Güney Azərbaycanda mətbuatın
yaranması və inkişafı
IV
yazı
Gizli üsulla çap olunan «Şəbnamə» adətən
geçələr qapı və divarlara
yapışdırılırdı. Səhər
açılanda artıq əhalinin gur olduğu bazar, məktəb
və mədrəsələrdə yayılır, əldən-ələ
gəzirdi. Geçələr
yayınlandığı üçün də adı
«Geçə vərəqləri» mənasını
daşıyırdı. Pulsuz yayılan,
içərisi baməzə, duzlu yazılarla və gülməli
şəkillərlə bol olan iri vərəqələri sadə
xalq böyük həvəslə oxuyurdu.
Savadlıların barmaqla sayıldığı o dövrdə
bu qəzetə maraq o qədər çox idi ki, bəzən
məhəllə-məhəllə gəzib, onu oxutdurmaq
üçün yazi-pozunu bilən adam
soraqlayırdılar. Haqqında söhbət
açdığımız «Şəbnamə» qəzetin
naşiri və redaktoru istedadlı publisist Əliqulu Səfərov
idi. Ə.Səfərov cavan
yaşlarında atasının yanında Rusiya və Türkiyədə
ticarətxanaların idarəsi ilə məşğul olurdu.
Bu ölkələrdə İran hökuməti
tərəfindən vətəndən sürgün edilmiş
və xaricə mühacirət etmiş siyasi mühacirlər
və yerli mütərəqqi fikirli ziyalılar ilə sıx
təmasda olurdu. Sonralar Vətənə
xidmət etməkdən ötrü ticarəti tərk edib vətənə
dönür. O, ölkəni konstitusiya ilə idarə
olunan, hər sahədə inkişaf etmiş, xarici
istismarçilardan asılı olmayan azad bir dövlət kimi
görmək istəyirdi.
Ə.Səfərov qəzeti xalqı oyatmağın ən
təsirli vasitələrindən biri hesab edirdi. Əvvəlcə
o, öz həmfikirləri ilə bərabər gizli bir mərkəz
yaradır. «Gizli əncümən» adlanan
bu mərkəzdə Əliqulu Səfərovla yanaşı
dövrün görkəmli vətənpərvər
ziyalıları M.Tərbiyət, S.M.Şəbustəri, H.Təbibzadə
iştirak edirdilər. 1892-ci ildə
Ə.Səfərov Təbrizdə qeyril-leqal olaraq «Şəbnamə»
adlı, kiçik ölçülü satirik qəzet – vərəqə
buraxmağa nail olur. Ə.Kəsrəvinin
yazdığına görə Ə.Səfərov «Gizli əncümən»in
üzvü olmaqla bərabər Məmmədəli Mirzənin
gizli polis rəisi idi. Təbrizdə vəliəhd
Məmmədəli Mirzəyə gələn raportlar, məktublar
Əliqulu xanın əlindən keçirdi. O bu vəzifəsindən
istifadə edərək əlbir və həmfikir olduğu
yoldaşlarını polisdən qoruyur, həm də ölkədə
baş verən cinayətləri, mənfi halları
açıb «Şəbnamə»də yayır geniş
kütlələri xəbərdar edirdi.
XIX əsrin sonlarında İranda, eləcə də
Güney Azərbaycanda yerli feodallara, yadelli
inhisarçılara, şah rejiminə qarşı
narazılıqlar getdikcə əhali arasında kəskin
şəkil alırdı. Sonralar tarixdə «Tənbəki
üsyanı», «Zeynəb paşa» və s. adı altında
ingilislərin tütün inhisarına, yerli feodalların
taxıl möhtəkirliyinə qarşı baş verən
xalq hərəkatları o dövrün mətbuatında;
ölkədən xaricdə nəşr olunan mühacir mətbuatında
və ölkədəki gizli nəşrlərdə öz əksini
tapmışdı.
