üçün qəribə səs-küy
qalxır. Biri uca səslə əlifba oxuyur, o biri
höccələyir, bir başqası fars
dilində olan kitabı, digəri ərəb dilində
kitabı oxuyur. Bu səslər o qədər
bir-birinə qarışır ki, şagirdlər öz səslərini
çətinliklə eşidə bilirlər».
Azərbaycanın böyük mütəfəkkiri
M.F.Axundov İranın geriliyinin köklərini dünyəvi
təhsilin olmamasında görürdü. Axundovun
davamçısı Zeynalabdin Marağayi də İranın
geridə qalmasının səbəblərini təhsilin
yoxluğunda görür və höküməti bu problemə
heç bir diqqət yetirmədiyinə görə təqsirləndirirdi.
Onun «İbrahim bəyin səyahətnaməsi» əsərinin
qəhrəmanı müəllifin maarif haqqındakı
fikrini belə ifadə edir: «Hər şeydən çox məktəb
lazımdır, elm lazımdır. Xalq elm və
sənətlə tanış olmayınca və onları dərk
etməyincə, bizim vəziyyətimiz düzəlməyəcək».
Z.Marağayi İran məktəblərində tədris
metodikasını tənqid edərək, uşaqların təhsilinin
Hafizin sözlərini əzbərləməklə
başlamasını məqsədəuyğun saymırdı. Güney Azərbaycanın,
eləcə də İranın maarifçilik tarixində Mirzə
Həsən Rüşdiyyə, Cabbar Baxçaban (Əsgərzadə),
Hacı Məhəmməd Naxçıvaninin böyük xidmətləri
olmuşdur. M.H.Rüşdiyyə İranda ilk
üsuli-cədid məktəbinin, C.Baxçaban ilk uşaq
bağçasının, lal-karlar üçün xüsusi
məktəbin yaradıcısı sayılırlar.
1888-ci ildə Mirzə Həsən Rüşdiyyə tərəfindən
Təbriz şəhərində ilk üsuli-cədid məktəbinin
əsası qoyulur. Bu məktəb İran maarifi tarixində
ilk yeni üsullu məktəb idi. Bu təhsil
ocağı müasir məktəb atributlarını
xatırladan yazı lövhəsi, parta və başqa ləvazimatlarla
təchiz olunmuşdu. Ən əsası isə
orada əlifbanı yeni metodla – tez və asan öyrənməyə
imkan verən sovti üsulla (səsləndirmə – P.M.) tədris
edirdilər. «İran maarifinin atası»
sayılan M.H.Rüşdiyyənin öz xalqı
qarşısında ən böyük xidmətlərindən
biri də müasir bilikləri və ana dilini təbliğ edən
bir çox dərsliklər – «Ana dili», «Vətən dili» dərsliklərini
yaratması idi. M.H.Rüşdiyyə mütərəqqi
və bacarıqlı ziyalıları öz ətrafında
birləşdirməyə nail olmuşdu.b«Təbriz» dövlət
mədrəsəsi dövlət tərəfindən təsis
olunduğu üçün maarifə zidd olan mürtəcelər
onun fəaliyyətini dayandıra bilmədilər.
«Rüşdiyyə» milli məktəbi isə dəfələrlə
mürtəce qüvvələrin təqibinə və
zorakılığına məruz qalıb bağlandıqdan
sonra, o məktəbin müəllimlərindən Hüseyn Təbibzadə
«Kamal», Mirzə Rza Səhafzadə «Pərvəriş» və
Mirzə Əhməd «Bəsirət» kimi yeni üsulla məktəbləri
təsis etdilər. Dövrünün
yenilikçi və savadlı pedaqoqları olan bu məktəb
müdirləri eyni zamanda qəzet, jurnal nəşri ilə də
məşğul idilər. Beləliklə, 1899-cu ildən
başlayaraq, «Kamal» mədrəsəsində «Kamal», «Pərvəriş»
məktəbində «Dəbistan», «Bəsirət» məktəbində
«Üxüvvət» və «İttihad» adlı qəzetlər
çap olunmağa başladı. Bunu da qeyd etmək
yerinə düşər ki, M.H.Rüşdiyyə də
ayrı-ayrı vaxtlarda «Məktəb» və «Tehran» adlı qəzetləri
nəşr etdirmişdi. 1899-cu ildə
görkəmli xadim Hüseyn xan Ədalət Mirzə Məhəmmədəli
Tərbiyət, Məhəmməd Şəbüstəri və
Həsən xan Tağızadə tərəfindən Təbrizdə
«Tərbiyət» mədrəsəsi açıldı.