Ümumiyyətlə, o dövrdə «Şəbnamə»
adı altında gizli çap olunan nəşr nümunələrinə
çox rast gəlmək olardı. Məşrutə
inqilabı ərəfəsində dövrünün gizli
halda yayılan qəzet, vərəqə və bəyannamələrə
də «Şəbnamə» deyilirdi. Satirik
ruhlu bu kiçik ölçülü qəzet və ya vərəqələrdə
dövrün Əliqulu Səfərov, Mirzə Həsən
Rüşdiyyə Məhəmmədəli Tərbiyət kimi
mütərəqqi ziyalıları İranın real
ictimai-siyasi vəziyyətini şərh edir, xalqı müstəmləkəçilərə
və istibdada qarşı mübarizəyə səsləyir,
ölkədə islahatlar keçirilməsinə, qabaqcıl
ideyaların yayılmasına səy göstərdilər.
«Şəbnamə»nin nəşri tarixi ilə bağlı ingilis
şərqşünası Edvard Braun (E.Braun bir müddət
İranda yaşamış, elmi tədqiqat işi
aparmışdır. O, «İran ədəbiyyatı», «Məşrutə
inqilabı tarixi» və s. əsərlərin müəllifidir.
O, Cənubi Azərbaycanın görkəmli
ziyalılarından olan M.Tərbiyətlə
yaradıcılıq əlaqəsi saxlayırdı. E.Braun İngiltərəyə qayıdarkən onun
«İran mətbuat tarixi» adlı əlyazmasının üzərində
işləmiş öz əlavələrini və o dövrdə
İranın Rəşt şəhərində İngiltərə
səfərətxanasının konsulu işləyən
Rabinonun da yerli mətbuatla bağlı qeydlərini oraya daxil
edərək ayrıca bir əsər kimi çap
etdirmişdir. Kitabın əvvəlində
əsərin əsl müəllifinin M.Tərbiyət
olduğunu da xüsusi vurğulamağı unutmayıb - P.M.)
«Şəbnamə»nin 1892-ci ildə Təbrizdə meydana gəldiyini,
müntəzəm deyil, müvafiq vaxtlarda çap
olunduğunu, redaktorunun və oradakı bir çox məqalələrin
müəllifinin Əliqulu xan Səfərov olduğunu və
çox zaman «Ağaqulu» imzasından istifadə etdiyini, gizli
çap olunub yayınlandığını, yeni ideyalarla zəngin,
çox düşündürücü və satirik olub səhifələrinin
əksəriyyətinin karikaturalarla bəzədildiyini qeyd
edir, onu çox yüksək qiymətləndirirdi. Ən
başlıcası isə E.Braun nüsxəsi
günümüzə qədər gəlib çıxmayan bu
qəzetin saylarından birini 1906-cı ildə
gördüyünü yazır, oxucuları «Şəbnamə»nin satirik üslubu ilə tanış etmək
üçün qəzetdəki yazıları örnək gətirir.
Həmin
saydakı məqalələrin birində o dövrdəki
çörək qıtlığı ilə bağlı
dükan-bazarlardakı qarmaqarışıqlıq və
zorakılıqdan bəhs olunur: «Dünən xidmətçini
səhər qəlyanaltısı üçün bazara
çörək almağa yolladım. O səhər erkəndən
çıxdı, evə 3 saatdan sonra gəldi. Geri
qayıdanda onun paltarı cırıq-cırıq, üzü
cızıq-cızıq olub, bədəni bir neçə
yerdən yaralanmış, bütün vücudu göm-göy
göyərmişdi. O dövrdə tüğyan eləyən
aclıq bizə də sirayət etdiyindən onun gətirdiyi
çörəyin çox quru və kiçik olmasına
baxmayıb biz o loxma çörəyi dərhal
parçalayıb bir neçə hissəyə
böldük…».
Ə.Səfərovun 1898-ci ildə nəşr etdiyi
«Ehtiyac» qəzeti şəraitin imkan verdiyi hüdudda mövcud
quruluşu tənqid edir, xalqı azadlıq və tərəqqiyə
çağırır, qəflət yuxusu və cəhalətdən
oyadırdı. Höküməti mövcud quruluşu və
xarici inhisarçıları tənqid etdiyinə görə
qəzetin çapı 7-ci sayından sonra
dayandırıldı. «Ehtiyac» qəzetinin
cəmi yeddi sayı işıq üzü
görmüşdür. Sonuncu sayda Ə.Səfərov
yazırdı ki, iranlılar hətta çaydan
üçün də xaricilərə möhtacdırlar.