Maarifçilik hərəkatının fəallarından
olan tanınmış ziyalıların bir çoxu millətə,
ölkəyə fayda gətirmək və xalqa xidmət etmək
niyyətilə yeni məktəblər, kitabxanalar
açır, kitab, qəzet və jurnal nəşr edirdilər. Bu
ziyalıların yaradıcılıq fəaliyyətində
çox zaman bir çox sahələr ədəbiyyat, tarix,
jurnalistika, tədris birləşirdi. Ona
görə də tanınmış ziyalılar-elm, sənət
və dövlət adamları o dövrdə mətbuat
orqanlarının redaktoru və naşiri olurdu. Bunun nəticəsində də ölkədə qəzet
və jurnalların sayı artır, mətbuatda keyfiyyət dəyişiklikləri
baş verir, onlara kütlələr arasında maraq
artırdı. 1908-ci ildə Təbrizdə «Maarif»
kollecinin direktoru Mirzə Abdulla xan Cahanşahı tərəfindən
«Mərifət», 1909-cu ildə Xoy şəhərində
«Musavat» məktəbinin direktoru Ağaxan Hirandi tərəfindən
siyasi və inqilabi mətbuat orqanı olan «Mükafat» qəzetləri
təsis olunmuşdu. XIX əsrin II yarısında İranda
Britaniya, Rusiya, Fransa, Amerika kimi bir çox xarici ölkələrin
missiyaları fəaliyyətə başladı: ingilis-katolik və
baptist, fransız-katolik, rus-pravoslav, amerikan - presveterian və
s. Fransız tədqiqatçısı T.Villmoren
yazırdı ki, Avropa dövlətlərinin bir çoxu
xristian-missionerləri öz təsirlərinin başqa ölkələrdə
təbliğatçıları olmağı məcbur etdilər.
Bu təsirin xalq arasında yayılması
yollarından biri məktəblərin yaradılması idi.
Missionerlərin fəaliyyəti əsasən
xarici dövlətlərin mövqeyini İranda möhkəmlənməsinə,
əhali arasında möhkəm dayaq yaratmağa yönəlmişdi
ki, bu da ölkənin gələcəkdə əsarət
altına alınmasını asanlaşdırırdı.
Öz ölkəsinin demokratik qanunlarla idarə olunub hər
sahədə inkişaf etmiş, xarici inhisarçılardan
azad bir dövlət kimi görmək istəyən mütərəqqi
və mübariz şəxslər mərkəzlər, gizli cəmiyyətlər
yaradaraq onun ətrafında birləşirdi. Bu fədakar
ziyalılar xalqın ictimai fikrinin formalaşmasına və
inkişafına təsir göstərmək üçün
yeni mətbu orqanları təsis edirdilər.
Dövrün tanınmış şəxsiyyətləri
Hüseyn xan Ədalət «Əlhədid» (1897), Sadiq xan
Ədibülməmalik «Ədəb» (1898), Hüseyn Təbibzadə
«Kamal» (1901), Məhəmmədəli Tərbiyət
(H.Tağızadə, M.Şəbüstəri, H.Ədalətlə
birgə) «Gəncineyi-Fünun» (1902) kimi qəzet və
jurnalları nəşr edirdilər. Bu mətbu
orqanları publisistik dillə ölkənin ictimai-siyasi vəziyyətini
açıb göstərir, xalqı müstəmləkəçilərə
və istibdada qarşı mübarizəyə səsləyir,
ölkədə islahatlar keçirilməsinə, qabaqcıl
ideyaların yayılmasına səy göstərirdilər.
«Əlhədid» qəzetinin redaktoru Hüseyn Təbibzadə
(Ədalət) gənclik illərində Həştərxana səfər
etmiş, bir müddətdən sonra isə Peterburqa
getmişdir. Orada qaldığı iki ildən artıq
müddətdə rus dilini öyrənmiş islam
dünyasının lideri, böyük ideoloq Seyid Cəmaləddin
Əsədəbadi Əfqani ilə tanış olub, onunla əlaqə
qurur.
C.Əfqani ilə yaxınlığı onun
dünyagörüşünə,
yaradıcılığına çox böyük təsir
göstərmişdir. Vətənə dönən H.Təbibzadə 1897-ci ildə
«Əlhədid» sonralar isə «Xəbər», «Ədalət»,
«Söhbət», «Ana dili» qəzetlərini təsis edir. H.Təbibzadə Ədalət təxəllüsünü
təsis etdiyi qəzetin adından
götürmüşdü. Qeyd etmək
lazımdır ki, 1878-ci ildə Təbrizdə ilk özəl
qəzet olan «Təbriz»in təsisçisi və redaktoru da
H.Ədalət olub. «Əlhədid» qəzetində
Təbrizin M.Şəbüstəri (Əbülziya),
H.Tağızadə, Ə.Səfərov və M.Tərbiyət
kimi tanınmış ziyalıları çıxış
edirdilər. Onlar gizlicə «Əlhədid»
qəzetinin redaktorunun evində toplaşıb, xalqın
nicatı yollarını arayır, öz fikir və mülahizələrini
qəzetinin səhifəsinə çıxarırdılar.
Ancaq qəzetinin çapı uzun çəkmir,
onun cəmi üç sayı işıq üzü
görür.
Hüseyn Ədalət öz ölkəsinin
qadınlarını Avropa ölkələrində olduğu
kimi çadrasız, təhsilli, azad görmək istəyirdi. O, İranda qadın
azadlığını qaldıran ilk ziyalılardan olmuş,
bu məsələni nəşr etdiyi qəzetin səhifələrinə
çıxartmışdı. Onun redaktoru olduğu «Söhbət»
qəzeti, mürtəce qüvvələrin təzyiqinə məruz
qalaraq tez bir zamanda qapanmışdı, buna səbəb isə
orada «qadın azadlığı»nın təbliği
olmuşdu. H.Ədalət Təbrizi tərk edib
Tehrana köçmüş, orada açdığı mədrəsədə
qızların təhsili ilə məşğul olmuşdu.
H.Ədalət Məşrutə dövründə
(1906-1911) Azərbaycanın maarif sisteminə
başçılıq etmişdir. Məşrutə
dövründə vətənpərvər ziyalı kimi
yurdunun tərəqqisi uğrunda fədakarcasına
çalışmışdı. «Kamal» qəzetinin
naşiri Hüseyn Təbibzadə Təbrizdə çap
olunan «Kamal» məktəbinin müdiri olmuşdu. 1903-cü ildə Təbrizdə yeni üsuli-cədid
məktəbləri qaraguruhçu qüvvələr tərəfindən
dağıdılır. Hüseyn Təbibzadə
təqiblərə məruz qaldığından Bakıya
köçür və Bakıda iranlılara məxsus məktəbin
müdiri olur. Sonralar Təbibzadə Misirə
səfər etmiş, orada «Kamal» qəzetini nəşr etdirməyə
başlamışdı. Hüseyn xan
öz təxəllüsünü təsis etdiyi qəzetin
adından götürmüşdü. Tanınmış
tarixçi Ə.Kəsrəvi onu mütləqiyyəti aradan
qaldırmağa səy göstərən dəstənin
üzvlərindən biri kimi qeyd edib. Həmin
dəstənin iclasları Mirzə Hüseyn xanın evində
təşkil olunurdu.
M.F. Axundovun yeni əlifba ideyasını İranda təbliğ
edənlərdən biri də Hüseyn Təbibzadə idi. O, əlifbanın dəyişdirilməsi
ilə bir sırada təlim üsulunun yeni qaydalar üzərində
islahı və yeni məktəblərin təsisi zərurətini
göstərir, yeri gəldikcə bu məsələyə
Qahirədə çıxardığı «Kamal» qəzetində
toxunurdu. Mənbələrdən öyrənmək
olur ki, XIX əsrin 90-cı illərində Cənubi Azərbaycanda,
Təbriz şəhərində 1892-ci ildən başlayaraq
«Şəbnamə» adlı kiçik formatlı mətbu
nümunələri görünməyə başlayıb.
Onun səhifələrində xalqı narahat edən
sosial problemlərə toxunulur, mövcud quruluşdakı
çatışmazlıqları tənqid edən kəskin
yazılar hazırlanırdı.
Xalq
Cəbhəsi.- 2016.- 1 sentyabr.- S.14.