Bu acı həqiqətlə barışa bilməyən
Azərbaycan hakimi Əmirnazim Gorrucu qəzeti
bağlamış və Ə.Səfərovu cəzalandırmışdı.
Ə.Səfərov bundan sonra «İqbal» adlı
qəzet çıxarmışdı. «Ehtiyacın
bir növ davamı olan «İqbal»ın ömrü çox
olmamış, onun cəmi dörd sayı işıq
üzü görmüşdü.
1898-1899-cu ildə «Loğmaniyyə» məktəbinin
müdiri Sadıq xan Fərəhani tərəfindən
«Ədəb» qəzeti nəşr olundu. Avropada təhsil
almış Mirzə Sadıq xan geniş
dünyagörüşünə, hərtərəfli savada malik
şəxsiyyətlərdən idi. Hələ
gənc yaşlarından şerlər yazırdı. Sonralar o, daha operativ və XIX əsrin sonlarında
İranda populyar janr olan publisistikaya müraciət edir.
1898-ci ildə Təbrizdə «Ədəb» qəzetini nəşr
edən Sadiq xan, sonralar qəzetin, tək Cənubi Azərbaycanda
deyil, İranın Məşhəd və Tehran şəhərlərində
də çap olunmasına nail olur. 1905-ci ildə Bakıda
Əhməd bəy Ağayevin redaktorluğu ilə nəşr
olunan «İrşad» qəzetinin fars dilli əlavəsini
çıxarır. «İrşad»ın farsca cəmi
13 sayı çıxıb və bu əlavələrdə ədəbi-ictimai
fikir tariximiz üçün çox maraqlı faktlara rast gəlmək
mümkündür. Məsələn, onun
saylarından birində M.F.Axundovun indiyə qədər əldə
olunmayan ərəbcə yazılmış «Təlqinnamə» əsərindən
bir hissə çap olunub. Bu isə onu
göstərir ki, bu əsər həqiqətən mövcud
olub.
Başqa bir maraqlı fakt İran dramaturgiyasının
banisi Mirzə ağa Təbrizi ilə bağlıdır. O, M.F.Axundovun təsiri
altında dram əsərləri yazıb. Mirzə
ağa Təbrizi yazdığı hər bir yeni peysini
M.F.Axundovdan məsləhət almaq və əsər haqda onun
fikrini bilmək üçün ona göndərirmiş.
Ancaq hər dəfə də xahiş edirdi ki,
yazışma zamanı bir müəllif kimi onun adını
yazmasın, bunu gizli saxlasın. Çünki
onun əsərləri satira üzərində qurulduğundan
yazıçıya təhlükə yarada bilərdi. Bu səbəbdən uzun illər bu əsərlərin
müəllifinin adı qaranlıq qalmışdı.
Uzun müddət onun əsərlərini səhvən
M.F.Axundovla əlaqə saxlayıb məktubla yazışan,
başqa bir ziyalı, erməni əsilli Melkum xanın adına çıxırdılar. Bu məsələ ilə bağlı həqiqəti
ilk dəfə tədqiqatçı Həmid Məmmədzadə
üzə çıxarıb. «İrşad»da
Mirzə ağa Təbrizinin əsərindən bir parça
çap olunması əsərlərin əsl müəllifinin
kimliyinə aydınlıq gətirib.
Bakıdan Tehrana qayıtdıqdan sonra, Mirzə Sadiq xan
1907-ci ildə «İraqe-əcəm» və 1914-cü ildə isə
«Aftab» qəzetlərini nəşr edir. XX əsrin əvvəllərində
Təbrizdə Təbriz ziyalılarının, şair və
alimlərinin toplaşdığı «Loğmaniyyə» məktəbində
ədəbi dərnək fəaliyyət göstərməyə
başladı. Bu ilk ədəbi dərnəyi
Sadıq xan (Ədibül Məmalik təxəllüsünü
də o illərdə qəbul edir –P.M.) idarə edirdi. Ədalət Əbülziya, Həsən
Tağızadə və Məmmədəli Tərbiyət
müasir mütərəqqi fikirlərin təbliği və
yayılma mərkəzlərini yaratmağa müvəffəq
olmuşdular. Az müddətdən
sonra bu mərkəzin orqanı olan «Gəncineyi-Fünun»
jurnalı dərc olundu.
«Gəncineyi-Fünun» jurnalının redaktorlarından
biri Məmmədəli Tərbiyət Cənubi Azərbaycanın
görkəmli maarif xadimlərindəndir. O, dövrün demokratik
fikirli ziyalıları – Seyid Məhəmməd Şəbüstəri,
Həsən Tağızadə, Hüseyn Ədalətlə
birlikdə Təbrizdə yeni üsulla idarə olunan «Tərbiyət»
məktəbinin əsasını qoyub. Təbrizdə
çox zəngin «Tərbiyət» kitabxanasının
yaranması da onun adı ilə bağlıdır. Tərbiyət
Asiya, Afrika və Avropanın bir çox ölkələrində
nəşr olunan kitabları, qəzet və jurnalları Təbrizə
gətirərək yaratdığı kitabxana vasitəsilə
oxuculara çatdırırdı. Azərbaycan
ziyalılarının dövrün qabaqcıl mətbu
orqanları və nəsr nümunələri ilə tanış olmasında, onların dünya
görüşünün artmasında «Tərbiyət»
–kitabxanasının xidmətləri az olmayıb.
1902-ci ildə Təbrizdə nəşr olunan «Gəncineyi-fünun»
tək Cənubi Azərbaycanda deyil, həmçinin İranda
ilk elmi-ədəbi jurnal hesab olunur. Jurnalda nəşr
olunan yazılar dörd mövzu ətrafında birləşirdi.
I. Elm və texnika ilə bağlı yeniliklər, II. İncəsənətdən, tarix və ədəbiyyatdan
bəhs edən «İncəsənət bələdçisi».
Bu rubrikanı M.Tərbiyət
hazırlayırdı. III. «Qədim mədəniyyətlər,
sivilizasiyalar». Bu bölmədə Avropanın
tarixçi alimlərinin (xüsusilə fransız Qustav
M.Bonun) əsərlərindən örnəklər verilirdi.
Həmin əsərləri Həsən
Tağızadə çevirir və onların çox zaman
geniş şərhini hazırlayırdı. IV. Bədii
əsərlərdən edilmiş tərcümə nümunələri
sonuncu bölmədə yerləşdirilirdi. Macəra
ədəbiyyatını, xususilə fransız
yazıçısı Jül Vernin əsərlərini
tanınmış şair Mirzə Yusif xan Etisamimülk
(görkəmli şairə Pərvin Etisaminin atası)
çevirirdi. Məmmədəli Tərbiyət
1921-1925-ci illərdə Güney Azərbaycanın maarif naziri
vəzifəsini daşıdığı zaman ölkəyə
maarif və mədəniyyətin qorunmasına böyük
qayğı göstərir. Həmin illərdə
Təbrizdə «Gəncineyi-Fünun» jurnalının nəşrini
bərpa edir. XIX əsrin sonlarında qəzetlərin
sayı artmağa başlayırdı. Xalq
artıq hakimiyyətə müxalif olan qəzetləri
oxuyurdu. Onların əksəriyyəti
ölkənin xaricində çap olunan mühacir mətbu
orqanları idi. Ölkə daxilində nəşr
olunan belə qəzetlər təzyiqlərə məruz
qalıb bağlandıqca onların qeyri-leqal, kiçik
formatlı qəzetlər, vərəqlər görünməyə
başlayırdı.
Şah uzun müddət ölkədə xüsusi qəzetlərin
nəşrinə və ölkəyə xaricdən mətbuat
gətirilməsinə icazə vermirdi. «1863-cü ildə
şahın xüsusi fərmanı ilə belə qəzetlər
xalqı düzgün yoldan azdıran vərəqələr
élan olunmuş, onların yayılması qadağan
edilmişdi». Sonralar şah mövqeyini
yumşaltmalı oldu. Gizli, qeyri-leqal mətbuatın
qarşısını almaq, hökümət və ruhanilərin
nəzarəti altında olan özəl qəzetlərdə
öz nüfuzunu möhkəmlətmək üçün
onların nəşrinə imkan yaratdı. Hökümət artıq xüsusi şəxslərə
və idarələrə qəzet nəşrinə icazə
vermək məcburiyyətində qalmışdı.
Pərvanə Məmmədli
Araşdırmaçı
Xalq Cəbhəsi.- 2016.- 2 sentyabr.-
S.14.